Teleqram
Hekayə
Oktyabr
ayı çox soyuq və yağışlı keçirdi.
Bu soyuğun gücündən, hətta dam örtükləri
belə qaralmışdı. Bağçada bir-birinə
dolaşmış otlar yerə sərilmişdi, amma hasarın
dibindəki balaca günəbaxandan başqa, hər şey
çiçəkləmişdi.
Çayın
o tayından yol alıb gələn seyrək buludlar, sanki
göyün üzündən yapışaraq çəmənliyə
tərəf tələsirdi. Sonra bu buludlardan yağış
yağmağa başladı. Aləmi sel-su bürüdü.
Artıq palçıqlı yollarla getmək mümkün
deyildi, çobanlar sürülərini otlağa
çıxara bilmirdilər. Çobanların gur həyatı
bu yağışla yaza kimi, demək olar ki,
sönürdü.
Artıq
Katerina Petrovna üçün səhər yuxudan oyanmaq və
hər şeyi olduğu kimi görmək xeyli çətinləşmişdi.
Çoxdan qalanmamış sobaların ağır iyini
duymurdu, toz basmış "Avropa xəbərləri",
masanın üstündəki saralmış fincanlar, aylardan bəri
təmizlənməmiş samovar və divardan
asılmış rəsm əsərlərini də aydın
görə bilmirdi. Ola bilsin ki, otaqların xeyli qaranlıq
olması, ya da Katerina Petrovnanın gözlərinə mirvari
suyu gəlməsi və ya zaman keçdiyindən bu rəsm əsərlərinin
özlərinin köhnəlib solması səbəbindən
heç nəyi aydınlaşdırmaq mümkün deyildi.
Katerina Petrovna indi yalnız yaddaşının gücü ilə
aydınlaşdıra bilərdi ki, bax bu, atasının
portretidi, bu da, balaca, qızıllı çərçivədə
olan və Kramskinin ona şəxsən hədiyyə etdiyi
"Naməlum qız" rəsm əsərinin eskizi idi.
Katerina Petrovna, məşhur rəssam atasından ona
qalmış köhnə evdə öz ömrünü
başa vururdu.
Artıq
qocalmış rəssam, Peterburqdan öz doğma kəndinə
qayıdır və ömrünün axırınadək
burda yaşayır, bağ-bağçayla məşğul
olurdu. O, artıq rəsm çəkə bilmirdi,
çünki həm əlləri əsir, həm gözləri
zəifləmiş, həm də tz-tez xəstələnirdi.
Ev,
Katerina Petrovnanın dediyi kimi, "Xatirə muzeyi" idi, həm
də bir növ vilayət muzeyinin mühafizəsi
altındaydı.
Bu evin
axırıncı sakini öləndən sonra onun gələcəkdə
necə olacağını Katerina Petrovna bilmirdi. Kənddə
isə - Zaborye adlanırdı bu kənd - bir adam yox idi ki,
onunla bu rəsm əsərlərindən, Peterburq həyatından,
Katerina Petrovnanın atasıyla Parisdə keçirdiyi yay
günlərindən, Viktor Hüqonun dəfn mərasimini
görməsindən danışa bilsin. Bütün
bunları qonşuda yaşayan kolxoz çəkməçisinin
qızı, hər gün onlara gəlib, ev-eşiyi
silib-süpürən, su gətirən, samovar qaynadan
Manyuşkaya danışası deyildi ki!
Katerina
Petrovna Manyuşkaya, ona göstərdiyi xidmətinə görə
köhnə bir əlcək, bir də dəvəquşu lələyi,
şüşəli qara şlyapa bağışladı.
- Nəyimə
gərəkdi bunlar? - deyə Manyuşka
xırıltılı səslə soruşdu, - mən
cır-cındır həvəskarıyam, bəyəm?
- Sən
də apar, sat, mənim yaraşıqlı qızım! -
Katerina Petrovna pıçıltıyla dedi.
Axırıncı bir ildə o, elə qocalmışdı ki,
heç "sən sat"ı da hündürdən deyə
bilmədi.
-
Cındır yığılan yerə verərəm, - deyə
Manyuşka hər şeyi götürüb getdi.
Yanğınsöndürən
idarəsinin gözətçisi, kök və sarı Tixon da
hərdən ona baş çəkərdi. O, Katerina
Petrovnanın atasının Peterburqdan gəlməsini, onun ev
tikməsini, bağ-bağça salmasını hələ də
xatırlayırdı. Tixon onda balaca idi, amma qoca rəssama olan
hörmət-izzətini bütün ömrü boyu qoruyub
saxlamışdı. Onun rəsm əsərlərinə
baxaraq dərindən köks ötürüb:
- Olduqca təbii
çəkilmiş əsərdir! - dedi.
Tixon
tez-tez mənasız yerə təlaş keçirən adam
idi. O, bağdakı qurumuş ağacları qırıb təmizləyir,
irilərini doğrayır, sobada yandırmaq üçün
yarıb hazırlayırdı. Və hər dəfə də
gedəndə qapının ağzında dayanıb
soruşardı:
- Xəbər
varmı, Katerina Petrovna, Nastya yazır, ya yox?
Katerina
Petrovna divanda heysiz vücudu ilə büzüşmüş
halda oturub, sarı dəridən olan qadın
çantasından hansısa kağız vərəqlərini
çıxarıb dəstələyərək susurdu.
-
Yaxşı, - deyə cavab almadığını
görüb, - mən gedim, Katerina Petrovna!
- Get,
Tişa - Katerina Petrovna, - Allah sənə yar olsun! - deyə
pıçıltıyla cavab verdi.
O,
qapını örtüb, səssiz-səmirsiz
çıxıb getdi. Katerina Petrovna isə oturduğu yerdə
sakitcə ağlamağa başladı. Pəncərə
arxasında əsən güclü külək
çılpaq budaqları silkələyib, axırıncı
yarpaqları qoparıb yerə tökür, fitə oxşayan
səs çıxarırdı. Masanın üstündəki
kerosinlə yanan gecə lampası da bu səsdən titrəyirdi.
Lampa, sanki bu atılmış evdə yaşayan yeganə
canlı əşya idi ki, onun zəif işığı
olmasaydı, Katerina Petrovna səhərədək necə
yaşayacağını bilmirdi...
Gecələr
artıq onun üçün çox uzun, ağır və
yuxusuz keçirdi. Səhərlər isə çox gec
açılır, hər şey gecikir, səhər
işığı çoxdan yuyulmamış pəncərələrin
çərçivələrində ötən ildən
ilişib qalaraq çürümüş və
qaralmış yarpaqlardan içəri güclə
süzülürdü.
Nastya,
Katerina Petrovnanın qızı, yeganə doğma adamı
idi, o, indi uzaqda - Leninqradda yaşayırdı. O,
axırıncı dəfə kəndə, anasının
yanına üç il bundan əvvəl gəlmişdi.
Katerina
Petrovna bilirdi ki, Nastya çox məşğuldu, indi o hara,
qoca anası hara?! Ona sərf ediləsi vaxtı yox idi. Onların
- cavanların öz işləri, özlərinin ona məlum
olmayan maraqları, öz səadətləri var idi.
Yaxşısı, ona mane olmamaqdı. Ona görə də
Katerina Petrovna Nastya haqqında hər gün
düşünür, amma ona çox nadir hallarda
yazırdı.
İndi
köhnə divanın bir qırağında sakitcə oturaraq
düşünürdü. Elə sakit ki, hətta gecə
sükutundan aldanmış siçan belə, sobanın
arxasından qaçıb çıxaraq arxa pəncələri
üstündə durub, burnunu ora-bura çevirərək
havanı iyləyirdi.
Nastyadan məktub
gəlmirdi, yalnız hər iki-üç aydan bir gənc və
şən poçtalyon Vasili Katerina Petrovnaya iki yüz rubl məbləğində
pul köçürməsi gətirirdi. O, Katerina
Petrovnanın köçürmə sənədini
imzaladığı zaman əlindən ehtiyatla tutardı ki,
lazım olmayan yerə qol çəkməsin.
Vasili
getdikdən sonra Katerina Petrovna aldığı pulu əlində
tutaraq özünü itirmiş halda oturmuşdu. Sonra eynəyini
taxıb poçt köçürmə sənədində
olan bir neçə sözü oxudu. Həmişəki, eyni
sözlər idi: "İşim başımdan
aşıb-daşır, o qədər ki, nəinki gəlmək,
hətta əməlli bir məktub yazmağa da vaxtım
olmur".
Katerina
Petrovna nəvaziş və ehtiyatla əlindəki
kağızı tumarladı. Qocalığından
unutmuşdu ki, bu pullar Nastyanın əlində tutduğu
pullar deyil. Elə bilirdi ki, bu pullarda Nastyanın ətri var.
Bir dəfə
oktyabrın sonunda, gecə vaxtı kiminsə bağın
ayağında olan və artıq bir neçə il əvvəl
birdəfəlik bağlanmış qapını dayanmadan
döydüyünü eşitdi. Katerina Petrovna narahat oldu və
başına uzun-uzadı isti dəsmal bağlayıb, əyninə
köhnə bir palto geyib, bu il ilk dəfə olaraq evdən
bayıra çıxdı. O, çox zəif hərəkətlə
yeriyirdi. Soyuq havadan başı ağrımağa
başladı. Səmanın ənginliklərindəki
unudulmuş ulduzlar yerə baxırdılar. Yerə
tökülmüş yarpaqlar isə onun yeriməsinə mane
olurdu. Döyülən qapının yanında dayanıb
yavaşdan soruşdu:
- Kimdi, nə
lazımdır?
Lakin divarın
o tərəfindən cavab gəlmədi.
- Ola
bilsin, mənə elə gəlib, - deyə Katerina Petrovna
öz-özünə danışaraq geri qayıtdı. O, bir
az addımladıqdan sonra təngnəfəs olub, köhnə
bir ağacın altında dayandı, soyuq və yaş bir
budaqdan tutdu, bu tutduğu ağacı tanıdı,
ağcaqayın ağacı idi. O, bu ağacı çoxdan,
lap yeniyetmə vaxtlarından əkmişdi. İndi o, burda
gövdəsinin qabıqları soyulmuş halda
dayanmışdı, bu küləkli gecədə getməyə
bir yeri yox idi. Katerina Petrovnanın ağcaqayın
ağacına yazığı gəldi, kələ-kötürlü
ağacın gövdəsinə toxundu və sonra birtəhər
evə döndü. Həmin gecə Nastyaya məktub yazdı.
"Mənim
sevimlim, - Katerina Petrovna yazırdı - mən bu qışdan
çətin çıxa bilim. Heç olmasa, bir
günlüyə də olsa, gəl. Qoy sənə baxım, əllərindən
tutum. Mən çox qocalmışam və çox zəifləmişəm.
O qədər zəifəm ki, nəinki gəzmək, yerimək,
hətta otura və uzana da bilmirəm. Ölüm, mənə
gələn yolu unudub, görünür. Bağımız
tamam quruyub, o, artıq indi bağ deyil. Onsuz da mən onu daha
görə bilmirəm. Bu il payız çox pis gəlib.
Payız o qədər ağırdır ki, elə bil heç
vaxt mənim həyatımda belə uzun payız olmayıb.
Yalnız bu il belə uzundu".
Manyuşka
məktubu götürüb burnunu çəkə-çəkə
poçta apardı, çətinliklə poçt qutusuna
salaraq, - orada nə var? - deyə onun içərisinə
baxmağa çalışdı... onun içərisində
boşluqdan başqa heç nə yox idi.
Nastya Rəssamlar
İttifaqında katibə vəzifəsində
çalışırdı. İşi olduqca çox idi. Sərgilərin
təşkili, müsabiqələr - bunların hamısı
onun əlindən keçirdi.
Katerina
Petrovnadan məktubu işdə olanda aldı. O, məktubu
oxumadan çantasına atdı, belə qərara gəldi ki,
işdən sonra oxuyar. Katerina Petrovnadan gələn məktublar,
adətən Nastyanı yüngülləşdirirdi: - əgər
anası yazırsa, deməli, o, sağ-salamatdı. Bununla bərabər
o, həm də məktublardan gizli bir narahatlıq keçirirdi.
Sanki hər bir məktub həm də gizli bir məzəmmət
idi.
İşdən
sonra Nastya gənc heykəltaraş Timofeyevin emalatxanasına
gedib, onun necə yaşadığını öyrənib,
sonra İttifaqın rəhbərliyinə məlumat verməli
idi. Timofeyev emalatxananın soyuq olmasından şikayət etdi,
sonra ümumiyyətlə onun
sıxışdırıldığını, inkişaf etməsinə
imkan verilmədiyini dedi.
Yolunun
üstündəki meydançaların birində Nastya
çantasından balaca güzgüsünü
çıxarıb, kirşanlandı və gülümsədi
- indi özünün özündən xoşu gəldi. Rəssamlar
onu sarı saçlarına və iri soyuq gözlərinə
görə "Solveyq" adlandırırdılar.
Timofeyev
özü qapını açdı - o, balacaboy, qətiyyətli
və acıqlıydı. Boynuna böyük şarf
dolamışdı, Nastya onun ayaqlarında qadın qaloşu
olduğunu nəzərindən qaçırmadı.
-
Soyunmayın, - deyə Timofeyev burnunun altında
danışdı - Yoxsa üşüyərsiniz! Xahiş edirəm!
O,
Nastyanı qaranlıq dəhlizlə apararaq, bir neçə
pillə yuxarı qalxıb, emalatxananın dar
qapısını açdı. Emalatxananı tüstü iyi
bürümüşdü. Döşəmədə yaş
gillə dolu çəlləyin yanında kerosin lampası
yanırdı. Dəzgahlarda köhnə parçayla
örtülmüş heykəllər var idi. Duman enli pəncərənin
arxasından çəp uçan qarları Neva
çayının qara sularına töküb əridirdi.
Külək pəncərənin çərçivəsində
fit çalaraq döşəməyə
tökülmüş köhnə qəzetləri tərpədirdi.
- Allah, nə
yaman soyuqdur, - deyən Nastyaya elə gəldi ki,
emalatxananı, divardan pərakəndə şəkildə
asılmış ağ mərmər barelyeflər bir az da
soyuqlaşdırır.
- Budur,
baxın! - deyə Timofeyev gillə çirklənmiş
kreslonu Nastyaya tərəf itələdi. - Hələ mənə
aydın deyil ki, mən bu komada indiyədək niyə ölməmişəm?!
Amma Perşinin emalatxanasında kaloriferdən yayılan isti
Böyük Səhra istisi kimidir. (!)
- Siz
Perşini sevmirsiz? - Nastya ehtiyatla soruşdu.
- Layiq
olmadığı yeri tutmuş adamdı! - Timofeyev incimiş halda
söyləndi və - Pinəçi! - deyərək
sözünə davam etdi. Onun yaratdığı fiqurlarda
çiyin yoxdu, palto asılması üçün olan
asılqanlara oxşayır, onun kolxozçu qadınları,
boynunda döşlük olan daş qadınlardır. Onun fəhlələri
neandertal adamlarına oxşayır. Heykəllərini taxta
kürəklə düzəldir. Amma çox hiyləgərdi,
- əzizim mənim, - kardinal kimi hiyləgərdi.
- Mənə
yaratdığınız Qoqolu göstərin, - deyə Nastya
söhbəti dəyişmək üçün xahiş
etdi.
-
Keçin! - deyə heykəltaraş qaşqabağını
tökdü. - Yox, ora yox! O küncə keçin. Bax belə!
O, fiqurların birindən köhnə parçanı çəkib
götürdü, sonra onun hər tərəfinə göz gəzdirərək
kerosin lampasının yanında oturub əlini isidərək
dedi:
- Budur,
Nikolay Vasilyeviç! Buyurun, baxın!
Nastya
diksindi. Bu sivriburunlu, çiyinləri çıxmış
adam ona diqqətlə baxırdı. Nastya onun buxağında
olan nazik damarın necə döyündüyünü
gördü.
"Məktub
isə hələ də çantada açılmamış
olaraq qalırdı", - elə bil ki, Qoqolun iti, nüfuzedici
baxışları deyirdi - "Ay səni,
sağsağan"!
- Hə,
necədi? - Timofeyev soruşdu, - ciddi dayıdı, eləmi?
-
Əladı! - Nastya güclə cavab verdi. - Bu, doğrudan da,
çox gözəldi!
Timofeyev
acı-acı güldü.
-
Çox gözəldi! - deyə təkrar etdi. - Hamı deyir,
çox gözəldir. Perşin də, Matyaş da, müxtəlif
komitələrdən olan sənət biliciləri də. Amma
nə faydası?! Burda - çox gözəldi, orada - mənim
heykəltaraş kimi taleyim həll olunan yerdə isə həmin
Perşin, həmin yerdə nəsə qeyri-müəyyən
bir şey deyir və artıq hər şey onunçun
hazırdı... Gecələr yatmırsan! - deyə Timofeyev
qışqırdı və qaloşlu ayağını yerə
döyə-döyə emalatxanada ora-bura qaçdı. -
Yaş gillərdən əlimdə revmatizm yaranıb.
Üç ildi Qoqolun hər bir sözünü oxuyuram.
Artıq onun donuz burnu yuxuma girir.
Timofeyev
kürsüdən bir dəstə kitabı götürüb
havada yelləyərək var gücüylə geri tulladı.
Oradan gil tozu qalxdı.
-
Bunların hamısı Qoqol haqqındadı! - dedi və
tezliklə sakitləşdi. - Hə, nədi? Deyəsən, mən
sizi qorxutdum? Bağışlayın məni, əzizim. Vallah,
dalaşmağa hazıram!
- Onda bir
yerdə dalaşacağıq, - deyə Nastya yerindən qalxdı.
Timofeyev
onun əlini möhkəm sıxdı və o, nəyin
bahasına olursa-olsun, bu istedadlı insanı qeyri-müəyyənlikdən
üzə çıxaracağı kimi qəti bir qərarla
emalatxananı tərk etdi.
Nastya Rəssamlar
İttifaqına qayıdıb sədrin yanına girdi, onunla
uzun müddət danışdı və sübut etməyə
çalışdı ki, elə bu saat Timofeyevin işlərinin
- əsərlərinin sərgisini təşkil etmək
lazımdı. Sədr əlindəki karandaşla masanı
döyə-döyə nəsə fikirləşib, nəhayət,
razı oldu.
Nastya
Moykadakı evinə, tavanı qızılı rənglə rənglənmiş
mənzilinə qayıtdı və yalnız onda Katerina
Petrovnanın məktubunu oxudu.
- İndi
hara getmək olar?! - dedi və ayağa durdu. - Məgər
buradan harasa çıxa bilərsən?!
O,
ağzınadək dolmuş qatarları, sonra qatarın
başqa dar reyslərə keçməsini, onu yolboyu silkələyəcək
arabanı, qurumuş bağlarını, anasının
mütləq göz yaşlarını, kənddə
olacağı uzun, cansıxıcı günləri
düşündü və məktubu yazı
masasındakı siyirtməyə qoydu.
Nastya
Timofeyevin sərgisinin təşkilinə iki həftə sərf
etdi.
Bu vaxt ərzində
o, köntöy heykəltaraşla bir neçə dəfə
dalaşıb barışmışdı. Timofeyev əsərlərini
sərgiyə elə göndərirdi ki, elə bil onları
son mənzilə yola salır.
- Sizdə,
mənim əzizim, heç cürə alınmayacaq, - o,
acıqla Nastyaya dedi. Elə bil ki, Nastya onun yox, öz sərgisini
təşkil edirdi. - Vicdanım haqqı, mən öz
vaxtımı havayı yerə itirirəm!
Əvvəlcə
Nastya ümidsizliyə qapılır, inciyirdi. Sonra başa
düşdü ki, bu onun məğrurluğundan yaranan bir tərslikdəndir
və bu tərslik də çox vaxt süni olurdu. Amma
Timofeyev ürəyinin dərinliyində gələcək sərgisi
üçün çox sevinirdi.
Sərginin
açılışı axşamüstü oldu. Timofeyev əsəbiləşərək
deyirdi, heykəllərə elektrik işığında baxmaq
olmaz.
-
Ölü işıqdı, - deyindi, -
cansıxıcıdı! Hətta kerosin lampasının
işığı bundan yaxşıdı.
- Sizə
hansı işıq lazımdı? - deyə Nastya əsəblərini
cilovlaya bilmədi.
- Şam
lazımdı! Şam! - Timofeyev əzab çəkən bir
adam kimi qışqırdı. Qoqolu elektrik
işığı altına necə qoymaq olar!? Bu cəfəngiyyatdı!
Sərginin
açılışında rəssamlar, heykəltaraşlar
iştirak edirdilər. Mövzudan uzaq olanlar heykəltaraşların
arasında olan söhbəti eşidəndə başa
düşmürdün ki, onlar əsərləri tərifləyirlər,
yoxsa tənqid edirlər. Lakin Timofeyev başa
düşürdü ki, sərgi alınıb.
Ağsaçlı
bir rəssam Nastyaya yaxınlaşıb onun əllərini
sıxaraq:
- Təşəkkür
edirəm. Eşitdim ki, Timofeyevi siz gün
işığına çıxartmısınız.
Yaxşı etmisiniz. Bizdə həmişə rəssamlara
diqqət olmasından, qayğı yetirilməsindən
danışırlar, lakin məsələ konkret işə gəldikdə
boş və masız baxan gözlərlə
qarşılaşırsan. Yenə təşəkkür edirəm!
Müzakirə
başlandı. Çoxlu danışdılar, təriflədilər,
bəzən də özlərindən çıxdılar,
qoca rəssam tərəfindən insana olan diqqətin ortaya
atılmasından, gənc heykəltaraşın haqsız
olaraq unudulmasından, demək olar ki hər
çıxışda danışdılar.
Timofeyev
saçları dağılmış halda oturmuşdu,
başını aşağı dikib parketə
baxırdı, çıxış edənləri
gözaltı süzürdü və bilmirdi ki, onlara inanmaq
olar, yoxsa hələ tezdi?
Qapının
ağzında İttifaqın xeyirxah və kütbeyin kuryeri
Daşa peyda oldu. O, Nastyaya əliylə nəsə işarələr
etdi. Nastya ona yaxınlaşdı və Daşa gülümsəyərək
gətirdiyi teleqramı ona verdi.
Nastya
öz yerinə qayıdıb xəlvəti olaraq teleqramı
açdı, oxudu və heç nə başa düşmədi.
"Katya
ölür. Tixon"
"Hansı
Katya? - Nasta özünü itirmiş halda
düşündü, - hansı Tixon? Ola bilsin bu mənə
aid deyil."
O,
ünvana diqqətlə baxdı: - yox, teleqram ona aid idi. O, bunu
kağız lentin üzərində nazik baş hərflərlə
yazılmış "Zaborye" sözünü oxuyanda
anladı.
Nastya
teleqramı əzərək üzünü turşutdu. Bu
vaxt Perşin çıxış edirdi.
- Bizim
dövrümüzdə - o yerində yırğalanaraq və
eynəyini tutaraq danışırdı, - insanın
qayğısına qalmaq gözəl bir reallığa
çevrilir, bizə işləməyə və inkişaf
etməyə kömək edir. Mən xoşbəxtəm və
qeyd edim ki, bizim aramızda, heykəltaraşlar və rəssamlar
arasında bu qayğı artıq təzahür edir. Mən
yoldaş Timofeyevin işlərinin sərgisindən
danışıram. Bu sərginin yaranmasında biz
bütünlükdə - hə, qoy bizim rəhbərlik inciməsin,
- İttifaqın sadə bir əməkdaşına, bizim
gözəl Anastasiya Semyonovnaya borcluyuq.
Perşin
Nastyanın qarşısında baş əydi və hamı əl
çalaraq onu alqışladı. Xeyli alqışladılar.
Nastya göz yaşlarınadək utandı.
Kimsə
arxadan onun əllərinə toxundu. Bu, tez özündən
çıxan yaşlı rəssam idi.
- Nə
olub? - deyə Nastyanın əlində bükülmüş
teleqrammanı göstərib soruşdu.
- Pis bir xəbər
yoxdur ki?
- Yox! -
Nastya cavab verdi. - Bu belə... bir tanışımdandı...
- Aha! -
Qoca, burnunun altında dedi və yenidən Perşinə qulaq
asmağa başladı.
Hamı
Perşinə baxırdı, amma Nastya isə kiminsə
ağır və diqqətli baxışlarının elə
ona yönəldiyini hiss edir və başını
qaldırmağa qorxurdu. "Bu kim ola bilər? - deyə
düşündü. - Görəsən, kimsə başa
düşdü? Necə d ağılsızlıqdı. Yenə
əsəbləri yerindən oynayırdı".
O,
güclə gözlərini qaldırdı və həmin anda
da başqa tərəfə çevirdi: Qoqol istehza ilə ona
baxırdı. Onun buxağında elə bil nazik skleroz
damarcığı ağır-ağır
döyünürdü. Nastyaya elə gəldi ki, Qoqol sakitcə,
bir-birinə sıxılmış dişləri arasından
dedi: - "Ay, səni!
Nastya tez
durub, tələsik geyinib küçəyə qaçdı.
Güclü və sulu qar yağırdı. İsakiyev məbədində
boz qırov görsənirdi. Tutqun səma şəhərin,
Nastyanın, Nevanın üzərinə daha da çox
enmişdi.
"Mənim
sevimlim", - Nastya bu yaxınlarda aldığı məktubu
xatırladı. -"Mənim sevimlim!"
Nastya Admirallığın
yaxınlığındakı bağçada skamyada oturdu və
acı-acı ağlamağa başladı. Qar üzündə
əriyib göz yaşlarına qarışırdı.
Nastya
soyuqdan diksindi və qəflətən başa
düşdü ki, onu heç kim belə, hamı tərəfindən
orda, darıxdırıcı Zaboryedə atılmış və
əldən düşmüş qoca qədər sevməyib.
"Gecdir!
Mən artıq anamı görməyəcəm!" -
öz-özünə dedi və xatırladı ki, bu çox
mehriban uşaq sözü olan "Ana"nı
axırıncı bir ildə ilk dəfədir ki, dilinə gətirir.
Qəflətən
yerindən qalxıb üzünə çırpılan
qarın əksiylə getdi.
"Nə
olsun, nə, ana? Nə? - qarşısında heç nə
görmədən, gözü bağlı halda fikirləşdi.
- Ana! Necə oldu bu, niyə bu hadisə baş verdi? Ondan
başqa mənim həyatda heç kimim ki, yoxdur.
Yox, ondan
doğma daha heç kim olmayacaq. İndi yalnız ona
çatmaq lazımdı ki, heç olmasa, son nəfəsində
məni görsün, heç olmasa, məni
bağışlasın".
Nastya
Nevski prospektinə, dəmir yol şəhər stansiyasına
gəldi. Gecikmişdi, çatmadı. Biletlər artıq
satılmışdı.
Nastya
bilet satılan kassanın yanında dayanmışdı,
dodaqları əsirdi, danışa bilmirdi, elə birinci
sözdən hönkürtüylə
ağlayacağını hiss edirdi.
Eynəkli
yaşlı satıcı kassanın pəncərəsindən
boylanıb ona baxdı və:
- Vətəndaş,
sizə nə olub? - deyə narazı halda ondan soruşdu.
-
Heç nə, - Nastya cavab verdi, - Mənim anam... - Sonra çevrilib
tez çıxışa sarı getdi.
- Hara
gedirsiniz? - kassir qadın onun ardınca qışqırdı.
- Bunu dərhal demək lazım idi. Bir dəqiqə gözləyin!
Həmin
axşam Nastya yola düşdü. Halbuki bütün yolboyu
ona elə gəlirdi ki, "Krasnaya strela" qatarı
çox ləng gedir. Lakin həmin vaxt qatar çox iti sürətlə,
ətrafa yayılan buxarı ilə, gecə meşələrini
uzunsürən xəbərdarlıq siqnalı ilə yarıb
keçirdi.
...Tixon
poçta gəldi, poçtalyon Vasili ilə nəsə
pıçıldaşdı, ondan teleqram vərəqini
götürüb əlində ora-bura yellədi, qoluyla
bığını silib əyri-üyrü hərflərlə
poçt blankına uzun-uzadı nəsə yazdı. Sonra
blankı büküb qovluğuna qoydu və Katerina
Petrovnanın yanına yollandı.
Katerina
Petrovna onuncu gün idi ki, yerindən dura bilmirdi. Heç yeri
ağrımırdı, lakin onun zəifliyi döş qəfəsinə,
başına, ayaqlarına təzyiq edirdi, nəfəs
almağa çətinlik çəkirdi.
Manyuşka
altıncı gün idi ki, Katerina Petrovnadan uzaq durmurdu. Gecələr
soyunmadan ortasından batmış divanda yatırdı.
Manyuşkaya elə gəlirdi ki, Katerina Petrovna artıq nəfəs
almır. Onda o, qorxaraq ağlamağa başladı və
çağırdı onu: - sağsan?
Katerina
Petrovna yorğanın altında əllərini tərpətdi
və Manyuşka sakitləşdi.
Otaqların
küncləri səhər sübhdən noyabr
qaranlığındaydı, amma otaqlar isti idi. Manyuşka
sobanı yandırmışdı. Ağappaq alovlar taxtadan olan
divarları işıqlandıranda Katerina Petrovna ehtiyatla
köks ötürdü - alov evə, sanki sakitlik, rahatlıq
gətirirdi, çoxdan - Nastyanın hələ burada
olduğu vaxtın rahatlığını gətirirdi.
Katerina Petrovna gözlərini yumdu, onlardan qopan yeganə bir
damcı göz yaşı saralmış buxağından
axaraq ağarmış saçlarında ilişib qaldı.
Tixon gəldi.
O öskürür və hündürdən burnunu çəkirdi,
görünür, həyəcanlı idi.
- Nədi,
Tişa? - Katerina Petrovna gücsüz halda soruşdu.
- Soyuqlar
düşüb, Katerina Petrovna! - Tixon həvəslə deyərək,
ehtiyatla şapkasına baxdı.
- Tezliklə
qar yağacaq. O, yəqin xeyrliyədi, - dedi. Yolları
şaxta vuracaq və onda burdan getmək mümkün olacaq.
- Kimə?
- deyə Katerina Petrovna gözlərini açdı və quru
əlləri ilə titrək halda yorğanı sığallamağa
başladı.
-
Anastasiya Semyonovnadan başqa kim ola bilər? - deyə Tixon cavab
verdi və riyakarcasına gülümsəyərək
şapkasından teleqramı çıxartdı. - Ondan
başqa kimə ola bilər ki!?.
Katerina
Petrovna qalxmaq istədi, lakin bacarmayıb yenidən yastığa
düşdü.
- Budur! -
Tixon dedi və ehtiyatla teleqrammanı açıb Katerina
Petrovnaya uzatdı.
-
Özün oxu!
Manyuşka,
xırıltılı səslə dedi, - Nənə ki, oxuya
bilmir. Onun gözləri zəifdir. Tixon qorxmuş halda ora-bura
boylandı, yaxasını düzəltdi, seyrək sarı
saçlarını tumarladı və özünə
inamsız bir küt səslə oxudu: "Gözləyin, yola
düşdüm. Həmişə sizi sevən
qızınız, sizin Nastya".
-
Lazım deyil, Tişa! - Katerina Petrovna sakit səslə dedi. -
Lazım deyil, əzizim. Allah köməyin olsun. Xoş
sözlərinə, nəvazişinə görə, sağ
ol.
Katerina
Petrovna çox çətinliklə üzünü divara
çevirdi, sonra elə bil yuxuya getdi.
Tixon soyuq
dəhlizdə skamyada oturub siqaret çəkir,
başını aşağı dikib tüpürərək
dərindən köks ötürürdü. Manyuşka
çıxıb onu Katerina Petrovnanın otağına çağırana
kimi həmin vəziyyətdə qalmışdı.
Tixon pəncəsi
üstə içəri girib bütün əlləriylə
üzünü sildi. Katerina Petrovna çox solğun halda
uzanmışdı, elə bil çox rahat
yuxulamışdı.
- Gözləyə
bilmədi, - deyə Tixon öz-özünə
danışdı. - Eh, onun acı bəlası, yazılmış
iztirabı! Sən, sarsaq qız, bax! - o, incik halda Manyuşkaya
dedi, - xeyirlə cavab ver, yüngül olma... Sən burada otur,
mən kənd sovetinə qaçım, xəbər verim.
O getdi,
Manyuşka kətildə dizlərini qucaqlayıb oturmuşdu.
Əsə-əsə, dayanmadan tez-tez Katerina Petrovnaya
baxırdı.
Katerina
Petrovnanı sonrakı günü dəfn etdilər. Şaxta
düşmüşdü. Kiçik qar dənələri
yağırdı. Hər yer ağarmışdı, səma
quru, işıqlı, amma boz idi, elə bil başının
üstündən yuyulmuş, donmuş kətan çəkmişdilər.
Uzaqda, çayın o tayında səma gömgöy idi.
Onlardan söyüd qabıqlarında birinci şaxtayla
yaxalanmış qəribə qar iyi gəlirdi.
Dəfn mərasiminə
qocalar və uşaqlar yığışmışdılar.
Tabutu qəbiristanlığa Tixon, Vasili, bir də iki qoca
Malyavin qardaşları aparırdılar. Manyuşka
qardaşı Volodka ilə tabutun qapağını aparır
və gözünü bir an qırpmadan belə
qabağına baxırdı. Qəbiristanlıq kəndin
arxasında, çayın kənarında idi. Oranı dəmrovlardan
saralmış hündür bədmüşk kolları
basmışdı.
Yolda
müəlliməyə rast gəldilər. O, vilayət şəhərindən
gəlmişdi və Zaboryedə hələ heç kimi
tanımırdı.
- Müəllimə
gəlir, müəllimə! - deyə uşaqlar
pıçıldaşdılar.
Müəllimə
gənc, utancaq, alagöz və kiçik bir
qızcığaz idi. O, dəfni görəndə diksinərək
dayandı və qorxa-qorxa tabutdakı qoca qadına baxdı.
Qocanın üzünə qar dənələri
tökülüb ərimirdi. Orda, vilayət şəhərində
müəllimənin anası qalmışdı - o da belə
balaca, həmişə qızı üçün həyəcanlı
qayğısıyla və tamamilə beləcə ağ
saçlarıyla qalmışdı.
Müəllimə
dayandı və yavaş-yavaş tabutun arxasınca getdi. Qoca
qadınlar boylanıb ona baxdılar, aralarında
pıçıldaşdılar, - bax, necə sakit
qızdı, bizim uşaqlarla əvvəl ona çətin
olacaq, çünki onlar Zaboryedə çox
özbaşına və dəcəldirlər.
Müəllimə
nəhayət, güc toplayıb qoca qadınlardan biri - Matryona
nənədən soruşdu:
- Tənha
olub, ola bilsin bu qoca qadın?
- Eee, mənim
əzizim, o dəqiqə Matryona oxumağa başladı, -
hesab elə ki, tamam tənhadır. O, necə səmimi, mehriban
və istiqanlı idi. Hər şey olurdu, elə olurdu ki,
öz divanında tək-təkanə oturub söhbət etməyə,
danışmağa bir adam tapmırdı. Əfsuslar olsun! Onun
Leninqradda bir qızı var, görünür, çox
yuxarılara qalxıb. Budur, bax, indi o, kimsəsiz, qohumsuz
dünyasını dəyişdi.
Qəbiristanlıqda
tabutu təzə qazılmış qəbrin yanında yerə
qoydular. Qoca qadınlar tabuta baş əyərək, əlləriylə
torpağa toxunurdular. Müəllimə tabuta
yaxınlaşdı və əyilib Katerina Petrovnanın quru,
saralmış əllərindən öpdü. Sonra qalxıb
belini düzəltdi və çevrilib uçulmuş kərpicli
hasara tərəf getdi. Hasarın arxasında, uzaqlarda onun
qarın içində olan sevimli, bir azca kədərli,
doğma torpağı yatırdı.
Müəllimə
xeyli baxdı və arxasında qocaların aralarındakı
olan danışıqlara qulaq asır və tabutun üstünə
atılan torpaq səslərini eşidirdi. Uzaqda olan məhlələrdə
isə xoruzlar cürbəcür səslərlə
banlayırdı, - bu, aydın günlərdən,
yüngül şaxtadan və sakit qışdan xəbər
verirdi.
Nastya
Zaboryeyə dəfnin ikinci günü gəldi. O, qəbiristanda
təzə qəbir təpəsi - torpaq onun üstündə
topa-topa donmuşdu - Katerina Petrovnanın soyuq, qaranlıq
otağını gördü. Elə bil həyat ordan
çoxdan çıxıb getmişdi. Bu otaqda Nastya
bütün gecəni, dan yeri sökülənədək
ağladı.
Nastya
Zaboryedən gizli çıxıb getdi.
Çalışdı ki, heç kim onu görməsin və
ondan heç nə soruşmasın. Ona elə gəlirdi ki,
Katerina Petrovnadan başqa heç kim yuyulması mümkün
olmayan bu günahı, dözülməz yükü onun
üstündən götürə bilməz.
Konstantin
PAUSTOVSKI
Tərcümə
edən: Zahid Şahsuvarov
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.18-19.