Qərib Mehdi haqqında
deyilənlər
Mir Cəlal:
Qərib
Mehdini oxuyun, Qəribi qoruyun, onun böyük gələcəyi var…
«Gənclik» nəşriyyatının
direktoru Əzizə Əhmədovaya demişəm
ki, mənim kitabımı
10 çap listi nəzərdə tutubsunuz.
8 çap vərəqi
bəsimdir. Qalan iki çap vərəqini Qərib Mehdiyə verin. Onun yazıları ilə tanışsınızmı?
«Qərib hey» hekayəsi
kövrək hisslərin
poetikasıdır».
Nəriman Həsənzadə:
Qədim
Gəncə şəhəri
bütün dəyərləri
ilə yanaşı, mənim üçün həm də Qərib Mehdi ünvanı
ilə əzizdir. O, öz yolu, öz
sözü olan yazıçı, öz müridlərini yetişdirmiş
bir sənət fədaisidir.
Anar:
Nizaminin,
Məhsətinin, Vazehin
vətəni qədim
Gəncə bir çox görkəmli qələm sahiblərini yetişdirmişdir. Qərib
Mehdi də Gəncə
ədəbi mühitinin
püxtələşdirdiyi dəyərli yazıçılarımızdandır.
Eyni zamanda o özü də bir sıra layiqli
ədəbiyyat fədailərini
yetişdirmişdir. Yetirmələri
onun xeyirxah müəllim münasibətini
həmişə minnətdarlıqla
xatırlayırlar.
Musa Urud:
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı-publisist Qərib
Mehdi bu fani dünyaya əlvida deyib, əbədiyyətə
qovuşdu. Öz uzun və mənalı
ömrünün altmış
ilindən çoxunu söz sənətinə həsr edən Qərib Mehdi ustad qələmini ədəbiyyatın
bir çox janrlarında sınadı:
hekayə, povest, roman,
dram, şeir, məqalə
yazdı. Qərib
Mehdi nə yazdısa ürəklə yazdı,
içindən gələni
yazdı, sözdən
ilmə toxuyurmuş kimi, biri digərinə
bənzəmıyən gözəl
lövhələr yaratdı.
Qərib
Mehdi nə yazdısa,
" Qərib heey!" nidasının
prizmasından baxaraq yazdı, məsuliyyətini
və borcunu dərk edərək yazdı.
Qərib
Mehdini mən çoxdan və kifayət qədər yaxından tanıyırdım. Ustad-şagird
münasibbətimiz sonradan
dostluğa çevrilmişdi.
Qərib
Mehdi olduqca təmiz mənəviyyata və daxili azadlığa malik olan söz ustadı
idi.
Qərib
Mehdi yaradıcılığı həyatın özündən,
onun ən dərin qatlarından qaynaqlanırdı, axırdı,
axdıqca da durulurdu, içtimai münasibətlərə
də bir saflıq aşılayırdı.
Qərib
Mehdi olduqca sadə həyat tərzi olan, təvəzökar, öz yerini, həm də öz qiymətini bilən dəyərli qələm sahibi idi.
Qərib
Mehdi kifayət qədər
uzun və mənalı ömür yaşadı, yüzlərlə
bir- birindən gözəl əsərlərə
öz imzasını qoyaraq dünyaya əlvida dedi.
Amma bir həqiqət də var ki, yazıçının
əsil ömrü onun əsərlərinin ömrü qədərdir.
Xoşbəxt o qələm
sahibidir ki, adı, imzası fiziki ömründən qat-qat çox
yaşayır və müəllifi xatırladır.
Qərib
Mehdi kimi...
Xəzangül:
Onu həmişə böyük
gördüm. Davası
ədəbiyyat davasıydı.
Müdrik və bağışlamağı bacaran
şəxsiyyət idi. Ömrünü gəncliklə
bir arada keçirdi. Yolumuzu açdı. Bizi əbədi olana, yaxşıya yönləndirdi.
Ən yaxın simsarı qələm idi. Ömrünü qələmə verdi. Qələmlə yaşadı.
Fikrət Qoca demiş, qara qələm kimii yazıldı, qurtardı.
Amma bitmədi. Ruhunu, yazmaq eşqini bizlərə əmanət
qoydu.
Nahid Hacızadə:
Qərib Mehdi bir qələm adamı, şəxsiyyət kimi mənim ruhuma yaxın, həssas, eyni zamanda da zərif bir yazıçıdır… Görkəmli
yazıçı Mir Cəlal
vaxtilə çox geniş ürəklə,
səxavətlə «Gənclik»
nəşriyyatında çapı
nəzərdə tutulan
kitabının iki çap vərəqi hesabına Qərib Mehdinin ilk hekayələr kitabının buraxlmasını
xahiş etmişdi.
Gülrux Əlibəyli:
Bədii etirafın ən kamil nümunəsi Qərib Mehdinin «Məni çağıran
səs» povestidir. Azərbaycan ədəbiyyatında
ana haqqında yüzlərlə
gözəl, kamil povestlər, poemalar, romanlar yaranmışdır.
Ana mövzusu ölməz
və ümumbəşəri
mövzudur. Burada oxucunu təəccübləndirmək
də sanki qeyri-mümkündür. Bununla
belə, Qərib Mehdi
təəccübləndirir də, heyrətləndirir
də!.
Saleh Mərcan: (Türkiyə)
Mən Qərib Mehdinin əsərini oxuduqda bir anlığa özümü başqa bir yazıçının
– Əziz Nesinin dünyasında hiss etdim. Onu çox sevdim. Məktub yazdım. Amma ünvanını
bilmirəm ki… O səbəbdən
belə yazdım: «Azərbaycana – Qərib Mehdiyə».
Azərbaycanda neçə Qərib
Mehdi var ki?!
Firəngiz İsmayılova:
Qərib
Mehdinin yaradıcılığı
haqqında Mirzə
İbrahimov, Mir Cəlal, İsmayıl
Şıxlı, Anar,
Bəkir Nəbiyev, Gülrux Əlibəyli və onlarca başqa görkəmli ədəbi simalar fikir söyləmişlər…
Qərib
Mehdinin 30 ildən çox rəhbərlik etdiyi «İlham» ədəbi
birliyində Gəncə
və Gəncəbasarın
yüzlərlə ədəbiyyat
həvəskarları iştirak
etmiş, onların bir çoxunun adı Azərbaycan ədəbi mühitində
seçilən imzalara
çevrilmişdir.
Barat Vüsal:
Qərib
Mehdi Azərbaycan ədəbiyyatının
əsas qan damarlarından biri idi. O, sözlə ucala-ucala sözü daha da ucaltmış bir sənətkardı. Onu sevənlər çoxdu. Amma Barat Vüsal
adlı bir sevəni də var ki, sevgisi sonsuz və əbədidi.
Qəşəm Nəcəfzadə:
Mən Qərib Mehdini həmişə tənha gördüm. O, ona görə tənhaydı
ki, böyük idi. Bəzən ona qarşı olan kiçiklər birləşirdilər
ki, nəsə bir şeyə oxşasınlar.
Amma qədim Gəncəmizdə
Qərib Mehdi tənhalığının
qarşısında bütün
çoxluq mənasız
və aciz görünürdü.
Sərvaz Hüseynoğlu:
Qərib
müəllim öz yetirmələrinə ömrünü
qıydı, özünə
düşəsi xoşbəxtliklərdən
yetirmələrinə pay ayrıdı.
O, öz yetirmələrinə
sənətin çətin
yoluyla yerimək elmi öyrətdi. Hər cür iblislikdən, pisliklərdən
uzaq durmaq elmi öyrətdi. Sözü üzə demək elmi öyrətdi.
Mutlu-mutsuz günlərimizin «Qərib,
hey!» ərki, səslənişi
vardı.
Onun iri, ala gözləri həmişə hərəkətdəydi,
sağını-solunu aramaqdaydı,
istedad, yeni səs,
yeni söz axtarışındaydı.
Zabitəli və iradəliydi. Cüssəliydi.
Amma səmimi bir uşaq təbəssümüylə
deməyi vardı ki:
«Zərif kəpənəyəm,
çıxmışam yola
/ Sən Allah toxunma qanadlarıma!»
Ərklə, inamla, qürurla
«Sərvaz mənim qabarlı əllərimdi»
- deyərdi.
Əllərimlə baxıram… Yanında,
ruhu qarşısında
əllərimin üzü
ağdı!
Eltun Türkel:
Qərib
Mehdi ömrünün ahıl
çağında belə
qələminə və
əhdinə dönük
çıxmadı. Hər
yeni əsərini qələmə
alanda itmiş oyuncağını tapan uşaq kimi sevindi.
Aydın Murovdağlı:
Qərib müəllim Gəncə ədəbi mühitinin uşaq qəlbli, körpə təbəssümlü ağsaqqalı idi. Bütövlükdə, ədəbiyyat zonası, aurasıydı. Hərdən ala gözlərinin axışıyla, hərdən sərt baxışıyla anladardı qəlbindən keçənləri. Ağır çəkili qıvraq idi; yaxşılığa tələsirdi…
Sahib İbrahimli:
Qərib müəllim nəsillərarası əlaqələndiricimiz idi. Bizləri sözün ucalığına calayırdı. Gəncəli Mürşüd Məmmədli, gəncəli Sabir Əliyev, gəncəli Altay Məmmədov, gəncəli Nüşabə Əsəd Məmmədli ötkəmliyi, təlatümü gəlib onda səngiyir, axarına düşürdü. Nizami Aydın, Bahadur Fərman, İnqilab İsaq ağrısı vardı. Vüsal Hicranla təsəlli tapırdı.
Xosrov Natil:
Sabah ona telefon açacam, həmişəki kimi, deyəcəm ki, salam, Qərib müəllim, hər vaxtınız xeyir. Unudulmazlığın, əbədi yaşarlığın mübarək olsun.
Ədəbiyyat qəzeti.- 2026.- 23 yanvar, ¹3.- S.14.