Zemfira Məhərrəmlinin
yaradıcılığı haqqında deyilənlər
Yazıçı-publisist Zemfira Məhərrəmlini doğum
günü və əlamətdar yubileyi münasibətilə təbrik
edirəm. Ona möhkəm
cansağlığı, ailə
səadəti və çoxşaxəli yaradıcılığında
tükənməz uğurlar
arzulayıram.
Anar,
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq
yazıçısı
Çağdaş dövrə mənsub
qadın yazarlarımız
arasında maraqlı dəst-xətti, üslubu
ilə seçilən
Zemfira Məhərrəmli
ilə telefon danışığımız çox uzun çəkmədi. Mən
"Bayraqdar" povestimlə
bağlı onun essesini oxuduğumu, bütün yanaşmalarını,
müəllif müdaxiləsini
təqdir etdiyimi söylədim. Müəllif
Qarabağ nisgilimizin tərcümanı olan bu nəsr nümunəsinin
zamanın bizə təlqin etdiyi mövzuya həsr olunduğunu önə çəkmişdir. "Bayraqdar"ı
müharibə ucbatından
didərgin düşən
soydaşlarımızın üzləşdiyi məşəqqətlərdən
bəhs edən əsər kimi diqqətə çatdırmışdır.
Elçin,
Xalq
yazıçısı
Hələ illər öncə
Zemfira Məhərrəmli
AYB-də Rəsul Rza mükafatı ilə təltif olunanda yaradıcılığına
dəyər verilmişdi.
O, xanım yazarlarımız
arasında dünənlə
bu günü birləşdirən azsaylı
qələm sahiblərindəndir.
Müəllif Qarabağ
savaşından bəhs
edən kitablarında
cəbhədə kişilərlə
bir sırada, çiyin-çiyinə silaha
sarılıb düşmənlə
savaşan Azərbaycan
qızlarına sözlə
abidə ucaldıb.
Fikrət Qoca,
Xalq
şairi
Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmli
oxucular arasında və mətbuat mühitində etimad qazanmış, sözünə
sayğı ilə yanaşılan müəlliflərdəndir.
Bu, hər yazı adamına qismət olan tale deyil, istedadın və zəhmətin nəticəsidir.
Onun hekayələrində,
əsasən, sadə
insanların keçdiyi
yollar, üzləşdikləri
sorunlar, real həyat hadisələri qələmə
alınıb.
Sabir Rüstəmxanlı,
Xalq
şairi
Həmkarım Zemfira Məhərrəmli
jurnalistikada uzun və şərəfli yol keçib. Qarabağ müharibəsi
alovlananda Zemfira xanım qaynar nöqtələrdən cəbhə
reportajları yazırdı.
Müəllifin torpaqlarımız
uğrunda vuruşan oğul və qızlarımızın döyüş
yolunu əks etdirən publisistik əsərləri ard-arda ərsəyə gəlirdi.
Sonralar bu kitablar xarici dillərə tərcümə
edildi, beynəlxalq mükafatlara layiq görüldü.
Elmira Axundova,
Xalq
yazıçısı
Zemfira xanımın zamana söykənən yazıları
həm də səlis, obrazlı dili, səmimiliyi ilə seçilir. O, müharibə dövrü
publisistikamızın yaradıcılarından
biri kimi də daim xatırlanacaq.
Zemfira xanımın müxtəlif mövzulara
həsr olunmuş
"Heç kimi qınama...", "Sənə
yanan varsa", "Yadigarımı qoruyun...",
"Nöqtə boyda
həyat işığı"
kimi hekayələri
real hadisələrdən alınmış
ibrətamiz əsərlərdir.
Oxucu həcmcə kiçik, mənaca dərin əsərləri
oxuduqca özü üçün hansısa
önəmli, həyati
mesajı götürür.
Rəşad Məcid,
şair-publisist, AYB sədrinin müavini,
Azərbaycan Mətbuat Şurasının
sədri
Zemfira Məhərrəmlini uzun illərdir tanıyıram:
əvvəlcə jurnalist-publisist
kimi, sonra da yazıçı kimi. Onun ilk hekayələrinin oxucularından biriyəm və onları "Ulduz" jurnalında ilk çap edənlərdən
biri də mən olmuşam. Sonralar onu, düşündürən
pyeslər müəllifi
kimi tanıdım, Şuşa Teatrında
"Ümid işığı"
tamaşasına maraqla
baxdım. Zemfira xanımın son əsəri
hələlik "Arabadakı
adam" romanıdır.
Bu əsərin də
oxucular arasında uğur qazanacağına inanıram. Zərif həmkarım bir-birindən
maraqlı 20-dən çox
kitab çap etdirib, qadın talelərinə həssaslıqla yanaşıb,
yanaşır da. Onun əsərlərinə səmimiyyət
xasdır, çünki
öz xarakterindən irəli gəlir.
Elçin Hüseynbəyli,
AYB-nin katibi,
Əməkdar incəsənət xadimi,
yazıçı-dramaturq
Publisist
sözünün əhəmiyyəti
insanları inandırmaqla
onları müəyyən
işi görməyə
nə dərəcədə
sövq edə bilməklə ölçülür.
Publisistlər dövrün
salnaməsini yaradan qələm sahibləridir.
Yazıçı-publisist Zemfira
Məhərrəmli həm
də esseistdir. Onun "Bədii düşüncədə Qarabağ"
kitabı bu baxımdan fikrimizə sübutdur. Müxtəlif
mövzulu, məzmun-mündəricəli,
uğurlu yazıları
içərisində bir
essesi mənim xüsusilə xoşuma gəlir ki, onun adı "Yaradıcılıq
ruhun tərcümanıdır".
Bu essenin ən azı üç qneseoloji-üslubi "spektr"i
var: publisistlik, alimlik və yazıçılıq.
Nizami Cəfərov,
AMEA-nın həqiqi üzvü
Müasir
Azərbaycan ədəbi
mühitində Zemfira
Məhərrəmlinin adı
hamıya tanışdır.
Onun həm publisistikası, həm nəsri, həm də dram əsərləri
özünəməxsus zərif
hisslərin, həssas
duyğuların incə
şəkildə ifadəsi
ilə seçilir. O,
hətta xalqımız
üçün taleyüklü
ağır məsələlərdən,
dramatik situasiyalardan, qanlı-qadalı müharibədən
yazanda da bu qələm nümunələrinin
arxasında müdrik bir ana obrazını görməmək mümkün
deyil. Zemfira xanımın yazıları
həm də onun özünün mənəvi portretini əks etdirir - çətinliyə, ağrı-acıya
səbirlə, dözümlə
yanaşmaq, hay-küy
salmadan fikirlərini bildirmək... Əsl ağayanalıq, xanımlıq,
ali dəyərlər
elə sadəlikdən
və pıçıltılardan
keçir; xasiyyətində
daxili zadəganlıq
olan Zemfira Məhərrəmlinin yaradıcılığı
kimi.
İlqar Fəhmi,
AYB-nin katibi,
şair-qəzəlxan, dramaturq
Cəmiyyətimizin dərdlərinə, problemlərinə, insanlarımızı
düşündürən vacib məsələlərə
publisist, esseist, nasir və dramaturq
kimi çevik və istedadlı qələmi, həssas qəlbi ilə daim münasibət bildirib Zemfira xanım. Xalqımızın
mədəniyyət tarixində
kişilərlə çiyin-çiyinə
çalışan, yaradan
istedadlı qadınlarımız,
qələm sahiblərimiz
olub, bu gün də var. Zemfira xanım da o zəncirin müasir və layiqli təmsilçisi, zərif
və istedadlı həlqəsidir. Müəllifin
"Ümid işığı"
tamaşasını maraqla
izləmişəm. Onunla
yol yoldaşı olub, Şuşaya səfər etmiş, onun sərrast əqli nəticələrinin,
həssas qəlbinin şahidi olmuşam. Yalnız yaradılışdan
yüksək yaradıcılıq
qabiliyyəti verilmiş
qadınlar hər cür fədakarlığa
hazır olur.
Səlim Babullaoğlu,
AYB-nin katibi,
şair-publisist, tərcüməçi
Savaş
publisistikasından lirik
nəsrə keçməklə
Zemfira Məhərrəmli
Azərbaycan zəriflərinin
sevgi dünyasını,
ailə-məişət aləmini,
ən başlıcası
isə hisslər dənizini bədii sözə çevirib. Müəllif onların qəlb çırpıntılarını
real təsvir edir. Həm də belə bir həqiqəti
sübuta yetirir ki, sevgi yaşayır - böhranlı çağlar,
ortaya çıxan maneələr, mənəvi
fırtınalar olsa belə... Onun povest və hekayələrinin, məncə,
bir mövzusu var: qadın həyatı, qadın psixologiyası. Bu
bədii nümunələrin
süjeti sadədir, dili rəvan, axıcı, təmizdir.
Bir sözlə, o, bir
hekayənəvis kimi püxtələşib.
Vaqif Yusifli,
Ədəbi tənqidçi,
filologiya elmləri doktoru
"Ümid işığı"
tamaşasının uğuru,
hər şeydən öncə, dramaturji mətndən - Zemfira Məhərrəmlinin dramaturgiya
sahəsində ilk addımı
olan eyniadlı pyesindən gəlir. Əsər özünün
aktual mövzusu, səciyyəvi xarakterləri,
gərgin konflikti, dinamik süjeti, problemin inandırıcı,
real çözümü və
çoxmənalı sonluğu
ilə yadda qalır. Hər cür klassik şablon və modern oyunbazlıqdan
uzaq olan bu pyes janrın
başlıca göstəricilərinə
cavab verməklə yanaşı, müəllifin
heç bir şekspirlik iddiasına düşmədiyini də
aydın göstərir.
Əsəd Cahangir,
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri,
ədəbi tənqidçi,
şair
...Kişi həmkarlarından
fərqli olaraq, qadın yazarların bekar vaxtları qəhətdi. Onlar əllərini gündəlik
qayğıların üstündən
çəkəndə gecə
yarı olur. Zənnimcə, istedadlı
yazıçı, əməkdar
jurnalist, pedaqogika üzrə fəlsəfə
doktoru Zemfira Məhərrəmlinin də
həyat prosesi, yaşam tərzi eyni məcrada birləşir. Nə xoş ki, qələm dostumuz, həmkarımız
Zemfira Məhərrəmli
yorulmaz, mübariz və fədakar insandır.
Qulu
Ağsəs,
şair-publisist, əməkdar jurnalist
Əvvəlki kitablarında olduğu
kimi, "Arabadakı adam" romanında da Zemfira Məhərrəmli
dünyanın taleyini
düşünür, planetin
gələcəyindən yazıçı
hissiyyatı, həssas
duyğusu, öncəgörümü
ilə narahatdır.
Bu əsərdə insanlar
sabahımız, gələcəyimiz
naminə birliyə çağırılır. Azərbaycan
insanının son on illik
mübarizəsindən, fərdlərarası
münasibətlərdən, yaşam tərzindən, gələcəyə hesablanmış
arzularından bəhs
edən bu roman ideya-bədii məziyyətlərinə
və dil-üslub xüsusiyyətlərinə görə
təqdirəlayiqdir.
Asif Rüstəmli,
filologiya elmləri doktoru,
ədəbi tənqidçi
Yazıçı Zemfira Məhərrəmlinin
hekayələrində diqqət
çəkən əsas
məqam adi hadisələr, kiçik
konfliktlər içrə
psixoloji vəziyyətləri
göstərmək imkanlarıdır.
Məsələn, onun
"Günahların arındığı
gecə" hekayəsində
qüvvətli bir psixologizm var. Hekayənin fabulası şəxsi ədavətin, kişilik kultunun, qisas yanğısının insana
təsiri məsələsini
önə çəkir.
Xeyirin funksionallığını
irəli çəkmək
olmazmı? Hekayə məhz bunun həlli üzərində
qurulub. Z.Məhərrəmli
qəhrəmanını növbəti
günahın bir addımlığına gətirib,
həyat və "mən" müstəvisində
yozumlar arayır.
Elnarə Akimova,
millət vəkili, filologiya
elmləri doktoru
Ədəbi yaradıcılıq yolunda öz sözünü böyük
istedadla, cəsarətlə
deyən, sözün
işığını qəlbində,
qəlbinin istisini sözündə əks etdirən kamil yazıçılarımızdandır Zemfira Məhərrəmli.
Zemfira xanımın yaradıcılıq
palitrası rəngarəng,
bədii-publisistik təfəkkürünün
ifadə tərzi zəngindir. Onun yaradıcılığı söz
sənətimizin ən
müxtəlif janrlarından
boy verir. O, bir qələm sahibi kimi mükəmməl, bir xanım olaraq, milli-mental dəyərlərimizin
incə ruhlu daşıyıcısıdır.
Firuzə Məmmədli,
şair-publisist,
filologiya üzrə fəlsəfə
doktoru
Ürəyi vətən, millət
sevgisi ilə döyünən qadın
yazıçının, qayğıkeş
bir ananın doğma yurdunun, vətəninin başına
gələn ağır
fəlakətləri dolğun
şəkildə qələmə
alması, əlbəttə,
çox çətin
və şərəfli
bir işdir. Zemfira xanım bədii nəsr nümunələri ilə
oxuculara əlahəzrət
Sözün milləti
yenidən mübarizəyə,
Zəfərə doğru
aparan, qalibiyyətə
inandıran nəhəng
gücə malik olduğunu
bir daha təsdiqləyir.
İmdat Avşar,
türkiyəli yazar, şair-publisist, tərcüməçi
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.18-19.