Almas İldırımın
xatirəsi Türkiyə
və mühacirət mətbuatında
(Şairin vəfatı münasibətilə
dərc edilən yazılar əsasında)
Azərbaycan mühacirət ədəbiyyatını
öz dəyərli əsərləri ilə zənginləşdirən Almas İldırım ömrünün
Türkiyə Cümhuriyyəti
ilə bağlanan 17 illik bir zaman kəsimində həm verimli ədəbi fəaliyyəti, həm də çalışma həyatındakı örnək
tutumu ilə buranın bir sıra bölgələrində
bilinən şəxsiyyətə
çevrilmiş, şair
və vətəndaş
kimliyi ilə qardaş ölkə ictimaiyyətində sayğı
ilə qəbul edilmişdir.
A.İldırım 14 yanvar 1952-ci ildə
Malatyanın Qala nahiyəsində vəfat etmişdir. Şairin
İran sərhədində saxlanılan zaman yaşadığı
işgəncələrin böyrəklərində
qalıcı fəsadlar
yaratması çox erkən - heç 45 yaşına çatmamış
ölümünə səbəb
olmuşdur. A.İldırımın
vaxtsız vəfatı
Azərbaycan mühacirətinin,
onu yaxından tanıyan türkiyəli soydaşlarının, dostlarının
dərin kədərinə
səbəb olmuş,
şairin dəfn mərasiminə bölgə
əhalisinin müxtəlif
təbəqələrini təmsil
edən insanlar, sənətinin pərəstişkarları,
habelə Malatya valisi başda olmaqla, vilayətin dövlət idarələrinin qulluqçuları
da qatılmışlar.
O, Malatyada - Sancaqdar qəbiristanlığında böyük
bir izdihamın müşayiətilə torpağa
verilsə də, məzarı sonradan itib-batmış, axtarışlara
baxmayaraq, müəyyənləşdirilməsi
mümkün olmamışdır.
Azər Almas müsahibələrinin
birində atasının
qəbrinin dağıdılaraq
üzərindən yol
çəkildiyini söyləmişdir.
Şairin nəvəsi,
A.Almasın oğlu İldırım Rutil
Almas isə babasının
məzarının tapılması
üçün Azərbaycan
tərəfindən yardımlar
edilərək Türkiyəyə
heyət göndərildiyini,
buna baxmayaraq dəfn yerini müəyyənləşdirməyin
mümkün olmadığını
təəssüflə qeyd
edir: "Azərbaycan
dövləti Almas İldırımın
məzarının tapılması
ilə bağlı böyük işlər gördü. Azərbaycandan
Türkiyəyə heyət
göndərildi, Türkiyə
hökumətinin də
dəstəyilə axtarış
aparıldı. Amma ovaxtkı
qəbiristanlığın ərazisindən yol çəkiləndə bir
çox məzar düzgün daşınmadı,
itib-batdı. Sonra da güclü
sel yuyub apardı. Nəticədə
məzarlığın yarısı
məhv olub. Biz Almas İldırımın məzarının
tapılmamasının qəribə
bir tilsiminin olduğuna inanırıq"
(Dilqəm Əhməd.
Almas İldırım xatirələrdə,
2017, s.80).
A.İldırımın vəfatı Türkiyə dövri mətbuatının diqqət
mərkəzində olmuş,
bu münasibətlə
müxtəlif dərgi
və qəzetlərdə
xəbərlər, başsağlığı
mətnləri və şairi anma məqsədi daşıyan
yazılar dərc olunmuşdur. Həmin yazıların bəziləri
isə yalnız təziyə xarakteri daşımaqla qalmayıb,
şair barəsində
bir sıra yeni sayıla biləcək, maraq doğuran məlumatları da özündə
ehtiva edir.
"Demokrat Malatya" qəzetinin
1952-ci ilin yanvarına
aid müxtəlif saylarında
qəzet adından ümumilikdə 3 yazı
- "Almas İldırımı kayb etdik", "Kayb edilən bir dəyər",
"Almas İldırım anıldı" nəşr
edilmişdir.
"Almas
İldırımı kayb
etdik" adlı yazı milliyyətçi
şairin vəfatından
dolayı ictimaiyyətin
dərin kədərini
ifadə etməklə,
14 yanvar tarixində bölgənin dövlət
adamlarının da iştirakı
ilə dəfn mərasimi keçirildiyini
xəbər verməkdədir.
Həmin mərasimə
qatılan şəxslər
arasında Malatya valisi,
vali müavini, Jandarma
alay komutanı, dairə müdirləri, hökumət təbibləri,
Malatya Milliyyətçilər Dərnəyinin idarə heyəti üzvləri, Dərnək başqanı
Lütfi Beydağı,
mətbuat mənsubları
və başqaları
olmuşlar. Bir cəlbedici
xüsus da bütün
həyatı boyu türklük naminə mübarizə aparıb şeirlər yazan A.İldırımın 1944-cü il İrqçilik-turançılıq davası zamanı Cümhuriyyət Xalq Partiyasının qəhrinə
uğradığının göstərilməsidir. Yazının
sonunda isə qəzet şairin ruhuna ehtiram əlaməti olaraq, onun sevilən şeirlərindən "Kremlini
yakacağım"ı növbəti
sayda oxuculara təqdim edəcəyi qeydini verir ("Demokrat 15 ocak, sayı 269, s.1).
Yenə
qəzet adından yayımlanan "Kayb edilən bir dəyər" yazısı
səmimi duyğuların,
dərin təəssüf
hissinin ifadəsi olub, belə bir qənaəti əminliklə aşılayır
ki, fiziki yoxluğuna baxmayaraq, A.İldırım
örnək şəxsiyyəti
və milli ruhlu sənəti ilə yenə türkçü
gənclərə öndər
rolunu oynayacaqdır. Şairin kommunizmə qarşı nifrəti, hətta bir qədər irəli gedərək, Malatyada ona qarşı mücadilə aparmaq üçün cəmiyyət
qurmaq istəməsi,
son nəfəsində belə,
bu rejimə lənət oxuması da diqqətçəkən məqamlar
kimi yer almaqdadır. "Hər türk mühəqqəq
ki, milliyyətpərvərdir, hər türk mühəqqəq ki, millətini
və məmləkətini
sevər. Fəqət
mən burada içimizdə vətənimizi
və millətimizi ən çox sevən kim derlərsə, mühəqqəq
ki, Almas İldırım göstərilə
bilər deyə bir iddiada bulunacağam"
("Demokrat Malatya" gaz.,16 ocak, sayı 270, s.1) fikri isə şairin şəxsiyyətini,
millət sevgisini səciyyələndirmək baxımından
diqqəti cəlb edir. Ənvər Arasın qənaətinə
görə, bu məqalə "Demokrat
Malatya" qəzetinin yazı
işləri müdiri
Bahaəddin Ərdəm
tərəfindən yazılmışdır
(Enver Aras. Hazar'dan Hazar'a Elmas Yıldırım,
Elazığ, 2007, s.132).
"Almas
İldırım anıldı"
adlı qısa xəbəri isə olduğu kimi təqdim edirik: "Mərkəzi Ankarada bulunan şəhrimiz Türk Milliyyətçilər
Dərnəyi əvvəlki
gün dərnək binasında şair Almas İldırımı anma
gecəsi tərtib etmiş və şairin həyatı anladılaraq şeirləri
oxunmuşdur" ("Demokrat
Malatya" gaz., 23 ocak, sayı
280, s.1).
Şairin
Türk Milliyyətçilər
Dərnəyində (bundan
sonra: TMD) anılması
təsadüfi deyildir.
1951-ci ildə ilk olaraq
Ankarada qurulan bu dərnəyin 15 ay ərzində Türkiyənin
müxtəlif bölgələrində
60 şöbəsi fəaliyyətə
başlamış, A.İldırım
da qurumun Malatya şöbəsində
vəzifə tutmuşdur.
Bununla əlaqədar olaraq, "Demokrat
Malatya" qəzetinin 1951-ci ilə aid 198-ci sayında məhz Malatya şöbəsinin
açılış mərasiminə
dair bir xəbər paylaşılmışdır.
Həmin xəbərdə
dərnək başqanının
nitqindən sonra milli şeirlər oxunduğu, xüsusilə, A.İldırımın
"Kremlini yakacağım"
şeirinin böyük
alqışa səbəb
olduğu ifadə edilmişdir (s.1). Onu da qeyd edək ki, şair TMD-nin Malatya şöbəsində Heysiyyət
divanı üzvlərindən
biri kimi fəaliyyət göstərmiş,
dərnəyin ölkə
ərazisində təşkilatlanmasına
öz xidmətlərini
göstərmişdir. Həmin
vəzifəyə seçilməsi
xəbərini "Məfkurə"
qəzetindəki "Dərnəyimizin
Malatya və Kırıkkale
Şöbələri Ümumi
Heyət Toplantıları"
adlı xəbərdən
öyrənirik. Bu toplantı
25 noyabr 1951-ci ildə
keçirilsə də,
xəbəri 26 yanvar
1952-ci ildə dərc
edilmişdir. Qəzetdən
oxuyuruq: "Heysiyyət
divanına Almas İldırım,
Musa Diltəmiz, Zülfikar
İnanç, Əkrəm
Kağızmanlı, İsmail Yardım, Mövlud Oğuz seçildilər"
(s.2).
A.İldırımın sözügedən
dərnəklə bağlılığı
onun mühacirət dönəmi həyatına
dair daha bir önəmli fakt kimi nəzərə
alınmalıdır.
Haşiyə çıxaraq, sözügedən
dərnəyin əhəmiyyəti
barədə də qısa bilgi vermək yerinə düşər: türk milliyyətçiliyini yüksək
səviyyəyə qaldırmaq,
bu amalın daşıyıcılarını təşkilatlandıraraq onları
vahid bir çevrədə toplamaq,
milli birlik ideyalarını
yaymaq, yeni nəsil türk gənclərini əsl milliyyətçi kimi yetişdirmək TMD-nin qurulma məqsədlərindəndir.
Belə bir mühüm amal uğrunda fəaliyyət və mübarizəsinə
baxmayaraq, TMD çox qısa bir müddət
sonra - 1953-cü ildə
qapadılmışdır.
"Gayret" qəzetinin 15 yanvar 1952-ci il, 932-ci sayında
"Acı bir kayıp" adı ilə bir xəbər
yer alır ki, burada Qala nahiyə
müdiri A.İldırımın
tutulduğu xəstəlikdən
dolayı vəfat etdiyi, cənazəsinə
valinin də qatıldığı qeyd
edilmişdir (s.1). Həmin
qəzetin növbəti
saylarının birində
yayımlanan "Türk
Milliyyətçilər Dərnəyində
Konfrans" adlı xəbərin sonunda "Dərnək aralarından
əbədiyyən ayrılan
dəyərli şair
Almas İldırım üçün
bir anma günü hazırlanmaqdadır"
(sayı 938, s.1) məlumatı
yer alır. Bu qəzetdə digər bir xəbər isə "Türk Milliyyətçilər Dərnəyinin
tərtiblədiyi Almas İldırım
gecəsi" adlanır
və yazıdan aydın olur ki, 25 yanvar 1952-ci ildə həmin dərnəyin binasında şairi anmaq məqsədilə bir mərasim təşkil olunmuş, ondan "cəfakeş şair və tanınmış türkçü"
(sayı 944, s.1) deyə
bəhs edilərək
gecəyə qatılan
geniş dinləyici kütləsi üçün
şairin şeirləri
səsləndirilmişdir.
"Yeni
Malatya" qəzetində "Türk Milliyyətçilər
Dərnəyinin fəaliyyətləri"
adlı xəbərdə
A.İldırımın vəfatı
səbəbindən Dərnəyin
keçirdiyi konfranslara
bir həftəlik ara veriləcəyi və şair üçün bir anma gecəsi təşkil ediləcəyi
bilgisi verilmişdir
(25 ocak 1952, sayı
655, s.1).
Türk
Milliyyətçilər Dərnəyinin
orqanı olan "Məfkurə" dərgisi
də şairi anmış, 1952-ci il 16-cı sayında
"Acı bir kayıp: Almas İldırım
Tanrının rəhmətinə
qovuşdu" və
"Türk Milliyyətçilər
Dərnəyi Malatya şöbəsində
Almas İldırım anıldı"
xəbərlərini yayımlamışdı.
Şairin ömrünü
türklüyə xidmətdə
keçirdiyi, Malatya şöbəsində
vəzifəsi olduğu
və s. qeyd etdiyimiz ilk yazıda yer alan məlumatlardandır.
Burada digər maraqlı bir nüans Azərbaycan Kültür Dərnəyi
tərəfindən "Almas İldırımın seçilmiş
şeirləri" kitabından
əldə ediləcək
gəlirin şairin ailəsinə çatacağının
bildirilməsidir (s.1). İkinci
xəbərdə isə
25 yanvar 1952-ci ildə
Dərnəyin Malatya şöbəsində
şairin vəfatı
münasibətilə anma
gecəsi keçirildiyi,
müxtəlif şeirlərinin
səsləndirildiyi qeyd
olunmuşdur (s.1).
Prof.dr. Nəcməddin Səfərcioğlu
"Türk Milliyyətçilər
Dərnəyi və qapadılış davası"
(İstanbul, 2012, 136 s.) adlı kitabında TMD qurultayına
sunulan ümumi idarə heyəti raporunu da təqdim etmişdir ki, bu raporun müvafiq hissəsində (Ümumi Mərkəzin xətti-hərəkəti
və dərnək çalışmaları) A.İldırımın
vəfatı münasibətilə
qısa başsağlığı
da öz əksini tapmışdır: "İki
arkadaşımızın, Kütahya Şöbəsi
başqanı Cəmil
Tuğcuoğlu ilə
Malatya Şöbəsi Heysiyyət
divanı başqanı
Almas İldırım bəylərin
cisimləri aramızdan
ayrılmışdır. Davamızın
hər iki mücahidinə də Allahın rəhmətini diləriz" (s.102).
Ankarada yayımlanan, dönəmin
türkçü dərgilərindən
"Aras" dərgisində də A.İldırım anılmış, ölümü
münasibətilə 2 yazı
yayımlanmışdır. "Çox acı kaybımız" (1 şubat
1952, sayı 2) adlı
xəbərdə şairin
vəfatı barədə
yazılır: "Azərbaycanlı
milli şairimiz Almas İldırımın
əbədiyyən aramızdan
ayrıldığı acı
xəbərini yazılarımız
mətbəəyə verilərkən
təəssürlə öyrəndik"
(s.7). Daha sonra şairin "Gölcük"
şeiri təqdim olunur. Növbəti sayda isə onun şəxsiyyəti və həyatına daha çox yer veriləcəyi qeyd olunmuş və nəticədə dərginin 3-cü sayında
"Elmas Yıldırım"
(1 mart 1952, s.1.) adlı bir
səhifəlik nekroloq
dərc edilmişdir.
Qafqaz mühacirətinin mətbu
orqanı olan "Kafkasya" (Münhen) dərgisində M.Y. imzası
ilə görkəmli
söz ustasının
vəfatı münasibətilə
dərc edilmiş
"Azərbaycan şairi
Almas İldırım" (mart 1952, sayı 8, s.17-18) adlı yazıda isə daha çox onun yaradıcılığının
milli ruhu qabardılmış,
şeirlərindən örnəklər
verilmişdir.
Bundan əlavə, şairin ölümü münasibətilə
Azərbaycan Kültür
Dərnəyinin orqanı
- "Azərbaycan"da "Mərhum şair Almas İldırım" (1 nisan
1952, sayı 1, s.11-12), Münxendə
buraxılan, Azərbaycan
Milli Birlik Məclisinin
orqanı olan eyniadlı digər bir dərgidə "Şairimiz Almas İldırım"
(temmuz 1952, sayı 3,
s.17), "Yeni Malatya" qəzetində
"Almas İldırım: Ölümü münasibətilə"
(18 ocak 1952, sayı
649, s.1) kimi yazılar
da dərc edilmişdir.
Qeyd etdiyimiz ilk iki yazı şair
barəsində bənzər
biblioqrafik məlumatları
ehtiva edir. Sonda isə hər birində mərhumun yaradıcılığından
şeir nümunəsi
təqdim edilmişdir.
Yazarı Lütfi Beydağı olan sonuncu məqalədə isə müəllif TMD-nin Malatya şöbəsinin
açılış mərasimində
A.İldırımın "Kremlini yakacağım"
şeirini səsləndirməsindən
çox təsirləndiyini,
bu hadisədən sonra onunla dostlaşdığını,
şairin də dərnəyə üzv olduğunu qeyd etməkdədir. Lakin "səmimi
bir türkçü",
"dəyərli məfkurə
arkadaşımız" adlandırdığı
A.İldırımın həm
səhhətindəki problemlər,
həm də şəhərdən uzaq
məsafədə yaşaması
səbəbi ilə dərnəyin çalışmalarında
daha yaxından iştirak edə bilmədiyini, onunla sadəcə 3-5 dəfə
görüşmə imkanı
bulduğunu təəssüflə
qələmə almış,
şairin vəfatından
dolayı kədərini
ifadə etmişdir.
Göründüyü kimi, A.İldırımın vəfatı
ilə bağlı Türkiyə və mühacirət mətbuatında
yer almış yazılar onun yalnız fiziki yoxluğundan doğan kədər hissinin ifadəsi deyil, eyni zamanda şair
- vətəndaş kimliyinin
inikasıdır. Bütün
bu yazılanlar, təşkil edilən anım mərasimləri onun bir şair,
ziyalı, həmçinin
istiqlal mücahidi kimi Türkiyədə böyük nüfuzundan və ictimaiyyət tərəfindən şəxsinə
göstərilən dərin
ehtiramdan xəbər verir. Təəssüflər
olsun ki, ziyarət etmək üçün şairin məzar yeri bəlli olmasa da, bütün bu qeyd edilənlər
türkiyəli qardaşlarımızın
ona olan mənəvi borclarını
layiqincə yerinə yetirdiklərini sübut edir.
Hülya CƏBİYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
Azərbaycan mühacirət ədəbiyyatı
şöbəsinin elmi
işçisi
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, ¹2.- S.8.