Varaqları oxunmaq üçün
ağrıyan romanlar
Bir qeydi nəzərdən keçirək: istənilən
romanda hadisələrin
müəyyən qismi
qabaqcadan seçilir, yəni müəllif məhz bu hadisələri
romanın özülü
kimi götürür,
prosesin içində
süjetə (fabulanın
süjetə dönüşdüyü
məqamda) əlavə
hadisə və detallar axışa // qoşula bilir, müəllif tərəfindən,
yaxud artıq mövcud olanların "parçalanmasına" görə.
Hadisəni, bədii əsərdəki hadisəni
atom kimi götürün,
bədii mətn mühitində o hökmən
parçalanır. Bir şeyi
düşünmək lazımdır:
müəllif müşahidəçi
rolunu itirməyincə
hər şey ikili plastda cərəyan
edəcək: yəni
müəlliflə və
onsuz. Yəni dünyadakı hər bir çayın altından bir çay axır, hər bir Zamanın
altından onun əksinə bir zaman tuneli keçir...
Yazı
prosesində müəllif
təkdir, hətta prosesin içində mətnin dərinliklərinə
onun dala bilməsi üçün
gerçəkliyin hər
bir zərrəsini
"itirir". Ancaq oxucu müəllifin xəbəri olmadan "müdaxilə edə"
bilir. Potensial oxucu anlayışı
var, bəzən o, gerçək
oxucudan daha fəal olur və əsərin yazılmasında, bədii
mətnin son nöqtə
qoyulandan sonra qurulmasında cani-dildən
iştirak edir. Desək ki, bədii əsərin qurulmasında
müəllifin payı
əlli faizdən bir az çoxdur,
heyrətlənməyin. Məhz
bu səbəbdən bədii mətnlərdə
sona qədər anlaşılmayan məqamlar
qalır. Yusif Səmədoğlunun "Qətl
günü" romanında
bəzi şeyləri
qabaqcadan izah edən bir mexanizm
var. Bu mexanizm həm hər şeyi izah etməyə çalışır, həm
də əsərin atmosferinin özü kimi çıxış edir. Ən əsası:
izah etdiyi şeyləri sirr pərdəsinə də bürüyür.
Romanın ilk cümləsi necədir?
Dərd də azar kimi gələndə batmanla gəlir, yaxud dərd batmanla gələr, misqalla çıxar, bir də bunun
əksi, onu yumşaldan "ağrılar":
dərd, azar əbədi
deyil, hər gecənin bir gündüzü var, burda
Yusif atasıyla - Səməd Vurğunla birgə danışır.
İndilərdə keçmişin qollu-budaqlı
romanları yerini mini-romanlara verir. Həmid Piriyevin hələ çap olunmamış romanı, həm də şeir misrasına bənzər adda: Hüdhüd
quşudur gətirdi peyğam... Başqaları
da var. Sanki tərsinə proseslər
gedir, hekayət və əhvalatların qalın, həcmli romanlar yaratması hadisəsi əvəzinə
romanın kiçilməsi,
hekayə və povestlərin strukturu üzərində bitib-tükənməyən
sorğu və suallar ünvanlayan romanların yaranması, hardasa janr transformasiyasının
ciddi siqnallarıdır.
Buna ən bariz nümunə kimi, "Bataqlıq donuzu" romanını göstərə
bilərik. Mərhum
II Mahmudun ölümündən
sonra bu romanı oxudum. Həm də hissə-hissə, fraqmentlərlə.
Beynimdə, xəyalımda
oxuduqlarımı çək-çevir
edərək.
Əvvəl bir hekayəsini
oxudum: Ümid arısı... Mahmudun təhkiyəsinin içində
sağalmaz dərd qıvrılır, bir azdan onun səsini,
həm də içində qıvrılmanın
sükuta bulaşmış
səsini eşidə
bilərsən. "Ümid
arısı" dərdlə
sevincin, gülüşlə
faciənin hələ
ayrılmadığı zamanın
uğultusunu yaşadır.
Bu hekayələrdən hər
birinin içində elə bir inilti,
elə bir ovqat olur ki, onun hər yanı
- hər tərəfi,
içindəki bütün
zərrəciklər dəyişsə
də, yalnız bircə çox kiçik, mikroskopik zərrə diri, dəyişməz qalır.
O zərrəni unutmasanız,
nisbətən irihəcmli
əsərləri sakitcə
və rahat oxuya bilərsiniz, "Bataqlıq donuzu" romanında Ümid arısının içindəki
dərdin gözlə
görünməyən zərrəsi
var - bütün sevinclərin
arxasında dünyanı,
bütün bəşəriyyəti
utandıracaq saxta nəsnələr durur, dərdlərin də arxasında saxta gülüşlər. Bu niyə
belədir? Roman buna cavabdır,
elə bir cavab ki, insanı dəyişdirir, onu intihar ipindən alır, həyatın içinə atır. Həmin o kiçik dərd zərrəsi əsərin, bədii mətnin kompozisiyasının
qurulmasında iştirak
edir, elə dərinlərdən sirayət
edir ki, bədii mətnin axarına, təhkiyə məcrasına,
- sonluğu düşünmək,
ya yadından çıxır, ya da ümumən sənin üçün qaranlıq
qalır. Romanın, təhkiyənin həyat kimi yarandığı məqamda oxucu təhkiyəyə ən müxtəlif mövqelərdən
baxmaq şansı qazanır. Amma yuxarıda vurğulandığı kimi,
oxucu da müəllifdən
xəbərsiz mətnin
dərinliklərinə doğru
nüfuz etdiyindən hardasa, hansı fraqmentlər boyunca müəllifi üstələyə
bilir, ondan çox bilməyə, ondan daha uzaqlara
baxmağa cəhd edir; şübhəsiz ki,
müasir filologiyanın
ən müxtəlif metodlarından xəbərdar
olan potensial oxucu. Roman yazmaq səriştəsi və təcrübəsi olmayan oxucular, adətən mütaliə prosesində
müəllifləşirlər, buna ehtiyac hiss edirlər və bədii mətnin hansı şırımlarınasa nüfuz
edib bəzi məcburi döngələri
dəyişdirə bilirlər.
O.Freydenberqin "Süjet və janrın poetikası" əsərində bu kimi qəfil dönüşlər, kompozisiyanın
qurulma mexanizmləri haqqında ətraflı məlumat var.
"Bataqlıq donuzu" romanında gözlənilən
döngələrin dəyişdiyini
hiss edirsinizmi? Bunu kimsə hiss edir, kimsə yox. Mən oxuduğum zaman bəzi şeyləri vizual olaraq görür,
fəhm edirdim. Ancaq adamın yoxa çıxması, onun başqa bir şeyə - heyvana çevrilməsi ağılları qarışdırır,
bir səbəbin üstündən anlar keçməmiş digər
hökmlərin səslənməsi
imkanı peyda olur. Xəstəxanada güman edilir ki, elə qəhrəmanın
dostu Nicat və xalası da hesab edir ki, onun başına gələn iş - xeyli yuxu dərmanı
içib ağlının
bulanması, yuxuda gördüklərinin gerçək
hesab edilməsi əsl diaqnozdur. Ancaq Seyhun buna inanmır, inanmaq üçün əlində
heç bir dəlil-sübut yoxdur. Ona
ən müxtəlif gözlənilməzliklərlə dolu olan gerçəkliyin
özü yardım edir. Nəhayət, sağaldıqdan sonra Nicatın maşınına
əyləşib harasa
getmək istəyəndə
qəza baş verir. Maşın əzilsə də, onlara nəsə olmur. Nicat ətrafı
yoxlamaq üçün
avtomobildən düşür,
Seyhunun qapısısa
sıxışıb. Avtomobilin
siyirməsindən yad bir
yerdə yaddaşsız,
yaddaşı zədələnmiş
halda gəzərkən,
rastına çıxan
cəsədin çantasındakı
gündəlik və yaddaş kartını görür. Ağlı çaşır. Evə gedir. Heç kəsə heç nə demir. Həmin gündəliyi açır, yaddaş kartını bilgisayara taxır və dəhşətə gəlir.
Azdığı torpaqlarda
çəkdiyi şəkillərdir.
Demək, xəstəxanada
qoyulan diaqnoz düz deyilmiş. Onun başına gələnlər yuxu dərmanının təsiri
ilə gördüyü
yuxular və bunların təsirindən
ağlının qarışması
deyildir. Əsərin
lap başlanğıcında Seyhun gözünü açıb özünü
bataqlıqda görür.
Ən müxtəlif adamların əhatəsində,
hamı bir ağızdan qışqırır:
Batırıq, batırıq...
Qorxudan qışqıran adamların hamısı bir nəfər
kimi bataqlıqda görünməz olurlar. Seyhun
ağlını işlətdiyi üçün salamat
qalır. Başını itirmiş halda yoluna davam edir,
yuxarıda vurğuladığımız cəsədi və
onun çantasındakı əşyaları görür.
Çantada bir üzük və çanta sahibinin qeydi də
var idi: bu üzüyü filan ünvanda filankəsə verərsən. Az gedir, düz gedir, nəhayət,
uzaqdan da olsa, üfüqlərin o tayında dağlar
görünür. Palussiya ölkəsi. Əraziyə daxil
olur. Orda gördükləri və başına gələnlər,
həbs olunması, həbsdən Palussiyanın əvvəlki
xanının təşviqi və yardımı ilə
qaçması və gözünü xəstəxanada
açması, romanın bünövrəsinə çox
sayda başgicəlləndirən əhvalatların
hörülməsindən xəbər verir.
Bu arada bir məqamı
səsləndirək: romanlarda (elə bu romanda da) təhkiyə,
söyləmin arasıkəsilməzliyi bəzən elə
bir mühit formalaşdırır ki, "ayağının
altındakı torpaqların" son dərəcə kövrək
olduğunu anidən hiss edə bilirsən. Danışıq tərzi,
olanları nəqletmə üsulu bu torpaqlarda istənilən
fərziyyənin cücərib bitməsi təəssüratını
yaradır. Bu təəssürat oxucu üçün oxu
strategiyasıdır. Həm də inanırsan ki, bu qeyri-adi
hadisələr tam fərqli dünyada baş verir, ancaq o fərqli
dünya addım-addım sənə yaxınlaşır,
göydəki meteor kimi, bir gün Yer kürəsində həyatın
məhv olacağı ehtimalı kimi...
Palussiya
bu dünya ilə o dünya arasında məskunlaşan məntiqsiz,
əslində, yalnız özünün qəribə məntiqiylə
həyat sürən bir ölkədir. Palussiya xalqı uydurma
və yalanlara inanır, özü də dərhal, xalqın tərzində
danış, onun başına istənilən
fırıldağı gətirə bilərsən. Palussiyada ən
qəribə həyat faktı insanların hamısının
axsamasıdır, körpə uşaqlar belə, bu ölkədə
axsayır (çünki padşah axsayır...), kütləvi
psixoz bu xam insanların ürəklərindəki həyat
enerjisini son damlasına kimi çəkib, sovurub və məhv
edib. Xalq uzun müddət olmayan bir Bilgənin
varlığına inanır, ona and içirlər. Xalq həqiqi
olanları daşlayır, yalanları bağrına
basır. Xəstəxana var,
loqosu nə olsa, yaxşıdır? Xəstələrin
ölməsinə həkimlər cavabdeh deyil. Qoşa Qala
divarlarının darvazasında duran axsaq mühafizəçilərə
sual versən ki, içəri girmək olarmı, cavab nə
olsa, yaxşıdır? Biri o birinə: Sənə
maraqlıdır? Heç mənə də maraqlı deyil. Bu
ölkədə ancaq rəsm çəkmək olar, foto
çəkmək qəti qadağandır. Çünki foto
faktdır, bu ölkə kiçik və darvazası
açıq olsa da, əslində daxilən hamıya,
bütün dünyaya qapalıdır. Romanda bizdə
Azadlıq meydanındakı bəzi epizodlarla səsləşmələr
də var. Mitinq keçirilir. Adı Qaramat olan şahdan
öncə kütlə ilə onun öz dilində
danışan spiker "oturun, qalxın" əmrini verir. Təsadüfən
ora düşən Seyhun bu qaydalardan xəbərsizdir və hər
addımda səhvlər edir və bu anlarda kinli gözlər
ona sancılır.
Romanın kompozisiya quruluşu
nə deyir, hansı mesajları
çatdırır? İki bir-birinə qoşa dərd kimi
yaslanmış ölkə var: biri çox mənasızdır,
orda insanlar olmayan şeylərə biət edir, bu
yalançı şeylər olmasa, yaşaya bilmirlər.
İkincisində özünü dərk edən insanın
boğazına intihar ipi keçirilir. Bu, son dərəcə
kədərli, çıxılmaz vəziyyətlərlə
dolu bir mətndir. Yuxarıda "Qətl
günü"nü xatırladıq. Eyni gücdə, eyni
sanbalda və eyni problematika əsaslı olmasalar da, onları
bircə məqam yaxınlaşdırır:
çıxılmaz vəziyyətlər səni adam eləyən
məqamlardır. Bu, elə bir burulğandır ki, ordan
sağ çıxa bilməsən belə, ortada varaqları
oxunmaq üçün ağrıyan romanlar qalır.
Fərqlərsə çoxdur...
"Qətl günü"ndə
ümid yeri var, gizlində
olsa belə.
Bu romanda həmin o ümid
yeri (Ümid arısı) yerli-dibli yoxdur, həyatın
sönməyi çox adi bir nəsnəni dərk eləməyinə
qədərdir.
Həyat
ümumən bir əsas nəsnəni dərk eləyən kimi
sönür, bitib qurtarır.
Bəs Palussiya haradır? Belə
bir yer, məkan yoxdur, uydurmadır, ancaq bircə hərf fərqiylə
"Parussiya" sözü Məsihlə bağlıdır.
Parussiya yunan dilindən tərcümədə
"varlıq" deməkdir. Mənbələrdə
yazılır ki, İsanın şagirdləri onun
görünməz şəkildə gələcəyini
başa düşdülər. İsa yer üzündə
deyil, göydə hökmranlıq edəcəkdir. Buna görə
də, onlar İsanın artıq hökm
sürdüyünü başa düşəcəkləri əlamətlərlə
maraqlanırdılar.
Ancaq bu sözlərin əsərin kompozisiya quruluşuna dəxli
varmı? Əsas sual budur...
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.11.