Cəfakeş teatr fədailəri

 

Hörmətli oxucular! Milli teatrımızın təşəkkülündə müxtəlif inkişaf mərhələlərində yüzlərlə sənət fədaisinin böyük xidmətləri olub. Çox-çox təəssüflər ki, teatr icmasının gəncləri, eləcə səhnə sənətində çalışan xeyli ortayaşlı səhnəsevər həmin fədailərin böyük əksəriyyətini tanımırlar. Tanıyanların da çoxu illər uzunu televiziyadan, radiodan adlarını eşitmədikləri, haqlarında mətbuatda oxumadıqları fədailəri unudublar... Fikrimcə, həmin səhnə fədailərimizi az qism tanıyanlara xatırlatmaq, tanımayanlara tanıtmaq teatr tədqiqatçılarımızın müqəddəs mənəvi peşə borcudur. Mən öz yazılarımda əsasən yaradıcılıq faktlarını təqdim edəcəm.

 

II yazı

 

Səməd Mənsur

(1879-02.01.1927)

 

Şair teatr xadimidir. Əsl soyadı Kazımzadədir. Bir sıra teatr proqram afişalarında "Kazımov" da yazılıb. "Mənsur" onun təxəllüsüdür "Bəsirət", "İqbal", "Tuti", "Səfa", "Molla Nəsrəddin" qəzet jurnallarında satirik şeirləri, əsasən, Səməd Mənsur imzası ilə çap olunub. Bakıda çıxan "Şeypur" (05.10.1918-04.01.1919) jurnalına naşirlik edib. Rus fars dillərini gözəl bilib, ərəbcə sərbəst danışıb.

"Səfa" mədəni-maarif cəmiyyəti 1910-cu ildə yaradılıb. İki il sonra onun teatr bölməsi təşkil olunanda onun rəhbərlərindən biri Səməd Mənsur idi. Bu truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında, aksesuarın toplanmasında son dərəcə səmərəli işlər görüb. 15 noyabr 1913-cü ildə "Səfa" Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini Tağıyev teatrı binasında yubiley edəndə təntənənin əsas təşkilatçısı Səməd Mənsur olub. Yubiley gecəsi Cahangir Zeynalovun rejissorluğunda göstərilən "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər") tamaşasında tacir Hacı Salman rolunu oynayıb.

Səməd Hacı Əhməd oğlu Kazımzadə (bəzən Mənsurov da yazılıb) 1879-cu ildə Bakıda doğulub. Türk-rus məktəbində təhsil alıb. Ərəb fars dillərini mükəmməl bildiyinə görə klassik Şərq poeziyasını ətraflı mütaliə edib. Bir müddət özü müəllimlik edib sonralar "Səfa" məktəbində çalışıb. Həm Bakıda, həm Şamaxı Gəncə şəhərlərində qiraətxanalar açılmasında səmərəli işlər görüb.

Müəyyən vaxtlarda "Nicat" cəmiyyətinin truppasında "Zülfüqar bəy Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti" (qısaca "Müdiriyyət" kimi təqdim edilirdi) teatr dəstəsinin tamaşalarında da rollar oynayan Səməd Mənsurun təşkilatçılıq, inzibatçılıq aktyorluq fəaliyyəti, əsasən, "Səfa" ilə bağlıdır. Onun "Səfa" mədəni-maarif cəmiyyətinin  teatr truppasında oynadığı əsas rolların qısaca siyahısını belə təqdim etmək olar: Karlos ("Qatili-Kərimə", Hacı İbrahim Qasımov. Təbdil), Yerlamov Baqration ("Napoleon müharibəsi yaxud Moskva yanğını", K. Baxmetov), Musa İbn Nəsir ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), Həsən ("Əl Mənsur", Henrix Heyne), Əsgər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Gavə, Fəttah ağa ("Dəmirçi Gavə" "Əhdə vəfa, yaxud arnaudlar", Şəmsəddin Sami), Abuzər Cumeyd ("Ənuşirəvani-adil", Əbdürrəsul Şərifzadə), Harun ər-Rəşid ("Bir saatlıq xəlifə", Abdulla Şaiq), Rzaqulu bəy Həsənqulu bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Xəlil bəy ("Bəxtsiz cavan", Namiq Kamal).

Səməd Mənsurun "Köhnə təzə il", "Aktyor", "Dərviş" pyesləri müxtəlif truppalarda, Bakı Azad Türk Tənqid Təbliğ Teatrında tamaşaya qoyulub. Şəmsəddin Saminin "Dəmirçi Gavə", "Əhdə vəfa, yaxud arnaudlar" dramlarını Azərbaycan türkcəsinə çevirib.

O, 1920-ci ildən müxtəlif təsərrüfat işlərində çalışıb. Əsasən isə Azərbaycan Sovet Sosialist Respublikası (ASSR) Plan Komitəsində şöbə müdiri işləyib.

Teatr xadimi Səməd Mənsur Kazımzadənin oğlu Tofiq (Əhməd Tofiq) Kazımov (14.02.1923-02.08.1980) milli səhnə sənətimizin çox görkəmli rejissoru, xalq artisti, Dövlət mükafatı laureatı idi. Onun yaradıcılığı, əsasən, quruluşçu rejissor kimi Akademik Milli Dram Teatrı ilə bağlı olub (1951-1980) 1964-cü ildən ömrünün sonunadək bu kollektivə böyük uğurlarla baş rejissorluq edib.

Səməd Mənsur 2 yanvar 1927-ci ildə Bakıda vəfat edib.

 

İlham RƏHİMLİ

 

Ədəbiyyat qəzeti.- 2026.- 9 yanvar, №1.- S.7.