Səbrin atası
Hekayə
Qatar
Tiflisdən çıxıb səmt tutmuşdu Bakıya. Amma
əvvəlcə dərin nəfəs almışdı, sonra
ələmli fit verib hirslə tərpənmişdi yerindən.
Şairin dərdinə əlac olmamışdı;
üçüncü zəng vurulan kimi Məmmədəli
Sidqi öpüb qucaqlamışdı onu. Gözdən itəndə
isə şairin Tiflis xəstəxanasındakı
zarafatını xatirinə gətirib təbəssüm
göstərmişdi. Ki, qərar belə idi: həkimlər əməliyyati-cərrahiyyə
yapıb Sabirin qara ciyərinə baxmalıydılar. Buna
razı olmamışdı:
- Dəlləkliyi
mənim başımda öyrənmək istəyirsiniz? Mənim
qarnım ilanoynadan sandığı deyil ki, açıb,
içinə baxıb örtəsiniz.
***
Qızı
Səkinənin birinci əri Həsən Hacı Əhmədoğlu
tündxasiyyət adam idi. O qədər ki, hətta öz
doğma atasına da güllə atmışdı. Və
bunun üstündə həbs cəzasına məhkum
edilmişdi. Sonra gülləsini tuşlamışdı
Sabirin ürəyinə.
Əhvalat
belə nəql olunur: "Molla Nəsrəddin"
jurnalında Hacı Seyidəlinin qəbri üzərində əyləşmiş
bir qadın rəsmi çıxır. Altında isə bu
beyt:
Qurban olum
qəbir, sənə,
Bizə də
bir uşaq versənə!
Şamaxı
əhli günahı Sabirdə görür. Həsən
Hacı Əhmədoğlu isə tapançanı əlinə
alıb atılır şairin üzərinə. Araya girən
olur, güllə yayınır. Sabirin ailəsinə yaxın
olan Məmmədəli Veyisov deyirmiş:
- Sabir əfəndi
qorxudan bihuş olub yerə düşdü. Huşa gəldikdən
sonra neçə gün yataqda yatıb özünü
düzəltdi. Özü söyləyirdi ki, böyük xiffətdən
dolayı batində bir vərəm əmələ gəldi.
Axırda da qara ciyər naxoşluğuna giriftar oldu.
...Küçədə
qoyulan mafənin qarşısında xeyli adam var. Cənazə
dəfnə hazırdır. Ziyalı cavanlar mafəni əlləri
üstündə qaldırıb Qalabazar məscidinin
qarşısında - küçə ayrıcında yerə
qoyurlar. Məhəllə axundu Ağa Mir Mehdi şairin
namazını qılmalı idi. Ağanın evi məscid ilə
qapı-qapı olduğundan, camaat gözünü oraya zilləyib
onun təşrifini gözləyir. Amma onun "isbati-vücudi"
çox uzun çəkir. Adamlar bir-biri ilə
pıçıldaşıb himləşir. Və məlum
olur ki, Ağa Mir Mehdi Sabirin namazını qılmaq istəmir.
Ziyalı gənclər səslərini ucaldıb üsyan edirlər.
Axund məcbur qalıb evdən çıxır,
"dinsiz" şairin namazını qılır.
***
Şamaxı
zəlzələsi... Sabirin ailəsi onun necə səbirli,
qıvraq olduğunu onda görür. Bunu 1936-cı ildə
"Şərq qadını"nda qızı yazır - Səriyyə.
Yazır ki, atam uçmuş evin taxtalarını, palaz-həsiri
yığdı, keçdi qonşu həyətinə. Təkbaşına
gecələmək üçün daxma tikdi. Həmin daxmada
təkcə onlar gecələməyib. Kişisi şəhərdə
olan ailələr də sığınacaq tapıblar.
"Anaşım"
dediyi Səriyyəyə oxuyardı ilk şeirlərini. Səriyyə
də onu Əlidadaş çağırardı. Əvvəl
təkcə qızına savad öyrətmirdi. Arvadını
da qoşmuşdu ona. Sonra arvadı buraxdı savad almağın
başını. Ki, qocalıqda iməkləmək kimə
lazımdır? Günah görmədi. Balaları yoxsulluq
ucbatından ölürdü, sabun bişirməkdə ərinə
əl tuturdu. Hələ ev-eşik işi,
biş-düş... Hələ ölən balalarının
qüssəsi, dərdi, ələmi... Yeddi övlad e,
İlahi!
1. Ceyran -
iki yaşında xəstələnib vəfat etmişdi.
2. Səadət
- üç yaşında.
3. Məhəmməd
Bağır - beş yaşında.
4. Zinyət
- on bir yaşında.
5.
Rüxsarə - on yaşında.
6. Məşədi
Tamam - üç yaş yarımında.
7. Həcər
- bir yaş yarımında xəstələnib vəfat
etmişdi.
Sonra Səriyyə
yazırdı: "...Həyatın
ağırlığına, yoxsulluğa baxmayaraq,
bütün ömrü uzunu bizi xoş üzlə, zarafat və
şuxluqla qarşılardı. Əlidadaş Bakıda ikən
hər kəsin hücumundan ziyadə bizi incidən, əqrəbamızın
təzyiqi idi. Bir gün nənəm (atamın doğma
anası) anamın yanına gəlib: "Niyə oturmusan, sən
şərən azadsan, o babıdır, get boşan, mən də
südümü ona halal etməyəcəm", dedi. Belə
sözlərə anam öyrəşmiş olduğu
üçün əhəmiyyət vermədisə də, mən
əhvalatı atama yazdım, cavabında isə atam, belə
şeylərdən narahat olmamağımızı məsləhət
edərdi".
Bu, həmin
Səriyyədir ki, "Hophopnamə"nin xilaskarı
sayılır. Necə? Sabir ölən günü əsərlərinin
bir hissəsi evdən yox olur. Sonra mollalar qohum-əqrəba
vasitəsi ilə xəbər göndərib tələb edirlər
ki, "molla və dinə toxunan parçaları" çıxarsınlar.
Abbas Səhhətin göstərişi ilə nə Səriyyə
buna razılıq verir, nə əri. Kitabı gizlədirlər.
Sonradan Sabirin "üzüyü zinətləndirən
qaş-daş" dediyi ömür-gün yoldaşı
Billurnisə kitabı nəşr etdirir.
***
1910-cu il.
Mirzə Cəlil qələm dostunun xəstələndiyini
eşidir və məktub yazıb Tiflisə gəlməsini
rica edir. 1911-ci ilin yazında Sabir Tiflisə yola
düşür. Qəmgin idi, fikirli idi. Həmidə xanım
onu söhbətə tutardı. Ən çox anasından
danışardı Sabir. Deyərdi ki, anasını çox
sevir. Neçə dəfə Məşhədə, Kərbəlaya
gedib. Hər dəfə də niyyət edərdi ki, ya uca
Allah, Ələkbər Zeynalabdin oğluna oğul əta elə.
-
Anamın əvvəllər böyük bir dərdi vardı.
Demək olar ki, hər il Ramazan ayında bizim arvad bir qız
doğardı. Səkkiz qızımız olduğu halda,
oğlumuz heç yox idi. Odur ki, anam hər dəfə qız
doğulanda qara geyər, yasa batardı. Buna görə də
anam nəzir edib tez-tez Kərbəlaya gedərdi ki, mənim
oğlum olsun. Axır ki, yenə Ramazan ayında bizim bir
oğlumuz oldu. Anam sevincindən yerə-göyə
sığmadı. Yetim-yesirləri sevindirdi. Çox fikirdən
sonra onun adını da Məmmədsəlim qoydu.
...Səmədov
Şamaxı tacirlərindən biri idi. Sabir nə qədər
ki "Molla Nəsrəddin" üçün
yazırdı, Mirzə Cəlil həmin bu tacir Səmədovdan
hər ay ona 25-30 manat pul göndərirdi. Di gəl, pulu
açıq-açığına Sabirin üstünə
göndərə bilməzdi. Şamaxı camaatı onun
"Molla Nəsrəddin"ə şeir
yazdığını bilsəydi, Sabirin fəlakəti
çəkilməz olardı.
***
Əliiskəndər
Cəfərzadə - müəllim, mühərrir,
"Hophopnamə"nin ilk mükəmməl nəşrinin tərtibçisi.
1910-cu ildə Sabirin Balaxanıdakı oğlan məktəbinə
işə düzəlməyinə vəsatət edir və
onun köməkliyi ilə şair Azərbaycan dili müəllimi
vəzifəsinə təyin olunur. Həmin məktəbin
direktoru "məşhur" Əhməd Kamal idi. O, Sabirin
şeirlərinə "ləğləğiyyət" deyə
durardı. Hətta "İrşad"ın 5 yanvar, 1908-ci il
3-cü nömrəsində yazdığı məqalədə
Sabirin "Məktəb şərqisi" şeiri haqqında
yazırdı:
"...Hələ
minlərcə dəfələr söylənmiş,
qoqumuş, çürümüş köhnə laf
oyuncağı olan "Məktəb" sərlövhəli
mənzumələrə isə, xüsusilə cocuqlara məxsus
qəzetlərdə heç yer verilməz!"
- Nədənsə
bu Balaxanı məktəbi də yazıq Sabirə bir zindan kəsilmiş
oldu. Məktəbin müdiri Əhməd Kamal adəti üzrə
raqi içib məst olanda Sabiri öz otağına
çağırıb "ləğləğiyyatından
oxu, dinləyəlim" deyərdi. Bu kimi sözlər və
hərəkətlər həyalı və məhcub Sabirə
əziyyətdən başqa bir şey deyildi.
Və
Sabir Əhməd Kamalın özbaşınalığına
çox dözmür. Günlərin birində Əliiskəndər
Cəfərzadə şairdən məktub alır: "Bəradəri-mehribanım
Əliiskəndər! Müdirimizin məst olub məni təhqir
etdiyindən cana gəlmişəm. Onun bəd rəftarlığı
Şamaxıda başıma gələnləri yadımdan
çıxarmışdır. Bundan başqa Balaxanının
ab-havası mənə düşməyir, özünüz xəstə
olduğumu bilirsiniz. Artıq əziyyət vermək istəməyirəm.
Ricam budur ki, məni bu cəhənnəmdən qurtar!.
Müxlisiniz - Ə. Sabir".
Çox
sonralar - 1936-cı ildə Xudaverdi Mahmudov adlı tələbəsi
"Ədəbiyyat qəzeti"nin 1936-cı il 28 dekabr
sayında müəllimini belə xatırlayırdı:
- Sabir bizə
fars və Azərbaycan dilindən dərs verirdi. Cildsiz
kitablarımızı aparıb şəhərə cild
çəkdirib gətirərdi. Cümə və bayram
günlərində Sabir bizi çölə gəzməyə
aparırdı. Əhməd Kamal məktəb müdiri idi.
Ondan hamımız qorxardıq, amma Sabirdən yox.
Çünki Sabiri mehriban ata kimi tanıyırdıq, onun
ehtiramını saxlayırdıq. Sabir çox fağır
bir adam idi.
Gəlin,
bunu da oxuyaq, sonra yolçuluğumuz yenə Tiflisə olacaq.
Sabirin Balaxanı məktəbindəki aylıq maaşı 30
manat idi. Bu maaşla həm özü dolanırdı, həm
də Şamaxıda qoyub gəldiyi ailəsini
saxlayırdı. Evi məktəbin həyətində idi.
Müəllim yoldaşlarının dediyinə görə,
naharını ocaqda özü hazırlayır, iki
yumurtanı yağda bişirib yeyirdi. Camaat onun
dolanışığının
ağırlığını bildiyindən ayrı-ayrı
evlərdən ona nahar göndərərdilər. Amma o, bundan
inadla imtina edərdi.
***
Tiflisdə
müalicə aldığı günlərdə "Molla Nəsrəddin"in
işçiləri ona bir ata kimi məhəbbət bəsləyirdilər.
Sabir nə vaxt ki şəhərə çıxmaq istəyirdi,
hamısı onun paltosunu, əl ağacını tutmaq
üçün bir-biri ilə çəkişirdilər.
Axırda qayda qoyulur: hər gün biri onun paltosunu tutub,
ağacını hazırlayacaq.
Bir
neçə gün şair "Molla Nəsrəddin"in
redaksiyasında qalır. Həmin günlərdə mətbəə
mürəttibi İsmayıl Həqqi evə getməyib Sabirin
qaldığı otaqda stol üstündə yatırdı.
Sabir təkliyi sevmirdi. Bir dəfə İsmayıl Həqqi
hazırlaşıb evə getmək istəyəndə onu
qoymur.
- Adə,
hara gedirsən? Evlisən?
- Nişanlıyam.
Hələ evimizə gətirməmişəm.
- Onda
evinizə getməyin heç bir mənası yoxdur.
Nişanlıbazlığa da getsən, vurarlar, əngin əzilər.
Yaxşısı budur ki, nə get, nə də başın
qalmaqala düşsün. Bax, mən də indi subayam.
Nişanlımı Şamaxıda buraxıb buraları gəzirəm.
Tiflisdə
müalicə aldığı günlərdə Həmidə
Cavanşirin qızı Mina xanımın toy mərasimi
keçirilir. Toyda ümumi bir stol
açılmışdı. Mirzə Cəlil özü həmin
stolda oturmayıb, bir tərəfdə başqa stol
qoydurmuşdu. Sabir, Məmmədəli Sidqi, Əziz Şərif,
İsmayıl Həqqi və başqaları həmin stolun
başında oturur. Mirzə Cəlilin ayrıca stol
açdırmağa səbəbi vardı: çünki məclisdəkilərin
çoxu əyan-əşrəf idi. Bunu zarafatla da olsa, deyir:
"Bizimlə
sizinki tutmaz, yolumuz ayrıdır. Siz ağ adamlarsınız,
biz qara adamlarıq. Onun üçün də iki cəbhəyə
ayrılırıq.
"Molla
Nəsrəddin" idarəsindəki samovar çox balaca idi.
Suyu da axıdırdı. Sabir çayı çox
içirdi, amma samovarın suyu çatmadığına
görə adama bir stəkan içib samovara təzədən
su tökürdülər. Axır ki, samovarın bu
halından təngə gəlib, deyir:
Mirzə,
samavarından dərda, həzar dərda,
Bir istəkanı
indi, bir istəkanı fərda!
Günlərin
birində Abdulla Şaiq, Abbas Səhhət və Əlicabbar
Orucəliyev Sabirin sabun satdığı dükanına gedirlər.
Bir saat söhbət edirlər və bu bir saat ərzində dükana
bir nəfər də olsun alıcı gəlmir. Abdulla
Şaiq üzünü tutur Sabirə:
- Bizim
ayağımız uğursuzdur. Bir saatdan bəri söhbət
edirik, dükana bir nəfər də müştəri gəlməyib.
Sabir
gülür:
- O sizin
ayağınızdan deyil! Bu avam camaatın içini təmizləmək
əlimdən gəlmir, heç olmasa,
üst-başını təmizləyim, zahirini təmizləyim
deyə, bu sabun dükanını açdım. Neyləyim
ki, zalım uşaqları bu təmizlikdən də
qaçırlar.
***
Mustafa Mərdanov
Tiflisdə Botanika bağında dostları ilə gəzəndə
Mirzə Cəlillə Sabiri görürlər. Əşrəf
Yüzbaşev onları tanış edir və gənc Mustafa
fürsəti əldən verməyib Sabiri tamaşaya dəvət
edir. Bir neçə gün sonra "Gürcü Dvoryan
Teatrı" yeni premyera təqdim edir: "Otello".
Mirzə
Ələkbər gənc artistin dəvəti ilə teatra gəlmişdi.
Tamaşa vaxtı salonda olanlardan bəziləri özlərini
yaxşı aparmır, artistlərə ehtiram göstərmirdilər.
Xəstə Sabir bundan inciyib əsəbiləşir. Mustafa Mərdanov
onu aparıb səhnə arxasında əyləşdirir. Sabir
tamaşaya axıra qədər baxır. Aktyorları
qucaqlayıb öpür, onları təbrik edir. Amma tamaşadan
nə qədər razı qalırsa, tərcümə onu o qədər
narazı salır. Sonra "Molla Nəsrəddin"də onun
taziyanəsi çıxır:
"Öylə
bir tərcümə kim, ruhi-Şekspir görcək,
Ağladı
ruhi-Otelloyla bərabər özünə.
"Ax,
mütərcim" deyə bir odlu tüfürcək atdı,
Şübhəsiz,
düşdü o da tərcüməkarın gözünə.
***
Əlyazmalarını
bir yerə toplayıb taxçaya qoymuşdu. Həsrətin,
arzunun bir adı, bir ünvanı vardı: kitab. Xəstə
yatanda tez-tez həmin taxçaya boylanar, deyərdi ki,
"onlardan muğayat olun".
Ölümündən
bir neçə dəqiqə əvvəl qardaşı
oğlu Zeynalabdin Tahirzadəni yanına
çağırır. Ona nəsə demək istəyir, amma
dili dönmür, bacarmır. Və Sabir kitabını
görmədən öldü.
Yay idi.
Eşidib-bilən hamı Şamaxıya
axışmışdı. Bütün məktəblər
bağlanmışdı. Və Hacı Şeyx Həbib
demişdi ki, kim Sabirin ölüsünün üstünə
getsə, kafirdir.
Cavid
ZEYNALLI
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, №1.- S.6-7.