"Böyük Azərbaycan
naminə Bağır Seyidzadə"
(Əvvəli ötən sayımızda)
İctimai
xadim və istedadlı tədqiqatçımız
Adıgözəl Məmmədovun Azərbaycan tarixində
görkəmli iz qoymuş, dövlət və partiya xadimi,
diplomat Bağır Seyidzadənin ictimai və siyasi fəaliyyətinə
həsr olunan "Böyük Azərbaycan naminə
Bağır Seyidzadə" kitabı işıq üzü
görüb. Müəllif arxiv sənədlərinə əsaslanaraq,
Bağır Seyidzadənin Cənubi Azərbaycanda diplomat kimi
işlədiyi illəri ictimai dövriyyəyə yenicə
buraxılmış arxiv sənədlərinə istinad edərək
işıqlandırır, o dövrün hadisələrinə
yeni baxış bucağından nəzər salır.
"Ədəbiyyat qəzeti" "Böyük Azərbaycan
naminə Bağır Seyidzadə" kitabından müəyyən
hissələri oxucularla bölüşür.
II
Aydın
məsələ idi ki, Azərbaycan demokratlarının Zəncanda
törətdikləri "vəhşiliklər" uydurma idi
və ictimai rəyi çaşdırmaq üçün
Tehran rejiminin təxribatlar silsiləsindən olan təbliğat
idi. Eyni ssenari əvvəlcədən tərtib olunurdu və
digər Azərbaycan şəhərlərində təkrarlanırdı.
Bu arada Cənubi
Azərbaycanın rəhbərləri Cavid və Şəbüstərinin
mərkəzi hökumət qoşunlarının Azərbaycana
daxil olması məsələsi ilə bağlı Qəvamla
yazışmaları, şovinist ehtirasları
qızışdırmaq üçün məharətlə
istifadə edildi. Belə ki, məsələn, mürtəce
"Atəş" qəzeti Qəvamın Cənubi Azərbaycanın
demokrat rəhbərlərinə ünvanlanmış
teleqramlarına eyham vurularaq, 26.11.1946-cı il sayında
yazırdı: "Qatillərə və satqınlara xoşməram
görkəmi verilməməlidir və Azərbaycana təcili
ordu yeridilməlidir".
Bax, bu
çətin günlərdə Demokratik firqənin üzvləri
hücuma keçən Tehran qüvvələrinə
qarşı tab gətirmək üçün Bakıdan
kömək istəyirdilər. Amma Bakı nə edəcəyini
bilmirdi.
Beləliklə,
Qəvam koalisiya kabinetinə son qoyaraq, İran Xalq
Partiyasının bir çox təşkilatlarını və
həmkarlar ittifaqlarını darmadağın edərək,
demək olar ki, bütün demokratik qəzetləri
bağlatdırdı və hökumət
qoşunlarının Azərbaycana daxil olması
üçün "mənəvi" və maddi ilkin şərtləri
hazırladı. İngilislərin və amerikalıların dəstəyi
ilə şah qüvvələri Azərbaycana qoşun yeritmək
qərarına gəldilər.
M.C.Bağırov
bu gedişatın geridönməz nəticələrə yol
açacağını anlayaraq yenidən Stalinə müraciət
edir.
ARPİİİSSA
F ¹ 1, siy. ¹ 89, iş ¹ 112
ÜİK(b)P
MK
STALİN
YOLDAŞA
Təbrizdən
alınmış informasiyanı Sizə təqdim edirəm.
Dekabrın
4-də İran qoşunları Zəncan rayonundan Miyanə
istiqamətində hərəkət etməyə
başlayıblar. Azərbaycan və İran
qoşunlarının ön hissələri arasında bir
neçə saat davam edən döyüş baş verib.
İran qoşunları tanklar, səhra topları və
minomyotlardan istifadə edirlər. Döyüş nəticəsində
gözətçi xidməti çəkən Azərbaycan
partizan dəstələri Rəcəin kəndi və dəmiryol
stansiyasını tərk edərək, yeni müdafiə
mövqelərinə çəkiliblər.
Azərbaycanlıların
Miyana qruplarının komandiri Daneşyan Pişəvərinin
adına göndərdiyi teleqramda tank pulemyotları və
ixtisaslı zabitlərlə yardım göstərməyi
xahiş edib. Daneşyanın digər bir teleqramından
görünür ki, İran qoşunları, həmçinin
Xalxala hücum etmək və Ərdəbili ələ
keçirmək üçün Tzeron və Ərməğan
Xətə kəndləri ətrafında cəmləşir.
Pişəvəri
radio vasitəsilə əhalini İran qoşunlarının
Azərbaycana hücumu barədə xəbərdar edib.
Təbrizdə
hərbi vəziyyət elan olunub.
Azərbaycanın
hər yerindən kəndlilər müdafiə olunmaq
üçün silahlandırmaq xahişi ilə Demokrat
Partiyasının Mərkəzi Komitəsinə müraciət
edirlər. Amma silah olmadığından rəhbərlik bu
xahişləri yerinə yetirə bilmir.
Azərbaycan
Demokrat Partiyasının rəhbərliyi bir daha onlara heç
olmasa, minimal həcmdə yardım göstərməyi: 16 top,
5 min tüfəng, 20 tank əleyhinə silah və müvafiq
miqdarda mərmi və patron verməyi xahiş edir.
M.C.Bağırov
5 dekabr
1946-cı il.
Amma Moskva
susurdu!
M.C.Bağırov
bu dəfə bütün riskləri gözə alaraq yenidən
Stalinə həm sərt, həm də inadkar şəkildə
müraciət edir.
MOSKVA,
ÜİK(b)P MK
STALİN
YOLDAŞA
İran
Azərbaycanındakı vəziyyətlə bağlı məni
qəbul etməyinizi xahiş edirəm.
M.C.Bağırov
5 dekabr
1946-cı il
Amma Stalin
M.C.Bağırovun bu hikkəli müraciətinə əsəbi
reaksiya verir, onu qəbul etmir və 9 dekabr 1946-cı ildə Qəvamın
Bəyannaməsi nəşr olunur. O, Bəyannaməsində
İran hökumətinin nəyin bahasına olursa-olsun,
İranın suverenliyini və ərazi
bütövlüyünü təmin etmək yolunda Azərbaycan
demokratlarına qarşı gedəcəyini bəyan edirdi. Qəvam
azərbaycanlıları hökumət qoşunları ilə əməkdaşlığa
çağırır, bu halda onlara qarşı səxavətlə
davranılacağını bəyan edir. Baş Qərargahın
Azərbaycanda olan zabitlərə müraciəti də dərc
olunur. Baş Qərargah onları hökumət
qoşunlarının tərəfinə keçməyə
çağırır, əks halda, onlarla silahlı üsyan
qaldırmış insanlar kimi davranacaqları ilə hədələyirdi.
İran təyyarələri
Azərbaycan səmasında əhalini hökumət
qoşunları ilə əməkdaşlığa, demokratlara
qarşı qiyam qaldırmağa və hakimiyyəti əlindən
almağa çağıran vərəqələr
atırlar.
Vərəqələrdə
silahı olan azərbaycanlılar silahı yerə qoymağa
çağırılır və bundan sonra onların əfv
olunacağına söz verilirdi. Vərəqələrdə,
həmçinin xəbərdarlıq edilirdi ki, azərbaycanlılar
bunu etməsələr, onlarla silahlı quldur kimi davranacaqlar.
M.C.Bağırovu
bu proseslərdən uzaqlaşdırmaq üçün
Vyaçeslav Molotovun göndərdiyi məxfi qrup 10 dekabr
1946-cı il tarixində Azərbaycan Demokrat Partiyasının
bürosunun gizli iclasını keçirir və S.C.Pişəvərini
vəzifəsindən azad edir. Azərbaycan Demokrat
partiyasının sədri postuna Məhəmməd Biriya gətirilir.
Bununla da Kreml M.C.Bağırovu Cənubi Azərbaycandakı
hadisələrə təsir göstərmək imkanından məhrum
edir!
V.Molotovun
tərtib etdiyi mətn əsasında M.Biriya Azərbaycan
Demokrat Partiyasının adından müraciətlə
çıxış etdi. Bu müraciətdə deyilirdi:
"Şah qoşunları Azərbaycana gəlir və
İran Məclisinə seçkilərə nəzarət edəcək.
Seçkilər keçirilməli və nəticələri
İran Məclisinə təqdim olunmalıdır".
M.Biriya bu
xəyanətinə görə, Bakıya mühacirət
etdikdən sonra M.C.Bağırovun qəzəbindən yaxa
qurtara bilmədi: həbs olunub Sibirə sürgün edildi.
O günlərdə
baş verən hadisələrlə bağlı Bağır
Seyidzadənin qeydləri olduqca əhəmiyyətlidir:
"1946-cı il dekabrın 11-də Təbriz radiosu xəbər
verirdi ki, Azərbaycan hökuməti qan tökülməsinin
və qardaş qırğınının
qarşısını almaq üçün Tehranın əmrlərinə
tabe olmaq barədə fövqəladə iclasında qərar
qəbul edib. Müvafiq teleqramlar general-qubernator doktor Cavid və
vilayət əncümənin sədri Şəbüstəri
tərəfindən Qəvama göndərilmişdi.
Müqavimətin başa çatması ilə bağlı
teleqramları aldığını bildirən Qəvam
Tehranda çıxış edərək bu qərarı
ağlabatan adlandırır və bildirir ki, qoşunlara
"yalnız Azərbaycanda asayişi, əmin-amanlığı
və xalqın azadlığını təmin etmək
tapşırılıb". Qəvam daha sonra bildirirdi ki,
"bu məqsədlərin həyata keçirilməsində
köməklik göstərəcək insanların xidmətləri
nəzərə alınacaqdır".
(Davamı
olacaq)
Adıgözəl
MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.4.