Bəhruz Tağızadənin
"Cincilim"
romanı haqqında
Kənardan
bəzən maraqla izlədiyim və zəif hekayələrin,
zəif romanların dahi yazıçılarımız, həssas
tənqidçilərimiz tərəfindən bol-bol tərifləndiyi
bu əyləncəli ədəbi mühitimizdə hansısa
yaxşı mətnlə çıxış edib, gözəl
bir hekayəni, ya məqaləni qəzetdə, saytda çapa
vermək, dəyərli bir şeyi urvatdan salmaq kimi səfeh əmələ
bənzəsə də, bu yazı, başqa müəllifin
romanı ilə bağlı olduğuna görə indi həmin
xətadan uzaq olduğumu düşünürəm və məqalənin
elə ilk cümləsindəcə bütün oxucuları Bəhruz
Tağızadənin "Cincilim" romanını alıb
oxumağa səsləyirəm.
Kitabı
oxumağa başlayanda
onun haqqında yazı yazmaq ehtiyacı
duyacağımı zənn etmirdim, onu sonacan oxuyacağıma
da əmin deyildim, amma sıx şriftlərlə çap
edilmiş üç yüz səhifəlik bu romanı, demək
olar ki, elə başladığım gün də bitirməyim
və kitabdan yana, gecə saat dördə qədər oyaq
qalmağım axırda məni bu qərara gətirdi ki,
mütaliə ərzində qeyd etdiyim məqamları müəllifin
özünə göndərmək əvəzinə,
onları ayrıca yazıda əks etdirim və həmin
yazıda həm də bu kitabı tez bitirməyimə səbəb
olan məqamları araşdırım.
İstedadlı müəllifləri, yaxşı mətnləri
həzm etməkdə çətinlik çəkən bir
çox yazıçılarımız öz əsərlərinə
rəqib kimi gördükləri bu romanı oxuyarkən, yəqin
ki, onun belletristik olduğunu, belletristik əsərlərin də
oxucunu sonacan kitabda saxlamaq üçün
yazıldığını qeyd edəcək və içlərindəki
Salyerini bu təsəlli ilə sakitləşdirməyə
çalışacaqlar.
Lakin o belletristik əsərlərin
hal-hazırda şahı hesab olunan romanlardan biri - son on ildə
bütün dünyada ən çox satılan kitablar cərgəsində
yer alan "Bozun əlli çaları" əsəri
yaxşı mətn duyumu olan və dünya şedevrlərini
oxuyub əsl ədəbiyyatın nə olduğunu bilən bir
oxucunu yalnız əlli, altmış, maksimum yüz səhifə
öz arxasınca apara bilər; zövqlü oxucu bir məqamdan
sonra kitabın sıxıcı, bezdirici, dadsız, enerjisiz,
ilhamsız olduğunu hiss edəcək, kitabın ona heç
nə qatmadığını duyacaq və onu bir kənara
qoyacaq.
Yerli ədəbiyyatımızın ən çox oxunan müəlliflərindən
bəzilərinin ən məşhur romanlarını alıb
oxumağa cəhd edəndə də heç bir hiss,
duyğu, enerji olmadan irəlilədiyim ən uzaq səhifə
sayı, əlli, altmış, yetmiş idi (təkrar cəhddə
uğurlu olacağıma ümid edirəm).
Lakin
"Cincilim" romanında
müəllif həm əsəri
maraqlı yazmağa nail olub, həm də öz ilhamı və
sürətli yazı üslubu ilə onu ədəbi, bədii
gözəlliklərlə doldurmağı elə bacarıb
ki, sən mətn duyumu yüksək olan biri kimi kitabdan
sıxılmır, bezmir, əksinə, belletristik əsərlərdə
gördüyün bəsitliklə, primitivliklə
rastlaşmadığın üçün onu maraqla və
zövqlə oxuyursan.
"Gecəyarısı uşaqları"nın
təkcə elə
ilk on beş-iyirmi səhifəsini oxuyarkən bütün möhtəşəm
nəsr nümunələrindəki kimi, necə zövq
aldığımı və Azərbaycan ədəbiyyatının
hələlik heç bir romanında o effektin hiss edilmədiyini
xatırlayıram və suala cavabın "yox" olduğunu
görürəm.
İndi isə mütaliə ərzində bir kənara yazdığım və
müəllifə göndərməyi nəzərdə
tutduğum qeydləri yazıya əlavə edirəm:
"Roman
sadə şəkildə
başlayıb, yorucu deyil. Hələlik
oxucunu kitabda tutub saxlayacaq məqamlar (süjetin cəlbedici
olması ilə bağlı) çox gözə dəyməsə
də, cümlələrin sadəliyi və
oxunaqlılığı oxucunu yormadığı
üçün mütaliəyə davam etməyə dəyər.
Səkkizinci səhifədə "Deyirdim kaş, mənim də
belə dayım olaydı" cümləsi, iyirmi
altıncı səhifədə bənzər şəkildə
bir də təkrarlanır: "Deyirdim kaş,
Dıbış mənim dayım olaydı." Növbəti
nəşrdə dəyişikliyə gərək duysanız,
nəzərə almaq olar.
Səhifə otuz səkkizdə
Ərəlin Cincilimə
heyranlığı gözəl və maraqlı şəkildə
ifadə olunur.
Səksən doqquzuncu səhifədə
bibiylə atanın pisliyinin müqayisəsi
maraqlıdır:
Mənə sual verilsəydi
ki, kəndinizdə atandan əclaf adam kimdir, düşünmədən
bibimi deyərdim. Bibimdən əclaf adamı
soruşsaydılar, atamı deyərdim. Onların
hansının daha əclaf olduğunu təyin etmək
çox çətin idi. Hər ikisi bir-birindən alçaq
idi.
İlk yüz, yüz iyirmi səhifədə bəzi yerlərdə
incə yumorlar var. Sevgi hissinin saflığını, təmizliyini
və şirinliyini çox gözəl təsvir etmisiniz.
İndi pozulmuş, şəklini itirmiş anormal
"sevgi"lər əvəzinə, tamamən saf və təmiz
olan sevgini siz çox yaxşı əks etdirmisiniz. Ümumiyyətlə,
bu kitabı məktəblilərə, yeniyetmələrə
oxutmaq, Ərəl obrazını bütün yeniyetmə
oğlanlara nümunə kimi tanıtmaq çox gözəl
olar və sağlam gəncliyin yetişməsinə, bəlkə,
müəyyən qədər müsbət təsir edər.
Cincilimə vəziyyəti izah
etmək üçün Ərəlin
Bakıya gəlməsi, danışmağa cəhd etməsi səhnəsi
gözəldir. Yeniyetmə Ərəlin ağlaması
kitabın əvvəlindən bəri uşaq sevgisinə ciddi
yanaşmayan oxucunu onun hisslərinə getdikcə daha çox
inandırmağa başlayır.
Yüz
on yeddinci səhifədə
"28 May" metrosu ətrafındakı xaosu təsvir etdikdən
sonra Cəfər Cabbarlı heykəlinin təsviri də
gözəl alınıb:
Meydanın baş tərəfində
Cəfər Cabbarlının heykəli
ucalırdı. Heykəl elə bil bu müdhiş mənzərəni
görməmək üçün arxasını meydana
çevirib əli qoynunda fikrə getmişdi.
(Yuxarıda adı çəkilən əcnəbi
yazıçının romanını daha üstün edən
də odur ki, bu cür uğurlu təsvirlər həmin
kitabın az qala hər səhifəsində var).
Qəbul
imtahanında cavab kağızının doldurulması səhnəsində
"Çox talelər bu məqamda istiqamətini dəyişmişdi"
cümləsi də yaxşıdır.
Vurğunvurmuş... Bu cür sözləri artıq, təəssüf ki,
çox az istifadə edirlər, bu sözlər sanki
yavaş-yavaş unudulub gedir. Siz bu tip xəlqi sözləri
romanda uğurla istifadə etmisiniz. Üstəlik, dialoqlar da təbii
və gözəldir.
Ərəlin Cincilimin atasıyla
qarşılaşması səhnəsi və
nitqi əladır. Ağladığı hissə oxucunu
kövrəldəcək qədər yaxşıdır. Bu
cür sevginin (başqa heç bir qıza meyil etmədən,
buna ehtiyac duymadan yalnız sevdiyin qızı
düşünüb ona sadiq qalmaq və həmin qıza da
toxunmaq ehtiyacı duymamaq) heç kəsdə
olmadığını, heç kəsin bunu
anlamadığını, hətta çox insanın belə
bir sevgiyə güləcəyini düşünmüşəm
zaman-zaman. Nə yaxşı ki, siz bu məqamları və
Ərəlin ağlından, qəlbindən keçənləri
belə aydın ifadə etmisiniz. Bu, sevgi hissini anlayanlara
onların tək olmadığı və yanlış yolda
olmadığı inancını uğurla
aşıladığına görə sizə ayrıca təşəkkür
düşür.
Ümumiyyətlə, əsəri oxuyanda məndə bu
sualın cavabına ciddi bir maraq yarandı: Görəsən,
müəllif, doğrudan da, öz həyatını
yazıb? Görəsən, bu sevgini o özümü
yaşayıb? Yaxud əsərdəki hadisələrin nə
qədəri yazıçının öz şəxsi həyatından
alınmadır?
Qarabağı riskə atardım,
Cincilimi yox... Əsəri oxuyarkən, bəlkə,
bu cümlə kiməsə təsirli gəlməyə bilər.
Müəllif də bu cümləni dərin hisslə
yazmamış ola bilər. Amma mənə təsirli və
gözəl görsəndi.
Əsgərlik... Toy... Qumar... Əsgərlikdəki qanunsuzluqların təsviri
uğurlu, maraqlı və lazımlıdır. Hadisələrin
gedişatı əla qurulub. Məzuniyyətdə Ərəlin
Bakıya qayıtmağı, Cincilimi axtarmağı, hospital,
bomjdan kömək almağı və bura qədər
yığılmış maraq, baş qəhrəmanın əzabı
- bütün bunlar oxucunun gözünü dolduran və
kövrəldici təsir bağışlayan məqamlardır.
Səhifə 280. Gözəl və təsiredicidir: Cincilimi
axtardım... Cincilimi axtardım...
Səhifə 286-da Ərəlin Cincilimdən
əsl səbəbi soruşub "mən heç nə etməmişəm,
nolub axı?" deyərək, öz günahsızlığı
barədə qızda şübhə yaratmaq və məsələni
aydınlaşdırmaq fürsəti varkən, çeynədiyi
saqqızdan, soğan-çörəkdən
danışmağı oxucunun bir qədər əsəbinə
toxunan və ayıq, hüquqşünas bir oğlanın yol
verməyəcəyi davranışlardır. Bu məqam,
düyünün açılmaması üçün hadisələri
yubadan və qəhrəmanları axmaqlaşdıran türk
seriallarının əsəbdoğurucu fəndlərini
xatırlatdı. Zənnimcə, telefon zənginin hansısa
gözlənilməz səbəbdən sona
çatmağı və düyünün
açılmasına bunun mane olmağı, daha
inandırıcı görsənə bilərdi.
Sonluqda qəhrəmanların barışmasını
açıq-aşkar göstərmək əvəzinə,
məsələni bir az üstüaçıq saxlamaq,
oxucunun həsrətlə gözlədiyi sonluğu ona belə
asanca verməmək, məncə, kitabı daha maraqlı edərdi.
Məsələn, finalda bunabənzər bir cümlə ola
bilərdi: "O yalvarır, hər şeyi həyəcanla
danışıb izah etməyə çalışır,
gözlərindən yaş axıdır, mənsə ona
baxdıqca onu əfv etməməyi bacarmayacağımı
hiss edirdim". Yaxud "Onu qucaqlayıb bağrıma basmamaq
üçün özümü zorla saxlayırdım."
(Cümlələr, ağıla gələn ilk variantdır
deyə, qüsurlu ola bilər. Əsas nəzərdə
tutulan, cümlələrin məzmunudur və sonluğu
oxucunun təsəvvürünə buraxmaq cəhdidir. Bu
cür etmək oxucunu əsər bitəndən sonra onun
haqqında daha çox düşünməyə vadar edər,
nəticədə oxucu da əsərin təsirində daha uzun
müddət qalardı.)
Müəllifə göndərmək istədiyim
qeydlərin bir qismi mətnin əvvəlində
vurğulandığı üçün mesaj hissəsini
burda bitirirəm.
Sonda qısa olaraq desək, bu kitab həm kütləvi oxucu
qazanmağa layiq olan, həm də ədəbiyyat enerjisinin əsər
boyunca yayılıb hiss edildiyi bir kitabdır və əgər
ekranlaşdırılsa, böyük tamaşaçı
kütləsi əldə edə biləcək maraqlı bir
film ortaya çıxar.
Müəllifi bir daha təbrik edir və növbəti əsərlərində
uğur arzulayıram.
Təvəkkül BOYSUNAR
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, №1.- S.22.