Su üzündə yarpaq kimi...

Meh əsdikcə yellənən.

Baxışları bu dünyanın

Tavanına zillənən.

 

Öz içində var-gəl edən,

Öz odunda küllənən.

Yaşılıyla solub gedən

Sarısıyla dillənən.

 

Savaşların ötəsində

Tək-tənha veyillənən.

Xatırladıqca ürpənən,

Qorxduqca hövllənən.

 

Öz qanından içib doyan,

Öz qəmində şellənən.

Göz yaşları axammayıb

Gözlərində göllənən.

 

Duaları yer üzündən

Göy üzünə millənən.

Fikirləri durulduqca

Cavabları lillənən.

 

...Su üzündə yarpaq kimi

Meh əsdikcə yellənən...

 

Səhər ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2026.- 23 yanvar, №3.- S.7.