Türkiyədən
dünyaya türk dili mesajı
Şair, ədəbiyyatşünas,
pedaqoq və jurnalist, fil.e.d., dos. Təranə Turan Rəhimli
Türk dünyasının nüfuzlu beynəlxalq ədəbi
təşkilatlarından biri olan KIBATEK – Kıbrıs,
İraq, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumu tərəfindən
2025-ci ilin Uluslararası Türk Dilinə Xidmət
Ödülünə layiq görülüb.
Xəbərdə
bildirilir ki, “bu mükafat Türk dilinin, Türk dünyası ədəbiyyatlarının
və ümumtürk mədəni dəyərlərinin beynəlxalq
miqyasda tanıdılması istiqamətində uzunmüddətli,
sistemli və ardıcıl fəaliyyət göstərən
elm və sənət adamlarına təqdim olunur. Mükafat
Türkiyənin İzmir və Aydın şəhərlərində
gerçəkləşən 12–14 dekabr 2025-ci il KIBATEK-in 50-ci
Uluslararası Ədəbiyyat Festivalının ilk günü
Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinə
bağlı Kültür Sanat Fabrikasında keçirilən
rəsmi mərasimdə təltif olunub. Mükafatın 15 Dekabr
– Dünya Türk Dili Ailəsi Günü ərəfəsində
təqdim edilməsi bu təltifi daha da mənalı və
simvolik edib. Türk dilinin birləşdirici gücünü,
ortaq yaddaş və mədəni kimlik
daşıyıcısı olmasını ifadə edən bu
tarixdə verilən mükafat, şair-alimin çoxillik elmi və
ədəbi fəaliyyətinə verilən yüksək beynəlxalq
qiymət kimi dəyərləndirilir”.
KIBATEK
İdarə Heyətinin rəsmi açıqlamasına
görə, “Təranə Turan Rəhimli bu ali mükafata
Türk Dünyası ədəbiyyatları sahəsində
apardığı fundamental elmi araşdırmalara, Azərbaycan
və Türkiyə ədəbiyyatları arasında
qurduğu möhkəm ədəbi-elmi əlaqələrə,
Türk dünyası ilə dünya ədəbiyyatları
arasında əlaqələrin inkişafına yönəlmiş
ardıcıl fəaliyyətinə görə layiq
görülüb. Onun Asiya, Avropa, Amerika və Afrika qitələrindəki
60-dan artıq ölkədə yayımlanan elmi və bədii
əsərləri Türk dilinin və ədəbiyyatının
qlobal miqyasda tanıdılmasına mühüm töhfə
kimi dəyərləndirilib. Uzun illərdir KIBATEK ailəsinin
fəal üzvü kimi qurumun beynəlxalq elmi, ədəbi və
mədəni layihələrinə verdiyi davamlı dəstək
də xüsusi vurğulanıb. Rəsmi “Ödül
açıqlaması”nda qurumun rəhbərliyi Təranə
Turan Rəhimliyə bu mükafatı təqdim etməkdən
qürur duyduğunu, onun türk dilinə, türk
dünyası ədəbiyyatına və türkologiyaya
verdiyi intensiv töhfələrin daim davam edəcəyinə
inandığını da qeyd edib”.
O,
“KIBATEK-in 50-ci Uluslararası Ədəbiyyat Festivalının
ilk günündə, 12 dekabrda, Türkiyə Cümhuriyyəti
Mədəniyyət Nazirliyinin Kültür Sanat Fabrikasında
Türk Dilinə Xidmət Ödülü ilə təltif
edilmək mənim üçün böyük şərəf
oldu. Festival sevincini ikiqat möhtəşəmliyi ilə
yaşadım. Bu mükafatın 15 Dekabr Dünya Türk Dili
Ailəsi Günü ərəfəsində təqdim edilməsi
isə onun mənəvi dəyərini daha da artırdı.
Başda Kıbrıs, İraq, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları
Qurumunun fəxri başqanı Fəyyaz Sağlam olmaqla, bu
prosesdə əməyi keçən hər kəsə sonsuz
təşəkkürümü bildirirəm. 50 ölkə
adına verilən bu böyük etimadı daha miqyaslı elmi
və ədəbi çalışmalarla doğrultmaq
üçün yolumuz açıq olsun” deyə bildirib.
Eyni
zamanda, “Festival günlərində Türkiyə, Azərbaycan,
Moldova (Qaqauziya), Bolqarıstan, Kosova, Rumıniya, Şimali Kipr,
Serbiya, Bosniya və Herseqovina, İraq və İranı təmsil
edən şairlər, yazıçılar və alimlər
bir araya gələrək poeziya, ədəbiyyat və mədəniyyətin
birləşdirici missiyasını nümayiş etdiriblər.
Bu mənada 50-ci KIBATEK Uluslararası Ədəbiyyat
Festivalı Türk dünyasının geniş
coğrafiyasını əhatə edən mühüm mədəni
platforma kimi yadda qalıb”.
Bildirilib
ki, “Təranə Turan Rəhimli çıxışında
1990-cı illərdən bəri türk xalqıarı ədəbiyyatına
dair ədəbi-mədəni xidmətlərinin, KIBATEK-lə əlaqələrinin
maraqlı tarixçəsini də yada salıb: “Qazax
düşünürü Mustafa Çokay deyib ki, “Hər
Türk’ün iki vətənı vardır: Birincisi
özünün doğulduğu torpaqlar, ikincisi Türkiyədir.”
Azərbaycan xalqı sovet dövründə 70 il ikinci Vətəninə,
Türkiyəyə həsrət qalıb. Buna görə də
90-cı illərdə Azərbaycan öz müstəqilliyini
qazandıqdan sonra dərhal ikinci Vətənə
qovuşmağa can atdıq. İlk növbədə Türkiyə
ilə ədəbi-mədəni əlaqələr qurduq. Fəyyaz
Sağlam hocamızın Batı Trakya türkləri, ümumilikdə
Balkan türkləri ədəbiyyatı ilə bağlı
araşdırmaları haqqında 1998-ci ildə eşitdik.
1999-cu ildə Fəyyaz Sağlamın ədəbi-elmi fəaliyyəti
ilə bağlı ilk məqaləmi 1999-cu ildə yazıb
redaktoru olduğum “Azərbaycan mübarizləri” qəzetində
nəşr etdirdim. Həmin məqalə ilə bağlı
Türkiyə Səfirliyinə dəvət olundum və səfirliyin
məsul işçisi Ümit Yardım bəy Batı Trakya ədəbiyyatı
və Balkan ədəbiyyatının fədakar tədqiqatçısı
Fəyyaz Sağlamla bağlı araşdırma məqaləm
üçün məni təbrik etdi. Səfirlikdən
çıxanda Batı Trakya ilə bağlı bir qucaq kitab,
foto-albom və s. hədiyyə ilə evə gəlmişdim.
Beləcə Fəyyaz Sağlamla və qurucusu olduğu
Kıbrıs Balkanlar Avrasya Türk Ədəbiyyatları
Qurumu ilə əlaqələrimin təməli qoyuldu. Həmin
illərdə Azərbaycanlı professorlar Vaqif Sultanlı, Təyyar
Salamoğlu, Vüqar Əhməd, Elçin İsgəndərzadə
Fəyyaz bəylə əlaqə yaratmış, onun
araşdırmalarına elmi münasibət bildirmişdilər.
2008-ci ildə KIBATEK-in Bakıda gerçəkləşən,
müəllimi oldiğum Azərbaycan Dövlət Pedaqoji
Universitetində keçirilən şeir şölənində
iştirak etdim. O vaxtdan başlayaraq müntəzəm şəkildə
KIBATEK tədbirlərinə dəvət aldım və
böyük şərəf duyaraq qatıldım.” KIBATEK 27
ildir ki, Türk ədəbiyyatını və ulu Türkcəmizi
bütün dünyada təbliğ etmək, tanıtmaq kimi
önəmli bir missiyaya xidmət edir. Onun uğurlara gedən
yolu Türkiyədən Qafqazlara, Rusiyaya, Balkanlara, Avropaya, uzaq
Avstraliyaya qədər böyük bir coğrafiyanı əhatə
edir. Bu uzun və şərəfli yolda KIBATEK üzvü
olaraq Türk dünyasına, onun mədəniyyət və ədəbiyyatına
kiçicik bir qatqımız oldusa nə mutlu bizə!
Dünyanın 60-a qədər ölkəsindən
aldığım uluslararası ödüllər içində
KIBATEK ödülünün yeri bir başqadır”.
Qeyd edək
ki, “Təranə Turan Rəhimlinin KIBATEK tərəfindən
Türk Dilinə Xidmət Ödülü ilə təltif
edilməsi yalnız bir alim və şairin şəxsi
uğuru deyil, eyni zamanda Azərbaycan elminin və ədəbiyyatının
beynəlxalq nüfuzunun göstəricisi kimi də dəyərləndirilir.
Bu mükafat Türk dilinin yaşadılması,
inkişafı və gələcək nəsillərə
ötürülməsi yolunda görülən işlərin
yüksək beynəlxalq səviyyədə qəbul edildiyini
bir daha təsdiqləyir”.
Mustafa
Özge
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, ¹2.- S.11.