Nəsr... Nəzm... –
Yaradıcılıq və insanlıq...
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
əməkdar incəsənət xadimi Hidayət çoxşaxəli,
özünəməxsus yaradıcılıq üslubu olan sənətkar,
parlaq həyat yolu yaşayan və insanlıq meyarları ilə
seçilən şəxsiyyətdir.
Hələ gənclik illərindən
başlayaraq, ədəbiyyatın səhifələrinə
peşəkar qələm sahibi kimi qədəm qoyan Hidayət
dünyaya göz açdığı və
böyüyüb boya-başa çatdığı
mühitin onun ruhuna ötürdüyü mübarizə əzmi
ilə formalaşdı, yetişdi, püxtələşdi və
bütün yaradıcılığı boyu həmin
mühitin əzmkar ovqatı ilə də yazıb yaratdı.
Hidayət müəllimin düşüncə çəmbərində
vətənpərvərlik, milli ruhun daim dirçəlişi,
dövlətçilik sevgisi, valideyn, ailə, övlad və ətraf
mühitə qarşı məhəbbət ehtirası,
dostlara ülvi münasibət, sədaqət, insanlara və
ümumən insanlığa böyük diqqət, rəğbət
həmişə aktiv şəkildə cərəyan edir.
Bu cür qrammatik bütövlüklə həyata baxan gənc
Hidayət elə həmin hisslərlə də ədəbiyyata
gəlib. Onun nəsri üslub, dil, poetik ruh baxımından
orijinaldır. Hansı əsərini oxusan, səni birbaşa
Hidayət ruhuna bağlayır. Və ayrıca, mövzu
etibarı ilə Hidayətin əsərlərində milli
mövqe, yüksək vətənpərvərlik eşqi,
mübarizə əzmi ön plandadır; bir növ,
yaradıcılıq konsepsiyasının leytmotivini təşkil
edir və son dərəcə güclüdür.
Dramaturgiyası isə, ümumən milli mübarizəyə
həsr olunub - Qərbi Azərbaycan, İrəvan problemi
dramaturgiyasının ana xəttidir. Vaxtilə rastlaşdığı
və özünün bilavasitə canlı mübarizə
apardığı real hadisələr pyeslərinə can
verir. Nə yaxşı ki, biz məhz həmin milli ruhu
dirçəldən əsərlərin hamısına İrəvan
Dövlət Azərbaycan Dram Teatrında səhnə həyatı
vermişik, tamaşaçılara təsir effektini görmüşük
və tamaşaların görüntülərini gələcək
nəslə ötürmək üçün arxivdə
qorunmasına nail olmuşuq.
Hidayət müəllimin məziyyətlərini
artıq illərdir ki, müşahidələrim
və münasibətimiz arealından aldığım təəssüratlarım
əsasında, vaxtaşırı, hisslərimin, duyğularımın,
ələlxüsus da, öz dilindən eşitdiyim, eyni zamanda
görkəmli şəxsiyyətlərin fikirlərindən
aldığım və şəxsən gördüyüm,
şahidi olduğum hadisələrin qaynağından boy verən
faktlara söykənərək qələmə
aldığım müxtəlif məzmunlu yazılarımla,
ümumən isə, "Hidayət və teatr" adlı
elmi-publisistik monoqrafiyamda qələmin göz bəbəyindən
vərəqlər üzərinə damla-damla hopdurmuş, bir
neçə rakursdan geniş şərh verməyə
çalışmışam.
İstər İrəvandakı fəaliyyəti
dövründə, istərsə də Azərbaycanda
və Qırğızıstan Respublikasında görəvlərini
yerinə yetirən zaman Hidayət müəllimin bir
mövqeyi, bir amalı olub - İnsanlıq!
İnsanlığa dəyər! Vicdan və vicdanın səsinə
diqqət! Həqiqət və haqqın müdafiəsi!.. Və
bütün ömrü boyu əks qüvvələrlə məhz
bir İnsan kimi mücadilə aparıb. Mən Tiflisdə
çalışarkən, oradakı
soydaşlarımızın mövqeyi barədə nələr
etdiyinin şahidiyəm. Bu barədə az da olsa,
yazmışam. Ancaq yazılmayan həm İrəvandakı
dövrü, həm Azərbaycan və
Qırğızıstandakı dövrləri, şübhəsiz
ki, geniş əhatədə yazılması üçün
zəngin materiallarla öz növbəsini gözləyir.
Fikrimcə, Hidayət yaradıcılığı, Hidayətin
bir şəxsiyyət kimi apardığı milli mücadilə
elmi işlərin əl-əl gəzilən
mövzularındandır. Çünki Hidayət
yaradıcılığındakı qan yaddaşına
ehtiram, özünüdərk, özünədönüş
məfkurəsi yeni nəslin yetişməsi üçün əsl
dərs vəsaitidir:
Təzədən
köhnəylə yarışmalıyıq,
Təzədən təzəylə barışmalıyıq.
Yenə
özümüzlə vuruşmalıyıq,
Yenə
özümüzə qovuşmalıyıq...
Yurd
sevgisi, el-oba məhəbbəti, vətən eşqi, doğma
torpaqların həsrəti Hidayət müəllimi bir an belə
tərk etmir, rahat buraxmır; narahat duyğularla onu daim
dindirir, özünə çəkir:
Bir səhər
əyləşib yol maşınına
Qəlbimdə həsrətin,
ümidin
şübhən...
Kəndimiz görünən gədik
başına,
O nəğməli yurda uçacağam mən!
Hidayət
bir şair kimi həmişə özünün-özünə
tələbləri ilə yaradıcılığına nəzarət
missiyasını da etiraf edir:
Poeziya, mənim
sənə imtahanım var,
"Üç" alsam da,
"dörd" alsam da, kəsilən
mənəm...
Ancaq Hidayətin
poeziya dünyası heç vaxt səngimir, kəsirdə
qalmır, daim hərəkətdə və inkişafdadır,
çünki poeziya onun həyat ritmidir:
Sevinclə
kədərin qarışığında,
Umu-küsülərin barışığında,
Qövsü-quzehlərin yaraşığında
Zirvəyə qalxıram, dağ
aşıram mən -
"Bir nəğmə yazıram...
Yaşayıram mən.
Ta gəncliyindən
belə ruhla çalışan şair, sözün həqiqi
mənasında, zirvəyə qalxdı, dağ aşdı, həmişə
də o cür ruhla yaşadı və bu gün də həmin
ruhla yaşamaqda, yazıb-yaratmaqdadır. Düşüncəsi,
fikri ümummilli ideyaların yaşaması, millətimizin,
tarixin səhifəsində öz milli kimliyinə layiq yerini həmişə
yüksək meyarlarla qoruyub saxlaması üçün
çalışır. Şairin məfkurəsi budur:
Tarixin
qoynunda min cür səs-səmir -
Hərə yaranıbdır bir
niyyət üçün:
Adam var -
Evinin dərdini çəkmir,
Adam var -
Doğulub bəşəriyyətçün.
Hidayət
müəllim belə məntiqlə həyatını quran,
daim belə düşüncələrlə yaşayan və ətrafındakılara
da həmişə belə fikirlər aşılayan
müdrikdir. Hidayət müəllimin heç vaxt
unutmadığım bir tövsiyəsini həmişə,
yeri gəldikcə, hər kəsə nümunə olacaq həzzlə,
ləzzətlə söyləyirəm: "Uca ol!"...
Ucalıq Hidayət müəllimin həyat kredosudur:
Harda
çinarlar var - ucadan uca,
Harda qayalar var - dağlardan qoca,
Harda yolçu istər təzə yol aça -
Ürəyim ordadır, özüm
ordayam.
Ucalıq
fenomeni Hidayət müəllim bir an belə idrakından kənara
ayrılmır və onu həmişə, hər kəsə
qarşı humanist, xeyirxah mövqedə dayanmağa kökləyir.
Bir insan olaraq, Hidayət
müəllimin varlığı şair ruhuna həmişə
məzluma nifrət, madura hörmət işığı
yandırıb:
Sərin
şərbət əvəzinə
kəkotulu çay içənlər,
kövrək qayğı şələlilər,
daşqın çaylar keçənlər...
Uşaq
ikən
Atalılar qarşısında sıxılanlar,
çəkilənlər,
Nəzərləri
gələcəyin ümidinə dikilənlər!
ayaqları çarıqlılar,
şalvarları yamaqlılar,
Ataları - qırx bir-qırx
beş davasında soraqlılar...
Arxasızlar, köməksizlər, mərd yalqızlar -
Atasızlar... atasızlar...
Arzularla,
ümidlərlə yaşayanlar,
Zəhmətdən bərk yapışanlar!..
Düzünü
deyim ki, bu şeiri oxuduqca, gözlərim önündə
yaranan tablo nəhəng bir rəssamın kövrək
duyğularının alaqarışıq rənglərini gətirdi
gözlərim önünə...
Böyük sənətkar həyatın
ağrısını da,
acısını da, həzzini, ləzzətini də bir insan
kimi görüb, yaşayıb, amma onun uca qamətinə sanki
Qərbi Azərbaycan, Dərbənd, Borçalı, Təbriz
kimi nəhəng milli yük sarılıb. Sanki Hidayət
müəllim gəncliyindən həmin yükü
daşıyaraq, məhz o yükün dərdləri,
ağrıları, acıları, qəmi-qəhəri ilə
yol gəlib, məğrur dayanıb və həmişə də
özü-özünə təsəlli verərək:
...Bərk
ayaqda,
bəd günlərdə karıxmayın,
Uşaqlıqda, ilk gənclikdə addımbaşı
pisliklərlə üzləşsəniz, darıxmayın!
- deyə,
özünə də, ətrafındakılara da təsəlli
olmağa çalışıb; həmişə önə
baxıb; ruh yüksəkliyi ilə aparıb bütün
ağır yükləri.
Hidayətin yaradıcılığı onun insanlıq
meyarlarından süzülür... ona görə də
yaradıcılığının əksər
çoxluğu həyatdan götürülmüş -
sarvanı olduğu həyat karvanında özünün
bilavasitə başına gəlmiş, şahidi olduğu,
mübarizə apardığı, insan olaraq, Allah
lütfünün ədaləti ilə münasibət
göstərdiyi və qılıncla gələnlərin
qarşısına kəskin qələmi ilə
çıxaraq nailiyyətlər əldə etdiyi hadisələrdir:
Hər
insanın öz karvanı,
Hər karvanın öz sarvanı...
Qələm ilə yazılanı
Balta ilə pozmaq olmaz.
İnsanı
insan edən vicdan meyarı insan üçün ən ali
amildir - Hidayət insanlığa vicdan kriteriyası
kapsamında yanaşır və ömrünü məhz bu
ideal kateqoriyada yaşayır. Və Hidayət müəllim
belə yaşam uğrunda - zirvə olmaq uğrunda daim:
Ümmanların
fırtınası,
Zirvələrin öz qaşıyam.
Bu günümün dünənimlə,
Sabahımın bu günümlə
Savaşıyam!
- deyə
fırtına kimi savaşmışdır...
Böyük sənətkar çoxlarının
heç yaxınına
buraxmadığı etiraf deyilən həqiqəti, ülviyyəti
də dilə gətirməyi ucalıq hesab edir:
Belə
işlər olur dünyada, belə;
məni
çox sevəni az sevmişəm mən -
Vurulub,
o, bütün varlığı
ilə,
Mən soyuq baxışla baxmışam gendən...
Hidayət
müəllim Zəngəzur kimi gözəl bir mahalın
Maralzəmi kimi poetik adı və təbiəti olan yurdunda,
ehtişamlı dağ saflığında, orman laləzarlığında,
bulaq zümzüməsinin şirin laylaları ilə uyuyan təbiətinin
ilahi gözəlliyində dünyaya göz açıb.
Coşqun şair doğulduğu yurdun ilahi
yaraşığını həmişə məhəbbətlə
tərənnüm edib:
Harda
qarşına çıxsa
Təmənnasız yaşıllıq,
Harda üzünə gülsə
Mehribanlıq, xoş qılıq,
Sevgin qanad açaraq
Zirvələrdə dolansa,
Harda yaran sağalsa,
Harda ömrün uzansa,
Harda qəlbinə dolsa
İnam,
əzəmət qürur
-
O yerin əzəl adı
Zəngəzurdur,
Zəngəzur!
Ancaq təbiət
vurğunu şair, şeirlərində təbiətin daha
çılğın coşqu ilə dalğalanaraq nəğmələr
bəsləyən dəniz sevgisini də eyni ehtirasla vəsf
edir:
Kövrək
ləpələrdə şərqilər, sözlər -
Nəğmələr suların ilkin yarıdır.
Mənə elə gəlir,
coşqun dənizlər
Bütün nəğmələrin bəstəkarıdır...
İlhamı
güclü ədib bir insan kimi də, bir şair kimi də həmişə
sabahın al Günəşinə inanır!.. Ümidləri
hər zaman onu yüksək motivasiyada saxlayır, ən
qayğılı hissləri, ən ağır yükləri
sona qədər aparmağa səsləyir, könlü
heç vaxt arzularını tərk etmir və həmişə
ruhu göylərdə qanad açır, ənginliklərdə
süzür:
Bəşərin
mənzili bir al səhərdir,
Dost-dostu axtarar, yar da
yarını.
Ulduzlar insanın sayı qədərdir,
Qoy sayım göylərin ulduzlarını!
- məhz
belə həyat eşqi, insana məhəbbət, gələcəyə,
milli səadətə inamla baxan böyük şairimiz Hidayət:
Seyr et
zirvələri, dağı-dərəni,
Allah, dağları da insansız
qoyma.
Könül, gəz çiçəkli
çölü-çəməni,
Ömürdən ötüşən günləri sayma
-
tövsiyəsi ilə cəmiyyətimizi ötən günlərin
həsrətini çəkməyə deyil, daim irəliyə
baxmağa çağırır.
Ancaq şair heç vaxt ümidsiz deyildir. O, əmindir ki, bu yolu
yenidən biz geri dönəcəyik və bəlkə, nə
qədər qaysaq bağlaya bilməsə də, onda o
ağrılar dinəcək:
Hara
üz tutsa da ayaqlar, əllər...
Ürəklər nisgillə, həsrətlə
dolu.
Qayıdar ildırım sürəti
ilə
Vətənə qayıdan qorxulu
yolu.
Hidayətin
ruhu ulu tarixin qədim səhifələrindən yola
çıxmışdır. Ona görə də Hidayətin
yaşını müəyyən etmək çox çətindir.
İnamı, imanı ana torpaq, gen dünyadır! Özü nə
gözəl demişdir:
Mən əlçatmaz
planetəm,
üfüqlərim görünməzdir.
Harda?
Haçan göz açmışam?
Doğuş günüm,
İlk məkanım bilinməzdir.
Hər zamanın öz övladı,
hər bir əsrin öz oğluyam,
Yerin yeddi qatından da
çox
qədiməm,
çox
uluyam!
Dünən üçün tarixəmsə,
sabah üçün əbədiyəm,
Gur işıqlı beyinlərin,
Qasırğalı ürəklərin
axırıncı məbədiyəm!
Məbədiyəm!
Allahımdır ana torpaq,
yanar günəş,
mavi səma.
Allahımdır bu gen dünya!..
...Gen
dünyanız həmişə geniş olsun, milli şair...
böyük sənətkar... əzmli, mübariz insan!
İFTİXAR
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.12-13.