Qalanın şeir bürcü
Qarşımda Rəşad Məcidin
60 illiyinə həsr olunmuş "Qala adam" kitabı var.
"Qala adam"da Rəşad müəllim
haqqında mötəbər
insanların dəyərli
yazıları toplanıb
və həmin yazılarla özünün
qələmli və qələmsiz yazdığı
seçmə əsərlərin
bir araya gətirilməsi onun haqqında səxavətlə
deyilənlərin havadan
asılı qalmadığını,
əsaslı, sübutlu
olduğunu göstərir...
Bəri
başdan deyim ki, görkəmli şair, nasir, publisist, esseist, tanınmış ictimai xadim Rəşad
Məcidin çoxşaxəli
yaradıcılığının şeir qanadı mənə daha doğmadır. Bu doğmalıq
havasında şairin Şuşaya həsr elədiyi şeirlər silsiləsini - "Şuşa
dəftəri"ni vərəqləyirəm.
Qarabağda, Ağcabədidə
doğulub Ağdamda böyüyən, on illər
boyu millətimizin qara bağrını qarsalayıb yandıran işğal illərinin ağrısı ilə yaşayan, müzəffər
ordumuzun şanlı zəfərindən sonra Cıdır düzündən
Şuşanın tamaşasına
duran, oradan günün doğmağını
seyr edən şair bizi də bu mənzərəyə
dalmağa dəvət
edir:
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpqırmızı səmadan
haçan görünər, deyə,
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
isti çörək kimi,
əlini
Günəşə sarı
uzatmaq,
Ovcunu,
barmaqlarının
ucunu
yandıran
Günəşin
Qırağından bir loxma kəsmək...
Şair
ürəyinin odlu təndirindən buğlana-buğlana
çıxan bu halal misraları oxuyuram və istər-istəməz
təsəvvürümdə unuda bilmədiyim, daim yaddaşımda yaşatdığım uzaq
bir xatirə baş qaldırır. İllərin arxasından
boylanan o hadisəni başqa yazılarımda
da xatırlamışdım. Bilmək olmaz, yəqin ki, nə vaxtsa gələcək yazılarımın birində
yenə yada düşəcək.
Axı elə xatirələr var ki, ömrü
boyu insanın içində közərir.
İllər ötür,
zaman, dünya və həyat dəyişir, amma bir anın
qəfil görüntüsü
heç vaxt öləziyib sönmür...
Şuşaya 1988-ci ildə, Vətənimizin
sinəsində Qarabağ
yanğını yeni alovlanmağa
başlayanda yol almışdım. O vaxt mən ara-sıra şeir və hekayələri ilə çıxış edən,
görəcəyi günləri
qarşıda olan, gənc, məktəbli, idmançı bir qız idim. Naxçıvanın
basketbol komandasının
heyətində respublika
çempionatının oyunlarında
iştirak etmək üçün avtobusla Qarabağa - Şuşaya gəlmişdim. Yolboyu içimdə hələ
ayrıla bilmədiyim
uşaqlıq təəssüratları,
aşıb-daşan gənclik
sevinci və idman yarışının
həyəcanı bir-birinə
qarışmışdı.
Rəşad Məcidin "Şuşa
sevgisi" şeiri zəfərimizdən sonra
bir millət olaraq içimizdə baş qaldıran qələbə əhval-ruhiyyəsinin
şairanə ifadəsidir.
Şeirin dəyəri
ondadır ki, müəllif
mürəkkəb tarixi
yaddaşı, şəhidlik
və qələbə
kimi dilə gətirilməsi məsuliyyət
tələb edən çətin mövzuları
hay-küydən uzaq, sadə, aydın və oxucuya birbaşa təsir edən dillə çatdırır. Ənənəvi
bədii obrazlılıqdan
qidalanan şeirin dili bu günün
insanlarının duyğuları
ilə yüklənib,
şeirdə işlənən
ifadələr gündəlik
həyatın ruhundan süzülüb gəlir.
Şeir boyunca Şuşa həm tarixi irs, həm
şəhid qanı ilə müqəddəsləşmiş
ziyarətgah, həm də gələcəyə
ümidin rəmzi kimi təqdim olunur. Burada Şuşa yenidən doğan günəş kimidir, "dan yerindən süzülən tarixlərin
işığı" oxucunun
üzünə qələbə
səhərindən yayılır.
Bu işıq həm də tarixi yaddaşın oyanışını
ifadə edir. Şeirdə milli yaddaşın
müxtəlif qatları
- keçmişin dərinliyi,
şəhidliyin ucalığı,
uşaqlığın saflığı
və gələcəyin
aydınlığı bir
araya gətirilir.
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib
bayrağı vicdanıyla!
İslanıb hər qarışı
şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Rəşad Məcidin tarixi
təcrübəni sadə,
lakin dərin şəkildə ifadə
edən "Şuşa
sevgisi"ndə bayraq,
vicdan və torpağın azadlığı
uğrunda tökülən
qanın birliyi Qarabağ döyüşçüsünün
mənəvi portretidir.
Şeirdəki yol, zirvə və atlı obrazları uzaqlardan, xalqımızın
dastan yaddaşından soraq
gətirir. Şeir son
bənddə Ali Baş
Komandanın Şuşa
sevgisinin vurğulanması
ilə tamamlanır: Şuşa həm xalqın, həm döyüşçünün, həm də dövlətin birləşdiyi,
doğmalaşdığı yer kimi mənalanır.
Rəşad Məcidin "Şuşa
dəftəri"ni oxuduqca,
gözümdə ömrümün
də qat-qarışıq
tarixi vərəqlənir
və sanki zamanın dərinliklərindən
qulağıma bir səs gəlir. Bu torpaq uğrunda can verənlərin ruhu indi Şuşanın dağlarının hər
qayasına, hər çiçəyinə, havasının
hər zərrəsinə
hopub. Onların nəfəsi bu torpağın nəfəsinə
qarışıb. Rəşad
Məcidin misralarının
arasından dağlar ürəyində sözü
olan insan kimi gendən mənə boylanır. Dağlar ürəyində
bu torpağın şeirə dönmüş
səsini saxlayır. Dağları dinləsək,
o səs bizə tariximizi danışacaq:
Hər qarışı qədim tarix, müqəddəs yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb
qızdıran hərarətdi
Şuşaya getmək!
"Qala adam" kitabındakı mətnləri
tutuşdurarkən bir
fakt nəzərimdən
yayınmadı: bəzən
mövzu Rəşad müəllimin düşüncəsində
şeirdən əvvəl
"qələmsiz yazılan"
mətn kimi doğulur.
"Şuşaya getmək"
şeirinin ilk cizgiləri
onun bir status qeydində öz ilkin şəklini almışdı:
"Şuşaya getmək...
Şuşaya getmək həm
də tarixə və keçmişə səyahətdir.
Dahi şəxsiyyətlərin ayağı
dəyən, ruhu dolaşan müqəddəs
məkanları ziyarətdir.
Mədəniyyət paytaxtında, musiqi-muğam beşiyində
ən gözəl hisslərlə ibadətdir.
Tərtəmiz havasından, səpsərin
bulağından qopub ürəyə yayılan
hərarətdir.
Qəhrəman ordumuzla, müqəddəs
şəhidlərimizlə, igid qazilərimizlə, Müzəffər Ali Baş
Komandanımızla qürur
və fəxarətdir"...
Şeir
misraları kimi yazılmış bu yazı çox aydın göstərir ki,
Rəşad müəllimin
şeirləri şair
ürəyinin təndirindən
buğlana-buğlana çıxmazdan
əvvəl onun düşüncələrində yaxşıca yetişir, incə-incə yoğrulub-yapılır,
kündələnib yayılır...
"Şuşa dəftəri"ndə
diqqətimi çəkən
yazılardan biri də "Kəkotu" şeiri oldu. Bu şeirin maraqlı tərəfi Şuşa sevgisinin yaddaş altından nəsildən-nəslə
ötürülməsidir. Kəkotu burada bütün nəsillərin
yaddaşında Vətən
qoxuyan torpağın rəmzidir.
Şeir
sadə təsvirlərin
içində dərin
vətənsevərlik duyğusu
yaradır. Bir ovuc kəkotunun Cıdır düzündən şəhərə
gətirilməsi torpağın
ruhunun, dağların
nəfəsinin, nəsillərin
yaşadığı həsrətin
evə gətirilməsi
deməkdir.
Şeirdəki başqa bir rəmzi obraz Xarıbülbüldür. "Gözləri yumuqdu Xarıbülbülün" misrası
torpağın zərif
bir xəbərdarlığını
çatdırır: torpaq
namus kimi, göz-bəbəyi kimi daim qorunmağa möhtacdır.
Şeirin
sonluğunda "günəşdən
su içib",
"qayanın tavasında
bişən" kəkotunun
fincana düşməsində
maraqlı bir çevrilmə var. Burada təbiətdən evə,
torpaqdan yaddaşa, dağdan insana keçid edilir. Beləcə, kəkotu həm Şuşanın qoxusunu, həm də onun düşüncə
və duyğu qatında yaşayan yaddaşını nəsillərə
ötürən rəmzi
obraza çevrilir. Bu şeirdə Şuşa sevgisi təntənəli bəyanatlarla deyil, bir uşağın - Rəşad müəllimin
nəvəsi Məcidin
əlindəki bir dəstə kəkotunun ətri ilə dirçəlir. Şeirin
ən güclü tərəfi də elə budur: Vətənin ölçüyəgəlməz
böyük mənəvi
dəyəri şeirin
sehrli dilində bir otun, bir
çiçəyin qoxusuna
sığır və
oxucuya bu qoxunu hiss etdirə bilir...
Təzadlı Şuşa səfərlərimin
təəssüratları altında
Rəşad müəllimin
"Şuşa dəftəri"ni
vərəqləyə-vərəqləyə
onu da düşünürəm
ki, Şuşa bizim üçün coğrafi
məkan olmaqdan çox, həm də bədii sənətimizin yaddaş
dünyasıdır. Bu torpağın
poeziyada, musiqidə, rəsmlərdə canlanan
obrazları artıq
milli varlığımızın rəmzlərinə çevrilib.
Həmin sənət obrazlarına bir yeni nəfəs də "Şuşa dəftəri"
əlavə edir. Anlayırsan ki, torpağımızın
tacı Şuşa həm də içimizdəki işığa
aparan yolun başlanğıcıdır. Bunu
duymaq üçünsə
"ürək torpağı"
münbit olmalıdır:
Bəlkə not yazılıb hər
çiçək üçün
-
Neyləyək sirrini bilək torpağın?
Səsi,
havacatı cücərtmək
üçün
münbit
olmalıdı ürək
torpağı!
Şuşaya 34 ildən sonra
qayıtdığım gün
Cıdır düzünə
ilk addımımı atanda
hiss etdim ki, bir ömür boyu içimdə daş kimi asılan ağır həsrət o
an sanki torpağın
altına çəkildi.
Hava dəyişdi, dərindən nəfəs
aldım, elə bil görünməz bir əl üstümdəki
ağır pərdəni
qaldırdı, bir vaxt üzümə çırpılan qapını
taybatay araladı. İllərdir bəzən
yuxuma girib məni oyadan səsi, bir vaxt cəbhəyə yola saldığım igidimin səsini eşitdim: "Görürsənmi?
Torpağımız azaddır!.."
Qala adamın - Rəşad müəllimin "Şuşa
dəftəri" qalanın
şeir bürcündən
yüksələn bir səs kimi mənə Şuşaya gedəndə
hiss etdiyim azadlıq ruhunu yaşatdığına
görə çox dəyərlidir:
Yollar ağır, cığırlar
dik, sıldırım
çətin,
Qaya-qaya
igidlərin tək adı - Mətin!
Şəhid düşən ərənliyin,
məğrur qeyrətin
pak ruhunu ziyarətdi Şuşaya getmək!..
Arzu
NEHRƏMLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, ¹2.- S.17.