O səsin
cazibəsi
(Əvvəli ötən sayımızda)
Dahi
müğənnimiz Rəşid
Behbudovun 110 illiyi tamam olur
***
"Bütün dünyada belkanto səsli müğənnilər sayca
çox deyil. Dahi Rəşid Behbudov da onlardan biridir".
Bu qiymətli fikri müğənninin Moskvada
80 illik yubileyi gecəsində Rusiyanın
adlı-sanlı musiqi
tədqiqatçısı, professor Boris Yarustovski səsləndirmişdir.
Həmin
deyimdə çox böyük həqiqət
vardır.
Şəksizdir ki, təbiətin ona
bəxş etdiyi əsas nemətlər sırasında - istedadı,
əla zahiri görünüşü, misilsiz
ifa tərzi və bənzərsiz texnikasından öncə
şirin səsi çox önəm kəsb edirdi...
Rəşid Behbudov tenordu. Fəqət heç də hər tenora qismət olunmayan belkanto da buna əlavədir.
Belkanto səsi əsasən dahi italyan müğənnilərində
olur, o, öncə italyan ifaçılıq
məktəbinə yiyələnmiş,
fəqət anadangəlmə
mükəmməl, yumşaq
səs çalarına
malik ustad sənətkarlara
bir Tanrı vergisidir.
Əlbəttə, Rəşid Behbudov
mahnıların yalnız
sadəcə təfsirçisi
olsaydı sənətin
belə yüksək zirvəsinə qalxmazdı.
Melodiyanı duymaq, onun incə nöqtələrinə varmaq,
bəstəkar və şair fikrini ifa ilə uzlaşdırıb
dinləyiciyə çatdırmaq,
hər hansı əsəri ağılın
süzgəcindən keçirib
kamilləşdirmək, el
nəğmələrini, dünya
xalqlarının mahnılarını
özünəməxsus tərzdə
səliqə-sahmanla canlandırmaq,
nəhayət, əla
improvizatorluq keyfiyyəti,
gözəl virtuozluq,
heç kəsə bənzəməyən aktyorluq
bacarığı Rəşid
Behbudovun sənətini
səciyyələndirən, ona minlərlə pərəstişkar qazandıran
məziyyətlərdir.
Onunla şəxsi tanışlığımızın
və bunun sonradan sıx dostluğa çevrilməsinin
maraqlı tarixçəsi
vardır. Ötən
əsrin 60-cı illərinin
lap əvvəllərində hələ çox cavan ikən "Bakı" - "Baku" qəzetləri
redaksiyasının ədəbiyyat
və incəsənət
şöbəsində əməkdaşlığa
başladığım çağlardan.
...Müğənni İrana
çox uğurlu qastrol səfərindən
Bakıya Tehran-Moskva qatarı
ilə qayıtmalıydı.
Həyat yoldaşı
Ceyran xanımdan hər şeyi yerli-yataqlı öyrənmişdim.
Qatarın nə zaman Şimali Azərbaycan Culfasında olacağından
xəbərdardım. Odur
ki, baş redaktorumuzun
razılığı ilə
bir gün öncə özümü
Culfaya çatdırdım.
Gecə saat 3-də qatar Culfa vağzalına
varid oldu. Rəşid 7-ci vaqonun SV kupesində idi. Qatar rəisinin icazəsi ilə vaqona qalxdım. Lakin müğənni şirin
yuxuda idi. Rahatsız etmək istəmədim. Sadəcə
yaxın kupelərin birində əyləşib
mürgü vururdum. Səhər 7-də kupedən
çıxdım, gördüm
müğənni üzü
pəncərəyə sarı
dayanıb çölə
baxır. Nəzərlərimiz
bir-birinə sataşdı.
Yaxınlaşıb salamlaşdım.
Özümü təqdim
etdim. Həm "Bakı" - "Baku" qəzetləri
redaksiyasının, həm
də Moskvanın
"Xəbərlər" Mətbuat Agentliyinin sifarişi ilə müsahibə aparmaq üçün buraya gəldiyimi bildirdim. Təbii ki, söhbət böyük müğənninin
İrandakı uğurlu
konsertləri barədə
olmalıydı.
Rəşid məmnun qaldığı
qədər də qayğı ilə dedi:
- Ay qardaş, onsuz da yolum Bakıyadır. Niyə bu qədər
əziyyətə qatlaşıb
Gulfaya gəlmisən?
Yaxşı, keçib
daha, oturaq mənim kupemdə, öncə səhər çayımızı içək.
...Səhərliyimizi yedik.
Sonra da o, İran səfərindən danışmağa başladı.
Həmin gün axşamüstü Bakıya
çatdıq. Və
artıq əlimdə
hazır olan müsahibəni teleqrafla Moskvaya - "Xəbərlər"
Mətbuat Agentliyinə
ötürdüm.
Sənətkarın çıxışları
barədə XMA-ya verdiyim material o zamankı İttifaq qəzetlərinin,
habelə xarici mətbuat orqanlarının
bir çoxunda dərc olundu.
O ki, qaldı, çalışdığım
doğma "Bakı"
- "Baku" qəzetlərinə müğənninin həmin
səfəri ilə əlaqədar geniş səpkili yol qeydləri də operativ olaraq oxuculara çatdırıldı.
Bir axşam həmin qəzet nüsxələri
qoltuğumda evinə getdim. Mətbuat nümunələrini təqdim
elədim. Bax, həmin çağdan başlayaraq bizim özülü möhkəm
olan dostluğumuzun əsası qoyuldu.
Hə, onu da əlavə etdim ki, təxminən 30
il çəkən birgəliyimizdə
onun məndə çoxsaylı yadigarları
var. Özü samovardan
mənimçün çay
süzən məqamda
lentə alınmış
fotoşəkil çox
əziz bir xatirədir. Mənə ad günümdə hədiyyə etdiyi üzük həmişə
barmağımdadır. Sənətkarla
bağlı yazdığım
müsahibələr, oçerklər,
yol qeydləri, solo konsertləri barədə
məqalələrim də
bu qəbildəndir.
Bir neçə dəfə
özgə şəhərlərə
qastrol səfərlərinin
canlı şahidi olmuşam. Nəhayət, istənilən qədər
duz-çörək kəsmişik.
Bir məqamı da deyim: Rəşid Behbudovla mübhəm söhbətlərimiz,
bir-birimizə inam və etibardan doğan fikir mübadilələrimiz, acı
həqiqətlərin etirafından
doğan danışdıqlarımız
da olub. Bunların hamısı cib dəftərimdə yer alıb. Düşünürəm
ki, artıq çatıb,
deyilməsi mümkün
olanların əksəriyyətini
oxuculara çatdırmaq
istəyindəyəm...
(Davamı olacaq)
Fazil RƏHMANZADƏ
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.4.