Təsəlli
Pişiklərin xoşbəxt olduğu
şəhərlərdə
itlər
bədbəxtdir,
itlərin xoşbəxt olduğu
şəhərlərdə
pişiklər,
razı
sala bilməzsən hamını,
heç
göylər də razı sala bilmir hər kəsi;
günəş də,
yağış da,
qar da,
külək də.
Birinə
xoş gəlir, birinə yox
nərgizin ətri,
pəncərəsini bağlayan var
bülbül cəh-cəh vuranda,
var ulduza, aya dil
uzadan da -
hər şeydən, hər kəsdən
narazı
yaranıb adam,
gözəl qız,
səni
bəyənməyənin
ürəyinə qadan.
Bir köks ötürümündə
Daha ucuz siqaretə keçmiş qoca -
sinəsinə düşmür təzəsi,
öskürdür onu
gözləri yaşarıncayadək.
Deyirəm ona:
"bəlkə əl çəkəsən həmişəlik,
zərərdir sənə,
pulun yoxdur, üstəlik".
Köks
ötürür,
gözləri yol çəkə-çəkə,
barmaqlarının arasında
bərkdən sıxaraq kötüyü
daha möhkəm sümürərək,
zəhəri ürəklə içinə
çəkərək
zarafat edir:
"hamısını eləyən
arvaddır,
bezib əlimdən,
bahasını alanda deyinir,
ucuzundan
aldırır ki,
dul qalsın,
bir az da başı dinc yaşasın".
Gülüşürük,
sarı,
mırıq dişlərinin
arasında
sıxılır siqaretin kötüyü,
arvadı
sığallayır masanın
üstündəki örtüyü,
örtüyün üstündə rəngi
solmuş sarı güllər,
sonra
hər üçümüzün üzündən
yağır kədər
-
uçuşur havada halqalar.
Uşaqlığımda tutmaq istəyərdim onları,
amma həmişə əllərim
boş qalardı,
siqaret dumanı kimidir ömür də,
gün də
əriyib
yoxa çıxır
bir köks ötürümündə.
Gənclik üçün darıxmaq
Dar bir pilləkəndə
qız kitabı saldı əlindən,
cavan oğlan kitabı yerdən qaldırdı,
kitabın uzun, maraqlı adı vardı:
"Bir qəpiyim də yox idi,
qız isə çox gözəl idi",
hər şeyi oxumaq xəstəliyim baş qaldırmış,
kitabın adını oxumuşdum
tezcənə.
Qız gülümsədi,
oğlan
başını salladı,
hərə ayrılıb öz
yoluna getdi pilləkənin başında;
seriallardakı kimi olmadı,
başlamadı romantik sevgi;
bəlkə bir şans idi ikisi üçün
də,
qaçırtmışdılar əldən,
bəlkə belə sıradan
başlanğıc
xəyalında deyildilər,
ya da sevgililəri vardı.
Qız gözəl idi,
oğlanın pulu, güman
ki, yox idi,
hardan olsun tələbənin pulu?!
Bəs bu səhnə yadımda niyə qaldı?
bəlkə ikisi də unutmuşlar dünəndən.
Niyə
istədim ki, bu səhnənin
axırı
yaxşı qurtarsın?!
o gözəl qız alicənab
oğlandan
həmişəlik ayrılmasın
o pilləkənin sonunda
niyə?!
***
Çəkilib xəlvətə
şeir
yazıram.
barmaqlarımın
rəqsinin səsi yayılır
evə.
Ərim
güdür məni -
görən, kimlə yazışıram?!
Əslində haqlıdır güdməkdə
-
yazışmaqdır şeirlər
xəyali
bir qüvvəylə.
Ayrılmaqdır evindən,
yurdundan,
doğmalarından,
hamıdan,
hər yerdən getməkdir həm də.
***
Şəhər yuxuya qərq olub,
çamadanını sürərək
gedir bir adam;
nə qədər səssiz getməyə çalışsa
da,
həm də qaranlıq kimi
kimsələrə görünmədən
qulaq kəsilirəm gedişinə,
qaranlıq eyvanımdan boylanıram
dalınca
bu gedən yad adamın.
Gecə
saat dörddür,
tanımadığım adamın gedişi,
çamadanın təkərlərinin səsi
kədərləndirir məni,
baxıram dalınca
gözdən itincə,
sanki sonuncu adam idi
bu şəhərdən çıxıb
gedən.
Yerin üstündə,
göyün altında
təkcənə qaldım indi mən.
***
Lombarddan
çıxartdım
nişan
üzüyümü,
həbsxanadan çıxan
əziz
adam kimi
sevindim onu görməyimə,
ovcuma almağıma;
doğma
gəldi gözümə,
əvvəlki kimi,
amma həm də yad idi,
kobudlaşan,
sərtləşən
barmağıma olmurdu daha...
Sevinc ELSEVƏR
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, ¹2.- S.13.