"Böyük Azərbaycan naminə Bağır Seyidzadə"
(Əvvəli ötən saylarımızda)
III
1946-cı
il dekabrın 10-da şah ordusunun hissələri üç yerdən Azərbaycana hərəkət etdi. 11-də onlar Mianaya daxil oldular.
Dekabrın 12-13-də qoşunlar Təbrizə, dekabrın
14-17-də isə Sərab, Mərənd, Xoy, Məka, Rezaye,
Culfa və Astaraya daxil oldular. İşğal olunmuş
bütün şəhərlərdə hərbi vəziyyət
elan edildi, hərbi məhkəmələr yaradıldı, Azərbaycan
Demokrat Partiyasının komitələri, demokratik qəzetlərin
redaksiyaları darmadağın edildi.
İranın Təbrizdəki ekspedisiya
qüvvələrinin komandiri general
Haşimi Təbrizdə bir bildiriş dərc etdirərək,
demokratların rəhbərlərini, fədailəri, idarəetmə
qurumlarının işçilərini və mühacirləri
silahları təhvil verib təslim olmalarına
çağırış edirdi. Həm Təbrizdə, həm
də Azərbaycanın bölgələrində ADP-nin
üzvlərinin sığına biləcəyi evlərin sahiblərinə
xəbərdarlıq edilirdi ki, əgər gizlənən
partiya üzvlərini təhvil verməsələr, onlar da
ciddi məsuliyyətə cəlb olunacaqlar. İran hərbi məcəlləsinin
114-cü maddəsi əsas gətirilərək, həbs olunan
və təqsirləndirilən şəxslərin heç
birinə apellyasiya şikayəti vermək hüququ verilmirdi.
Qəvam
dekabrın 18-də Tehran radiosundakı
çıxışında ilk dəfə açıq şəkildə
Azərbaycan demokratlarını avantürist adlandırdı,
onları qanunları pozmaqda, günahsız insanları
öldürməkdə, əhalinin malını talamaqda, fars
dilini təqib etməkdə ittiham etdi. General Haşimi Təbrizdə
İran hökumətinin Azərbaycan demokratları ilə
bağladığı müqavilələrin ləğvi barədə
rəsmi şəkildə əhali nümayəndələrinə
məlumat verdi".
Beləliklə, dekabrın 20-də Cənubi
Azərbaycanda Şah rejimi bərqərar olundu. On minlərlə
ailə İranın cənubuna sürgün edildi. Sonrakı
aylar Azərbaycan şəhərlərinin meydanlarında
üsyançıların asıldığı dar
ağacları quruldu.
Cənubi
Azərbaycanda milli hərəkat
süquta uğrasa da, Bağır Seyidzadə Təbrizdə fəaliyyətini
davam etdirirdi. O, M.C.Bağırovun
tövsiyəsi ilə və milli xəttin nümayəndəsi
kimi Təbrizdə Baş Konsulluq bağlanana (1949-cu il) kimi
diplomatik fəaliyyətini davam etdirir. Bax, bu dövrlə də
bağlı Bağır Seyidzadənin şəxsi qeydləri
çox maraqlıdır: "Demokratik təşkilatlara,
mütərəqqi fikirli şəxslərə qarşı
kütləvi repressiyalar nümayişkaranə şəkildə
təşviq edilməyə başlanılmışdı.
İrandakı demokratik təşkilatlar - İran Xalq
Partiyası, Həmkarlar İttifaqları Mərkəzi
Şurası, Azərbaycan Demokrat Partiyasını gözdən
salmaq üçün Tehran qəzetləri əllərindən
gələni edirdilər. Azərbaycanda Azərbaycan Demokrat
Partiyasının üzvlərinə və onlara rəğbət
bəsləyənlərə qarşı vəhşi
repressiyalar həyata keçirilirdi.
Elə
ilk gündən Tehranda
çıxan rəsmi qəzetlər Təbrizdə 600-dən
çox azərbaycanlı demokratın
öldürüldüyünü və minlərlə
insanın həbsindən yazırdı. Hələ
qoşunlar gəlməmişdən əvvəl Ərdəbil
şəhərini tutan şahsevənlər 40-dan çox azərbaycanlı
demokratı asmış, bir çoxlarını güllələmişdilər.
1947-ci il yanvarın 6-da "Ettelaat" Azərbaycan
demokratlarına qoşulmuş İran ordusunun 23 zabitinin hərbi
məhkəmə hökmü əsasında edam edilməsindən,
ertəsi gün isə Azərbaycanın görkəmli
simalarından biri olan Kəbirinin edam edilməsindən xəbər
verirdi.
Həmin
qəzet Səttarxanın
və Bağırxanın abidələrinin
vəhşicəsinə dağıdılmasını, Azərbaycan
dilində olan kitab və qəzetlərin odda
yandırılmasını məmnunluqla təsvir edirdi. Tehrana
gətirilən Azərbaycanın keçmiş
general-qubernatoru doktor Cavid, vilayət əncümənlərinin
sədri Şəbüstəri, Qazi Məhəmməd, Seyf
Qazi və bir neçə digər liderlər həbs edildi.
Tehran qəzetləri Azərbaycan məsələsində Qəvamın
xidmətlərini hər cür şişirdir və
"İranı xilas etdiklərini" sübut etməyə
çalışırdılar".
Maraqlıdır ki, İran Jurnalistlər Cəmiyyəti
dekabrın 24-də Azərbaycanın işğalı ilə
bağlı ziyafət təşkil edir və bu ziyafətdə
hərbi nazir general Əhmədi, Baş Qərargah rəisi
general Rəzmara və digər nazirlər iştirak edirlər.
Qəbulda baş qərargah rəisi general Rəzmara
çıxış edərək bildirir ki, (ARDA.F1. siy.4,
s.v.81, vər.1-31) "Azərbaycan demokratları bütün
İranı ələ keçirmək istəyirlərdi və
bunun üçün çoxlu sayda silah-sursat
yığmışdılar, 100 mindən çox insana hərbi
işlərdə təlim keçiblər. Onlar öz
adamlarını, hətta xaricə hərbi təlim
üçün göndərirdilər. Bu vəziyyət 2 il
də davam etsə idi, bütün İranı ələ
keçirə biləcəkdilər".
"Ettelaat"ın məlumatına
görə, qoşunlar
dekabrın 27-dək Azərbaycanın hər yerindən 6
milyon patron, 20 min tüfəng, çoxlu ağır və
yüngül pulemyot və 200 yük maşını
toplayıblar.
Bağır Seyidzadənin şəxsi
qeydləri: "Azərbaycanda Pişəvəri
hərəkatının süqutundakı "xidmətlərinə"
görə və "parlaq qələbə" ilə əlaqədar
olaraq şah Qəvama və baş qərargah rəisi general Rəzmara
(və onun şəxsində orduya) yazılı şəkildə
xüsusi təşəkkürünü bildirdi.
Azərbaycan demokratlarına qarşı
mübarizə aparan mürtəce dəstələrin
başçıları - Zülfəqari, Yamini və
Əslahedərbami, o cümlədən, 20 zabit orden və
medallarla təltif edildi, rütbələri yüksəldildi.
Baş Qərargah şahsevənlərə (tayfa) xüsusi
minnətdarlığını bildirdi.
Dekabrın 22-də Tehranda "milli qəhrəmanlar"
rütbəsinə yüksəldilmiş Zülfəqari dəstələri
tərəfindən açılan qoşunların paradı
oldu. İran ordusunun baş komandanı, İran şahı Məhəmməd
Rza Pəhləvi hərbi yolla Azərbaycanda Pişəvəri
hökumətini ləğv etməsinə görə Zülfəqari
ordeni ilə təltif edilir. Şah Baş Qərargah rəisi
general Rəzmara İran Jandarma İdarəsinin rəisinin
müşaviri, amerikalı general Şvartskopfa xüsusi təşəkkür
məktubu ünvanlayır və orada şəxsən
Şvartskopf, eləcə də zabit və bütün şəxsi
heyətə Azərbaycanda ordu ilə birgə əməliyyatlarda
iştirak etdiyinə görə minnətdarlığını
bildirir".
Yeri gəlmişkən, bu o
demək idi ki, İran jandarması təkcə formal deyil, həm
də faktiki olaraq amerikalıların tam nəzarəti və
rəhbərliyi altında idi.
Azərbaycan demokratlarına qarşı
yeni yalanlar dalğası təşkil etmək məqsədilə
1946-cı il dekabrın 21-də "Ettelaat"da (ARDA.F.28,
siy.4, s.v.81, vər.1-31) dərc olunmuş yazıda deyilirdi ki,
"Heç bir din və ideya ilə bağlı olmayan bir
qrup şəxs bir il ərzində İranın ən
yaxşı vilayətlərini qarət edib, onları
soyqırımına qərq etdilər. Şəhərlər
məktəblərdən, xəstəxanalardan, həkimlərdən
və dərmanlardan tamamilə məhrum idi (bu lap ağ yalan
idi. - A.M.)".
Digər
"Mehre İran" qəzeti
(ARDA.F.28, siy.4, s.v.81, vər.1-31) 30 Dekabr 1946-cı il
sayında bildirirdi: Azərbaycan hadisələri nəticəsində
Azərbaycanın itkiləri 200 milyon tümən, hökumətin
itkiləri isə 100 milyon tüməndən artıqdır.
Azərbaycan demokratik hərəkatına çamur ataraq, qəzet
onu da təxribatla qeyd edirdi ki, guya Pişəvəri Kənd Təsərrüfatı
Bankının Təbriz şöbəsindən 300 min tümən,
Azərbaycan bankından və əhalinin vəsaitindən 600
min tüməndən çox pul götürüb".
Bununla bağlı Bağır Seyidzadənin şəxsi qeydləri: ADP rəhbərlərini
gözdən salmaq və sadə insanlar arasında onların mənfi
obrazını yaratmaq üçün İran mətbuatı
guya Pişəvərinin Kənd Təsərrüfatı
Bankının Təbriz şöbəsindən 300 min tümən,
Azərbaycan bankındakı əhalinin vəsaitindən 600
min tüməndən çox pul götürməsi ilə
bağlı tam yalan yazılar dərc edirdi (yəqin elə Təbrizə
girən Şah qüvvələri bu pulları mənimsəyərək,
ölkəni tərk edən demokratların ayaqlarına
yazırdılar - A.M.)".
(Davamı olacaq)
Adıgözəl MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, №2.- S.14.