O
Hekayə
"Gəlmə" silsiləsindən
Obaşdandı, üfüqdə günəş
hələ boy verməyib.
Şəhər indi-indi oyanır,
uzaqdan zəif həniri gəlir.
Baltik dənizinin ləpələri
elə bil yuxudan kal durub - sahilə candərdi
sürünür. Bala ördəklər də
analarının arxasınca
mürgülü-mürgülü üzür. Bayaq işə
tələsən qonşu qadın da uşağını beləcə
yuxulu aparırdı bağçaya.
Mənimsə yuxulu yorğunluğum
yox, ayıq süstlüyüm var.
Oyağam!
Oyaq olan bir də
səba yelidi. Soyuq nəfəsiylə oyadır quşları,
dənizi, şəhəri.
***
Təhsilim
başa çatıb. Üç iliydi universitetdə
informasiya texnologiyalarından dərs alırdım. Bu illər
tək elm öyrətmədi, həyat dərsi də
keçdi mənə, həyatın hər deyəndə
görünməyən üzünü göstərdi.
Açığı, imtahandan uğurla keçib
oxumağa ölkə seçəndə bir qəsdim də təsəvvürümdə
qurduğum qaynar bir tələbəlik yaşamaq idi. Yox, gileylənmirəm.
Elə-belə, öz aramızda deyirəm. Avropanın ən
məşhur universitetlərindən birində təhsil, pəncərəsində
hər səhər dənizdə günəşi doğan tələbə
otağı, balaca, sakit şəhər, həftəsonları
gecə barında yaxşı pula saat hesabı iş, qısa
tətillərdə Avropanın tanış tələbələr
oxuyan ölkələrinə səyahətlər. Daha nə
olmalı idi ki!
Hər şey birinci kursun ilk ayından başladı. Bir gün bizə
yaşlı bir professor mühazirə oxudu. Onunla tanış
olduğum günü dünyaya baxışımın yeni
başlanğıc anı hesab edirəm.
Onu universitetin həyətində,
dəhlizlərində bir neçə dəfə
görmüşdüm. Zövqlə geyinməyi, əlindəki
əsaya rəğmən şux yerişi onu başqalarından
fərqləndirirdi. Bir də cənublu siması. Müəllimlərin,
yuxarı kurs tələbələrinin ona xüsusi
ehtiramını adi seyrçi gözüylə də görmək
olurdu.
Bizə
mühazirəni ingilis
dilində keçirdi. Ləhcəsi
açıq-aydın hiss olunsa da, adama xoş gəlirdi.
Auditoriyanın diqqətini heç ağzını
açmadan özünə çəkirdi. Birinci dərsimiz
tanışlıqla başlamışdı. Sinfimizin
yarısı gəlmə idi, xeyli tələbə Çindən,
Hindistandan gəlmişdi. Fransadan, Ukraynadan da vardı. Azərbaycandan
tək mən idim.
Hamıdan çox mənimlə
kəlmə kəsdi. Qeyri-adi bir şey
soruşmadı, niyə bu ixtisası seçdiyimi xəbər
aldı, təhsili bitirib vətənə
qayıdıb-qayıtmayacağımla maraqlandı.
Bir gün yenə onun dərsiydi. Səhv etmirəmsə,
üçüncü mühazirəsiydi. Həmin gün dərs
bitəndə mənə yaxınlaşdı. Axşam şəhər
kitabxanası ilə üzbəüz "Espresso" kafesinə
dəvət elədi. Təzə tanış olduğum bir
qızla görüşəcəkdim, amma onun dəvətinə
"yox" deyə bilmədim.
Vədələşdiyimiz vaxtda kafeyə gəldim. Pəncərənin
qabağında ikinəfərlik masada əyləşmişdi.
O axşam bizim ingiliscə son söhbətimiz oldu. Ofisiant
qıza iki qəhvə sifariş verib, üzünü mənə
çevirib, qəribə bir təbəssümlə şirin,
doğma bir dildə - "Hə, indi vətəndən
danış", - dedi.
Onun azərbaycanlı olması
məni əməlli-başlı
çaşdırmışdı. Uzaq, yad ölkədə sənə
dərs deyən bir qoca professor o qədər tələbə
içində tək səni kafeyə dəvət eləyə,
özü də soydaşın çıxa, təəccüblənməyib
neyləyəsən! Əvvəl elə bildim Güneydəndi.
Bakıdan imiş.
Bizim ilk
semestrimiz onun
universitetdə son dərs ili oldu.
Sonrakı illərdə məni
dəfələrlə yeməyə də
qonaq elədi, çaya, qəhvəyə də. Onunla
görüşə min bir bəhanə ilə can
atırdım, söhbətlərindən zövq
alırdım. Bəzən zəng edirdim, gedib yoluxurdum.
Anamın göndərdiyi sovqatdan ona da pay ayırırdım.
Elə sevinirdi, elə qəribə baxırdı ki, o paya.
Tez-tez onu bir
təbrizli pizzaçının
yanında görürdüm. Güneyli soydaşlarla bura
yığışırdılar. O axşamların məclisi
uzun çəkirdi. İranda islam inqilabından sonra
başlayan mühacir dalğasında xeyli adam təqibdən
qaçıb bura pənah gətiribmiş. O da əlindən
gələn qədər kömək edibmiş onlara. Onlar da
bu yaxşılığı unutmur, hörmətini
saxlayır, ehtiram bəsləyirdilər.
Söhbətlərin birində bura necə gəldiyini
soruşdum. Sən demə, hələ sovet vaxtı, 1970-ci illərdə
gəlibmiş. Moskvada aspiranturanı bitirib Bakı
institutlarının birində dərs deyirmiş. Tələbələrlə
antisovet söhbətlərinə görə işdən
çıxarıbmışlar, az qala həbs edəcəkmişlər,
institutun rektoru imkan verməyib.
Polşaya komsomol putyovkası
ilə gedibmiş. Deyir, bir axşam
Varşava pablarının birində yanakı masada oturanlar ona
baxıb sovet hökumətini, rusları
söyürmüşlər. Masaya yaxınlaşıb, rus
yox, azərbaycanlı olduğunu deyib. Polyaklar onu pivəyə
qonaq edib, söhbətə tutublar. Polşanın gizli tələbə
hərəkatının fəalları ilə beləcə, təsadüfən
tanış olub. Söhbətləri tutub,
yaxınlaşıblar. Hər gün şəhər
ekskursiyasından sonra paba gələr, onlarla görüşərmiş.
Növbəti görüşlərin birində polyaklar ölkədən
qaçmaq planlarından danışırlar. Onları dinləyə-dinləyə
O da həvəslənir. Bir gün tərəddüd
içində dolaşır, sonra qərar verir və beləcə
bərəylə Baltik dənizini keçib İsveçə
xəlvəti qaçanlara qoşulur.
"Əvvəl-əvvəl mənə
inanmadılar. Onlar sovetlərdən gələn
hər kəsi KQB casusu sayırdılar. Görünür, ailəmin
tarixçəsi mənə qarşı etimad
yaratmışdı. İsveçə keçmək
planı üzərində uzun müddət işləyibmişlər.
Mən axır-axırda yetişibmişəm. Onlara
qoşulmaq istədiyimi deyəndə əvvəl etiraz etdilər.
Axırı fikrimdə qəti olduğumu görüb
razılaşdılar. Dəstənin başçısı
Marek hotelə qayıtmağımı məsləhət bilmədi.
Özü gedib əşyalarımı yığdı,
çemodanımı gətirdi. Gecə vaxtı hoteldən
çemodanla çıxsaydım məni mütləq kimsə
görəcək, xəbər verəcəkdi.
Həyatımı dəyişəcək qərarı, bax, beləcə
verdim. O günlər qulağımda ancaq nənəmin
sözləri vardı. Babamı fürsət varkən
vaxtında ölkədən çıxmamaqda
yamanlayırdı, "Getsəydik, nə onu həbs edib güllələyərdilər,
nə də biz o ağır sürgün həyatı
yaşayardıq", - deyirdi. "Qazaxıstanda atamı,
anamı itirmişdim. Nənəm də öləndən
sonra Bakıda bir adamım qalmamışdı. Uzaq qohumlar da
çoxdan yadlaşmışdılar.
Svinoyusçe Polşanın Baltik
sahilində yerləşən balaca liman
şəhəriydi. Oradan İsveçin İstad limanına bərə
üzürdü. Bu, kommunist düşərgəsindən
azad dünyaya aparan azsaylı gizli yollardan biriydi".
Onun söhbətlərini ağ-qara
retro filmlərinə baxırmış kimi, maraqla dinləyirdim.
Bir dəfə SSRİ dağılandan
sonra vətənə gedib-getmədiyini xəbər aldım.
Gedibmiş.
"Neçə il getməyə
ürək eləmədim. Bakıda
yaxın qohumum qalmamışdı. Hara, kimə gedəcəyimi
bilmirdim. Uzun illərin xiffəti sonunda öz işini
gördü. Getdim. Hələ də bilmirəm, düzmü
elədim?!
Bilirsən, xatirəsi yaddaşında
xoş qalan yerlərə gərək bir
də qayıtmayasan. Bu, cavanlığında sevdiyin
qızın qoca vaxtını görüb kədərə qərq
olmağa bənzəyir. Yeni gördüklərin o əvvəlki
xoş xatirələri siləcək, yerində səni üzən
boşluq qalacaq.
Sonra anlayacaqsan ki, dəyişib
yadlaşan vətən deyil, özünsən, illər uzunu
yad ellərdə qalıb yadlaşan sənsən. Daha
buralı deyilsən. Heç oralı da ola bilməmisən. Və
beləcə qalan ömrü sənin olmayan yerdə
yaşayırsan.
Bakıdan qayıdanda başa
düşdüm bunları".
***
Bu
söhbətdən sonra tək ona yox, ölkəmdən gəlmiş
hər kəsə göz qoyurdum - uşağından
böyüyünəcən. Eyni ölkədən, lap belə
eyni şəhərdən olmaqla deyil - insanlar bir-birlərinə
bənzəmirlər. Göydəki ulduzların
sayrışması səni aldatmasın, üzdən bənzəsələr
də, bir-birinin təkrarı iki ulduz tapmazsan.
Bura gələndən tək bir suala cavab axtarmışam: təhsili
başa vurub vətənə qayıdımmı, ya
hamının arzusunda olduğu Avropada qalım?
Açığı, tanıdığım bütün tələbə
dostlar kimi, mən də qalıb, gələcək həyatımı
burada qurmağı düşünürdüm. Düzdü,
bəzən tərəddüd edirdim. Elə bu tərəddüdlərə
görə əvvəl-əvvəl qərar verməyə tələsmirdim,
qarşıda neçə ilim vardı deyə. Son
yaxınlaşdıqca seçim zamanı da yetişirdi.
Mənim
qərara gəlməyimə
O yardım elədi. Özü də bilmədən. Onu
müşahidə edə-edə qəribçiliyin
anatomiyasını öyrəndim. Yad ölkədə
yaşamaq nə deməkdi - bildim!
"Qərib adam Tamdan qopan Zərrə
kimidir. Tam milyonlarla zərrədən yarandığından
bir zərrənin yoxluğunu duymur, yaddaşında xatirəsi
qalmır. Zərrə isə əksinə, Tamı unutmur. Tale
rüzgarı onu başqa Tama tuş etsə də, o, yeni yerə
uyuşa bilmir, onun bir parçası ola bilmir, ömrü boyu
kosmik fəzada uçuşan səyyarələr kimi tək
dolaşır, küləyin budaqdan qoparıb uzaqlara
uçurduğu yarpaq təki. Ayrılığa dözmür
Zərrə, sonunda "qürbət sindromu"na tutulur. Bütün
şüuru, qəlbi, ruhuyla Tama - vətənə, elə,
obaya bağlı qalır. Kədərlidir, eləmi!?
Dediyim odu ki, öz Tamından
ayrılma, sonra gec olur..."
Şəhər xəstəxanasında son söhbətində dedi bunları.
Sayılı günləri qalmışdı. Xərçəng
əridib bir dəri, bir sümük eləmişdi onu.
***
Bu gün
gölün xüsusi bir hüzuru var. Suyun üzü
şüşə kimi hamardı, elə sakitdi, deyirsən bəs,
ləpə də yoxdu. Ləpəsiz gölmü olar?! Dəniz
kimi böyük dalğaları olmur gölün, amma
qağayı dimdiyi boyda ləpələri həmişə
var.
Günün əyilən vaxtıdı,
gölün üzünü min-min ləpə
alıb. Ləpələr günəşlə təmasdadı.
Hərəsi onun bir şüasını belinə alıb
sahilə daşıyır. Günəş zərrələrə
bölünüb gölə səpələnib. Zərrələr
ləpə qucağında sevgili qoynundaymış kimi
xoşbəxtdi.
Amma onların da xoşbəxtliyi
uzun sürmür. Bütün xoşbəxtliklər kimi. Sahilə
çatıb yox olur.
Şəhər qırağındakı bu gölə tez-tez gəlirəm,
demək olar, hər həftəsonu. Bura dostlarla gün
keçirmək üçün də, özünlə
baş-başa qalmaq üçün də əla yerdi. O
tanıdıb buranı mənə.
Yenə
burdayam. Şəhər krematoriyasından
gəlirəm.
Son görüşlərin birində
mənə vəsiyyət elədi.
Krematoriyadan külünü götürüb Bakıya gedəndə
özümlə aparmağımı, Bakı bulvarında Xəzərə
səpməyimi istədi. Təəccüblənmişdim.
Sonrakı iki ay ərzində hər dəfə xəstəxanaya
gələndə belə vəsiyyətin səbəbini
soruşmaq istəsəm də, nəsə ürək eləmirdim.
Özü başa düşdü. Bir gün niyə belə
istədiyini söylədi:
"Bakıya gedənə qədər elə bilirdim
ki, bura da, ora da mənimdir, biri vətənim, biri yurdumdu.
Dönəndən sonra anladım ki, mən heç birinə
məxsus deyiləm. Ailə olmayandan sonra torpağa
basdırılmağın anlamı qalmır. Ziyarət eləyəni
olmayacaqsa qəbir nəyə lazımdı? Xəzər
qırağında doğuldum, böyüdüm, elə Xəzərə
də qovuşaram beləcə.
İndiki
adını bilmirəm,
əvvəllər "Sadko" deyirdilər,
Xəzərin içinə doğru uzanan körpünün
sonunda bir kafedi. Bizim vaxtımızda sevdalanmış gənclərin
bir görüş yeri də ora idi. Bacarsan, səhər
gündoğan vaxtı apar. Günəş çıxanda səp
məni Xəzərə".
Ağrının üzündəki izini
təbəssümüylə silməyə
çalışırdı bu sözləri deyəndə.
Krematoriya
ilə əvvəldən
danışıb ödənişi
edibmiş. Mənə qalan tək iş külünü
Bakıya aparmaq idi.
Krematoriyanın
gözləmə salonunda şüşəli şkafda
müxtəlif rəngdə çoxlu urna nümunələri
vardı. Yandırılandan sonra külü qoymaq
üçün xüsusi hazırlanmış qablar idi.
Əksərinin üstündə xaç işarəsi, bəzilərində
gül rəsmləri vardı.
"Görən o, külü
üçün bunların hansını
seçib?" - ağlıma ilk gələn bu oldu.
Əvvəlcə sənədimi yoxladılar.
Bir qədər sonra onun külü olan qabı gətirdilər.
Verdikləri sənədi imzalayıb urnanı
götürdüm.
Mavi vazaya oxşayan qabın üstündə üç alov
dilimi təsvir olunmuşdu. Görən kimi tanıdım, bu,
Bakının simvolu idi.
Kül dolu urnanı götürüb birbaş bura, gölün
qırağına gəldim. Bu gözəl ölkəylə
vidalaşmağa bizim sevimli gölümüzdən
yaxşı yer ağlıma gəlmədi.
Urna çantamdadı. Elə bilirəm,
çiynimdəki çanta yox, onun əlidi. Durub gölə
baxırıq.
Sonra gözünü göldən
çəkdi, nurlu üzünə qonan təbəssümlə
mənə sarı çevrilib dedi: "Gedək vətənə".
***
Bakıya
dönürəm.
O da mənimlə qayıdır.
Helsinqborq,
İsveç
Vahid
QAZİ
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, №2.- S.20.