Şamın əzabını pərvanə
çəkir,
Qınağa tuş gəlib
pirdəki şəkil.
Kiminçün qaldırım badəmi
axı,
Otaqda bir mənəm, bir də ki şəkil?!
Hər
azan səsində bir rahatlıq var,
Çoxdan bu avaza zəliyik biz də.
Hərdən boş vərəqə
"eşq" sözü
yazaq,
Sonra elə bilək dəliyik biz də...
Kişi
də, qadın da mey süzür cama,
Ruhun canındakı ağlıq
düşmür ha...
Kim ömrü bir şüşə araq sanırsa,
Onun ölümünə sağlıq
düşmür ha.
Yenə
ürəyimin açarı
itib,
Söksək aradakı çəpəri,
çıxar.
Bu şeir özümə töhfədi, qadın,
Səndən nə divanə,
nə pəri çıxar.
***
Pərvanə, elə bil bu şama yükdü,
Min ildi çalınır,
sura çıxan yox...
Elçi
daşındakı mamıra
bax da,
Bəlkə əlli ildi bura çıxan yox.
Can uçuq hasardı, söykənmə, uçar,
Gözlər aradakı davaya
uymur...
Könül rübabımın simi qırılıb,
Heç
kim oxuduğum havaya uymur.
Eh, nə tez əridi
bu şamlar axı?!
Dünənki nağılı doğru
san, qadın.
Kimsə
səhv saldığım
cığırı əzib,
Sənə necə deyim oğrusan, qadın?
***
Payızdı, günəşə baxıram səssiz,
Günəş necə yorğun,
necə də süstdü.
Yenə
uzaqdayam bir bəhanəylə,
Burda vaxt tələskən, gecə də süstdü.
"Beşdaş" oynamağa
hal yoxdu burda,
Nə qədər əyri var, düz şeyə gəlir.
Dünən sağlığıma içən adamlar
Bu gün də qapıma yüz şeyə gəlir.
Eh, desəm bağışla,
mənası olmaz,
Səndən gizlətmişəm yaşımı, qadın.
Hər
edam yerində tək bir kötük var,
Hara qoyacağam başımı,
qadın?
Yuxuda görürəm vaxtım
olanda
Gözümdən asdığın hədənlə
səni.
Necə
qısqanmayım, a başı
batmış,
Bu armuda oxşar bədənlə səni?!
***
Nə
azan çəkən var, nə
namaz qılan,
Nədən bu kəndlərin
piri bağlıdı?
Ölümlə aranda iki qapı var,
Sən birin açmısan, biri bağlıdı.
Pərvanə şamdan yox, kibritdən qorxur,
Söz sözə dirənsə,
qələmə baxmır.
Canı
ağrıyana mey çara deyil,
İndi
ta adamlar ələmə
baxmır...
Mey ilə cam varsa, meyxanə də var,
Bu qoca adamda zəndə
bax, hələ.
Böyüklü-kiçikli, asidi hamı,
Qayıt,
köç etdiyin kəndə bax, hələ.
Cəllad
qamçısıdı təmənnalı
eşq,
Qapıda
durana gəl acı, mənəm.
Məni
Allah adlı təbibə
göstər,
Soruş,
bu tifilin əlacı mənəm?
***
Saat on ikidə görüşümüz
var,
Eh, nolar, arada vaxta
bax, qadın.
Mən ovçu olandan göl sonasızdı,
Sən indi məndəki baxta bax, qadın.
Biz də çox inandıq cadu-pitiyə...
Sənə kim deyir ki, hamını qır, at?
Kim eşqdən borc umur, divanə deyil,
Saqi, beləsinin camını qır, at.
Ləpələr yıxırsa qayığı,
qorxma,
Atma içindəki inamı, pəri.
Həyatın bir ovuc məcrası olur,
Tez-tez sənə baxmaq zinamı, pəri?
Bilet tapmadığım qatar
da gedib,
Arada nə vardı, itdi, vəssalam...
Sonra deyəcəklər: biri
var idi,
Biri də yox idi...
bitdi, vəssalam.
***
Əzrayıl gəlincə, qayıt
geriyə,
Gedib saz havası çaldıraq yenə.
Doldur boş camları mey ilə, saqi,
Köhnə sağlıqlara qaldıraq
yenə.
Nikah kağızımda imza yox, şükür,
Sən niyə qələmi qırıb atırsan?
Eh, sevgi özü də qolsuz sənəddi,
Lazım
olmayanda cırıb atırsan.
Məni
gətirməyən qatara
baxma,
Kişi
yanındakı qadından
bəlli...
Nə vaxtdı qulağım çəkilmir yenə,
Mən tez-tez çıxıram yadından, bəlli.
Şeytan
da bir vaxtlar səmada olub,
Nədən mələklərin pisidir
indi?
Adını yazdığım ağacı
kimsə
Kəsib,
balasını isidir indi.
Dəli,
ya ağıllı, adamdı, boş ver, -
Tabut havayıdı, leş on manat pul.
"Xoşbəxt" olmaq üçün iki şey bəsdir:
Həyasız bir qadın, beş-on manat pul.
***
Mən kənddən çıxanda
hava gün idi,
Ağaca
yazaydım adını
gərək...
Eşq də qumar kimi
bir şeydi, dəli,
Tez-tez çıxarasan dadını gərək.
Kim sürtüb üzünə
bu gözəlliyi?
Uzaqsan, ürəyim üzülür
elə.
Şeh düşmüş şüşələr
bulud kimidi,
Qoynuna ilğımlar düzülür
elə...
Hər acı əzabda bir soyuq an var,
Gözlər neyləyibsə qoşuna,
gəlmir.
Vida yaylığına ümid
eləmə,
Bu əda heç kimin xoşuna gəlmir.
Köhnə xəyalımı sükut
aparır,
Atlar qayıdacaq onadək, içmə...
Günah
da, sanıram, bir badə meydi,
İçmək istəmirsən, sonadək,
içmə...
Hikmət MƏLİKZADƏ
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, №1.- S.20.