"Böyük
Azərbaycan naminə
Bağır Seyidzadə"
(Əvvəli ötən saylarımızda)
IV
...Bakıda
21 noyabr
1947-ci ildən başlayaraq Cənubi Azərbaycanın siyasi mühacirləri üçün 1917-ci ilin dekabrından nəşr edilən "Azərbaycan" qəzeti öz işini bərpa etdi. Bu,
o qəzet idi ki, illər ərzində milli şüuru
formalaşdıran bir çox Azərbaycan ədiblərinin, o
cümlədən də, Mir Cəlal Paşayevin, Səməd
Vurğunun, Rəsul Rzanın, Məmməd Rahimin, Mirzə
İbrahimovun, Süleyman Rüstəmin, Ustad Şəhriyarın,
digər yazar və şairlərimizin yazıları dərc
olunmuşdu.
Xüsusən də, Mir Cəlalın
Azərbaycan gəncini vəsf edən yazıları, Rəsul
Rzanın, Səməd Vurğunun milli vətənpərvər,
Süleyman Rüstəmin Təbrizlə bağlı şeirləri
cənublu qardaşlarımız tərəfindən
böyük rəğbətlə və sevgi ilə
qarşılanırdı. Mir Cəlal Paşayevin 1940-cı
ildə işıq üzü görmüş
"Füzulinin poetik xüsusiyyətləri" əsəri
(namizədlik dissertasiyası - A.M.) cənublu ədiblərimiz
tərəfindən xüsusi müzakirə mövzusu
olmuşdu.
Görkəmli ədibimiz Mir Cəlal
Paşayevin bu monoqrafiyasına maraq həm də ondan irəli
gəlirdi ki, o, öz tədqiqatında Məhəmməd
Füzulinin dövrünün şairlərindən fərqli
olaraq əruz vəznində və türk dilində qələmə
aldığı şeirlərdə və ya divanında ərəb
və fars sözlərindən daha az istifadə etməsini
göstərirdi. Əslində bu problem öz
aktuallığını Cənubi Azərbaycan şairləri
arasında o illərdə də saxlayırdı (elə bu
gün də saxlayır - A.M.). Biz bu problemin
aktuallığını, Azərbaycanın görkəmli ədəbi
tənqidçisi və eyni zamanda da o dövrdə Təbrizdə
nəşr olunan "Vətən yolunda" qəzetinin
Baş redaktorunun müavini, sonradan
hamımızın tanıyacağımız
böyük alim Cəfər Xəndanın Mərkəzi Komitənin
katibi Qəzənfər Məmmədova
ünvanladığı məktubundan da görürük.
Cəfər Xəndan məktubunda
(ARPİİİSSA F.1.Siy.29.S.V.375) Cənubi
Azərbaycanın yerli şairləri - Əli Fitrətin, Məhəmməd
Biriyanın, Mirmehdi Ehtimatın, Balaş Azəroğlunun və
Mirmehdi Çavuşinin adlarını çəkərək,
onların şeirlərini əruz vəznində deyil, modern və
milli koloriti tam özündə ifadə edə bilən heca vəznində
qələmə aldıqlarını yüksək qiymətləndirir.
Ədəbi tənqidçimiz qeyd edirdi ki, "Cənubi Azərbaycanda
şairlərin böyük əksəriyyəti əruz vəznində
yazdıqlarına görə, şeirlərində daha
çox fars və ərəb sözlərindən istifadə
etdikləri üçün başa düşülən
deyil. Yəni bunu biz heç də türk şeiri kimi qəbul
edə bilmərik". Çünki bu şeirlər fars və
ərəb sözləri ilə doldurularaq, mahiyyətcə
İranizmi tərənnüm edirdi.
Cəfər müəllim xüsusən
qeyd edirdi ki, "Təbrizdə 50-yə
yaxın şair vardır, amma bunların çoxu mərsiyə
deyənlərdir və onları qətiyyən nə Azərbaycan
məsələsi, nə də milli məsələ narahat
etmir". Faktiki olaraq bu şairlər dini nohiyələr deməklə
Kərbəla faciəsindən bəhs edir, İran
şiizminin təbliği ilə məşğuldurlar. Bu
baxımdan o, hesab edirdi ki, bizə əruz vəznində və
türk sözlərindən istifadə edən, şeirlər
yazan şairlər yetişdirmək lazımdır və gənc
şair Əli Rzanı misal çəkirdi. Yəni Cənubi
Azərbaycanda o dövrdə şairlərin böyük əksəriyyəti
əruz vəznində yaratdığına görə,
qeyri-ixtiyari olaraq şeirlərində ərəb-fars sözlərindən
daha çox istifadə edirdilər. Bu da ərəb və fars
sözləri ilə zəngin olan əruz şeirini milli
görkəmdən çıxarırdı.
Bax, buna
görə də
böyük ədibimiz Mir Cəlal Paşayevin
"Füzulinin poetik xüsusiyyətləri" adlı
monoqrafiyası məhz bu mahiyyətinə görə cənubda
çox ciddi müzakirə mövzusuna çevrilmişdi.
Füzulinin əruz vəznində və türk dilində olan
şeirlərinə və ya divanına cənubda yeni bir
baxış formalaşmış və ciddi şəkildə
öyrənilməyə başlanılmışdı. Amma
bununla yanaşı, milli dilin bəlağəti
baxımından şeirlərin heca vəznində
yazılması daha çox təşviq edilirdi. "Azərbaycan"
qəzeti öz işini bərpa etdikdən sonra həftədə
iki dəfə, 2000 nüsxə tirajla nəşr olunur və
ilk öncə yalnız Sovet Azərbaycanı ərazisində
yaşayan siyasi mühacirlər arasında
yayılırdı. Qəzetin hər sayında İranda
baş verən həyat və hadisələrlə
bağlı siyasi məqalələr, materiallar yer
alırdı. Qəzet TASS materiallarından da istifadə
edirdi.
Çox
maraqlı idi ki, qəzet
Təbriz Baş konsulluğuna göndərilir və oradan
etibarlı adamlar vasitəsilə Cənubi Azərbaycan
bölgələrinə yayılırdı. Bu, çox riskli
bir iş idi və tam məxfi həyata keçirilirdi.
İran, ABŞ, Böyük Britaniya xarici kəşfiyyatının
tam nəzarətində olmasına baxmayaraq, Təbriz Baş
konsulluğu və onun aparıcı siması olan Bağır
Seyidzadə bu işi çox ustalıqla həyata
keçirirdi. Amma hər an bu məsələ üzə
çıxa bilərdi.
Bağır Seyidzadəni və
digər diplomatlarımızı zərbə
altına qoymamaq üçün Mir Cəfər Bağırov
Stalinlə razılaşdıraraq, Cənubi Azərbaycanın
bölgələrində maarifləndirmə və təbliğat
işini daha təhlükəsiz aparmaq üçün
"PÇELA" ("Arı") radiostansiyasının fəaliyyətini
bərpa etdirir.
"PÇELA"
radiostansiyası vasitəsilə
Azərbaycan, fars və kürd dillərində
gündəlik yayım təşkil olunurdu.
Amma heç bir halda Cənubi Azərbaycanda apardığı
milli siyasətinə və reportariantlara qarşı
mövqeyinə görə M.C.Bağırovu
bağışlamayacaqdılar. Bildiyimiz kimi, reportariant siyasəti
Moskvanın Şərqi Anadolu layihəsinin tərkib hissəsi
idi. Mikoyan-Gülpəkyan cütlüyü bu geosiyasi
konyukturadan maksimum istifadə etməyə
çalışırdılar. Dünyanın bir çox
ölkələrindən Gülpəkyan fondunun dəstəyi
ilə Ermənistana daha çox daşnak ermənilər
qaytarılırdı. Bu da gələcəkdə bu ermənilərin
Şərqi Anadoluda sovet dövlətinin iddia etdiyi ərazilərdə
yerləşdirilməsi üçün hazırlıq
proqramının tərkib hissəsi idi.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, Ermənistandan
deportasiya olunan Azərbaycan türkləri kütləvi şəkildə
deyil, 1948-1950-ci illərdə, əsasən, Türkiyə ilə
sərhəd kəndlərdən çıxarıldı. Bu
köçürülmələrin digər səbəblərindən
biri də dünyadan axışıb gələn erməni
reportariantların azərbaycanlıların
çıxarıldığı ərazilərdə yerləşdirilməsi
idi.
Amma Bağırov bunların əleyhinə gedirdi və gələcək
köçlərin qarşısını almaq
üçün aşağıdakı məzmunda Stalinə
müraciət edir:
ARPİİİSSA,
f.1. siy. 35, s. v. 161 (keçmiş Dövlət Siyasi Partiyalar
və İctimai Hərəkatlar Arxivi - indiki Azərbaycan
Respublikası Prezidentin İşlər İdarəsinin
İctimai-Siyasi Sənədlər Arxivi).
YOLDAŞ
STALİNƏ
Daşnakların xaricdə davam edən iyrənc antisovet işində son illərdə
onların Sovet Ermənistanı ərazisinin Sovet Azərbaycanı
(Dağlıq Qarabağ, Naxçıvan Muxtar Soveti, Kirovabad və
s.) və Sovet
Gürcüstanı (Axalik, Axalkalaki, Borçalı və s.)
hesabına artırılması "tələbləri"
xüsusi yer tutur. Eyni zamanda, onlar Azərbaycan və
gürcü xalqlarına qarşı hər bir təxribata
hazırdırlar. Bununla bağlı məktuba 1947-ci ilin iyununda
"Daşnaksütyun" partiyasının siyasi platforması
haqqında (XIV daşnak qurultayının direktivi və siyasi
vəziyyətimiz və gələcək fəaliyyətimiz
- "Alik" qəzetində dərc
olunmuş məqalənin tərcüməsi)" 18 və 19
fevral 1948-ci il tarixlərində Tehranda nəşr edilmiş
"Mühacirət və biz" ("Alik" Tehran erməni
qəzetindən, 14 aprel 1948-ci il tarixli məqalənin tərcüməsi),
"Naxçıvanın Ermənistan üçün mənası"
(1948-ci il 25-26 avqust tarixli) və nəhayət, daşnak
inqilabi təşkilatının rəhbəri S.Vratsyanın
"Alik" qəzetinin 25, 27 yanvar 1949-cu il tarixli məqaləsi
haqqında məlumat əlavə edilmişdir.
Şübhə yoxdur ki, ingilis-amerikan
imperialistləri nəinki antisovet işlərində
daşnakları dəstəkləyirlər,
görünür, amerikalılar daşnakların "tələblərindən"
istifadə edərək, Zaqafqaziyaya hansısa yollarla nüfuz
etmək kimi çoxdankı arzularını həyata keçirmək istəyirlər.
Bu baxımdan, amerikalıların 1919-cu ildə Şərur-Dərələyəz və Naxçıvanla
bağlı davranışlarına dair arxiv
materiallarını da məktuba əlavə etmişəm.
Amerikalıların daşnakların işlərində
bugünkü iştirakı, xüsusilə Dağlıq
Qarabağ məsələsində özünü daha
çox göstərir. Artıq həbs edilmiş Suvaryan
işi ilə bağlı əldə edilmiş materiallardan
aydın olur ki, amerikalılar başqa işlərlə
yanaşı, Sovet Azərbaycanının İran xalqına məlum
təsirindən də çox narahatdırlar!
Həqiqətən də, İran zəhmətkeşlərinin
Sovet Azərbaycanını özlərinə dayaq görməsinin
"Mərdom" (Xalq partiyasının mərkəzi qəzeti)
qəzetinin 3 fevral 1949-cu il tarixli "Azərbaycan
xalqımızın mübarizəsinin ən qabaqcıl
barrikadasıdır" adlı və bu məktuba əlavə edilmiş məqalədən
də görmək olur. Deyilənlərin
işığında, Zaqafqaziyada, xüsusən də, Azərbaycanda
baş verən ən mühüm hadisələrlə
bağlı son illərdə yazılan və ya təkrar nəşr
olunan bəzi kitablar və məqalələr diqqəti cəlb
edir və insanı həyəcanlandırır. Amma bəzi
kitab və məqalələr var ki, bunlardan da yan keçə
bilmirəm. Bu tipli kitabların müəllifləri nəinki
mütəxəssis deyillər, qeyri-obyektiv və hətta
şübhəlidir, həm də məzmunu təxribat və
şərləmə özlüyündə daşnak təxəyyülünün
əsasını təşkil edir...
Adıgözəl MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, ¹3.- S.15.