Feminizmə üç güllə və ya
Avropa fəlsəfəsinin
"çakra"ları
Kilsə
divarları arasında
kobud, solğun seks. Erotik heç
nə. Emosionallıq sıfır həddində.
Moizədən sonra keşiş təntiyə-təntiyə
cins öküz funksiyasını yerinə
yetirir. Qadın gözlərini zilləyib
qucağında övladını
tutmuş Məryəm
Ana heykəlciyinə tamaşa
edir. Nifrətin, ağrının, hikkənin
bir qırıq şəhvətlə qarışdığı
nöqtə.
Dünyanın bütün sevgiləri
öldürülüb.
Aurora Rodriqes Karbaleyra sevgi düşmənidir, kişilərsiz steril bir cəmiyyət qurmaq uğrunda öz xisləti və ətrafı ilə brutal mübarizədədir:
varlı bir ailədə doğulub, hüdudsuz davranış sərbəstliyi görüb,
çoxlu kitab içində
böyüyüb və
bir gün də yevgenika təlimi barədə eşidib: sonra oxuyub öyrənib ki, yevgenika (yuceniks) seleksiya yolu ilə daha mükəmməl,
daha sağlam, daha intellektual insan yaratmaq fəlsəfəsidir.
Öyrənib və bu ideyanın əsiri, dəlisi olub: yevgenika Auroranın fiks ideyasına çevrilib və o, gələcəyin ideal qadınını
yetişdirmək iddiası
ilə plan cızıb,
xəyalında "Hildeqart
proyekti"ni hazırlayıb.
"Hildeqart layihəsi"ndə
ideal qadın dişilikdən,
yəni doğub-törəmək
missiyasından azad maşın-robot timsalıdır,
sevgidən məhrum avtomatik mexaniki insandır, cəmiyyətin
idarəolunma prosesinin
aktiv mübariz lideridir. Niyə proyektin adı Lüsi, Sofiya, Martina deyil də, Hildeqartdır? Burada bir məna varmı?
Son dərəcə ilgincdir: iş bu ki, ispan dilində "Hild" sözü alman kökənli hesab edilir və "savaşçı qadın"
mənasında anlaşılır:
"qart" (gard) isə "bağ, çəpərlənmiş ərazi"
deməkdir. Onda belə çıxır
ki, "Hildeqart" kriptoqramdır,
yəni şifrələnmiş
mətndir, xəbərdarlıqdır:
özündə "amazon qadın" ideyasının
yeni modifikasiyasını ehtiva
edir.
Layihənin icrası yolunda
Aurora Rodriqesin ilk addımı
bir erkək tapıb hamilə qalmaqdır. Filmdə bu erkək kilsədən
sifariş edilir: keşiş Aurora üçün
damazlıq heyvandır,
vəssalam. Bu qadına
nə kişi lazımdır, nə sevgi, nə ər, nə də seks.
İfrat
radikal feminizm, amansız feminizm. Bu feminizmin "çakra"ları
"Froyd", "Nitsşe",
"Marks" adlanır.
"Froyd çakrası" cinsiyyət orqanlarındadır,
"Nitsşe çakrası"
qəlbdədir, "Marks çakrası"
beyindədir: biri hissiyyatı, o biri mənəviyyatı, digərisə
ağlı eyhamlaşdırır.
Mən indicə "Qırmızı
bakirə" ("La virgen
roja") filmini anons elədim azərbaycanlı seyrçilər
üçün.
XX əsr qərbli düşüncələrinin "ləpələndiyi" sosial-fəlsəfi
okeandır: bu okeanda bütün gəmilər və qayıqlar, sən demə, altşüur səviyyəsində qərinələr
boyunca həmişə
Süni Zəkaya, avtomatik mexaniki insana doğru üzüb...
Süni
Zəka Avropa fəlsəfəsinin son dayanacağıdır.
Baxın,
maraqlı ola bilir hamıya bu film: hətta dəhşətə
də gətirə bilir kimlərisə. Çünki uydurma deyil, fantaziya deyil, real faktların bədii kino poetikasına uyğun təqdimidir: janr etibarı ilə cüzi kriminal elementləri qarışmış sosial
dramdır.
Məsələ bu ki, həqiqətən,
ötən əsrin
15-ci ilindən İspaniyada
Aurora adlı bir qadın düz 1933-cü ildə tamamlanacaq "Hildeqart layihəsi"ni gerçəkləşdirməyi planlaşdırır: ləyaqətli
cəmiyyət qurmaqdan
ötrü təmiz, saf, ideal qadın tərbiyə etmək məqsədilə Hildeqartı
dünyaya gətirir və hələ erkən yaşlarında qızına söyləyir
ki, onun atası yoxdur. Fikir verin,
Ata qaçmayıb, Ata itməyib,
Ata ölməyib, məhz
yerli-dibli olmayıb! Hildeqarta çocuqluğundan
kişilərə qarşı
nifrət, inamsızlıq
aşılanır: onların
etibarsızlığı, vəfasızlığı uşağın
beyninə yeridilir.
Bununla belə, Aurora Rodriqes öz proyekti üçün təsadüfi
birisilə yox, məhz ruhani ilə, insanların daxili dünyasına "rəsmi vəsiqə almış" bir keşişlə intim əlaqədə bulunmağı
tərcih edir, proyektinin təməl müstəvisi üçün
kilsəni seçir, kilsəyə gəlir, diləyini kilsədən istəyir: başqa sözlə, kilsədən
hamilə qalır!
Fenomenal!
Epizod simvolikdir. Düzü, bu mənim yozumumdur,
mənim fakta münasibətimdir, mənim
faktı semantikləşdirmək
cəhdimdir.
Auroranın versiyası, daha
doğrusu, öz seçimini, davranışını
əsaslandırması isə
bir başqadır: o,
ana olmaq üçün
elə bir kişidən donor kimi yararlanmaq istəyir ki, heç vaxt uşağa sahiblənməyə
cəhd etməsin, atalıq iddiası irəli sürməsin, tərbiyə prosesinə qarışmasın. Bu yöndə
keşiş ən uyğun anonim namizəddir.
Onda məntiqi şəkildə
digər bir sual ortaya çıxır:
niyə məhz keşiş; məgər bu tip kişini avaralar, səfillər, kriminal ünsürlər arasından sövdələşmə
yolu ilə tapmaq və ya hər hansı
bir jiqolonun xidmətindən faydalanmaq
olmazdımı?
Təbii
ki, olardı.
Ancaq...
...Aurora öz proyektinin antixristian qayəsinə rəğmən, mənim
söylədiklərimə rəğmən yenə də kilsəyə pənah gətirib. Bu kontekstdə onun ana - layihə rəhbəri olmaq niyyətilə kilsəyə təşrif
buyurması bir neçə cür mənalanır.
Əvvəla: kilsə bütün
hallarda ruhsal başlanğıcın mərkəzidir,
Qərb fəlsəfəsinin
ideya mərkəzidir;
deməli, hər bir proyektdə kilsənin imzası mütləqdir!
İkincisi, burada Məryəm
Ana konseptinin də,
"Madonna və Fahişə"
kompleksinin də cizgiləri aşkardır:
Aurora özünü, haradasa
Məryəm Ana ilə
identifikasiya eləyir,
keşişi şərti
Müqəddəs ruh
bilir, bu tarixçənin müasir
versiyasını düşünür,
tanrı-oğulu tanrı-qıza
dəyişdirməyi fikirləşir.
Ona görə Auroranın
filmdə keşişdən
hamilə qalmağı
ilə bağlı səsləndirdiyi səbəb
mənim təfsirimə
heç bir qırıq da kölgə
salmır.
Və nəhayət, üçüncü:
hər bir qadının öz gələcək övladının
yaxşı genlərə
malik olmasını arzulaması
tam normaldır. Aurora Rodriqes
altşüur səviyyəsində
düz eləyib ki, anonim Ata kimi keşişi seçib.
Bu, elə həm də təqribən, öz proyektini xaç suyuna salmaq, proyekt üçün kilsədən
izn almaq kimi çözülür.
Əslində, Aurora mahiyyətcə xristianlığa zidd addım atır: anlayır ki, nikahdankənar
uşaq doğmaq xristianlıqda yasaqdır.
Di gəl, heç cür anlamır ki, selektiv prosesin yaxşılaşdırılmasında Kişi - Ata faktoru mühüm həlledici amildir. Bunu anlamaması
Aurora Rodriqesin məşum
səhvidir: elə bir səhvidir ki, onun layihəsini fiaskoya uğradacaq!
Hərçənd onun şəxsi
faciəsini şərtləndirən
əzəli günahı
budur ki, Aurora qızına
bir ana sevgisilə duyğusal yanaşmır.
Bu qadının analıq
hissləri birdəfəlik
korşalıb, "susub"
deyə o, qızı
ilə empati qura bilmir. Doğma
qızı Hildeqart onun üçün kukladır, layihədir, ictimai laboratoriyada istifadə etdiyi kolba qədər dəyəri olan bir nəsnədir: Aurora özünü yalnız proyektin rəhbəri, ideoloqu kimi qavrayır,
daha ana kimi yox. Onun fikrincə,
cəmiyyəti korlayan,
dağıdan seks və sevgidir. Sevgi və seks
yoxdursa, iddia, rəqabət həməncə
ölür, həyat sönür, insan robotlaşır. Hildeqart gərək robota, avtomatik mexaniki insana çevrilsin ki, Auroranın layihəsi reallaşsın. Müasirliyin
də kodlarının
rudimentləri boylanır
buradan: avtomatik mexaniki insan - Süni Zəka...
Düşünəndə ki, bu müdhiş proyekt tarixin gerçəyi olub və onun
başlanğıcı I Cahan
savaşı ilə, tamamı isə Adolf Hitlerin hakimiyyətə gəlməsilə üst-üstə
düşüb, həməncə
heyrətlənirsən; heyrətlənirsən
ki, insan cəmiyyətində
zaman-zaman necə də
mənhus küləklər
əsib. Auroranın
"avtomatik mexaniki insan" ideyası Hitlerin "təmiz qanlı millət" yaratmaq təşəbbüsü
ilə səsləşmirmi?
Təsadüf? Əsla!
Əksinə, qanunauyğunluq!
Səbəb də bu ki...
...Feminizm sosial utopiyadan cücərərək
kommunizm və faşizmlə qonşulaşır.
Onların üçü
də həmişə
oxşar leksikonda, oxşar patetikada danışır, üçü
də ideal cəmiyyəti
hədəfləyir: elə
bir cəmiyyəti ki,
orada hər şey saat mexanizmi
kimi işləsin, əmrlərin icrası anındaca yüzfaizli dəqiqliklə gerçəkləşsin,
emosiyalar maksimal şəkildə cilovlansın.
Öz məqsədlərinə
çatmaq üçün
feminizmin də, kommunizmin də, faşizmin də rəsmən bəyan edilməmiş aktual iş metodu həmişə kastrasiya,
yəni axtalamaq, məhrum etmək olub. Çağdaş dönəmdə çipləşdirmə
- robotlaşmanın, klonlaşdırmanın,
Süni Zəkanın
dominantlığı məhz
həmin dalğanın,
yəni feminizm, kommunizm və faşizmin nanotexnologiyalar üzərindən daha sivil və daha
qəddar variantda təzahürü kimi görünür mənə:
ideal qul-robota doğru
irəli!!!
Lakin mən ona məəttələm
ki, nə əcəb,
dünya kino ictimaiyyəti
belə bir sosial filmi "görməyib":
ya da görüb görməməzlikdən gəlib,
seyrçi diqqətini
filmə doğru yönəltməyib? Filmin
heç bir ödülü-filanı yoxdur;
haqqında xüsusi bir reklam da, məxsusi bir yazı da rastıma çıxmadı, bəzi
komment və qeyd çərçivəsindən
o yana getməyən qısahəcmli rəyləri
nəzərə almamaq
şərtilə. Təəccübləndim.
Çünki ispaniyalı
kinorejissor Paula Ortizin
2024-cü ildə çəkdiyi
"Qırmızı bakirə"
filmi düşdüyü festivallarda
ən azı iki nominasiya üzrə ödülə
namizəd göstərilə
bilərdi: biri "ən yaxşı ssenari", biri də "ən yaxşı aktrisa" nominasiyasında.
Filmin
Klara Roket və Eduard Solaya mənsub ssenarisi xarakterlərin təbii inkişafını
təmin etmək naminə süjetin faktlarını həm monoloji təhkiyənin, həm də dialoqların dinamika və mahiyyətilə qüsursuz şəkildə,
ilmə-ilmə bir-birinə
düyünləyir.
Burada hadisə Aurora Rodriqesdir, onun şəxsiyyətidir,
ideyasıdır.
Mahiyyətcə film epik səciyyə
daşıyır və
Auroranın, - qatil-ananın,
- məhkəmə salonunda
Avropa filosoflarının
portretləri fonunda qarğa soyuqqanlılığı
ilə söylədiyi
təhkiyəsi, daha dəqiq desəm, monoloq-etirafı əsasında
strukturlaşdırılır.
Əgər bir az müqayisəli və obrazlı desəm, Aurora Rodriqes süjetin Adolf Hitleridir: sərtdir, dönməzdir, rəhm bilmir, aqressivdir, zəhmlidir, təcavüzə
meyillidir, ölümdən
qorxmur, ideyanı insandan daha dəyərli
sayır, prinsip və qaydalarla yaşayır. İspan aktrisası Nacva Nimrinin arıq qadın fakturası, hərəkətlərinin cəldliyi
və qrafikliyi, zil qara saçları,
mazut qaralığında iri
bəbəkləri, özündən
razı əsilzadə
baxışları, münasibətini
mimika konkretliyilə dəqiq yansıtması onun yaratdığı personajın iç dünyasının tam "oxunması"na
imkan verir. Bununla yanaşı, aktrisanın Aurorası bir qadın kimi, zahirən çox zərif, eleqant və incədir, qəşəngdir,
effektlidir. Lakin bütün
hallarda rejissorun film konsepsiyası içrə
Nacva Nimri qaraqaş, irigözlü xanım Aurora Rodriqesi ağıllı və təhlükəli qarğa
kimi rəsm edir, onu ayıq-sayıq
qarğa plastikasında
oynayır.
Paula Ortiz
də kinonun bütün təsvir vasitələrilə bu konsepti qabardır.
İki gənc qadın tennisçi kortda ağ geyimdə yarışır. Kamera
(operator Pedro Xota Markes)
elə kortun içindən dönüb
seyrçilərlə dopdolu
tribunanı göstərir:
azarkeşlər ötən
əsrin 20-30-cu illərinin
dəbinə uyğun
ağ yay libaslarında,
ağ kanotye şlyapalarda, ağ panamalarda və ağ yelpiklərlə sərinlənə-sərinlənə stadionun tribunalarında əyləşiblər. Bu "Ağ geyimli adamlar" kadr-tablosunun tən ortasında iki qara paltarlı
qadın görünür
qarğa kimi: Aurora və qızı Hildeqart Rodriqes Karbaleyralar... "Hamının
acığına, hamının
ziddinə, hamının
əleyhinə öz eqosunu ortaya qoymaq", "heç kəslə hesablaşmamaq",
"özgə rəyindən
asılı olmamaq"
konseptləri kadrın
strukturundan və geyimlər dissonansından
aydın oxunur, sərhədsiz eqoya güzgü tutur. Bütövlükdə film Auroranın
zədəli, eqosal ruh və yaşantılarının
vizuallığı kimi
də təsnif edilə bilər: hətta bu cür
də söyləmək
olar ki, aktrisanın oynadığı personajın
fakturası, dünya qavrayışı, ünsiyyət
manerası haradasa filmin poetikasını müəyyənləşdirir.
Məncə, son dönəmlərin ən uğurlu qadın rollarından biri hesab etmək
olardı aktrisa Nacva Nimrinin Aurorasını... Mümkün
ki, Qərbin kino mütəxəssisləri
mən düşünən
kimi fikirləşməyiblər
nədənsə...
Bax, bu "nədən" sualı mənə rahatlıq vermədi və elə ona görə yazdım bu məqaləni.
Bəlkə onlar feminizmə,
ya da Avropa fəlsəfəsinin "çakra"larına
dəyən güllələrdən
ehtiyatlanıb qorxublar?!
Həmin
güllələri Aurora Rodriqes
öz qızına atıb onu öldürəcək
bir gün...
Amma hələ o məqama çatmağına çox
var.
Hildeqart
anadan olan kimi Aurora "gələcəyi
qadınlar qurmalıdır"
konseptinə uyğun qızını feminist ruhda,
yevgenika (yuceniks) təlimləri, onun praktikası əsasında
tərbiyələndirməyə, cəmiyyətə mükəmməl
bir fərd çıxarmağa çalışır.
8 aylığında dil açmış Hildeqart
2 yaşında ikən
artıq sərbəst
oxumağı bacarırdı,
3 yaşında yazı
yazmağı, 4 yaşında
mətni makinada çap etməyi öyrənmişdi, 8 yaşında
altı dil bilirdi və anasının fəlsəfədən
ən ağır suallarını cavablandırırdı.
Məsələn, yuceniks
- yevgenika nədir, Nitsşe fəlsəfəsinin
bünövrəsində nə
dayanır, onu ekzistesialistlərin sələfi
saymaq mümkünmü?
Marksın düşüncələrinin
təməli hansı
sosial ideyalardan oluşur?
Beləliklə, tibb, hüquq elmlərini öyrənmiş
bu qız 17 yaşında İspaniyanın
ən gənc vəkili kimi tanınır, 18 yaşında
Hildeqart bir vunderkind düşünər,
yazar kimi cəmiyyətin sosial
"dalğaları" arasına
atılır: təbii
ki, anasının şəstlə,
hikkə ilə, öz ideyasına sonsuz inamı ilə açdığı
qapılardan... Hildeqartın
feminist ruhlu məqalələrisə
sürətlə populyarlaşır,
fikirləri oxucuları
valeh edir, kitabı qısa bir müddətdə bestsellərə çevrilir:
şöhrət onu bərk-bərk "qucaqlayır".
Redaktorlar, siyasətçilər,
xüsusilə də sosialistlər onunla aktiv şəkildə maraqlanmağa, ünsiyyət
yaratmağa başlayırlar...
Birinci azad qadının
ölümü və
ya
hüznlü zanbaq gülü
Hildeqart
doğulanda anası onu dünyanın "birinci azad qadını"
kimi, cəmiyyətə
işıq saçacaq
birisi kimi əllərinə götürüb
yuxarı qaldırmışdı.
Lakin bir gün, o gün ki, Aurora və Hildeqart stadion tribunasında iki məğrur, özündənrazı
qara qarğa kimi əyləşib
tennis oyununa azarkeşlik
edirdilər, bax, həmin gün onlara İspaniyanın sosialist partiyasının fəallarından biri, boz kepkalı cavan oğlan Abel Velilla (Patrik Kriado) yanaşır və Hildeqartı (Alba Planas) partiya yığıncağında ispan
qadınlarının vəziyyəti
və hüquqları
ilə bağlı söz söyləməyə
dəvət edir.
Aurora Rodriqes etirazını
bildirir bu təklifə: deyir ki, Hildeqart siyasətçi yox, alimdir. Gənc
qızın isə könlü var: anasından
başqa daha kimlərləsə ünsiyyətdə
olmağa can atır. Hətta aktrisa Alba Planasın Hildeqartı Auroranın gözündən
yayınıb baxışlarını
Abelə "bağışlayır".
Bu, filmin süjetində
"libido" mərhələsinə keçidi işarələyir.
Bütövlükdə filmin vizual cərgəsinə Froydun psixoanalizi kontekstində mənalandırıla
biləcək simvollar
dağıdılıb. Onlardan
biri də zanbaq gülüdür. Burada zanbaq gülü
həm qadınlığın,
həm bakirəliyin simvolu kimi qavranılır.
Filmin ilk qaranlıq kadrlarının üstündə
belə bir mətn səsləndirilir:
"əgər qadınlar
analığın ali
mahiyyətini dərk etsəydilər, bu vəzifəni gözlərini
ulduzlara zilləyərək
icra edərdilər"
və rejissor bunun ardınca ekranda zanbaq gülünün qırmızı
ləçəklərinin gözəlliyindən həzz
alırmış kimi,
onları aramla, nümayişkəranə seyrçilərə
göstərir.
Filmin süjetinin "libido" və
ya "Froyd" mərhələsinə tam paralel
olaraq "Marks" mərhələsi
də addımlayır.
Çox maraqlı bir məqamdır: libido Hildeqartı çəkib
birbaşa sosialist partiyasının yığıncağına
aparır: orada, - nitqlərin, şüarların,
çaparaq müzakirələrin
xaos təəssüratı
oyatdığı bir
yerdə, - Hildeqart
(Alba Planas) öz səsi, sözü, cəsarəti, inamı ilə ürəkləri və beyinləri fəth edir: hərçənd onun özünün diqqət
mərkəzində Abel Velilladir;
kimi ki Hollivudun ulduz sənətçisi
Tom Kruza bənzər aktyor Patrik Kriado
küçədə böyümüş
inqilabçı fəhlə
balası, ədalət
axtaran məhəllə
boksçusu plastikasında
oynayır.
Yaşamaq və daha yaxşı həyat uğrunda mübarizə aparmaq həvəsilə bir-birinə vurulan gənclərin qarşısını
Aurora Rodriqes alır, onları elə hey bir-birindən uzaqlaşdırmağa
çalışır. Çünki
ehtiyatlanır: ehtiyatlanır
ki, əgər Hildeqart
sevərsə, ərə
gedərsə, onun proyekti, inanılmaz səyləri, arzuları,
ömrünün ideyası
quru palçıq kimi ovxalanıb yerə tökülər.
Ona görə də Hildeqartı güdməyə,
onu yığıncaqlardan
yayındırmağa, qızının
gününü qara əskiyə bükməyə
başlayır.
Bu arada kriminal, nəhayət ki, bir balaca "tumurcuqlayır":
Aurora qeyri-rəsmi xəfiyyədir,
Hildeqartla Abel isə sevgi cinayətkarları...
O, sevgililərin məxfi
məktublarını ələ
keçirib sobaya atır, qızına qarşı zor tətbiq edir, Hildeqartı alçaldır:
deyir, "səninki olan həm də
mənimkidir", yəni
övladının şəxsi
məkanına, intim yaşantılarına da hakim kəsilir,
qadağaları sərtləşdirir,
iclaslara getməyi yasaqlayır; qərar verir ki, onunla gecələr bir çarpayıda yatacaq, ayaqyoluna da qızını
tək buraxmayacaq. Və bunu evin
məğmun, sakit, başıbəlalı, lakin
ləyaqətli introvert qulluqçusu
Makarena (Ayşa Vilyaqran) eşidir və tablamır: dayə funksiyasını gerçəkləşdirib Hildeqartla
Abelin görüşünə
yardımçı olur.
"Qırmızı bakirə"
filminin fakturası, - anturaj, işıq, rənglər, geyimlər,
- əla işlənilib
və XX əsrin ilk dekadaları üçün
xarakterik atmosferi Auroranın daxili aləminə, fikirlərinə
uyar bir formatda yansıdır: məkan XX yüzilin əvvəllərində tərcih
edilən konseptlərə
uyğun quraşdırılıb.
Rənglər içində
ağ, qara, boz dominantdır: filmin rəng ahəngində, dəhlizlərdə,
evlərin qapılarında
gizli qorxu, hədə və həyəcan gizlədilib
sanki. Lakin bu tutqun fon, nəhayət
ki, Hildeqartın görüşə
geydiyi uzun, birətə, şux qırmızı paltarın
parlaqlığı ilə
"partladılır". Bu, bir tərəfdən, Auroranın proyektinə qızı Hildeqartın atdığı gizli bomba kimi, ideya
dəlisi, despot, diktator
anaya qarşı məxfi üsyanı, etirazı kimi semantikləşir.
Digər
tərəfdən isə,
qırmızı paltarda
Hildeqart əsl zanbaq gülüdür: o,
gerçəklikdən qopub,
ömründə ilk dəfə
romantika dalğalarında
səyahətə çıxır,
sevgi görüşünə
gedir. Libido və ağıl birləşib
qəlb olurlar, yəni "Nitsşe çakra"sında görüşürlər.
Nitsşe deyirdi, bunu Hildeqarta anası öyrətmişdi,
"insan özündə
xaosu daşımağı
bacarmalıdır ki, rəqs
edən ulduzu doğa bilsin".
Bu "xaosu" Hildeqarta sevgi bəxş elədi, anasının onun içində körpəliyindən bəri
qurduğu nizamı, düşüncələr sahmanını,
fəlsəfə qəsrini
dağıtdı. Budur,
Hildeqart Abellə bir kafedə şəhərin axşam
həyatını yaşayırlar.
Musiqi, vermut, xanım müğənninin
pəsdən işvəkar
səs modulyasiyaları,
aram rəqs, baxışların qığılcımı,
əllərin təması:
sonra isə ani bir küçə öpüşü və
qəfil kilsə zəngi: bu, Hildeqartın Kilsə-Ataya
dönüşünü, yoxsa onun özünü
bir qadın kimi kəşf etməsini rəmzləşdirir?
Vəssalam, yalnız bu qədər: ayrılıq
və evə qayıdışın, Aurora ilə
mümkün qarşılaşmanın
həyəcanı...
Hərçənd Hildeqartın ayıq-sayıq
"polisi" bugünlük
məşğuldur. Məsələ
bu ki, Auroranın bir vaxtlar vunderkind
pianoçu kimi yetişdirmək istədiyi
insan şəhərə
qayıdıb konsert verir və onu
musiqi gecəsinə dəvət edir. Filmdə bu iki görüş paralel montajda təqdim edilir. Görüşlərin paralelliyinin
"müəllifi" isə
Makarenadır: daş kimi dözümlü, daş kimi lal
olmasına rəğmən
onun bir dayə kimi Hildeqarta sevgisi və rəğbəti
var; sanki onu öz qızı bilir.
Hildeqart
evə "uçur",
Auroranın isə ovqatı təlxdir: onun ilk "vunderkind pianoçu" proyekti uğursuz alınıb.
Aurora Rodriqes konsertdə
istedadla yox, əyyaş xalturaçı
ilə qarşılaşıb.
Fiasko!
Ana və qızın evə qayıdışı
yenidən paralel montajda. Aurora tələsir,
narahatdır, qızının
onu aldadacağından
ehtiyatlanır, təşvişini
boğazında tutub irəliləyir. Evə girən kimi duyuq düşür, Hildeqartı yuxulu vəziyyətdə yataqda
tapsa belə, yenə heç cür rahatlanmır, şübhələrini kənara
tullamır. Çünki
yad qoxular duyur otaqda. Tez divar dolabını açıb
qırmızı paltarı
görür, paltarı
götürüb qoxulayır
və həməncə
tər, ətir, vermut iyi burnunu
çalır. Hər
şeyi əlüstü
başa düşür,
ancaq heç bir reaksiya bildirmir.
Ertəsi
gün qızını
vannaya salıb çimizdirəndə Aurora ona
bunları söyləyir:
"Çox düşünmüşəm,
bütün ölkədə
olduğu kimi, bizim evdə də həyat dəyişəcək. Gələn
həftə Abel Velillanı
şam yeməyinə
dəvət etmişəm.
Mən səni gerçək dünyadan ona görə uzaq tutdum ki, sən lider olasan. Dünyanın güclü liderlərə
ehtiyacı var". Sonra isə
Hildeqartın bədəninin
müxtəlif nahiyələrini
qəfil ovuclayaraq ona Froydun, Nitsşe
və Marksın harada məskunlaşdığını
bir daha xatırladır.
Getdikcə aydınlaşır ki, Aurora Rodriqes təbiətə və cəmiyyətə müdaxilə etmək iddiası, insanlara tanrı kimi tale müəyyənləşdirmək iddiası ilə xəstələnib, Qərb
fəlsəfəsilə silahlana-silahlana
əsl diktatora çevrilib və dəqiqəbir öz balaca qadın tapançasına əl atır. Aurora, hətta onların yaşadığı
mərtəbənin divarlarına
müəyyən ədəbsiz
sözlər, antifeminist çağırışlar
yazanlara da tapança
tuşlamağa hazırdır
və bu həvəslə bir dəfə qapını açanda görür ki,
qarşısındakı təqribən,
10 yaşlı uşaqdır...
Aurora ifrat feminizmdən faşizmə addımlayır.
Başqasının yaşamaq hüququna təcavüz eləyəndə sən dözümsüz olursan və faşizmi çağırırsan. İdeyalar
və prinsiplərlə
yaşayanda sən çərçivə dışında
qalanları inkar edirsən, yavaş-yavaş
faşistə dönürsən.
Qərb
fəlsəfəsi eqo
və faşizmi gücləndirir, Şərq
fəlsəfəsisə eqo
və faşizmi zərərsizləşdirir. Birinci
- şəxsiyyəti düşünüb
mülahizə yürüdür,
ikinci - heçliyi.
Auroranın təşkil etdiyi
çox kasıb, bəzəksiz-düzəksiz, adi
qonaqlıqda Hildeqart və Abel "xoşbəxtlik
süfrəsi"nə elə
təzəcə əyləşmişkən
qapı bərkdən
döyülür: yox,
döyülmür, həyasızcasına,
nadancasına çırpılır.
Makarena qapıya göndərilir və içəriyə polislər
daxil olurlar. Abel Velilla çoxsaylı qarətlərdə, zorlamalarda,
anarxist qruplarda iştiraka görə ağır bir cinayətkar qismində tutuqlanır. Şübhə
yoxdur ki, Abelin həbsi Auroranın növbəti oyunudur. Bunu Hildeqart da bilir və anındaca
Abel uğrunda bütün
varlığı ilə
mübarizəyə başlayır,
həqiqəti bərpa
etməyə çalışır,
pul dünyasında azadlığın olmadığını
düşünən Makarenanı
doğruları gedib polisə söyləməyə
çağırır.
Və sonuncu şam yeməyi. Ana ilə qız üzbəüzə.
Dialoq alınmır. Yalnız qarşılıqlı
ittihamlar. Aurora hərdənbir
şorbanı qaşıqlayıb
içir: yox, içmir, şorbanı əsəblərinin üstünə
atır sanki: qapqara bəbəkləri ikrah, nifrət "qusur". Hildeqart da sinirlidir, onun gözləri isə qıp-qırmızı qızarıb:
sərt bir şəkildə bəyan
eləyir ki, Abel azadlığa
buraxılan kimi onlar birlikdə Londona gedəcəklər.
Bu bəyanat-iddia Auroranı
hiddət astanasına
gətirir: çünki
Hildeqartın getməsilə
hər şey bitəcək, bütün
proyekt məhv olacaq, onun absurd, əbsəm ideyaları unudulacaq.
Elə
buna görə də
Auroradan qəti etiraz...
Ana ilə qız arasında bu anti-ünsiyyət vizual cərgədə bir qadın heykəli üzərində əmələ
gələn qopuqların
görüntüsü və
çırtıltısı ilə müşayiət olunur. Qədim yunan heykəlləri üslubunda düzəldilmiş
bu qadın heykəli filmdə bir neçə dəfə görünüb
vizual cərgənin refreni və dialoqların mahiyyətinin
obrazı qismində qavranılır. Heykəl
mifologeminin kadra daxil edilməsilə filmdə mənalar polifonizminin hüdudları
bir az daha
genişlənir. Bir tərəfdən
o, mədəni arxetip
kimi olumla ölüm sərhədini
fiksə eləyir, varlıq və yoxluq arasındakı vəziyyəti simvollaşdırır,
sənətin təqlidi
mahiyyətini, əbədi
gözəlliyini işarələyir.
Digər tərəfdən
isə, bu heykəl assosiasiyalar zəncirində Piqmalionun Qalateyası ilə qonşulaşır. Hildeqart
da, haradasa Auroranın
Qalateyasıdır, onun
yaratdığı əsərdir.
Aurora Hildeqartın Abel Velilla
ilə bərabər
London səyahətinə "yox" deyəndə heykəlin qəlbində,
yəni "Nitsşe
çakrası"nda qopuq
əmələ gəlir.
Hildeqart
dözə bilmir, anasını "faşist"
adlandırır, onu sevgisizlikdə, eqoizmdə
suçlayır; deyir
ki, sən insanlığı
inkar edirsən, qadınları inkar edirsən, sən özün öz ideyalarının düşmənisən;
və bir də onu deyir
ki, əslində, sən
kişi kimi rəftar eləyirsən, kişi kimi davranıb mənə sahiblənməyə, məni
özünə tabe etdirməyə çalışırsan,
sən heç kimi sevə bilmirsən. Elə bu an heykəlin "Froyd çakra"sında
ikinci qopuq yaranır.
Hildeqart
masanın arxasından
qalxır, qamətini düzəldir, yuxarıdan
anasını nifrətlə
süzərək səslənir:
"Bu gündən etibarən
mən özüm qərar qəbul eləyirəm. Bu gündən
etibarən mən azadam". Və dialoq bitir: heykəlin
qafası çiynindən
qopub düşür.
Ana ilə qız bir-birinə "şirin yuxu" diləyib sakitcə ayrılırlar.
Aurora birbaşa qulluqçunun otağına gedir. Makarena işdən azad edilib, əvəzinə
evə yaşlı bir qadın gətirilib. Aurora ona tapşırır ki, gedib
iti gəzdirsin: özü isə silahı götürüb
qızının yataq
otağına keçir.
Tapança Auroranı
dəhşət dolu gözlərlə müşahidə
edən Hildeqarta tuşlanır.
Dünyanın bütün sevgiləri
öldürülüb: iltifat,
rəhm olmayacaq.
Atəş...
İlk güllə Hildeqartın
"Froyd çakra"sına
atılır.
Atəş...
İkinci
güllə "Nitsşe
çakra"sına dəyir.
Atəş...
Üçüncü güllə
"Marks çakra"sına sıxılır.
Kamera Hildeqartın meyitini yataqda buraxıb sükuta və qaranlığa bürünürək
asta-asta arxaya çəkilir.
Auroranın buz kimi soyuq, etinasız səsi: "Mən ifrat dərəcədə
onu sevirdim də, ona nifrət
də eləyirdim"...
Kamera sükuta və qaranlığa bürünürək
asta-asta arxaya çəkilir.
"Mənim qızıl ortam avtomatik mexaniki insandır"...
Kamera sükuta və qaranlığa bürünərək
asta-asta arxaya çəkilir.
Məhkəmə. Aurora Rodriqes Karbaleyra
Qərb filosoflarının
portretləri önündə
izahat verir. Xeyr, bu qadın
izahat verməyi, əsla, özünə sığışdırmaz. Ona görə də məhkəmə qarşısında
peşmanlamış cinayətkar
kimi yox, özünə arxayın
ittihamçı kimi dayanır: "Siz bilmədiniz ki, mən öz işığı
olan planetəm. Siz heykəltəraşla onun əsəri arasında mövcud zərif əlaqəni görməyi bacarmadınız".
Ardıyca isə etiraf: "Heykəltəraş
öz yaratdığında
balaca bir qüsur aşkarlayan zaman əsərini həməncə
məhv edir. Eyni şeyi mən də Hildeqartla elədim. O mənim əsərimdi.
"Hildeqart proyekti"
çökdü: onu
davam etdirməkdə artıq heç bir məna yox
idi".
Film heç hara tələsmir,
qışqırmır, hay-küy qoparmır. Rejissor da kinotəhkiyənin
ritmini, kadrların rəng harmoniyasını
heç bir vəchlə dəyişmir:
bir tale, elə bil ki, bir günə
sıxışdırılıb bir gün kimi
davam edir. Yalnız əsəblərin,
eqoların, ideyaların
cərəyan dövriyyəsində
gərginlik ara-sıra
yüksəlib möhkəm
qığılcımlar törədir.
Üç güllə
həmin bu qığılcımların zirvəsi
olur.
Hildeqartı güllələyən Aurora, əslində, Qərb fəlsəfəsini güllələmişdi.
Hitler də kitabları yandırtmışdı.
Amma bu üç güllə də filmi
"səksəndirmir", onun poeziyasını dağıtmır, harmoniyasını
pozmur.
Kamera asta-asta matəm prosesinə göz qoyur. Bu, epiloqdur. Filmin özü də bir bütövcə
kimi "insanlıq üçün matəm"
qismində təsnif oluna bilər.
Güllələnmiş Hildeqartı ağ yataq geyimində
katafalkın üstünə
uzadıb dəfn etməyə aparırlar. Kamera öncə onun meyitini yuxarıdan
bir xeyli müşahidə edir.
Nəfəssiz zərif məxluq,
çəlimsiz bakirə
qız...
Hildeqartın "Froyd çakra"sı
zanbaq gülü ilə qapadılıb.
Alnında isə köz bağlamış qurşun
yarası.
Kamera izdiham içinə enir: matəmdə qərq olur. Kadrlara bir misteriya
ruhu hakim. Onunla vidalaşmağa kütlə
yığışıb. Hamı
hüznlü, pəjmürdə.
Çoxlarının əllərində
zanbaq gülü. Kamera filmdən tanıdığımız personajların
üzünü maksimal
yaxın məsafədə
portretləşdirir. İzdiham
içində Abel Velillanın
da ağlar gözləri
görünür. Makarena
da buradadır. Deməli,
Hildeqart öz sonuncu gününü nahaq yaşamayıb: günahsız bir insanı azadlığa qovuşdura bilib. Onun oxucuları da, naşirləri də, hətta ilk redaktoru Quzman (Pepe Viyela) da buradadır: fanatları əllərində Hildeqartın
"Gəncliyin seksual
inqilabı" adlı
kitabını tutub yavaşca addımlayırlar.
Bu, vunderkind qızın
son üç ildə
yazdığı 16 kitabdan
yalnız biridir...
Kadrarxası həzin qadın
səsi izdihama ispanca ağı-laylay söyləyir sanki...
Katafalk irəliləyir, yerə düşmüş zanbaq
güllərini təkərlərinin
altına alıb xırçıltı ilə
əzir. Əsgərlər
təbilləri ağır
marş ritmində döyəcləyirlər.
Faşizm
yaxınlaşır...
O həmişə hər yerdədir: məqam axtarır leqallaşmağa...
1933-cü
ildə Hildeqartın qətli elə faşizmin təzahürü
idi. Faşizm bütün digər "izm"lərdən fərqli
daim mövcuddur: çünki eqodan qidalanır və insan xislətində cücərə bilir.
Aurora Rodriqesin uğursuz
təcrübəsi göstərdi
ki, hətta ideya naminə mübarizə zamanı belə, hiss etmədən faşizmə
yuvarlanmaq mümkün.
İfrat
feminizm də faşizmlə sonuclanır.
Hərçənd faşizmə doğru
yol Avropa fəlsəfəsindən keçir,
onun bətnindən, cövhərindən doğulur.
Elə ona görə də Auroranın öz qızına atdığı
güllələr birbaşa
Qərb fəlsəfəsinə
açılan güllələrdir,
ideyalara açılan
güllələrdir.
Əlbəttə ki, belə cəsarətli
və müdhiş
filmi Qərbin kino tənqidçiləri
təhlil edə bilməzdilər.
Nədən ki, bu təhlil Avropa düşüncə
tərzinin fiaskosuna imza atmaqdan ibarət
olacaqdı.
Nədən ki, Hildeqart proyekti,
yəni avtomatik mexaniki insan proyekti müasirliyin Süni Zəka, robot-heykəl-maşın proyektinin variantından başqa bir şey deyildi.
Nədən ki, xisləti ideya
və ya proyektlə dəyişmək
fikri nonsensdir.
Xislət
yalnız nurlanma ilə aliləşir.
Paula Ortizin teatral kinotəhkiyəsi, situativ
intonasiyaları, ispan ruhu ilə "rənglənmiş" kadrları,
danışıq və
pıçıltını, qışqırıq və
hənirtini flamenko üslubunda səbirlə
"rəqs etdirməsi"
Aurora Rodriqesin şəxsi
psixoloji dramı ilə Hildeqartın faciəvi ölümünü
bədii müstəvidə
sosial-kulturoloji kollaps səviyyəsinə qaldırır.
"Qırmızı bakirə"
filmi dünya ictimaiyyətinə
çox ciddi xəbərdarlıqdır: insanı
itirmək təhlükəsi
var!
Aydın TALIBZADƏ
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, №1.- S.8-10.