Hekayələr
Loxma
Yalnız
ona baxırdım. Uzaqdan möhtəşəm
gördüyüm adamı
yaxından müşahidə
edirdim indi... Nəzərlərim diqqətlə
üzündə idi. Niyə? Gözlədiyim bir şey vardı.
Mənim hər gün boğazımdan keçirməyə alışdığım,
buna görə də
mənə həlməşik
kimi görünən
bu yalanlar, saxtalıqlar, göstərilər,
səmimiyyətsizliklər onun üçün böyük bir tikə kimi görünməliydi, məncə...
Bu yalanları, saxtalıqları,
göstəriləri, səmimiyyətsizlikləri
uda bilmək üçün böyük
bir udqunma lazım idi, məncə... Nəzərlərim
üzündə gəzirdi.
O isə xörəyini
yeməyə davam edirdi udqunmadan, sanki...
- Xörəyini niyə yemirsən? - qəfil bir səs diqqətimi
dağıtdı. Başımı
aşağı salıb
yeməyə başladım.
O isə xörəyini
bitirib, durub getdi hava kimi,
ruh kimi, kölgə kimi...
Loxmalarmı məni uddu, mənmi loxmaları, bilmədim...
Telefon söhbəti
Hərdən gecələr onun
nömrəsini yığıb
telefonunun səsini dinləyirəm. Telefonun qaranlıq boş otağa səsləndiyini
duyuram sanki, otağın səssizliyini,
tənhalığını yaşayıram o anlar öz içimdə. Mənə elə gəlir ki, bu zaman o, dəstəyi qaldırsa, bütün sözlərimi
birnəfəsə söyləyərəm.
Üzdən yüngülcə
təəssüflənir, içdən
gizlicə sevinirəm.
Xətti qapayandan sonra, hər dəfə də otaqdakı telefon aparatı haqqında düşünməyə başlayıram.
Hərdən belə olur...
Bir dəfə zəng edib yanına çağırdı məni.
Getdim. Çox söhbət elədi, amma mənim eşitmək istədiyim kəlmələrin biri də yox idi
o söhbətin içində.
Hal-əhval sordu, cavablarım nə oldu, bilmədim, amma hər halda
telefonda söyləmək
istədiklərim deyildi
ki, hər şey olduğu kimi də qaldı.
Gecəyə tələsirdim...
Qəfildən telefon zəng çaldı. Səksəndim,
birdən mən olaram, - deyə...
Mən deyildim. Nəfəsimi dərdim.
Ağlıma bir fikir gəldi.
- Zəng vurmaq olar?
- Əlbəttə ki. Buyurun.
Sevincək dəstəyi qaldırıb
həmin nömrəni
aradım.
- Du...
Du... Du...
Məşğul idi.
Dərindən-dərinə təəssüfləndim,
çünki fikrim qəti idi, əgər cavab versəydi, hər şeyi anladacaqdım ona...
Vicdan
Dörd
tərəfdən boz
və kəsafətli
daş divarlarla əhatələnmiş uzununa
dar həyətin darıxdırıcı və
əyləncəsiz günlərinin
biri idi. Payızdı, qışdı,
yaydı, yazdı,
hiss olunmurdu o həyətdə.
Yaşıllıq, canlılıq
deyilən heç nə yox idi
çünki. Dünyadan
bir məkan olmağına şübhədən
çıxaran yeganə
sübut da yox idi. Bircə başını qaldırıb
tikanlı məftil hörgülərinin arasından
görünən mavi
səma bu məkanın haradasa bir yer üzündə
olduğunun yeganə nişanəsi idi.
Dörd
tərəfdən boz
və kəsafətli
daş divarlarla əhatələnmiş uzununa
dar həyətin bir yaşayış məkanı olduğunu sezdirən isə uzununa sıralanıb, həyətə açılan
köhnə, göy, taxta qapılar idi. Və bəzilərinin
yuxarısında pərdə
əvəzinə qəzet
və ya köhnə parçalarla
örtülən kiçicik
pəncərələr... Sanki görən gözlərdən
qorunurdular buranın sakinləri. O zaman altı
yaşlı qızcığaz
anlamırdı buranın
sirlərini. Eləcə
dolaşırdı bu
qapıların önündə
həyət uzununa. Oynayırdı, dalaşardı,
tez-tez də bu qapılar sırasında ortadan bir köhnə, göy, taxta qapını itələyib
qəfil girirdi, dayanmırdı, yenə çıxırdı. Axır
qolundan tutulub, hədələnib bayıra
atıldıqda küskün-küskün
köhnə, göy, taxta qapının önündə durub boynunu burdu. Uşaqlar hələ də o yan-bu yana qaçışsalar
da, bircə o, kimdənsə
küsmüş kimiydi.
Anlamadıqlarından...
Birdən
qəfil hiss elədi
ki, bir balaca qız uşağı atasının əlindən
çəkə-çəkə ağlayır. Hündürboy,
qara kətan köynəyi üstə salınmış, qara şalvarda olan ata qızının əlindən tutub, gəlib onun qarşısında çöməldi.
Bu həyətin sakinləri
kişilərdi ancaq. Həyətdə ancaq uşaqlar və kişilər görünərdi.
Burada kişilər də hamısı bir-birinə bənzəyirdi,
ona elə gəlirdi ki, bircə öz atası seçilir bu ataların hamısından.
Bu köhnə, göy,
taxta qapıların arxasında qadınların da olmağı
təsadüfən qonşu
üstünə uşaqdan
şikayətə gedən
səsli-küylü qadınlardan
bilinərdi.
Fikri yayındı, deyəsən.
Hə.., ata onun qarşısında çöməldi. Amma o, hələ
nə baş verdiyini anlamırdı.
Ata qara kətan köynəyinin sallanmış
geniş cibindən bir konfet çıxarıb
ona sarı uzatdı:
- Al bu konfeti, ağzındakı
saqqızı ver bu bacıya.
Təəccübləndi: "Ağzımdakı
saqqızı?" Amma özünü
ələ aldı, sındırmadı:
- Niyə?
- Qızım saqqız istəyir.
Utandı...
Ağzında saqqız
yox idi axı.
Deyə bilmədi, başqa söz dedi:
- Vermirəm.
Ata xahiş etdi. O isə bilə-bilə incitdi:
- Vermirəm...
Ürəyində isə: "Kaş
ki saqqızım olaydı,
verəydim", - deyə
təəssüflənirdi. Kədərlənirdi ağzındakı
"saqqızla" balaca
qızcığazı ağlatdığına,
atanı aldatdığına
görə. Amma nə
etməliydi, ağzında
artıq çürümüş
rezin vardı. Utandı, deyə bilmədi. Ürəyində
balaca qızcığaza
da, ataya da, özünə
də acıyırdı.
Gözünün önündə
isə atanın əlindəki konfet və ağzında limonad şüşəsinin
qapağının altından
çıxarıb çeynədiyi
rezin parçası...
Gecikmiş cavab
- "Aya
baxdım, ay bəyaz,
Qıza
baxdım, qız bəyaz."
Eşitmisən? - deyib üzümə
baxdı.
- Bəlkə də eşitmişəm, amma xatırlamıram.
Üzünü çevirib susdu.
Əli qoynunda, qaranlıq gecənin çox dərinliklərinə
doğru dayandı.
Aya baxdım, birdən
yadıma düşdü
ki, bu boyda dünyanın qatı qaranlığında bir də mən varam. Amma bəyaz deyiləm...
Unamadım...
Getdi.
Əli qoynunda, qaranlıq gecənin çox dərinliklərinə girdi.
"Aya baxdım, ay bəyaz,
Qıza
baxdım, qız bəyaz".
Aha!.. O mahnıdır! O gecənin
nəfəsini duydum. İlıq nəfəsini...
"Yazı yazan, insaf eylə,
Bu gözəli mənə yaz".
Səksəndim, sanki ürəyim
qopdu yerindən.
"Aya baxdım, ay batdı,
Qıza
baxdım, qız getdi.
Kim əkdi, kim suvardı?!
Aramızda dağ bitdi".
Gecikmişdim...
Könül AYDIN
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.23.