Sığırquyruq kolları
Hekayə
“Güney Azərbaycan”
səhifəsi
Qafur İmamizadə Xiyavlı
23 avqust
1978-ci ildə Xiyav şəhərində
anadan olub. İlk və orta
təhsilini doğma şəhərində alıb.
1997-ci ildə İsfahan Universitetinin
Texniki və Mühəndislik fakültəsinə
qəbul olunub. Ədəbiyyatla bağlı
fəaliyyəti gənclik
illərində yazdığı,
lakin nəşr edə bilmədiyi yazılarla başlayıb.
Tələbəlik dövründə
müxtəlif ədəbi
jurnallarda çalışıb
və ana dilində məqalələr qələmə
alıb. 2007-ci ildə
"Yaşmaq" dərgisinin
qurucularından və
baş redaktorlarından
biri olub. Həmin dərgidə tənqidi məqalələri
ilə ədəbi mühitdə özünəməxsus
üslubunu və səsini ortaya qoyub. Ana dilində ilk hekayəsini 23 yaşında
yazıb. İlk şeirləri
"Yarpaq" dərgisində
dərc olunub. Türkiyə və Azərbaycan ədəbiyyatından
çoxsaylı tərcümələr
edib. 2016-cı ildə
18 ölkənin iştirakı
ilə keçirilən,
türk dünyasının
ən böyük hekayə mükafatlarından
biri olan Kaşğari Mahmud Hekayə
Mükafatına layiq görülüb. Elə həmin il "Qırmızım"
adlı hekayələr
kitabı nəşr olunub. 2019-cu ildə "Sümükləri qalmışdı"
adlı ikinci hekayələr kitabı işıq üzü görüb. "Bir ayının
yanındaydım" adlı üçüncü hekayələr
kitabı isə 2025-ci ildə çap olunub. Qafur
Xiyavlının Türkiyə, Almaniya və Amerika modern ədəbiyyatından
hazırladığı, lakin hələlik nəşr edilməyən
köçürmə əsərləri də mövcuddur.
2010-cu ildən etibarən Xiyav şəhərində müəllim
kimi fəaliyyət göstərir. "Öykümüz"
dərnəyinin qurucusudur. Siyasi, ictimai və etnik məsələlər,
şəhər və təbiət mövzularında şeir,
hekayə və məqalələr yazır.
Təqdim etdi: Əli Çağla
Sığırquyruq kollarına baxırdım; sarı,
yumru, xırdaca güllərinə. Gövdəsinin lap
aşağısından bitən yarpaqlarına. Vücudunun hər
yanını gül bürümüşdü. Girdovlunun başı
sığırquyruq dənizi idi. Dəniz uzaq dağlara qədər
uzanmışdı, uzaq təpələr vücudunu
sığırquyruqlara təslim etmişdi.
Yorğun
idim, hər yanımı tər
bürümüşdü, günəşin son turuncu telləri
get-gedə uşaq rəsmlərindəki xəyali təsvirlərə
dönüşməkdə idi. Bir saat çətin
yolçuluqdan sonra gəlib buraya çatmışdım.
Çəkdiyim zəhmətin sonucu olaraq təzə
havanı doya-doya içimə doldurur,
güllü-çiçəkli yamacları seyr edirdim. Uzaqdan
öncə qara nöqtə kimi görünən şeyin,
yaxınlaşdıqca yekəldiyinə, yekəldikcə də
bundan öncə, bir dəfə də heyvanlar
bağçasında gördüyüm ayıya çevriləcəyinə
inanmamaq üçün zor tutdum özümü. Özü
idi, ayının özü, animasiyalardan deyil, yamacın dibindən
gəlirdi. Düz mənə doğru gəlirdi, bu boyda
dağda mənə tərəf gəlirdi. Mənimlə vacib
işi olmalı idi. Qaça bilməzdim, hara
qaçsaydım o da gələrdi. Fərq eləməzdi,
orda tutsun, ya burda. Əlimdəki dəyənəyə
sarıldım.
Sürətlə yaxınlaşırdı.
Mənimlə olan işinin, bu boyda heykəlimi ağzından alıb,
dalındakı darısqal dəlikdən toxunmuş pis qoxulu
maddə kimi çıxarmaqdan başqa nə ola bilərdi?!
Bu vəzifəni təbiət milyon ildir boynuna qoyub, kimsə
bunu dəyişə bilməzdi. Vəzifəsini yerinə
çatdırmağa yüz metrdən az qalırdı,
mobilimi çıxartdım. Nömrəni tutunca
gözümün önündə idi. Üstümə
yüyürdü. Ağacı qaşqasına endirdim,
sındı, yıxıldım. Çapalamaq kar vermədi,
axır zorumla dişlədim. Dişim bir ayını sökməyə
uyğun deyildi, tükləri ağzıma doldu, dilimə
batdı. Pis dadı var idi. Barmaqlarımı gözlərinə
soxdum, böyürdü. Boğazımı ağzına
keçirincə gözlərim qaraldı, nəfəsim
tutuldu. Son anda başımın üstündə bir
qartalı görə bildim, səhnənin təkcə
şahidi.
Təzədən ayıldığımda boğazım sızıldayırdı,
nəfəsim təngiməyə başlamışdı. Yuxu
deyildi, bir ayının yanında idim, iki metr
aralığında. Gözündən qan gəlirdi, ləhləyə-ləhləyə
qarşıya baxarkən nəfəsinin səsini duyurdum.
Cib telefonum o yanlıq
düşmüşdü. Əlimi uzatdım. Yerimdən tərpənincə
mənə sarı döndü. Gözlərimi yumdum, kirpiklərimin
arasından baxdım, gözləri mənə zillənmişdi,
az öncə duyduğu hərəkətin doğru
olub-olmadığını bilmək istər kimi.
Başını o taya çevirincə əlimi mobilə
doğru uzatdım. Ayağa durdu, ayağımdan
yapışıb üzü aşağıya sürüklədi.
Burası güvənli deyildi, açıqlıqda biri
üstünə çıxıb ovunu əlindən ala bilərdi.
Ayaqqabımdan sürükləyərkən, ilk nömrəni
tutdum.
Qardaşım idi, ilk zəng
çalındıqda cavab verdi. Salam-Əleyksiz
qışqırdım, çox pis vəziyyətdə
olduğumu söylədim. "Tez yardımıma gəlməsəz,
sümüyümü də burdan tapa bilməyəcəksiz",
- deyə bağırdım.
Söz ağzımda qaldı.
- Hardasan ədə?
- Girdovluda.
- Neçə litr içibsən?
- Mən...
- Gədə, bu qədər kefliliyin axır-aqibəti yoxdur,
adam ol, zarafatın da həddi var, sarsaq oğlu, sarsaq...
Səsi
ayının qorxulu mırıldamalarına qarışıb
Girdovlunun boş havasında itdi. Başım daşa dəyincə
cib telefonum az qala yerə düşmüşdü. Ayı
soyuqqanlılıqla ayağımdan yapışıb dərədən
üzü aşağı sürükləyirdi. Rastgəlmə
tutduğum sonrakı nömrə köhnə sinif dostum idi.
Bunca uzun ildən sonra onu yad eləməyimdən təəccübə
düşmüşdü: "Nə hay-küy salıbsan ədə,
elə sinifdə də bu cür hay-buduruq salırdın
ha..." deyə güldü.
Səsimə verdiyim həyəcanla
bir ayının məni tutduğunu, bir
azdan sonra yeməyə başlayacağını söyləməyimlə
qaqqıltısının qulağıma dolması bir oldu.
"Gədə, əsla əvəz olmayıbsan, xoşum gəlir,
elə qədimki adamsan", dedi. "Yadındadı, sinifdə
biçarə müəllimlərin başına belə nə
oyunlar gətirərdin?"
Söndürdüm.
Yekə
daşın dibinə
çatdıq. Ayı o yan-bu yana göz gəzdirdi,
havanı iylədi. Başımızın üstündə
uçan qartala baxdı. Ayağımdan başlayacaqdı,
ayaqqabılarım çıxmışdı,
bağırdım, var gücümlə ayağımı
çəkdim, caynağının zərbəsi ilə dizimi
qırdı.
Təcili
tibbi yardım nömrəsinə cavab verən qadının
səsi qurtarış mələyinin səsinə bənzəyirdi.
Özümü ələ almağa çalışdım.
Bu anda bir yırtıcı heyvanın caynağına
düşdüyümü, vəziyyətin də təcili
tibbi yardım olduğunu açıqladım.
- Yardımıma tez gəlməsəz, məni burda diri-diri yeyəcək.
Sözümün axırında bağırtımın
qabağını ala bilmədim.
Qışqırtıma qulaq asdıqdan sonra,
soyuqqanlılıqla: "Əvvəl polisə zəng eləyin",
- dedi. - "Sizi təcili tibbi yardıma yetirsinlər, ondan
sonra biz burda xidmətizdəyik".
Söndürdü.
Ayı,
bağırtılarıma qulaq
asmadan başladığı yerdən
üzü yuxarı gəlirdi. Qulaqları
qışqırtıma alışmış olmalı idi.
Polislə əlaqə saxladığımda,
özümü bir möhtərəm vətəndaş
tanıtdırdığım, bir ayının bədənimdən
qeyri-qanuni olaraq istifadə elədiyi, indi də
ayağımdan birini yeyib, o birisinə keçmək istədiyini
söylədiyim sözün sonunda, qışqırmamaq
üçün dodaqlarımı var gücümlə
dişlədim. Telefon arxasındakı kişi bu acı
olayın Girdovlunun harasında baş verdiyini soruşunca
"Yekə bir daşın dibində" deyə
bağırdım. Ağzında nəsə bir şeyləri
çeynəyirdi, tikəni udmağının səsi simlərin
arasından keçib qulağıma doldu.
- Girdovluda o beyləm daş
var, hansının dibində yeyilirsən, gədə? - deyə
soruşduğunda, daşın çox yekə olduğundan,
elə Girdovlunun başına çıxarlarsa, onu uzaqdan
görə biləcəklərini, onsuz da
qışqırtımın hər yerə
yayıldığı yamacda məni tapmağın heç də
çətin bir iş olmadığını
açıqlarkən, ayı o biri qıçıma
keçmişdi.
- O cür qışqıra-qışqıra
danışırsan ki, sözlərüvə inanaq?
İşi ora çatdırıbsan ki, polislə də zarafat
eləyirsən, xotmey ? Sənin...
Söndürdüm, bu ölüm ayağında polisdən qorxmağa nə gərək
qaldığını özüm də bilmədim.
Ayının üzünə animasiyalarda
gördüyüm o mehriban ayılara məxsus
bir sevinc yayılmışdı, yeyə-yeyə üzümə
baxırdı. Mənimlə elədiyi bu müamilədən
razı olub-olmadığını bilməyə
çalışır kimi. Daşı əlimə
keçirib var gücümlə sifətinə zopaladım.
Mırıldayaraq bacağımı diziməcən bir
dişdə qırdı. Gözlərim qaraldı.
Qartal yerə enmişdi. Yekə
bir daşın üstündə oturub səhnəyə
baxırdı. Ayı arada bir dönüb ağzından axan
qan ilə, onu nəzərdən keçirməyi unutmurdu
heç.
Ağrım azalmışdı, adam
ayaqsız da yaşaya bilir. Şansım gətirsəydi,
qıçlarımı yeyib qurtaranacan doyub dalı çəkiləcəkdi.
Özümü sürükləyə-sürükləyə
caddəyə çatdıra bilərdim. Ömrümün
qalanını bir əlil arabasının üstündən,
yerdən 50 santimetr fasilədə, xoşbəxt məlullar
kimi yaşayardım. Adlı-sanlı da olardım. Radiodan,
televiziyadan hər gün qapımızda səfə
düzülər, mənimlə müsahibə etməyə
qol-qanad sındırardılar. Gözəl bir qızla da evlənərdim,
qızlar adı-sanı adamın özündən çox
sevirlər. Ayı budlarıma çatmışdı, tənəkəli
ağac qırığını əlimə keçirib
ağzına uzatdım. Ağacın oyulması
sümüyümün xırçıltısına
qarışdı, ağzında qalan
qırığının ucundan bir damcı qan axdı,
qırığı uddu.
Bədənim ağrıya alışırdı
artıq. Ayı işinə ara verdi.
Dişinin arasında nəsə bir şey qalmış
olmalı idi.
Anamın
nömrəsini tutdum.
- Salam
ana.
- Salam bala, hardasan, başuva
dönüm?
Ağlamamaq üçün zorla
saxlaşdırdım özümü.
- Ana, bu gün qabağıma
iş çıxıb, evə gələ bilməyəcəyəm.
- Nə olub, balam?
Bir cür danışırsan!
- Heç zad, zəng elədim deyəm...
- Hə, nə deyəsən? De, utanma, bala.
- Deyəm ki, səni
çox istəyirəm.
- Mən də səni çox istəyirəm, bala, başuva
dönüm, nə olub, südün daşıb, yenə keflənibsən?
- Yox, ana, yox...
Ayının xəbərdarlığı ilə özümə gəldim,
təzədən işə başlamışdı, budumun
birini qurtarmasına az qalırdı. Həssas yerimə əl
vurmadan o birisinə keçdi. İnsaflı ayı idi.
Kişilərin oralarına nə qədər həssas olduqlarını
çox yaxşı bilirdi. Təkcə eybi çox yekə
olan qarnı idi, doymaq bilmirdi. Bir anda cib telefonumu
ağzının içinə təpməyi bildim.
Sümüyümlə bərabər onu da dişləri
arasında dartdı, qırıq tikələri ağzına
yayıldı. Öskürməyə düşdü,
caynağını ağzına doğru apararkən bir loma ət
yerə düşdü, arxasını yerə verib oturdu, yeməyinə
ara verdi. Nəfəslərinin ahəngi ilə qarnı da
qalxıb-enirdi. Bu qədər dəhşətli bir canavar ilə
bir metr fasilədə oturmanın bədəlini canımla
ödəyəcəkdim. Başıma gələnlərin
qarşısında baş əyməyim, içimi get-gedə
hüzurla doldurmağa başlamışdı.
Yeməkdən əl çəkib
məndən ara açması ilə
özümə gəldim, doymuşdumu? Diri qalma ümidi təzədən
içimdə pöhrələndi. Uzaqlaşdı, yamacdan
aşağı endi, ayağa qalxıb qaça bilməyəcəyimi
bilmiş olmalı idi. İməkləyə də bilmirdim.
Başım gicəlir, yuxum gəlirdi. Hər tərəfimi
qan bürümüşdü.
Bədənimdə bu qədər qanın olduğuna heç vaxt inanmazdım.
Qartal aşağı endiyində
həndəvərinə göz gəzdirdi,
yaxınlaşdı. Ona bir xətərim olmayacağından əmin
idi. Əlimlə qovalamağım kar kəsmədi,
başı əyilmiş dimdiyi ilə qan gələn yerdən
qoparıb udmağa başladı. Tikəni udduğu hər dəfəsində,
başını bir dolandırıb ətrafına
baxırdı, sonra o biri tikəni qoparırdı.
Ayının iki minik balası ilə geri dönməyi çox
çəkmədi. Aşağıdan nərilti səsi gəlincə
qartal göyə havalandı. Ayı uzaqdan sürətlə
ovuna tərəf gəldi. Arxasınca gələn iki minik bala
özlərini yetirər-yetirməz yeməyə
başladılar. Ovun yaxşı yerlərini onlara
saxlamışdı. Ana məhəbbəti burda da öz
işini görürdü. Qəlbimlə ciyərim minik
balaların payı idi. Lam-lam ağızlarına alıb
çeynəməyə başladılar.
Bağırsağıma yetişincə yerindən
üzüb başlarına doladılar. Hərəsi bir ucundan
yapışıb mırıldayaraq iki tərəfdən
çəkdilər. Boğazıma çatınca, əlimi
uzadıb başlarını tumarladım. Ənik tüklərində
əlimi gəzdirdim. Başlarını salıb
qabırğamın içində gəzdirərkən balaca
quyruqları havada bulanırdı. Nəfəslərinin
qoxusunu üzümdə duydum. Nəfəslərimiz bir-birinə
qarışdı. Ana ayının da başını
sığalladım, mehribanlıqla üzümə baxdı.
Əllərimi yalamağa başladı, sonra da yeməyə.
Başıma gəlincə sındırmaqdan gərəksiz
idi. Bu onun təqsiri deyildi, başımın içindəkiləri
elə-beləsinə yemək olmazdı ki?! Çırparkən
gözlərim hədəqədən çıxdı, biri
yekə daşın altına, o birisi isə bir az o
yanlığa düşdü. İşləri qurtardıqdan
sonra bir-birinin ağızlarını mehribanlıqla
yalamağa başladılar. Mənim vücudumdan bədənlərinə
qatdıqları güc ilə bir-biriləri ilə güləşdilər,
analarının belinə dırmaşdılar, ordan yerə
atlanıb bir-birilərini qovaladılar.
Ayılar
ailəsi uzaqlaşdıqdan
sonra, qartal aşağı endi. Hava
qaranlıqlaşmışdı. Ayın
işığında yerə düşən gözümdən
birini tapıb uddu. Sümüklərimdə qalan ətdən
qoparıb yedikdən sonra yenə uçub havada qeyb oldu.
Uçarkən, qanadlarının havasını daşın
dibində qalan gözümün üzərində hiss etdim.
Gecə yarısı ac-yalavac çaqqallar sümüklərimi
gəmirdilər, yaşıl otlara hopmuş qanımı
yalayıb yer üzündən təmizlədilər.
Qaranlıqda daşın dibindən
göyə baxırdım, sayrışan
uzaq ulduzlara, böyük ayı bürcünə.
Gözüm ulduzlara qarışmışdı. Uzaqdan su səsi
gəlirdi, gurul-gurul su səsi...
Qafur Xiyavlı
Təqdim
etdi: Əli Çağla
Ədəbiyyat qəzeti.- 2026.- 9
yanvar, ¹1.- S.14-15.