"Keçən keçdi, olan oldu"
Fasilələrlə otuz il ərzində üzərində işlədiyim
bu adda dastanı axır ki, bitirdim. Dastanın Giriş
sözünü "Ədəbiyyat qəzeti"nin oxucularına
təqdim edirəm.
ANAR
Söz
başı
Aşıq deyir:
Bax bu
qaşa, bax bu gözə,
Yandı
bağrım, döndü
közə.
Keçən sözü çəkmə
üzə,
Keçən keçdi, olan oldu.
Bəzən
bayatılarımızda, qoşmalarımızda, gəraylılarımızda
ilk sətrlə son misralar arasında uyğunsuzluq, rabitəsizlik
sezilir, beytlər elə bil bir-biriylə heç cür
uzlaşmır. Sanki birinci cümlələrdə musiqi aləti
köklənir ki, sonrakı misralarda melodiyanı xaric xal
vurmadan çalsın. Doğrudanmı, birinci sətrlərlə
sonuncuların heç bir məntiqi əlaqəsi, duyğu
bağlantısı yoxdur? Burda gətirdiyim gəraylının
ilk iki misrasıyla üçüncü və
dördüncü misralarını nə bağlayır?
Nə?
Bir insan ömrü, yaşanılmış həyat...
"Bax bu qaşa, bax bu gözə, Yandı bağrım,
döndü közə" - bu sözləri yalnız gənclik
atəşiylə yanan, eşq alovunda qovrulan AŞİQ
(aşıq yox, aşiq) deyərdi. "Keçən
sözü çəkmə üzə, Keçən
keçdi, olan oldu" - bu sözlər isə
çılğın istəklər, odlu ehtiraslar içində
yaşanılmış bir ömrün son mənzilində, əbədi
dayanacağına çata-çatda, yetə-yetdə söylənmiş,
bir az qüssəli, bir az nisgilli, bir az incikli yekun sözü,
müdrik və yorğun AŞIĞIN (aşiqin yox,
aşığın) son etirafıdır. Keçən
sözü çəkməyə, diriltməyə,
qaytarmağa ehtiyac varmı? Olan olub, keçən
keçib...
Bu misraları bir-birinə bağlayan qafiyələr deyil, həyatın
amansız məntiqi, qaçılmaz gedişatıdır.
Hecaların sayı deyil, yaşanmış illərin, günlərin
sayıdır.
"Keçən günə gün çatmaz, calasan
günü günə"... nə mənada çatmaz?
Keçib getmiş günə tay-bərabər, onun qədər
cazibəli, munis, gözəllikdə ona çatan günlərimiz
daha olmayacaq - bu anlamdamı? Yaxud günləri mirvari kimi sapa
düzüb keçmişə sarı uzatsan, ip ucundan tutub
gerilərə dönmək istəsən, görəcəksən,
bu, mümkün deyil - bu mənadamı? Yəqin ki, xalq
dühası "çatmaq" sözünün hər iki
anlamından yararlanaraq ikiqat çəkisi olan bir təşbeh
yaradıb.
Keçən günə çatmağa
qabil deyiliksə, keçmişi
canlandırmaq, oyatmaq, müəyyən anlamda bir daha
yaşamaq olar. Xatirələrimizdə -
anılarımızda. Düşüncələrimizdə.
Yuxularımızda.
Kağız üzərində!
Bu baxımdan Keçmiş həmişə bizimlədir. İçimizdədir
- qəlbimizdə, beynimizdə, yaddaşımızdadır.
İstədiyimiz vaxt sehrli qapını açıb
İçəri dünyamıza daxil ola bilərik. Bəlkə
də elə yeganə real gerçəklik də kağız
üzərində əks olunmuş, həkk edilmiş, bizdən
sonra baqi qalacaq (əgər qalacaqsa) gerçəklikdir. Mətnin
gerçəkliyi. Vaxtın ardıcıllığına,
"əvvəl-axır" istiqamətinə məhəl
qoymayan, Keçmiş-İndi-Gələcək
ölçülərinə sığmayan,
Başlanğıcdan Sona doğru yönəlmiş hərəkət
cədvəlinə tabe olmayan Mətn. Yaddaşımız -
ömrümüzün xülasəsi, icmalıdır.
Ömür - Ölüm yoludur.
Yer üzərində ilk addımlarımızdan, tələffüz
etdiyimiz ilk sözlərimizdən üzü bəri hər istəyimiz,
hər niyyətimiz, hər gözləntimiz bizi ömrün
sonuna, ölümə aparan yolun müəyyən məntəqələri,
mərhələləridir. Hər arzumuz Zamanın Gələcək
mənziliylə bağlıdır, bu mənzillərin
sonuncusu isə məzarlıqdır. Anılar,
düşüncələr düzümü - Mətn bizi
geriyə, ötüb keçdiyimiz mənzillərə, anlara
qaytara bilir.
İtirdiyimiz insanlar, əziz
sifətlər, yaşanılmış
olaylar, keçdiyimiz yollar, üzdüyümüz dənizlər,
dırmandığımız dağlar, gəzdiyimiz şəhərlər,
gördüyümüz kəndlər, oxuduğumuz kitablar,
dinlədiyimiz musiqi, aləmin rəngləri,
çalarları, qoxuları, insan səsləri,
pıçıltıları, iniltiləri, gülüşləri
- bütün bu əlvan, hay-küylü, qaynayıb
qarışan, burulub-durulan dünya kağız üzərində
həkk oluna və yenidən oyana, canlana bilərmi? Bu,
mümkünmüdür? Hər halda təşəbbüs
imkan daxilindədir. Bu kağız, bu qələm, bu da vaxt -
tünlük ömrün durmaz axarından, mühitin
burulğanından qoparıb ayırdığın bir
neçə ay - yay ayları - yaradıcılıq günləri,
həftələri...
Son illər beynimdə hərlədiyimi, qəlbimdə becərdiyimi,
qəfil yaddaş qığılcımlarını bir əlcə
kağızlara yazıb saxladıqlarımı axır ki,
araya-ərsəyə gətirmək istəyirəm. Pərakəndə
duyğuların, dağınıq fikirlərin, pərən-pərən
düşmüş anıların, dərbədər
düşüncələrin əl-ayağını bir yerə
yığmağa çalışıram.
Xatirələr, anılar aləminin
sirli qırxıncı qapısını
azacıq araladınmı, Keçmiş səmum yeli kimi
üzünü qarsacaq, qəfil sel kimi alıb səni
aparacaq, xilas olmaqçün saman çöpü axtaracaqsan,
tapmayacaqsan, boğulacaqsan.
Gəl
qınama, oğul, məni,
Xatirələr boğur məni!
Hərdən-birdən,
ayda-ildə bir kərə "şairliyim tutanda"
yazdığım beytdir. Nə əvvəli vardı, nə
axırı. Eləcə iki misra.
İllər boyu içimdə
gəzdirdiyim bu çətin,
ağrılı yazını 1996-cı ilin yayında
Zuğulbada başlayıram. Mənzilimin pəncərələri
dənizə açılır. Bu sabah dəniz sakitdir,
aram-aram nəfəs alır, ləpələr sahili nəvazişlə
tumarlayır, yumşacıq-yumşacıq
sığallayır. Bir azdan yüngül meh əsməyə
başlayır və dəniz də, elə bil
"töyşüyür". Ləpələr yorğan
kimi bir-birinin üstünü örtür. Meh birdən
çırpınıb qalxdığı kimi, birdən də
susur, öləziyib sönür, yatır. Dəniz nəfəsini
dərir, ah çəkib köksünü ötürür,
yenə yorğun-arğın, tənbəl-tənbəl,
yayxana-yayxana əbədi ləngərində titrəşir.
Sanki hərəkət etməyə, tərpənməyə ərinir.
Səhəri günorta, gündüzü axşam əvəzləyir.
Qürub
çağıdır. Göydə -
bulud yanğını. Fikirli buludlar didim-didimdir, səma boyu
harasa yollanırlar.
Dəniz
elə həmin dənizdir. Çimdiyim, üzdüyüm,
haçansa, az qala, batacağım dəniz. Hərdən
köksünü qabardıb həddini aşsa da, elə həmin
qoca Xəzərdir. Aylı gecələrdə
köpüklü dalğalarıyla dişlərini ağardan
Xəzər. Küləkli havalarda dalğaları
cıdır yarışına çıxmış
ağzı köpüklü köhlənlər kimi sahilə,
qayalara birinci çatmağa can atan Xəzər. Başqa bənzətmələr
də gəlir ağlıma, Dəniz - atları cilovunu gəmirən,
hövsələsiz qoşun kimi axın-axın,
dalğa-dalğa sahilə - sal qala divarlarıtək
alınmaz qayalara hücum çəkir, həmlə edir, təpir,
qayaların yalçın sərtliyinə
çırpılıb çilik-çilik olur. Elə bil
qayalar da dənizə yumruq göstərir. Bu bənzətmələr
mənimdir. Atamın "Dəniz nəğmələri"ndə,
Xəzərlə bağlı başqa şeirlərində
günün müxtəlif vaxtlarıyla, müxtəlif
havalarla bağlı dürlü bənzətmələr var:
Dalğalar
axıb gedir,
Üstü köpüklü.
Elə bil ağsaçlı bir qoca
Bir göy rəngli bərə çəkir.
Yaxud:
Gördüm
qayada
Dənizin ləpirlərini.
Nə zamansa dəniz
burdan köçüb.
Və ya:
Qayalar da əyilib,
elə bil
axtarır dənizə qərq
olmuş sükutu...
"Göydə
buludlar görünür, üzü çapıqlı xəyal
kimi" - bu da atamındır. Bu gün mən də həmin
buludlara baxıram. Həmin olmasa da, eynən, onun haçansa
gördüyü kimidir bugünkü buludlar. Eynən,
bugünkülərə bənzəyən
qızılı-çəhrayı bulud qafilələri
atamgil yaşayanda da, min il, milyon il bundan əvvəldəki
kimi, belədən-belə, göyün bu üzündən o
üzünə ahəstə-ahəstə süzüb gedirlər.
"Karvan bulud" - yəqin bu təşbehin də neçə
yüz, bəlkə neçə min il yaşı var.
Buludların yaşından az, dəvə karvanlarını
görən və bu təşbehi, bənzətməni icad edən
insanın yaşı qədər.
Bəzən də mənə
elə gəlir ki, Xəzər
yaşıdımdır. Uşaqlığımın, yeniyetməlik
çağımın, gəncliyimin dənizi də mənimlə
birgə qocalır. Eyvandan sağa baxıram - bir az aralı
"Gənclik" düşərgəsidir,
ömrümün neçə xoş günüylə, dost
ünsiyyəti, qızğın ədəbi mübahisələrin,
Abşeron gecələrinin yaradıcılıq saatlarıyla
bağlı anımlar canlanır. Daha uzaqlara baxıram -
Buzovna, bağımız, atalı-analı, qohum əqrəbalı,
qayğısız illərimin xatirələri
püskürür. Bir az daha uzaqlarda - Mərdəkan - ilk sevgi
günlərinin silinməz yaddaşı...
Uzaq gəncliyimdə yay günlərinin
ən qızmar çağı çimərliklə on
kilometr o başa - on kilometr bu başa - Buzovnadan Mərdəkana
Zemfiragilin bağına nişanlımı görmək
üçün getdiyim günlər...
İndi burdan həsrətlə, intizarla, özləmlə uzun-uzadı
baxdığım nə mənim Buzovnam, nə mənim Mərdəkanım,
nə mənim "Gəncliyimdir". Vaxt - illərimin
arasına ən sərt dövlət sərhədlərindən
daha keçilməz çəpər çəkib...
Anamın şeiri yadıma düşür:
Unutmaq istəyirəm
acı-şirin xatirələri,
dənizin səsi gəlir,
Unutmaq istəyirəm
Sahildə şirin yuxular kimi keçən
həzin
axşamları,
günəşli səhəri.
Unutmaq istəyirəm
yandırıb-yaxan xatirələri,
dənizin səsi gəlir...
***
İlk
variantda adı "Əsrim, əslim, nəslim" olan bu
yazımın janrını təyin etməkdə çətinlik
çəkirəm. Janr təyini kimi "Anılar, sənədlər,
düşüncələr", "Üç əsrin ailə
dastanı" əlbəttə, şərtidir. Amma hər
halda məqbuldur, çünki yazının mahiyyətini əks
etdirir. Ona görə Anılar (Xatirələr) deyirəm ki,
keçən dövrlər, illər, olanlar yada
salınır. Amma bu, yalnız mənim ömrümün xatirələri
deyil, anamın, atamın söhbətlərindən dinlədiyim,
yaxud yazılarında qeyd olunmuş anılarıdır. Amma
bu, sırf onların xatirələri də deyil,
çünki nə Rəsul Rza, nə Nigar Rəfibəyli
bitkin xatirələr yazmayıblar. Ayrı-ayrı vaxtlarda,
müxtəlif münasibətlərlə
yaşadıqları çeşidli illər, dövrlər,
tanıdıqları şəxsiyyətlər haqqında qeydləri
qələmə alıblar. Şeirlərində ömürlərinin
müəyyən məqamları, görüşdükləri,
ünsiyyətdə olduqları, dost bildikləri insanları
xatırlayırlar. Daha çox şeyləri isə qələmə
almadılar, amma bizlərə, övladlarına
danışırdılar və bu anılar da bizim hafizələrimizdə
yaşayır. Ancaq mənim məqsədim yalnız bu sistemsiz
xatirə fraqmentlərini ardıcıl mətndə birləşdirmək
deyil. Bu yazının bir yox, iki, üç müəllifin
memuarları sayıla biləcəyinin səbəbi odur ki, mən
onların - atamla anamın xatirələrini də yalnız
özlərinin yazılı mətnləri, ya şifahi (yəni
mənim eşitdiyim) söhbətləri əsasında bərpa
etməkdən əlavə, daha bir işi də öhdəmə
götürməyə cəsarət edirəm. Bütöv
bir dövrü - onların mənə qədər
yaşadıqları illəri, birlikdə keçirdiyimiz
günləri və onlardan sonra mənim sürdüyüm
ömür müddətini - üçümüzün
gözüylə görmək və yozmaq istəyirəm.
Odur ki, bu yazı, əsasən, üç insanın xatirələrindən
- anılarından başqa, həm də üç insanın
düşüncələridir. Mənim - öz
doğuluşumdan qabaqkı illər haqqında
düşüncələrim, onların - valideynlərimin mənim
görmədiyim, fəqət görmək istədiyim illər
haqqında fikirləri, təəssüratları və
onların ölümlərindən sonrakı dünya
haqqında düşünə biləcəkləri (əlbəttə,
mənim zənnimcə, amma bu zənn onların fikirlərinə
və duyğularına bələd olmağıma əsaslanır).
Eyni zamanda mətnimə bacılarım
- Fidanın, Təranənin,
həyat yoldaşım
Zemfiranın xatirələrindən
parçalar da daxil edirəm. Babalarını,
nənələrini yaddaşlarında
yaşadan nəvələri
Turalın, Ayselin, Günelin yazıları
da Rəsulla Nigarın
portretlərinə yeni çalarlar
əlavə edir.
Bu anılarım sadəcə
xatirə, memuar kimi təqdim edilməməsinin, bu düşüncələrin sadəcə
esse janrına aid olmamasının və nəticə etibarilə
"Üç əsrin
ailə dastanı"
adlandırılmasının səbəbi də budur. Üç ömrün və bu üç ömrün fonunda bir neçə nəslin, üç əsr boyu həyat
yolunu, təəssüratlarını
əks etdirən dastandır. Bu, nə sırf anılar, xatirələrdir, nə də sırf düşüncələr-esselər. Bu, iki janrın ünsürlərindən əmələ
gələn üçüncü
bir janrdır. Amma sadəcə dastan deyil, sənədli dastan, real insanlar
haqqında anılar, düşüncələr dastanıdır.
Məsələn, mən,
tutalım, Mirzə Cəlil Məmmədquluzadəni,
Hüseyn Cavidi, Cəfər Cabbarlını,
Əhməd Cavadı,
Mikayıl Müşfiqi
görə bilməzdim.
Ancaq onların canlı insani cizgilərini atamın, anamın yazılı mətnlərindən, şifahi
söhbətlərindən qavradığım kimi, yaradıcılıqları, taleləri
haqqında öz düşüncələrim həmin
şəxsiyyətlərin bədii surətlərini bu yazıda əks etdirməyə imkan verir.
Yaxud Stalin!
15 yaşıma qədər
onun dövründə
yaşasam da, onu şəxsən görməmişdim
(halbuki məsələn,
Moskvada nümayişdə
rəhbəri canlı
görmək ehtimalı
ola bilərdi). Amma hətta
televiziya erası gəlməzdən öncə
də Sovet İttifaqında bircə nəfər belə, "mən Stalini görməmişəm" deyə
bilməzdi. Çünki
yalnız qəzet, jurnal və kinoekranlardan deyil, idarələrdə və
hətta evlərdə
divarlardakı şəkillərindən
də Stalin daima hamıya gözünü
zilləmişdi, zəhmi
qara kabus kimi hər kəsin
üstünə çökmüşdü.
Nazim Hikmətin ona həsr etdiyi şeirində bu fenomen çox dəqiq ifadə olunub.
Amma
SSRİ əhalisinin böyük
qisminin bu şəkillərə rəğbət,
hörmət və hətta məhəbbət
hissləriylə baxdığını
da danmaq olmaz. Stalindən bəhs etmədən, onun bir neçə nəslin taleyində oynadığı roldan söz açmadan dövrümüz haqqında
danışmaq mümkün
deyil. Yaxud onun Azərbaycan miqyasında kopyası Mir Cəfər Bağırov.
Canlı Bağırovu
uşaqlığımda bircə
dəfə uzaqdan-uzağa
görmüşdüm. Amma atamın, başqa çağdaşlarının söhbətlərindən, yaxud
bu gün açılan tarixi faktlardan, hərəkətlərinin
mahiyyəti haqqında
bildiklərimdən və
bütün bunlar barəsində öz qənaətlərimdən, düşüncələrimdən
çıxış edərək
bu çox mürəkkəb təbiətli,
zabitəli, zəhmli,
amansız və rəhmsiz, eyni zamanda, yeri gələndə,
millətinin qeyrətini
çəkməyi bacaran
insanın həm güclü, həm qəddar cəhətlərini
təhlil etmək vacibdir...
Üzeyir
bəyi uşaqlığımda
bir neçə dəfə görmüşdüm.
Böyük bəstəkar
haqqında atamın yazılı xatirələri,
anamın, başqa müasirlərinin, özəlliklə,ı
Niyazinin söylədikləri
yaxşı yadımdadır.
"Üzeyir ömrü"
filmi üzərində çalışarkən
bu böyük insanı daha yaxından duya bildim, ömür yoluna daha artıq
məhrəm oldum. Üzeyir bəy haqqında anılar - düşüncələr çox
çətin bir dövrdə sənətkarın
mürəkkəb taleyi
haqqında söz deməyə imkan verir. Atamın-anamın müasirləri olan yazıçılar, şairlər,
bəstəkarlar, rəssamlar,
alimlər... Neçə-neçə
dəyərli insanın
surətləri hələ
də gözlərim qarşısındadır, səsləri
qulaqlarımdadır. Azərbaycanda
Türkiyənin adını
belə, dilə gətirmək yasaq olanda bu qardaş
ölkəni Nazim Hikmətin
səsiylə, nəfəsiylə
duyduq. Moskvada, Bakıda böyük şairi dəfələrə
dinlədim - şeirlərini,
söhbətlərini, xatirələrini...
Sonralar Türkiyənin
başqa yazıçılarıyla,
sənətçiləriylə də tanış, bəziləriylə dost oldum.
Keçmiş Sovet İttifaqının bir sıra ədəbiyyat, sənət adamlarıyla əvvəllər atamgilin
evində, sonralar öz evimdə, ya da Moskvada, müxtəlif şəhərlərdə
ünsiyyətdə oldum.
1987-ci ildə Azərbaycan Yazıçılar təşkilatının
rəhbəri seçiləndən
sonra, illah da, 1988-ci ildə Qarabağ hadisələri başlanandan
bəri siyasi həyatın burulğanına
düşdüm, keçmiş
SSRİ-nin və Azərbaycanın müxtəlif
dövrlərdəki rəhbərləriylə,
bir sıra başqa ölkələrin
siyasətçiləri ilə
görüşməli, danışmalı,
bəzən mübahisə
etməli oldum. Bu insanlar haqqında da, ümumən hadisələrin
gərginliyi etibarilə
də bir əsrə bərabər olan bu dövr
haqqında xatirələrim,
qənaətlərim, ağrılı
düşüncələrim boldan boldur. Bütün bu hadisələrin və daha öncəki illərin olaylarını
canlandırarkən, öz
həyatımı, ailəmizin
taleyini mərkəzə
çəkməyim bizim
müstəsna və əlahiddə rol oynamağımızı iddia
etmək deyil. Əsla. Məsələ ondadır ki, hər bir bədii əsərin, xüsusilə,
romanın (mən bu yazımı bədii əsər və məhz dastan - roman sayıram) məhvərində
müəyyən surətlər,
personajlar durur. Dövrün mənzərəsi
onların taleyi vasitəsilə əks etdirilir. Dövrümüzü
ehtiva etmək üçün personajlar
seçəndə yaxşı
tanıdığın, içəri
dünyasına - ömür
yoluna, duyğu və düşüncələrinə
bələd olduğun
insanları seçməyin
təbiidir.
Subyektiv
faktorlardan başqa obyektiv amillər də var. XX əsr Azərbaycan ziyalılarının
həyat dövrləri
ailəmizin müxtəlif
nəsillərinin taleyində
əks olunub. Zaman nəsilbənəsil ailə
üzvlərimizin ömür
yoluna dərindən-dərin
izlər salıb. Əslimizdən, nəslimizdən
söz açanda hadisələr, hətta
XX əsrin hüdudlarını
aşıb XIX əsrə
qədər uzanır.
Xanlıqlar dövrü,
çar Rusiyasının
Qafqazı zəbt etməsi, ulu babamız Məmmədxanın yaşadığı
illərə düşür.
Bayat boyundan, şahsevən tayfasından
Məmmədyar oğlu
Məmmədxan rus soldatlarına müqavimət
göstərdiyi üçün
çar hökuməti
tərəfindən həbs
edilir, zindana atılır və zindanda zəhərləndirilərək
öldürülür.
Anam tərəfindən Rəfibəylilər
nəslinin də tariximizdə önəmli
yeri var. Ulu babam Ələkbər bəy Rəfibəyli - Azərbaycanın
ilk siyasi partiyası -
Difai partiyasının
Gəncədə qurucusu,
partiyanın fəxri sədri və nüfuzlu el ağsaqqalı olub. Onun oğlu, anamın atası Xudadat bəy - müstəqil Azərbaycanın
ilk səhiyyə naziri,
daha sonra Gəncə quberniyasının
general-qubernatoru vəzifələrini
daşıyıb. 1920-ci ilin
aprelində bolşeviklər
hakimiyyəti ələ
keçirəndə həmin
ilin mayında Gəncə üsyanının
təşkilatçılığında
ittiham olunaraq həbs edilir. Erməni "şahidlərin"
ifadələri, erməni
müstəntiqin apardığı
iş nəticəsində,
erməni hakimin çıxardığı hökm
əsasında güllələnir.
20-ci illərin təhsil dövrü, 30-cu illərin
ədəbi həyatı,
məşum 37-ci ilin itkiləri, Vətən müharibəsinin təhlükələri
və çətinlikləri,
45-ci ilin Cənubi Azərbaycan fərəhi və ümidləri,
46-cı ilin Cənubi
Azərbaycan faciəsi,
40-cı illərin sürgün
qorxusu, Stalinin ölümü və ona inamın darmadağın olması,
Xruşşovun hökmranlığı
və süqutu, Brejnev dövrünün durğunluğu - bütün
bu tarixi mərhələlər atamın,
anamın ömür yollarına damğasını
basmış hadisələrdir.
81-ci ildə yüz gün içində bir-birinin ardınca vəfat etmiş valideynlərimdən sonra cərəyan edən olaylar - Qarabağ qarşıdurması, 90-cı ilin
Qara Yanvar müsibəti, 91-ci ildə
Moskvada avqust qiyamı, SSRİ-nin dağılması, Azərbaycanın
müstəqilliyini bərpa
etməsi, Xocalı dəhşəti, dostlarımın
həlak olduqları dikuçar qəzası, Xalq cəbhəsinin iqtidar olduğu müddət, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı
- bütün bunlar gözlərim önündə
baş verən hadisələrdir, onların
bəzən müşahidəçisi,
bəzən iştirakçısı
olmuşam. Amma yaşımdan
öncə olmuş hadisələr, tarixi dövrlər haqqında, şəxsiyyətlər barəsində
də müəyyən
düşüncələrim, qənaətlərim, çıxardığım
nəticələr var və
bunlar haqqında da yazmaq istəyirəm.
Bu kitab bir neçə ömrü yenidən kağız üzərində
yaşatmaq təşəbbüsüdür.
Bəlkə iddialı
görünsə də,
ölümsüzlük təmənnası,
keçən keçəndən,
olan olandan sonra Dünyada, Zamanın axarında, qaçıb uçan Vaxtın içində qalmaq niyyətidir. Bu yazımı bitirib sahmana sala, nəşr
edə bilsəm, ömrümün yəqin
ki, ən vacib, ən önəmli işini görmüş olaram.
Müsahibələrdə dönə-dönə
"bu yay əsəri
bitirəcəm" desəm
də, yayı-yaya, ayı-aya, ili-ilə sata-sata bu yazıya
başladığım gündən
30 il keçdi. Söz
verdim ki, bu il mütləq bu işi bitirməliyəm. Sözümün üstündə
durmalıyam.
Bu yazıyla bir vaxtda, paralel olaraq "Min beş yüz ilin oğuz
şeiri" antologiyasını
hazırlayırdım. Makinada
klassik şairlərin
əsərlərini köçürürəm.
Növbə böyük
Füzuliyə çatıb:
Mən kiməm? - Bir bikəsü
biçarəvü - bixanıman,
Taleyim aşuftə, iqbalım nixun, bəxtim yaman.
Axşamlar yazı-pozudan yorulub
mütaliə edirəm.
Yenicə çapdan çıxmış "Ağaoğlular"
kitabını oxuyuram.
Vilayət Quliyevin tərtib etdiyi bu kitaba Əhməd
bəy Ağaoğlunun
"Mən kiməm?"
adlı essesi də daxil edilib.
Nə qəribə bir təsadüf?! Füzulinin və Əhməd bəyin "Mən kiməm?" sualıyla rastlaşdığım
bir gündə bu sualı üçüncü
dəfə eşidirəm.
Bapbalaca, təzə-təzə
dil açan bir qızcığazın
dilindən. İki yaş dörd aylıq qız nəvəm Deniz mənə
yanaşır və birdən soruşur:
- Mən kiməm?
- Sən mənim ceyranımsan, - deyirəm,
- maralımsan, qəşəngimsən,
gözəl-göyçək nəvəmsən, - deyirəm.
Dediklərimin mənasını dərk
edərək məmnun-məmnun
dinləyir və mən onu sınamaq
üçün səsimi
dəyişmədən, eyni
tonda, eyni intonasiyayla:
- Meymunumsan, - deyən kimi dərhal:
- Omaz - deyir. "Omaz" - olmaz onun dilində ən qəti, ən ötkəm, təkzibedilməz "yox"dur.
Yamanca hikkəli qızdır. Anası ona laylay çalır,
yatızdırır, "laylay
dedim yatasan, qızıl gülə batasan"... Heç də yatmaq fikrində olmayan Deniz başını qaldırıb
qeyzlə: - yatmıram,
qızıl gülə
də batmıram, - deyir.
Ulu babalarımdan, nəslimizdən,
valideynlərimdən, onların
və özümün
dost-tanışlarımdan, ömür boyu rastlaşdığım insanlardan
bəhs edəcək bu kitaba ilk personaj
kimi ailəmizin ən kiçik nümayəndəsi Denizi
daxil edirəm (Bu sözbaşı yazıldığı
ildə hələ ən kiçik qız nəvəm Sezen dünyaya gəlməmişdi. Daha sonra nəticələrim
- Murad, Sevinc, Maya, Tural
doğuldu. Yazını
qələmə aldığım
şəkildə saxlamaqla
sonrakı cümləyə
Sezenin də adını əlavə edirəm).
Bu kitabı da iki oğlan nəvəmə
- Rəsula və
Anara, iki qız nəvəmə - Denizə
və Sezenə, bir də dörd
nəticəmə - Murada,
Sevincə, Mayaya, bir yaşlı Turala ithaf edirəm.
Nəvə, nəticə, kötücə,
iticə, yadıca... Soyadımızın kökü
Məmmədxandan başlasaq
- onun oğlu Mahmud ağa, nəvəsi Məmməd ağa, nəticəsi Mirzə
İbrahim, kötücəsi Rəsul Rza, iticəsi - mən, yadıcası - oğlum Turaldır. Ondan sonrakı törəmələrin
ulu babayla varislik, xələflik münasibətini
bildirən söz yoxdur dilimizdə. Amma mən nəslimin, ulu babalarımın iticəsi
(itmək, uzaqlaşmaq,
unutmaq anlamında) olmadığım kimi, nəvələrimin də
əcdadlarının xatirələrinə
yadlaşmalarını, yadırğamalarını,
yadıca olmalarını
istəmirəm. Bu kitabın
bir məqsədi də budur.
Ömürlərinin əsas və yetkin çağı XXI yüzilliyə
düşəcək gələcəyin
insanlarına, o sıradan
nəvələrimə, nəticələrimə
Keçmişdən, mənim
bu gün izləyə bildiyim kökləri uzaqlara gedib çıxan soyumuzdan, əcdadlarımızın
əzab-əziyyətli talelərindən,
valideynlərim Rəsul
Rzanın və Nigar Rəfibəylinin keşməkeşli həyatlarından
və nəhayət, mənim öz ömrümdən, çağdaş
yaxınlarımdan və
yaxın çağdaşlarımdan
- söz açaraq əsrləri-nəsilləri bir-birinə
bağlamağa, calamağa
çalışıram...
Kitabımın bir üslub, dil özəlliyini də qeyd etmək
istəyirəm. "İlk söz"ü aşıq
şeiriylə başladığım
kimi, sonda başqa bir aşığın ifadəsinə
müraciət edirəm.
"Vaxtın yox zamanında". Vaxtın,
zamanın dəqiq ardıcıllığı olmadığı
üçün xatirələrin
pərakəndəliyinə uyğun mənim də bir "vaxt dağınıqlığım"
var - yəni, hadisələr
"vaxtın yox zamanında" cərəyan
edir.
...Və bir də
böyük Füzulinin,
hörmətli Əhməd
bəyin və balaca Denizin sualını özümə
şamil edərək
cavab axtarıram: Mən kiməm?
Bu suala isə əslimdən-nəslimdən, babalarımdan
söz açmadan cavab vermək çətindir.
1996-cı
ilin iyun, iyul, avqust, sentyabr
ayları
1998-ci il yanvar, fevral
2016-cı
ilin sentyabr, oktyabr ayları
2025-2026-cı
ilin əlavələriylə
ANAR
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, ¹3.- S.2-3.