Azadlığın yeni fəlsəfəsi:
KÖHNƏLMİŞ AZADLIQLAR
Zal işıqlı idi. Amma bu işıq
lampalardan gələn adi aydınlığı yox, daha
çox uzun illərdir dəyişməyən bir rahatlıq
hissini xatırladırdı. Elə bil buradakı hər
şey artıq çoxdan qərarını vermişdi və
indi sadəcə həmin qərarla yaşamağa davam edirdi.
Şüşə divarların arxasında
payızın şəhərin üzərinə necə
sakitcə endiyini görmək olurdu. Küçələrdə
tələskənlik yox idi. İnsanlar addımlarını
yavaş atırdı. Yarpaqlar yerə düşəndə
belə, sanki tələsmirdi, səs salmırdı. Avropa
payızı həmişə belə olur: təbiət solur,
amma heç nə dağılmır, həyat öz
nizamını qoruyur, sanki dəyişmək üçün
səbəb görmür və axtarmır...
Bu sükutda əslində, dərin səssizlik,
rahatlıqda isə ətalət hiss etdim...
Çoxdankı fikrimdir, Avropa qocalmaqdan
öncə köhnəlib...
Zaldakı, auditoriyadakı elə ilk təəssüratım bu qənaətimi daha da qətiləşdirdi...
Maraqlı məqamlardan biri bu zalın içində hər şeyin ölçü ilə, daha doğrusu, konkret standartlar formatında olması idi. Stulların düzülüşü elə idi ki, nə doğmalıq yaradırdı, nə də soyuqluq, sadəcə insanların heç nəyini yox, onların necə oturmalı olduğunu qəbul edirdi.
Vaxt divarlardan asılmış cədvəllərdə hissələrə bölünmüşdü. Elə zənn etdim ki, burada zaman da ötmür, axmır, sadəcə ölçülür, bölünür və nəzarət altında saxlanılırdı... Hər dəqiqənin yeri bəlli idi, hər an əvvəlcədən hesablanmışdı...
Elə bil zaman burada yaşanmırdı, sadəcə idarə olunurdu. Sanki zamanın özü də arxayınlaşmışdı, fəlsəfi kateqoriya olmaqdan çıxıb, insanın yaratdığı və idarə etdiyi bir anlayış kimi mövcud idi.
Hətta
alqışlar belə fərqli idi. Onlarda nə coşqu, nə
ehtiras vardı, nə də etiraz... Sadəcə formal mahiyyət
daşıyırdı. Elə bil hər kəs nə vaxt
alqışlamaq lazım olduğunu əvvəlcədən
bilirdi və heç kim bu qaydanı pozmaq istəmirdi.
...Avropalı
gənc siyasətçi-alim tribunaya qalxanda
anlaşıldı ki, zal onu artıq tanıyır. Natiq
Avropanın gələcəyi ilə bağlı fikirlərini
açıq və arxayın dillə ifadə edir, bu
arxayınlığı şəxsi cəsarətdən
çox, uzun illər formalaşmış mühitdən
alırdı. Aydın hiss olunurdu ki, o, dinləyiciləri
inandırmağa ehtiyac duymur, söylədiklərinin
mübahisə doğurmayacağını və zala
toplaşanların razılaşmaq üçün gəldiyini
bilirdi.
Zahirən
normal görünən bu rahatlıq düşüncəni
oyadan gərginlikdən uzaq olsa da, səslənən fikirlər
mövcud düşüncə rahatlığını qorumaq
məqsədi daşıyırdı. Nitqinə azadlıq
anlayışı ilə başlayan natiq bu anlayışı
nə sual, nə də problem kimi qoyur, onu artıq
tapılmış və hamı üçün qəbul
olunmuş bir həqiqət kimi təqdim edir,
azadlığı həm başlanğıc nöqtəsi, həm
də düşüncələri səssiz şəkildə
çərçivəyə alan görünməz sərhəd
kimi təqdim edirdi.
Gənc
çıxışına "Azadlıq universal dəyərdir"
deyərək davam etdi. Onun dedikləri sadə
görünürdü, amma uzun illərin təcrübəsi
və düşüncəsi ilə formalaşmış həqiqəti
əks etdirirdi. Dinləyicilər diqqətlə qulaq asır,
hər ifadəni sakitliklə təsdiqləyirdilər. O
vurğuladı ki, azadlıq mədəniyyət
tanımır, tarix seçmir. Harada yaşamağından
asılı olmayaraq, hər insan öz həyatına sahib
olmaq istəyir. Azadlıq yalnız qanunlarda yox, gündəlik
qərarlarda, hər seçimdə yaşanmalıdır. Fərqli
dillər və adətlər olsa da, insanların eyni
ehtiyacı var: seçim etmək və
varlığını tam yaşamaq. Bu sadə sözlərin
arxasında isə insan təcrübəsi, tarix boyu
formalaşmış arzular və itirilmiş imkanların
çəkisi dayanır.
Bəli,
mənə görə də sözlər sadə idi, amma
mahiyyəti dərin, çəkisi böyük idi. Zalın səssizliyi,
diqqəti və ölçülü nəfəsi bu çəkini
daha da artırırdı. Eyni zamanda hiss edirdim ki, bu sadəliyin
arxasında hələ cavabsız qalmış böyük
suallar və dəyərlər gizlənib. Zalın hər
küncündə eyni sakitlik vardı, insanlar dinləməklə
yanaşı, sanki bu fikirləri içlərinə çəkməyə
çalışırdılar.
Maraqlısı
odur ki, zalda görünməz bir ritm yaranmışdı. Bu
sözlərin arxasındakı mənaları anlamaq, öz
içimdə rahatlıq tapmaq istəyimi artırırdı,
düşünürdüm ki, zalın sükutu mənim
suallarıma cavab tapmağa çağırır.
Qeydlər
aparırdım. Daha doğrusu, dinləyirdim. Çünki bu
nitqdə məni narahat edən boşluq cümlələrin
arasında yox, baxışlarda, düşüncələrdə
idi. Danışılan azadlıq sanki zamanın
toxunmadığı, tarixdən kənarda dayanmış, təhlükəsiz
və səliqəli bir anlayış kimi təqdim olunurdu.
Maraqlı
idi ki, azadlıq artıq tələb kimi deyil, sanki
keçmişdən qalmış bir həqiqət kimi səslənirdi.
Natiqin sözləri düzgün və ardıcıl olsa da,
içimdə qəribə bir narahatlıq yaradırdı. Elə
bil Corc Oruellin "1984" romanındakı kimi, təhlükəsiz
görünən, riskdən təmizlənmiş azadlıq
formal olaraq mövcuddur, amma iti kənarları yonulmuş,
içi boşalmışdır...
Düşünürdüm:
azadlıq riskini itirəndə hələ də azadlıq
olaraq qalırmı?...
Öz
ölkəmi düşündüm - azadlığın uzun
illər həsrətə çevrildiyi, bəzən arzu, bəzən
qorxu kimi yaşandığı yeri...
XX əsrin
əvvəllərində qazanılan müstəqillik tezliklə
əlindən alınsa da, xalqın yaddaşında azadlıq
ruhu qorunmuş, nəsildən-nəslə
ötürülmüşdü. Yenidən əldə edilən
müstəqillik isə böyük sınaqlardan,
böhranlardan, faciələrdən keçdi...
Bu
azadlıq indi hər gündəlik seçimdə, hər
addımda hiss olunur, bəzən natamam, bəzən kobud olsa
da, həmişə canlı və irəliləmək
üçün güc verir. O, hüquqların və
qanunların rəmzi, təminatçısı olmaqla
yanaşı, həm də xalqın ruhunun, arzularının və
gələcəyə inamının ifadəsidir.
Buradakı
zalda isə azadlıq sanki vitrinə qoyulmuş, rəfdə
baxılan, amma toxunulmayan bir anlayış kimi
görünürdü...
Nitqin
sonuna yaxın alim səsini bir qədər aşağı
tona salaraq, sözlərini yekunlaşdırmaq istəyirdi.
Moderator sual-cavab hissəsini elan edəndə zalda
yüngül tərpəniş oldu, kağızlar səs
saldı, qələmlər yerini dəyişdi.
Bu anlar,
adətən formal olur: bir-iki təhlükəsiz sual, bir-iki təşəkkür,
sonra fasilə...
Amma mənim
içimdə yığılan suallar, mülahizələr
bu formata uymazdı. Bizim yaşadıqlarımıza rəğmən,
azadlıq haqqında danışmaq, lakin onun
canlılığını itirməsindən
danışmayaraq susmaq, artıq özü bir növ itaət
demək idi... Hamını eyni qəlibə salmaq olmaz,
axı...
Əlimi
qaldıranda zərrə qədər də həyəcanlanmadım.
Əksinə, qəribə bir sakitlik vardı içimdə...
Mikrofonu
götürəndə zal mənə tərəf
döndü, avropalı gənc alim də
baxışlarını mənə yönəltdi. Bu
baxışda maraq aydın görünürdü, o hələ
bilmirdi ki, az sonra eşidəcəyi sual cavabdan çox,
düşüncə tələb edəcək.
Dərin
nəfəs aldım və danışmağa
başladım...
-
Çıxışınıza görə təşəkkür
edirəm, amma bir şey məni rahat buraxmadı. Siz
azadlıqdan danışdınız, fikirləriniz dərin və
aydın idi. Hər sözün ardıcıllığı,
təqdimolunma tərzi dinləyicini
düşündürürdü, mövzunun əhəmiyyətini
hiss etdirirdi. Amma siz azadlığı daha çox hazır,
üzərinə etiket vurulmuş bir forma kimi təqdim etdiniz.
Elə bil azadlıq qablaşdırılıb, paylanmağa
hazırdır. Halbuki azadlıq paketlənə bilən dəyər
deyil. O, yaşanan, nəfəs alınan, hər gündəlik
seçimdə və hər qərarda hiss edilən bir
haldır. Məsələn, mənim ölkəm öz
azadlığını qazanmaq üçün uzun yol keçib,
qanlar tökülüb. Sonda azadlığı əldə
edib. Bunu biz qazanmışıq, heç kim paketdə bizə
verməyib.
Zalda
sükut yarandı. Bu dəfə sükut ənənəvi
deyildi. İnsanların diqqəti bir-birinə yönəlmişdi.
Avropalı alim üzümə baxdı, bir az da təəccüblə.
- Sizcə,
azadlıq universal deyilsə, bəs nədir? - soruşdu.
-
Bilirsinizmi? İnsan harada yaşamasından asılı
olmayaraq, öz taleyinin sahibi olmaq istəyir, bayaq siz də bunu
söylədiniz, amma bu arzu hər yerdə eyni cür ifadə
olunmur. Kant azadlığı ağlın özünə verdiyi
qanun kimi düşünürdü. Bu, Avropanın
ağrı ilə qazandığı nəticə idi. Amma hər
toplum azadlığı ağıl üzərindən deyil, bəzən
yaddaş üzərindən qurur.
Bir
anlıq dayandım, fikirlərimi sadələşdirdim:
- Avropada
azadlıq bir vaxtlar risk idi. Fransız İnqilabı zamanı
azad olmaq demək, hər an həyatını itirmək demək
idi. O azadlıq gərgin, təhlükəli, canlı idi.
İndi isə azadlıq daha çox qorunur, idarə olunur, tənzimlənir.
Hannah Arendt yazırdı ki, insan azadlığı vərdişə
çevrildikdə, onun mənası itir.
O,
yüngülcə gülümsədi və dedi:
- Amma
azadlıq təhlükəsiz olanda davamlı olur.
Dərhal
cavab verdim:
-
Doğrudur, amma təhlükəsizlik azadlığın məqsədi
olanda, ehtiras itir. Bir də ki, təhlükəsizliyi ədalətsizliklə
əldə etmək doğru deyil. Hüquqi baxımdan
yanaşdıqda da ədalətsizliyin qarşısını
başqa bir ədalətsizliklə almaq beynəlxalq hüququn
əsas prinsiplərinə ziddir. BMT Nizamnaməsi dövlətlərin
suverenliyini, ərazi bütövlüyünü və
gücdən istifadənin qadağan olunmasını
açıq şəkildə təsbit edir. Liviya nümunəsində
bu prinsiplər "humanitar müdaxilə" adı
altında faktiki olaraq kənara qoyuldu. Nəticədə,
hüquqi legitimlik yaranmadı, əksinə, dövlətçilik
dağıldı, mülki əhali daha böyük təhlükə
ilə üzləşdi. Beynəlxalq hüquq məhz belə
halların qarşısını almaq üçün
formalaşmışdı. Lakin Avropa bu hüquqi çərçivəni
yalnız öz siyasi maraqları ilə üst-üstə
düşəndə tanıyır, uyğun gəlmədikdə
isə onu selektiv şəkildə tətbiq edir. Bu mərhələdə
söhbət artıq hüququn aliliyindən yox, gücün
hüquq dili ilə əsaslandırılmasından gedir.
O
narahatlıqla susurdu, mən isə
çıxışımı söhbət tonunda davam etdim:
- Avropa
uzun yol keçib: üsyandan hüquqa, hüquqdan rifaha,
rifahdan rahatlığa. Bu yol pis deyil, amma azadlıq burada
yavaş-yavaş hissedilməz olub. Tocqueville yazırdı ki,
insanlar rahatlıq üçün azadlıqlarından
könüllü əl çəkəndə, bu, ən təhlükəli
itkidir. Benjamin Franklin deyirdi ki, təhlükəsizlik
üçün azadlıqdan əl çəkmək həm
azadlığı, həm rifahı itirmək deməkdir. Con
Stüart Mill isə vurğulayır ki, rahatlıq
üçün tənqidi düşüncədən imtina cəmiyyətin
azadlığını və ruhunu zəiflədir.
Uzağa
getmək lazım deyil, pandemiya dövründə biz bunu daha
aydın gördük. Avropa ölkələri çətin
anlarda əvvəlcə öz daxilinə qapandı, yardım
və resurslar əsasən milli sərhədlər çərçivəsində
düşünüldü, qlobal həmrəylik isə
çox vaxt bəyanat səviyyəsində qaldı, deklorativ
səciyyə daşıdı. Azərbaycan isə
imkanları daxilində bir çox ölkəyə humanitar və
tibbi yardım göstərdi. Bu, siyasi jest yox,
azadlığın məsuliyyət kimi dərk edilməsinin
ifadəsi idi. Çünki azadlıq yalnız öz təhlükəsizliyini
qorumaq deyil, başqasının çətin anında
paylaşmaqdır. Paylaşılmayan azadlıq dəyər
olmur, imtiyaza çevrilir. Zalda kimsə tərpənmirdi,
hamı sakitcə dinləyirdi.
Davam
etdim:
- Bu
gün Avropada gənclər azadlıqla yox, onun görünən
tərəfi ilə maraqlanırlar. Çünki azadlıq
artıq onlar üçün qazanılmış dəyər
deyil, sadəcə verilmiş vəziyyətdir. Heideggerin dili
ilə desək, azadlıq artıq "var olan", amma
"yaşanmayan" bir şeyə çevrilib.
Bir də
ki, siz Avropada vahid birlik - təşkilat daxilindəsiniz, amma hələ
də hüquqlar və azadlıq məsələsində
fikir ayrılığı var. Məsələn, miqrant
hüquqları və şəxsi azadlıqların məhdudlaşdırılması
məsələsində Fransa ilə Almaniya, Şərq ilə
Qərb arasında ciddi fərqlər qalır. Biz isə
azadlığı yalnız özümüz üçün
yox, hətta uzun illər düşmən mövqedə
olmuş Ermənistana belə hüquq və təhlükəsizlik
zəmanəti verərək qorumuşuq. Bu, onu
"forpost" olmaqdan xilas edib, regionu sülh yoluna yönəldib.
Avropada isə bəzi dairələr öz maraqları
üçün bu sülhə əngəl törədir, məhz
buna görə sizin azadlığınız prosedur kimi
qorunur, amma mənasını, ən əsası isə mahiyyətini
itirib.
Avropalı
alimin üzündəki gülümsər əhval artıq
itmişdi, baxışlarında müdafiə yox,
düşüncə duyğusu vardı.
Sakit səslə
soruşdu:
- Siz demək
istəyirsiniz ki, biz səhv yoldayıq?
Bu səsdə
nə qəzəb, nə də təkəbbür vardı.
Daha çox, cavabdan qorxan bir maraq hiss olunurdu.
- Amma bu
yol artıq bitib, artıq köhnə üsullarla yalnız
azadlığı qorumaq kifayət etmir, indi
azadlığın fəlsəfəsi dəyişməlidir:
onu yenidən hiss etmək, yaşamaq, hər kəs
üçün canlı etmək lazımdır. Mən bu
dediklərimi nəzəri müstəvidə yox, bir daha
konkret təcrübə üzərindən əsaslandıra
bilərəm. Avropanın Qafqaz siyasəti buna açıq
nümunədir. Azərbaycanın torpaqları otuz ilə
yaxın işğal altında qaldı. Bir milyondan artıq
insan öz yurdundan didərgin düşdü. Bu insanlar
üçün azadlıq hüquqi anlayış yox,
itirilmiş həyat idi. Amma bütün bu illər ərzində
Avropa azadlıqdan danışdı, eyni zamanda bu
haqsızlıqlara göz yumdu.
Zalda nəfəs
səsləri belə eşidilirdi.
- Burada
problem yalnız siyasi mövqe deyildi, problem azadlığın
selektiv hiss edilməsində idi. Avropa öz rahat həyatını
qoruyarkən, başqalarının azadlıq itkisini uzaq
coğrafiyanın statistikası kimi qəbul etdi. Yaşanan
azadlıqla başqalarına tövsiyə edilən azadlıq
arasında, şübhəsiz, bir fərq yarandı.
Avropalı
alim gözlərini yayındırmadan, diqqətlə dinləyirdi.
- Azərbaycan
bu fərqi kənardan gözləmədi, heç kimin
hazır modelini "kopyalamadı". Öz milli ruhu ilə,
tarixi yaddaşı ilə, dəyərləri ilə bu ədalətsizliyə
son qoydu. Azadlıq bizim üçün abstrakt anlayış
deyildi, öz dədə-baba torpağına qayıdış
idi, ədalətsiz azadlıq sükutunun pozulması idi,
yaddaşın dirilməsi idi...
Səsim
yumşaldı.
- Və
paradoks ondadır ki, biz bu gün yalnız öz
azadlığımızı bərpa etmirik. Biz Ermənistan cəmiyyətinin
də ilk dəfə real azadlıq seçimi imkanları ilə
üzləşdiyi bir mərhələnin qapısını
açmışıq. Sözdə azadlığın
müdafiəçisi olan dövlətlərin iç
üzünü bütün dünyaya göstərmişik.
Bu bir həqiqətdir ki, həqiqi azadlıq yalnız
başqasının azadlığını inkar etmədikdə
mövcud olur. Bizim regionda azadlıq təhlükəsiz
mühitdə formalaşmayıb. O, müharibə, itki və
risk içində sınanıb. Buna baxmayaraq, biz bu gün
sülhü düşməni zəiflətmək
üçün yox, onu asılılıqdan çıxarmaq
üçün təklif etdik. Bu, azadlığa yalnız
özün üçün yox, başqası
üçün də dəyər vermək deməkdir.
Bir qədər
susdum, sonra əlavə etdim:
-
Xahiş edirəm, elə düşünməyin ki, mən
Avropaya dərs keçirəm. Sadəcə
xatırladıram: azadlıq yalnız qorunan dəyər deyil,
paylaşılarkən ədalətli olmalıdır. Əks
halda, o, prinsip yox, imtiyaza çevrilir və imtiyaz heç vaxt
sizin qeyd etdiyiniz kimi universal ola bilməz.
Avropalı
gənc alim artıq sual vermirdi. O, bəlkə də ilk dəfə
azadlıq haqqında dediklərində məsuliyyət
axtarırdı. Zalda oturanlar da bunu dərk edirdi: məsuliyyətli
dövlət davranışı yalnız gücü həqiqət
və ədalətlə məhdudlaşdırmaq
bacarığında əsl mənasını tapır. Tarixi
təcrübə isə göstərir ki, ədalətə
zidd güc qısamüddətli nəticə verə bilər,
amma uzunmüddətli sabitliyi təmin etmir.
Şüşə
divarların arxasında axşam düşürdü. Günəş
Avropa şəhərlərinə xas olan sakit, yorğun
işıqla binaların kənarlarını
öpürdü...
Küçələrdə
tələskənlik yox, hər şey ölçülü
və yerindəydi. Bu sakitlik zahirən sabitlik versə də,
bilirdim ki, düşüncə ilə sarsılmayan sakitlik bir
gün sərt səslə qırılacaq...
Azadlıq
köhnəlmiş görünə bilər, amma tarix göstərir
ki, o heç vaxt tamamilə yox olmur; hər nəsil onu yenidən
formalaşdırmalı, bəzən qan və itki içindən,
bəzən isə cavabsız sualların və çətin
seçimlərin içindən keçirərək
yaşatmalıdır.
...Mikrofonlar söndürüləndə avropalı alim yerindən tərpənmədi. Şüşə divarlardan kənara baxırdı, amma sanki şəhəri yox, öz düşüncələrini nəzərdən keçirirdi. Ukrayna, Yaxın Şərq, Qafqaz... "Təhlükəsizlik", "tarazlıq", "diplomatik zərurət" kimi sözlərlə izah edilən müharibələr indi onun baxışlarında başqa cür səslənirdi. Azadlıq yalnız şüar olaraq qalanda, nəticələrin ağırlığını anlamaq çətin olur.
Mənə elə gəlirdi ki, o artıq anlayır: azadlıq yalnız öz rahat çərçivəsində yaşananda deyil, başqasının həyatında ədalət yarandıqda canlı qalır. Əks halda, azadlıq dəyərdən imtiyaza çevrilir və bu, ya qorxu, ya da münaqişə doğurur.
Gənc alim yavaşca başını
çevirdi. Baxışlarında təşəkkür vardı,
amma hissini sözə çevirmədi. Azərbaycanın təcrübəsi
ona dərs yox, güzgü kimi təsir etmişdi. Millətin
yaddaşı və ruhu ilə bərpa olunan azadlıq, onun
düşüncəsində yeni suallar
açmışdı, o suallar ki, Avropa və dünya
üçün gələcək təhlükələri
anlamağa kömək edə bilər.
Axşam tam düşmüşdü. Zal
sakit idi, amma bu dəfə o sakitlik artıq fərqliydi...
Bəzən tarix bir insanın
düşüncəsinin dəyişməsi ilə
başlayır...
Sadiq
Qurbanov
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, №2.- S.12-13.