Zöhrab Kəsəmənlinin
yarımçıq əlyazması
2023-cü
ildə İstanbulda yaşayan tarixçi həmkarım Zülfiyyə
Günəş xanım
sevinclə mənə
bir xəbər verdi: Yas mərasimində İkinci Dünya müharibəsindən sonra
Türkiyəyə gələn
bir azərbaycanlının
qızı ilə tanış olub. Zülfiyyə xanım elmi işimin bu mövzuda olduğunu bildiyi üçün xanımın
əlaqə vasitələrini
götürərək, tezliklə
ziyarətinə gələcəyimizi
demişdi.
27 dekabr 2023-cü ildə - həmin xanımın ad günündə evinə yollandıq. Həyat yoldaşı ilə bizi gülərüz
qarşılayan bu xanım azərbaycanlı
Zöhrab Kəsəmənlinin
qızı Rana Gökkaya
idi... O qadın ki, Əbdürrəhman Fətəlibəylinin
nəşr etdiyi
"Milli birlik" dərgisində
onun oğlu Əli ilə yanaşı təsviri verilib...
Rana xanımın ad gününü qeyd etdikdən sonra atasından qalan arxivə baxmağımızı xahiş etdik. Gətirdiyi bir neçə qovluğu qarşımıza qoyduqda mühüm bir arxivə qovuşduğumuzu o an fərq etdik. İcazəsini aldıqdan sonra arxivdəki materialların surətini almağa başladıq. Bununla da İkinci Dünya müharibəsində almanlara əsir düşmüş, daha sonra həyatı İtaliya, Misirdə keçmiş, nəhayət, Türkiyəyə gəlmiş Zöhrab bəyin hekayəsi gözümüzdə canlandı.
Ailə arxivində Zöhrab bəyə aid müxtəlif vəsiqələr, İtaliyada, Misirdə çəkilmiş fotoşəkillər mövcuddu. Ən qiymətli materiallardan biri isə yarımçıq qalmış xatirə dəftərləri idi. Bir kitab projesinə bənzəyən bu dəftərdə 19 başlıqdan ibarət içindəkilər qismi hazırlanıb. Daha sonra öz həyat hekayəsini qələmə alıb. Girişdə xatirələri 1 may 1953-cü ildə qələmə aldığı qeyd olunub. Digər dəftərin üzərində isə yazılıb: "Rana Kəsəmənliyə. Həyatımın önəmli xatirələri. 1.5.1958. İmza". Hər iki xatirə qızı Rana xanıma müraciətlə yazılıb, girişdə duyğulu ifadələr işlədilib.
"Bolşeviklər üzündən ailəmizin
çoxu öldürüldü"
Zöhrab bəy 3 may 1917-ci ildə Qazaxın Kəsəmən kəndində doğulub. İkinci Dünya müharibəsində almanlara əsir düşüb, müharibədən sonra qaçqın düşərgələrində yaşayıb. Arxivindəki dəftərin birində soykökü haqqında bu bilgiləri verib: "...Kəsəmən kəndini babalarımız qurub və sülaləcə o soyadından gəlirik. Ailəmiz vilayətimizin tanınmış və nisbətən də zəngin ailələrindəndir. Eyni zamanda çox geniş bir ailəyə mənsubuq. Fəqət bolşeviklər üzündən ailəmizin çoxu öldürüldü və ya öldü. Geri qalanlar da ana yurdumuzu tərk edərək uzaq vilayətlərə yerləşdilər... Oradan qurtulduğum üçün bəxtiyar insanam. Fəqət Vətənini, ailəsini, əqrəba və dostlarını tərk edən bir insanın nə qədər bədbəxt olduğunu sən təqdir et. Allah səbəb olanlara çəkdiyimiz acıları çəkdirsin".
Bu dəftərində o, daha çox uşaq vaxtı itirdiyi anasının xəstəliyindən, onunla olan xatirələrindən bəhs edib. Dəftərin sonunda İbrahim Xəlil adlı azərbaycanlı bir dostuna yazdığı məktubun mətni də var. Orada uşaqlıq xatirələrindən bəhs edib.
Digər dəftərdə isə, ailəsi barədə daha geniş bilgi verib: "Əsl adım Söhrabdır. Soyadım Kəsəmənlidir. Atamın adı Məhəmməd ağadır. Anam İsaf xanımdır. Doğulduğum yer rusların işğalı altında olan Azərbaycanın Qazax qəzasının Kəsəmən kəndidir. Bu kənd sülaləmiz tərəfindən Gürcüstan hüduduna yaxın Kür çayının kənarında qurulmuş və çox əski bir keçmişə sahibdir... Babamın cins atları məşhurmuş. Babam və atam çox yaxşı at sürər və çox yaxşı silah istifadə edərlərmiş. Atam çox kiçik yaşlarından etibarən babamdan ayrılıb. Sadəcə bir atı və bir də silahı varmış. Heyvan və zirai məhsulu alqı-satqısıyla işə başlamış və az bir zamanda xeyli zənginlik təmin etmişdi. 1920-ci ildə kommunistlər Azərbaycanı işğal etdikləri zaman babamın və atamın bütün var-dövlətini yağmalamışlar. Babamı öldürmüş, atamı da həbs etmişlər. Əmilərim başqa əqrəbalarımıza sığınmışlar. Anam da məni götürərək öz əqrəbalarının himayəsinə sığınmışdır. O zamanlar mənim üç yaşım vardı. Atam bir il həbsdə qaldıqdan sonra bəzi tanışlarının yardımıyla həbsxanadan çıxmışdır. Atam həbsxanadan çıxdıqdan sonra kəndimiz Kəsəməni tərk etmək məcburiyyətində qalmışdır. Kommunistlərin gəlişindən çox da zərər görməyən bəzi əqrəba və tanışların topladıqları yardımlarla qəza mərkəzimiz olan Qazax şəhərinə yerləşmişik. Atam kiçik ticari işlərlə məşğul olaraq bizi keçindirməyə başlamışdır. Kommunistlərin təzyiq və qorxusundan bütün ailə, əqrəba və yaxınlarımızın hərəsi bir tərəfə köçməyə məcbur olmuşdur. Kimsə kimsəylə təmas edə bilməmiş. Təsadüfən rastlaşdıqları zaman, ya tanımazlıqdan gəlirlərmiş, yaxud da çox az bir təmasla həmən bir-birindən ayrılırlarmış. Ona görə də mən də əqrəba fərdlərini çox yaxından tanıya bilmədim".
"Kommunistlər qorxunc planlarına başladılar"
Daha sonra Zöhrab bəy bolşeviklərin yeni iqtisadi siyasətlərinin mahiyyətini açıqlayıb, ailəsi ilə bağlı bəzi bilgilər verib: "Kommunistlər məmləkətimizi işğal etdikdən sonra NEP adı verdikləri bir siyasət təqib etdilər. Yəni 1928-ci ilə qədər tam sərbəstlik verdilər. Məqsədləri işğal ərəfəsində gizlədilmiş sərvətlərin ortaya çıxmasını təmin etməkdi. Qorxunc məqsədlərini yürütmək üçün xalqı qafil yaxalamaq gərəkirdi. 1929-cu ildə kommunistlər qorxunc planlarına başladılar. Zəngin və rejim əleyhdarı sandıqları şəxsləri birdəfəlik məhv etməyə başladılar. Kəndimizi tərk edib qəza mərkəzinə yerləşməyimizdən 4 il sonra ibtidai məktəbə başladım. Birinci sinfi bitirdikdən sonra anamı itirdim. Anamın xəstəliyini xatırlayıram, fəqət həmin vaxt xalamla yaylağa getdiyim üçün öldüyünü görmədim. Anam öldüyü zaman məndən başqa iki qardaşım vardı: Əşrəf və Fərhad. Anam öldükdən bir ay sonra qardaşım Əşrəf vəfat etdi. Onun da ölüsünü görə bilmədim. Biz çox kiçik olduğumuz üçün atam evlənmək məcburiyyətində qalmış və tanınmış ailəyə mənsub Sarabəyim adında bir qadınla evlənib... Ögey anamdan da iki bacım oldu. Birincisi öldü, digəri yaşayırdı. Adı Həmayıldı. 1928-də doğulduğuna görə indi 30 yaşında olmalıdır. Onu ən son 1937-ci ildə gördüm... Kommunistlərin NEP adı ilə verdiyi müvəqqəti sərbəstlikdən istifadə edən atam xalı və digər ticari işlərlə əldə etdiyi pulla Qazax şəhərində bir ərazi aldı və 4 otaq, mətbəx, balkon və soba olmaqla ağ daşdan bir ev tikdi. Evimiz Qazax şəhərinin Dəbbəxana istiqamətindədir. Evimizin önündə 250 metr uzunluğunda və 50 metr enində bir bağçamız vardı. Evimiz və bağçamız Poylu arxı ilə Ağstafa çayının arasında olduqca gözəl bir mənzərəyə sahibdi. Bağımızın arxası Ağstafa çayının sahilinə qədər uzanırdı. Bağçamızın arxası o qədər gözəl bir mənzərə təşkil edirdi ki, oradan hər tərəfi görmək olurdu. Qazaxa ən uzaq kəndlərin çoxunu oradan görmək mümkündü. 150-160 metr aşağıdan axan Ağstafa çayının kilometrlərcə uzaqlardan gəlişini və gedişini seyr etməkdən insan doymurdu. Bağçamızda hər cür meyvə və gül vardı. Rəhmətlik atam sabah və axşamları o ağaclara, güllərə, çiçəklərə yorulmadan xidmət edərkən necə böyük zövq alardı. Bəzən də "mən əkirəm, sən meyvəsini qoparacaqsan, gəl mənə yardım et" deyərək danlayardı. Atam bağçada çalışarkən mən də oynamağa qaçardım. Atam bu hərəkətimə çox vaxt hirslənərdi".
Birinci dəftərdəki xatirələr
burada bitir. Xatirənin sonunda Zöhrab bəy evlərinin xəritəsini
çəkib. Arxivdən
çıxan bir vərəqdə Zöhrab
bəyin növbəti
dəfə bioqrafiyasına
dair qeydlər yazdığını görürük.
Burada babasının adının Cəfər olduğunu qeyd edib. Ən maraqlısı
odur ki, polkovnik Şirin bəy Kəsəmənlinin böyük
əmisi olduğunu bildirib: "Rəhmətlik
Şirin bəy əvvəlcə çar
ordusunda, ən son
milli ordumuzda çox sevilən bir kişi imiş".
Qırx ildən sonra gələn möcüzə
Zöhrab
bəyin 20 aprel
1983-cü il tarixində yazdığı
bir qeyddən onun həyatı haqqında önəmli bilgilər öyrənirik:
"İkinci Cahan hərbinin qaçılmaz
müqəddəratının nəticəsi olaraq 40 ildən sonra bir möcüzə şəklində 1941-ci ildə
Azərbaycanda qoyduğum
oğlum Tariyel və bacım Həmayılın sağ
olduğunu öyrəndim.
Finlandiya hərbində
iştirak etmək üçün 22 dekabr
1939-cu ildə Azərbaycandan
ayrılaraq ilk vəzifə
yerim olan Polşaya getdim. Polşaya gəlişimdən
ilyarım sonra bir oğlum olduğunu və öz istəyimə görə adının Tariyel qoyulduğu xəbərini aldım. O gündən sonra nə üzünü görmədiyim oğlumun,
nə də 8 yaşında buraxdığım
və canımdan çox sevdiyim bacım Həmayıldan bir xəbər almışdım. Gecə-gündüz
Allaha dua edərək geridə qoyduqlarımdan xoş xəbər almaq üçün dua etdim. Nəhayət, 1981-ci
ildə 40 il səbirlə
gözlədiyim Azərbaycandan
gələn möcüzəli
xəbəri aldım".
Zöhrab
bəy oğlunun evləndiyini, bir qız və bir oğlu olduğunu,
bacısı Həmayılın
isə bir uşaq evinin müdiri kimi çalışdığını yazıb.
Qaçqın düşərgələrində
Rana xanımın arxivindəki
sənədlərdən onun
Avropadakı həyatına
dair bəzi bilgiləri öyrənmək
mümkündür. 1947-ci il 3 mart tarixli bir sənəddə
qeyd olunur ki, Zöhrab bəy 158 türk qaçqınının
qrup rəhbəri olub, qrup adından
Beynəlxalq Qızıl
Xaç pasportlarını
almaq üçün
Romaya gedib. Həmçinin İtaliyadakı
Reggio Emilia düşərgəsinin komandanı tərəfindən
Beynəlxalq Qızıl
Xaçın Müsəlman
Komitəsinə göndərilən
10 iyun 1947-ci il tarixli başqa bir sənəddə də Zöhrab bəyin türk qrupunun rəhbəri olduğu və 300 türk adından rəsmi iş üçün Romaya getməkdə olduğu bildirilib. Qaçqınlara yardım
göstərən "İslamlara
Hayır Kurumu"nun rəhbəri Bahri Urman - Emirza tərəfindən 23 aprel
1947-ci ildə yazılmış
məktubda Zöhrab bəyin türk qrupunun nümayəndəsi
kimi təşkilatın
şurasına üzv
qəbul edildiyi qeyd olunub. Başqa
bir sənəddə isə Zöhrab bəy türk qrupunun rəhbəri
(3-cü düşərgə) və 14-cü düşərgədəki
türk məktəbinin
müəllimi kimi göstərilib.
"İslamlara Hayır Kurumu" tərəfindən
Kəsəmənliyə verilmiş
digər bir sənəddə onun doğulduğu yer kimi Qars şəhəri
yazılıb. Doğum
yerini Türkiyə kimi göstərmək Sovet vətəndaşı
olmuş İkinci Dünya müharibəsi qaçqınlarının sənədlərində
geniş yayılmış
bir hal idi.
Bunun səbəbi Sovet
vətəndaşı sayılaraq
ruslara təhvil verilməmək və Türkiyəyə gedə
bilmək idi. Elə bu məqsədlə
21 yanvar 1947-ci il tarixli
bir sənəddə onun haqqında yazılıb: "İtaliyanın
Piza şəhərindəki
339 nömrəli əsir
düşərgəsində hərbi sorğu-suala cəlb edilmiş və Türkiyə vətəndaşı olduğu
ehtimal edilir".
Arxivdəki digər bir sənəddə onun
Reggio Emilia şəhərində yaşadığı və
qaçqın statusunda
olduğu göstərilib.
Bu sənəd İtaliyada
müvəqqəti yaşayış
icazəsi kimi istifadə olunurdu.
Zöhrab
bəy 1948-ci ildə Misir şahzadəsi İbrahimin dəstəyi ilə türk və müsəlman qaçqınlarla birlikdə
gəmi ilə Misirə yola düşüb. O, şəxsi
arxivində bu səfərlə bağlı
maraqlı fotoşəkillər
saxlayıb. Arxivindəki
16 sentyabr 1949-cu il tarixli
vəsiqədə Zöhrab
bəyin Beynəlxalq Qaçqınlar Təşkilatının
Qahirə filialının
himayəsində olduğu
qeyd edilib. 1949-cu ildə Misirdə yaşayan türk qaçqınların Türkiyəyə
gətirilmələri ilə
bağlı prezident İsmət İnönünün
qərarından sonra Zöhrab bəy İstanbula gəlib.
Türkiyəyə yerləşdikdən sonra dərnək quruculuğunda iştirak edən Zöhrab bəy möhtac mühacirlərə yardım
edib, onların təşkilatlanmasında rol
oynayıb. Azərbaycan
Kültür Dərnəyinə
üzv olan Zöhrab bəy 24 aprel 1963-cü ildə bu təşkilatda "İstiladan sonra Azərbaycan" mövzusunda
mühazirə oxuyub. Kəsəmənli Cümhuriyyətin
işğalı, İkinci
Dünya müharibəsində
Azərbaycan əsgərlərinin
vəziyyəti ilə
bağlı məlumat
verib.
Fotoşəkillərdə qalan bilgilər
Zöhrab
bəyin arxivindəki
ən qiymətli fotoşəkillər Neapoldan
İskəndəriyyə şəhərinə
gəmi ilə aparılarkən çəkilənlərdir.
Toplu fotoda Misir şahzadəsi Amir
İbrahim də yer alıb. Gəmi İskəndəriyyəyə gedərkən
Krit adası yaxınlığında bir
neçə fotoşəkil
çəkdirilib. Həmin
fotoların birinin arxasında yazılıb:
"Krit adası yaxınlığında. Misirə
iltica edilərkən vapurda çəkilmiş".
Gəmidə çəkilmiş
digər bir şəklin arxasında hər kəsin kimliyi yazılıb, xüsusi bir qeyd verilib: "Koroğlu ilə
İbrahim Xəlil Fələstin
hərbində öldülər".
Əsasən azərbaycanlıların
olduğu qafilə İskəndəriyyəyə endikdən
sonra da toplu şəkil çəkdiriblər.
Digər bir fotoşəklin üzərində
yazılıb: "1947-ci ildə
Misirin İskəndəriyyə
şəhərindəki karantin
kampında Zöhrab prens Amir İbrahimə rapor verərkən". Başqa bir şəklin üzərində
bu qeyd verilib:
"Prens Amir İbrahim, Mansur paşa və Zöhrab. 1947-də İskəndəriyyədə".
Ailə
arxivində Zöhrab bəyin və qızının İtaliyada
kamplarda çəkilmiş
bir neçə şəkli də mövcuddur. Piza qaçqın düşərgəsində
çəkilmiş Rana xanımın
uşaqlıq fotoşəklinin
arxasında yazılıb:
"Bu rəsm ən qorxunc günlərin xatirəsidir. Amerikanlar bizləri ruslara təslim etmək üçün. Pizadakı
əsarət kampının
xatirəsidir. 1947". Zöhrab
bəy özü kimi müharibə əsiri olan azərbaycanlı, krımlı,
çərkəz qaçqınların
fotoşəkillərindən ibarət xatirə albom vərəqi də hazırlayıb.
Ailə
arxivində Zöhrab bəyin müxtəlif illərə aid fotoşəkilləri
də vardı. Onlardan biri mühacir
Əli Volkanla çəkilib. Həmçinin
Azərbaycandakı qohumlarından
gələn fotoşəkillər
də mövcuddur.
Zöhrab
bəy 5 may 1990-cı ildə
vəfat edib. İstanbuldakı Dədələr
məzarlığında bu
ailəyə aid aşağıdakı
məzarlar mövcuddur:
Zöhrab
Kəsəmənli (1917-05.05.1990)
Müzəyyən Kəsəmənli (1922-01.02.2011)
Özgür Dilbər Gökkaya
(-27.10.1977)
Rana xanımın xatirələri
Ailə
arxivini araşdırdıqdan
sonra Rana xanımdan atası ilə bağlı xatirələrini
danışmasını istədik.
O, bizə bu bilgiləri verdi:
"Berlində doğulmuşam.
Atamla anam ayrıldıqdan sonra atamda qaldım. Ailə həyatı qurduqdan sonra da Almaniyada yaşadım. Atam zamanında Berlin divarının yaxınlığındakı
yıxılan bir kilsənin divarında silah gizlətmişdi.
İlk gəzintimizdə o silahı
axtardı, tapa bilmədi.
Atamın gömrükdən
keçərkən hər
dəfə bənizinin
saraldığını görürdüm,
çünki oradakı
xatirələri canlanırdı.
Berlində olarkən doğulduğum evi göstərmişdi. Qızımı
itirdikdən sonra Almaniyada yaşamaq istəmədim, atam da, yalnız indi, geriyə qayıtdım. Hazırda bir oğlum, iki qızım var. Həyat yoldaşımla birgə yaşayıram. Atam müəllim məktəbində
oxuyubmuş. Müharibə
başlayanda rus ordusunda əsgər olaraq aparıblar. Sonra almanlara əsir düşüb. Geri qayıtdığı
zaman öldürüləcəyini bildiyi üçün qaçqın düşərgəsində
özünü azərbaycanlı
kimi deyil, Türkiyə türkü
kimi tanıdıb. Ona
görə də Türkiyədən olan bir şəxsdən Eminönünün bütün
yollarını, İstiqlal
Marşını öyrənib.
Hətta bir dəfə ona işgəncə veriblər
ki, azərbaycanlı olduğunu
desin, amma o inkar edib, İstiqlal
Marşını oxuduqdan
sonra buraxıblar. Atam qaçqınlarla birgə İnönüyə
müraciət edir, amma o zaman İnönü
qəbul edə bilmir. Ona görə də atam Vatikana
müraciət edir, bir il papanın himayəsində qalır.
Ondan sonra Misir şahzadəsi ilə Qahirəyə gedirlər. 1950-ci ildə onların Türkiyəyə
gəlməyinə icazə
verilir, öncə Sirkecidə bir müsafirxanada qalırlar.
Anam kral Farukun qohumu şahzadə Əminə
xanımın Modadakı
köşkündə işləyirdi.
Orada tərcüman idi. Atam isə
Paşabahçedə çox
köhnədən gələn
bir azərbaycanlının
fabrikində gözətçi
olaraq çalışır.
Bir gün ruslar gəlib o fabriki almaq istəyir, amma tərcüman tapa bilmirlər. Atam deyir ki, mən sizə tərcümanlıq
edərəm. İnanmırlar
ki, bir gözətçi
haradan biləcək bu işi?! Yoxladıqdan
sonra görürlər
ki təhsilli insandır,
tərcüman olaraq qəbul edirlər. Beləliklə, atam gözətçilikdən başlayır,
bir dəmir şirkətinin ümummüdiri
olaraq təqaüdə
çıxır. Anamın
sonrakı həyatı
haqqında çox şey bilmirəm. Sonradan ailə həyatı qurub, öncə Sivasda, sonra Ankarada yaşayıb. Atamla anam qaçqın düşərgəsində tanış
olmuşdular. Bir gün
atama xəbər verirlər ki, iki azərbaycanlı əsir düşüb. İsfəndiyar
adlı bir dostu ilə birlikdə gedib onları tapırlar, sonra anamla atam,
digər qadınla da dostu evlənir. Həmin qadınlar məktəb yoldaşı
imişlər. Digər
qadın Mina xanımdı.
Sonra Berlində mən
doğulmuşam. İtaliyaya
keçdikləri zaman orada
boşanıblar. Anam Fəyyaz Köseoğlu adlı bir şəxslə
evləndi. Ondan da bir oğlu, qızı oldu. 55 yaşında xərçəngdən
vəfat etdi. Fəyyaz bəy daha sonra Atatürkün
doktorunun qızı ilə evləndi.
Atamın
azərbaycanlı tanışları
arasında kürkçü
Hüseyn, şair Əli Volkan vardı. Əli Volkanın Tomris və Nərgiz adlı iki qızı vardı. Atam yəhudilərə edilən
işgəncələrdən danışardı. Eləcə
də özlərinin
çəkdikləri aclıqlardan
bəhs edərdi. Bir dəfə Qahirədə
ikən fala baxdırmışdı. Falçı
qadın demişdi ki,
sən Fələstin
hərbinə getdiyində
diqqət et, üzündən
yara alacaqsan. Həqiqətən də,
atam o savaşda üzündən qılınc
yarası aldı. Atam gündəliklər tutardı, ədəbiyyat
bilgisi qüvvətli idi. Məni sinemaya, teatra aparardı. Vəfat edən qızımı çox sevərdi. Atam Cağaloğlundakı
Azərbaycan dərnəyində
idi, mən də folklor qrupunda idim".
"Oğlunu görə bilmədi"
Rana xanım Zöhrab bəyin oğlu ilə əlaqə qurması haqqında isə bunları danışdı:
"Ələkbər əmi vardı, gözlük ticarəti ilə məşğuldu. O, bir dəfə Azərbaycana getdiyi zaman bir ziyafətdə ondan soruşurlar ki, Türkiyədə
kimlər var? O da deyir
ki, Kəsəmənlilərdən Zöhrab bəy var. Oradakıların əksəriyyəti
professor idilər və
atamın oğlu Tariyeli onunla tanış edirlər. Ələkbər əmi qayıtdığı zaman bizə
gəldi və atama dedi ki, sənə sürprizim
var. Atam "nədir?"
soruşduğu zaman "oğlunu
tapdım" dedi. Atam şok oldu,
fənalaşdı. Atam
onun gəlməsi üçün çox çalışdı, yazışmalar
oldu. Onun gəlməsi ərəfəsində
atam infarkt keçirtdi. Vəfatından
iki gün öncə qardaşım
zəng elədi, gələcəyi tarixi dedi. Atama bu
xəbəri verdim, dedim ki, "gözün aydın, oğlun gələcək". Əli
ilə tutdu məni, baxdı. Təəssüf ki, oğlunun
gəlişini görə
bilmədi. Qardaşımı
mən qarşıladım.
Atamın bağçasından
güllər gətirmişdi.
Atamın məzarına
apardım, ona aid bəzi şəxsi əşyaları oğluna
verdim".
Qeyd edək ki, Türkiyədə
Ziyad Ebüzziya arxivində
saxlanılan qaçqın
məktubları arasında
Zöhrab bəyin də bəzi yazışmaları vardır.
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, №2.- S.18; 24.