"Dünya
sənin, dünya mənim..."
Hekayə
Toy salonuna girəndə səs-küydən qulaq tutulurdu. Musiqi Bakının küləyi
kimi adamın üzünə çırpılırdı.
Gülüş sədaları,
çəngəl-bıçaq taqqıltısı, tamadanın
səsi bir-birinə qarışmışdı. Qonşum
Valehin oğlunun toyu idi. Bir müddət
əvvəl yüksək
vəzifədən azad
ediləndən sonra bu, getdiyim ilk toy idi. Məclis çoxdan başlamışdı,
mən bir az gecikmişdim. Toy sahiblərinin yaxınlarından
biri qapıdaca qarşıladı, təbrikimi
çatdırdım, məni
oturacağım stola doğru
ötürdü. Masaların
arası ilə yerimə doğru irəlilədim, səhnədəki
müğənninin məlahətli
səsi də məni müşayiət
edirdi:
Nə dedim xətrinə dəydi,
Üzün məndən niyə
döndü?
Kimsə
mahnıya qoşulub oxuyurdu, kimsə ritmə uyğun çırtıq çalırdı,
ortada bir dəstə gənc deyə-gülə rəqs
edirdi, bir sözlə, hamı istədiyi kimi cani-könüldən əylənirdi.
Qadınlar bir-birinə
tərəf əyilib
nəsə pıçıldayır,
sonra ucadan gülüşürdülər.
İsti
yeməklərin buxarı
ilə bahalı ətirlərin qoxusu bir-birinə qarışmışdı,
hər kəs bu şənliyin bir parçasına çevrilmişdi. Kimi telefonunu
yuxarı qaldırıb
bu anları yaddaşa köçürür,
kimi köhnə tanışla rastlaşıb
hal-əhval tutmağın
sevincini yaşayırdı.
Uşaqlar stolların
arasında ora-bura qaçır, böyüklərin
danlağını eşidib
bir anlıq dayanır, sonra yenə şıltaqlıqla
gülüşə-gülüşə
gözdən itirdilər.
Səhnədən gələn səs
gah ucalır, gah alçalır,
salonun hər küncünə toxunub qayıdırdı. Bu səslər
təkcə qulaqlara yox, adamların ovqatına, xatirələrinə
də yol tapırdı. Mən isə bu gurultunun
içində asta addımlarla irəliləyir,
hər tərəfdən
üzümə dəyən
səs-küyü, işığı,
hərəkəti izləyirdim.
Masaya yaxınlaşanda ətrafındakı
insanların əksəriyyətinin
tanışlar, yaxınlar
olduğunu gördüm.
Hələ vəzifədə
işlədiyim vaxt, demək olar ki, masadakıların elə hamısına yardımım
toxunmuşdu. Hansısa
kömək üçün
müraciət edəndə
"əl tutmaq Əlidən qalıb"
prinsipi ilə bacardığımdan da artıq
yardım etməyə
çalışmışdım. Bunu hansısa təmənnam olduğuna görə eləməmişdim,
xarakterim belə idi. Düşünürdüm
ki, Allah mənə ruzi
verirsə, onu ehtiyacı olanla bölüşmək, kömək
etmək savabdır. Məni belə böyüdüb tərbiyə
eləmişdilər.
Masada mənim üçün ayrılmış yerimə
oturanda stolda hamının başı qarışıq idi. Ayağa qalxmışdılar,
deyilən sağlığa
içəcəkdilər. Sağlıq deyəni tanıyırdım, iki il
əvvəl övladının
əməliyyatı üçün
əlimyandı borc axtarırdı, lazım olan qədər pul vermişdim, sonra heç istəməmişdim. Dedim,
təki, balası sağalsın. Onun səsi aydın, tonu arxayın idi:
- Əziz dostlar, bunu da içək kişiliyin, mərdliyin sağlığına! Şərəfin,
sədaqətin sağlığına!
Stullar bir-birindən aralandı, hamısı əllərində
qaldırdıqları qədəhlərlə
irəli əyildilər.
Şüşə qədəhlər
cingiltili səslə bir-birinə dəydi. İçkilər birnəfəsə
içildi. Yer-yerdən
"var ol, sağ ol!", "afərin!",
"halal olsun!" sədaları
ucaldı.
Məni
hələ görməmişdilər.
Sonra yerlərinə oturub
yeməyə davam etdilər. Baxışları
mənə sataşanda
ağızucu salam verən də tapıldı, özünü
görməməzliyə vuranlar
da oldu. Qəribə,
son dərəcə laqeyd
bir soyuqluq dalğa-dalğa masaya yayılırdı. Sağlıqdan
sonra hamısının
başı guya yeməyə və söhbətə qarışmışdı.
Mən də ortadakı qabdan qabağımdakı
zərli nimçəyə
kabab çəkdim, ofisianta
şərab tökməsi
üçün işarə
elədim. Bir azdan fərqinə vardım ki,
8-10 nəfərlik stolda
seyrəklik yaranıb.
Əksəriyyəti nə
vaxt durub getmişdilər, heç
fikir verməmişdim.
Masada qalan boş stullar sanki bir
az əvvəl deyilən gurultulu sözlərin, qaldırılan
tostların səssiz şahidinə çevrilmişdi.
Kimsə təcili zəng gəldiyini bəhanə etmiş, kimsə başqa stola baş çəkmək adıyla çəkilib getmişdi. Səbəblər
müxtəlif idi, amma nəticə eyni - ətrafımda yaranan boşluq aydınca nəzərə
çarpırdı. Bir vaxtlar
kömək üçün
qapımı döyən
üzlər indi, ya ürkək baxışlarla məndən
yayınır, ya da salonun o başından mənə yad bir adam kimi nəzər
salırdılar.
Şərab qədəhimdə asta-asta
titrəyirdi, elə bil masadakı bu ani dəyişikliyi o da
hiss edirdi. İçimə
ağır, izahsız
bir hiss çökmüşdü,
bu nə qəzəb idi, nə də inciklik. İnsanların gerçək üzü ilə tanış olanda yaranan o tanış, acı ayıqlıq hissi idi. Mən sakitcə
yeyir, arabir başımı qaldırıb
ətrafı seyr edirdim. Oturduğum bu masa təkcə toy süfrəsi deyildi, həm də illərlə qurduğum münasibətlərin səssiz
hesabat yerinə çevrilmişdi.
Masanın arxasında qalan
3-4 nəfər də,
nə barədəsə
öz aralarında pıçıldaşdılar. Biri cibindən telefonunu çıxarıb qurdalanmağa
başladı, sonra da
guya zəngə cavab vermək adıyla masadan uzaqlaşdı. O birisi hava almaq bəhanəsilə
sivişdi. Üçüncüsü
stulunu çəkib ayağa durdu, heç sağollaşmadan
məclisdən çıxdı.
Heç biri də durub gedəndə
nə üzümə
baxdı, nə də xudahafizləşdi.
Elə bil hamısının yarımca
saatın içindəcə
işi çıxmışdı,
tələm-tələsik toydan
getmişdilər.
Yalnız
bir nəfər qalmışdı, o, stolun
üstündəki ləbləbidən
bala-bala ötürür,
ortada canfəşanlıqla
oynayanlara tamaşa edirdi. Bir anlıq baxışlarımız rastlaşdı,
yüngülcə gülümsündü,
bir-birimizi tanımırdıq.
Ətrafı boşalmış masaya
göz gəzdirdim, boşqablarda yarımçıq
tikələr gözə
dəyirdi. Bir az əvvəl kişiliyin və sədaqətin sağlığına içilmiş
qədəhlər stolun
üstündə sahibsiz
qalmış əşyalara
bənzəyirdilər.
Bu vaxt stolun ayaq
tərəfində oturmuş
yaşlı, ortaboylu,
dolubədənli həmin
kişi başını
mənə tərəf
çevirdi. Elə bil çoxdan nəsə demək istəyirdi, amma münasib anı gözləyirdi. Qalın qaşlarının altından
diqqətlə baxdı,
sonra sakit səslə dilləndi:
- Deyəsən, bu masada ikimiz qaldıq.
Səmimiyyətlə gülümsədim:
- Hə, elədir...
O, yavaşca durub gəlib lap yanımda əyləşdi. Bayaq uzaqdan başımızla salamlaşmışdıq, indi
isə əl uzatdı.
Tanışlığımızdan sonra bildim ki, Əbülfəz
kişi qonşumun rayonların birindən gəlmiş uzaq qohumudur. Elə uzun illərdir rayonda tarix müəllimi
işləyir. Təbəssümlə
qədəhlərimizi toqquşdurub
içdik. Tarix müəllimi başı
ilə masaya işarə edib dedi:
- Nə tez durub
dağılışdılar bunlar, heç sağollaşmadılar da...
Hiss etdim ki, Əbülfəz müəllimin bu sözündən sonra qeyri-ixtiyari acı, istehzalı təbəssümüm
dalğa-dalğa üzümə
yayıldı. O da bunu
sezdi.
Sakitcə dedim:
- Əbülfəz müəllim,
mənə görə
durub getdilər burdan. Bu insanların hamısına vaxtilə yaxşılığım dəyib.
Vəzifədə olanda
hamısına əl tutmuşam, irəli çəkməyə çalışmışam.
Bir vaxtlar hamısı
ilə eyni süfrədə çörək
kəsmişəm, araq
içmişəm. Elə
gün olub ki, dərdlərini mənə
deyiblər. İndi isə
elə davranırlar
ki, guya məni heç tanımırlar. İnsan elədiyi yaxşılığı, əlbəttə
ki, dilə gətirməz,
müəllim. Amma insanlar
çox vaxt onlara edilən yaxşılıqlara üstlərinə
düşən kölgə
kimi baxırlar; zaman keçdikcə o kölgənin
varlığından narahat
olurlar.
Tarix müəllimi təsdiq mənasında başını
yellədi və səmimi səs tonu ilə dilləndi:
- Bilirsən, niyə, qardaşoğlu?
Çünki daxillərində
o yaxşılığa cavab
verəcək adamlıqları
olmur. Bayaq gördüm, elə sən gələn vaxt kişiliyin sağlığına içirdilər.
Mərdlik, kişilik,
sədaqət haqqında
danışmaq da, bu sağlığa içmək
də asandır, amma bu anlayışları
kişi kimi yaşaya bilmək hər adamın işi deyil. Bəzi adamların sədaqət, mərdlik anlayışı insana, insanlığa yox, mövqeyə bağlıdır.
Diqqətlə Əbülfəz kişini
dinləyirdim. Danışığından
hal əhlinə oxşayırdı.
Sözünə qüvvət kimi
dedim:
- Müəllim, keçmişdə
kişilər dost üçün
candan keçirdilər,
düşmənçiliyi də mərd-mərdanə
aparırdılar. Bir kitabdan
oxumuşdum, bir kişi qan düşmənini
öldürmək üçün
gecə vaxtı alaçığa girir.
Amma düşməninin arvadı
ilə birgə yatdığını görüb
qadının yanında
onu öldürməyi
kişiliyinə sığışdırmır,
sinəsinin üstünə
iki patron qoyub gedir. Yəni, öldürə bilərdim,
amma arvadının yanındasan deyə, öldürmürəm... Köhnə
kişilərin yazılmamış
əxlaq, şərəf,
mərdlik, kişilik qanunları idi bunlar... Amma indi... Ehhh...
Əbülfəz müəllim ərklə
kürəyimə vurdu:
- Düz deyirsən. İndi
elə bil insanlar pusquda durublar. Bir-birinin çatışmayan cəhətlərini
qabartmaq, onları hamının qarşısında
bəyan etmək üçün fürsət
axtarırlar. Başqasının
sarsılmasından, zəifləməsindən,
səhvlərindən ləzzət
alırlar. İnsan vəzifədə olarkən
ətrafındakılar nəinki
sual verməyə, hətta şübhə etməyə belə, cəsarət etmirlər, çünki onlar insanın özünə
yox, onun tutduğu kürsüyə
baxırlar. Vəzifən
əlindən alındığı
an onlar təkcə simalarını yox, elə yaddaşlarını
da itirirlər. Onlara edilən yaxşılığı
da tapdayırlar, adama
da arxa çevirirlər.
İnsanla deyil, onun verdiyi imkanlarla
bağ quranlar imkan bitən kimi bağlarını qoparıb qaçırlar...
Onun fikrini təsdiqlədim:
- Çünki, düşünürlər
ki, mövqeyini itirən
insandan uzaqlaşsalar,
özlərini güvəndə
hiss edərlər. Rəhmətlik
atam deyərdi ki, nankorluqla nakişilik eyni şeydir, nanəciblik də, namərdlik də, naxələflik də... Vəzifədə olanda Mustafa adlı bir dostumu özümə
müavin götürmüşdüm.
Hansısa universitetin lazımsız bir ixtisasını bitirəndən
sonra illərlə işsiz qalmışdı,
elə o ərəfədə
insanlığına, yaxşı
işləyəcəyinə güvənib müavin vəzifəsinə gətirmişdim.
İşsiz vaxtlarında
evinin təmirinəcən
kömək eləmişdim,
imkanım çatdığı
qədər korluq çəkməyə qoymamışdım.
Axı onu dostum bilirdim, dostu dar ayaqda
çətin vəziyyətdə
qoymamağı öyrədib
atam mənə uşaqlıqdan... Mustafa kabinetimə girəndə
sual işarəsinə
dönürdü, söz
deyəndə də
"bəli, baş üstə". Çox vaxt başını da heç yuxarı
qaldırmırdı. Otaqdan
çıxanda arxa-arxaya
çıxırdı. Mən
bütün bunları
hörmət sanırdım.
Çünki mən də ona hörmət
edirdim. Adam, bəzən
qarşısındakında onun əsl niyyətini
sezə bilmir, hamını öz ürəyinin arşını
ilə ölçür.
Sonra məni vəzifədən azad etdilər, yerimə təyin olunmuş yeni namizədin təqdimatında mən də var idim.
Başını yerdən
qaldırmayan və qarşımda həmişə
sual işarəsi kimi duran Mustafa
həmin iclasda çıxış eləyəndə
nitqindən bir cümlə ömürlük
yaddaşıma həkk
olundu: "Bu, çox gözəl, lakin gecikmiş qərardır..."
Əbülfəz müəllim stula kürəyini söykəyib
fikirli-fikirli başını
buladı, təmkinlə
mənə cavab verdi:
- Tarixdə də
belə nankorluqlar çox olub həmişə. Yuli Sezar eramızdan əvvəl Romanın taleyini əlində saxlayan ən qüdrətli şəxsiyyətlərdən
biri idi. O, hakimiyyəti dövründə
saysız-hesabsız xəyanət
görmüşdü, düşmən
hiylələrinə dəfələrlə
sinə gərmişdi.
Lakin bir dəfə baş verənlər onun təsəvvürünə belə
sığmırdı. Çünki
üstünə hücum
edənlər yad adamlar yox, etibar
etdiyi, çiyin-çiyinə
döyüşdüyü yaxınları idi. Senatorlar taxtındaca ona hücum etmişdilər. O, bədəninə
ard-arda enən zərbələrdən yayınmağa
çalışır, qan
içində çırpınırdı.
Güclə dizləri
üstə qalxdığı
an isə gözləri onun üstünə xəncər
qaldıranlardan birinə
sataşdı. Bu adam onun ən
sadiq silahdaşı, ən güvəndiyi şəxs - Brut idi. Elə həmin
an Sezarın sükutu pozulmuş, dodaqlarından acı və təəssüflə
yoğrulmuş sözlər
süzülmüşdü: "Sən də, Brut?" Lakin Brut bu sözlərə
qulaq asmadı. O, heç bir tərəddüd göstərmədən
xəncəri yenidən
Sezarın bədəninə
endirmişdi. Sonradan aydın olmuşdu ki, həmin gün Sezarın bədəninə iyirmi üç xəncər zərbəsi vurulub. Hərdən fikirləşirəm
ki, Sezarı xəncər yarasından çox, bəlkə də silahdaşlarının,
xüsusilə də ən yaxını hesab etdiyi Brutun
nankorluğu öldürüb.
Bax, bəzən inandıqlarımız, vaxtilə
güvəndiklərimiz bizə
beləcə, xəyanət
edə bilirlər... Amma nə nankorluq,
nə xəyanət heç vaxt cavabsız qalmır. Allah səbirlidir, bir gün mütləq
bunun cavabını verir. Maraqlısı bilirsən, nədir? Yuli Sezarı öldürən Brut xəyanətdən sonra arzuladığı azadlığı
və ya rahatlığı tapa bilmədi. Əksinə, onun həyatı da faciəvi şəkildə sona çatdı. Sezarın ölümündən sonra
Roma sakitləşmədi,
əksinə, vətəndaş
müharibəsinə sürükləndi.
Sezarın tərəfdarları
qisas almaq üçün ayağa qalxanda Brut və
digər sui-qəsdçilər
Romadan qaçmağa
məcbur olmuşdular.
Sonra da eradan əvvəl Yunanıstanda baş verən məşhur döyüşlərdə Brutun
ordusu məğlub oldu. Və Brutun
intihardan başqa yolu qalmadı. Rəvayətə görə,
ölüm anında belə, Sezarın ruhunu gördüyünü
söyləyib, silahdaşına
qarşı etdiyi bu xəyanətin, nankorluğun onu rahat buraxmadığını
etiraf etmişdi. Beləliklə, Sezarı öldürən Brut nə xalqın sevgisini qazanmışdı,
nə də tarixin mərhəmətini...
Sağ ikən Brut vicdanın zərbələri altında
əzilmişdi, ömrü
isə faciəylə
başa çatdı.
Tarix onu bir qəhrəman kimi deyil, ən
çox xatırlanan xəyanət simvollarından
biri kimi yadda saxladı...
Başımla onun sözlərini təsdiqlədim. Növbəti
dəfə sakitcə,
sağlıq demədən
qədəhlərimizi toqquşdurub
içdik. Bu söhbət məni xeyli tutmuşdu. Bir yandan da,
elə bil ürəyimə su səpilmişdi.
Bütün zal rəqs edirdi.
Tarix müəllimi yaşlı olsa da, gümrah adam idi. Müğənninin
şövqlə oxuduğu
mahnının sədalarına
çiyinlərini şuxluqla
oynatdı və ərklə biləyimdən
yapışıb məni
rəqsə dəvət
etdi. "Tərəkəmə"nin
qan coşduran sədaları altında rəqs eləməyə başladıq. Az keçməmiş
başqa mahnı səsləndi. Biz isə şövqlə oynamağa davam edirdik. Salon boyunca müğənninin
səsi əks-səda
verir, ruhumuzun ən dərin yerlərinə toxunurdu:
Bu get-gəllər
bazarına dəvədi
dünya,
Bu ömür-gün
naxışına həvədi
dünya.
Əbədiyə qəh-qəh çəkər
əbədi dünya...
...Mahnının sədaları altında oynadıqca hiss edirdim ki, sözləri
birbaşa qəlbimə
nüfuz edir. Sanki hər təsirli not, hər dərin misra - xəyanətin, nankorluğun, sədaqətsizliyin
illərlə içimizdə
yığılıb qalan
izlərini bir-bir silirdi. Musiqi bütün ruhumuzdan duru çay kimi axıb gedir, dalğa-dalğa üstümüzdən keçirdi.
Nə qədər qaranlıq, ağrıdıcı
xatirə vardısa, hamısını da öz axarına qatıb harasa, bilinməyən istiqamətə
aparırdı.
Əbülfəz müəllimlə ətraf
aləmi unutmuşduq.
Salon dolu
idi, amma elə bil oradaca
dost olduğum bu adamla zaman sanki dayanmışdı. Addımlarımız
musiqinin ritminə tabe olur, hər
fırlanışda içimizdə
gizlənmiş üsyanı
havaya qalxmış qollarımızla dünyaya
çatdırırdıq. Bu rəqs, sadəcə bir əyləncə deyildi; bu, xəyanətə
qarşı etiraz, nankorluğa meydan oxuyan duruş idi.
Musiqinin
ritminə uyğunlaşdıqca
həyatın yorğunluğu
üzümüzdən-gözümüzdən
silinir, yaşımızın
süstlüyü yox
olur, yerini gənclik təravəti alırdı.
Tarix müəllimi ilə bərabər ortada süzdükcə sanki illərin yükü üstümüzdən götürülürdü.
Və
biz ortada süzə-süzə,
sanki taleyin üzünə gülümsəyirdik,
nankorluqlara, xəyanətlərə
musiqinin dili ilə meydan oxuyurduq... Və mahnı səslənməyə
davam edirdi:
"...Dünya sənin, dünya mənim, dünya heç kimin..."
Hüseynbala MİRƏLƏMOV
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.12-13.