Qırmızı yuxuların qırmızı sonu...
Azadə Novruzova - 50
Qədim
yunan şairi Horatius öz əsərinə:
"Haydı, get, sən
artıq mənim deyilsən!", - deyə
xitab edirmiş. Yəni yazılan əsər artıq onun deyil, hər
kəsindir. Şairlər
çoxdur. Və onların işi şeir yazmaqdır. Lakin nə şairlər bir-birinə bənzəyir,
nə də yazdıqları şeirlər.
Bu gün haqqında bəhs edəcəyimiz Azadə xanım Novruzova da həm şair olaraq fərqlidir, həm də yazdığı şeirləri ilə. Düşünürəm ki, "Ovunmayan həsrət",
"Sən mənim ağ kitabım" adlı əsərlərini
xalqın ixtiyarına
verən Azadə xanımın yaradıcılığı
haqqında söz demək hüququmuz var.
Hər yaradıcı insan öz doğulduğu, böyüdüyü mühitin
övladıdır, - deyirlər.
İstedadlı şair-publisist
Azadə xanım Novruzova Qarabağ mühitinin övladıdır.
Azərbaycanın qədim
zəngin tarixi keçmişə malik olan
Zəngəzur mahalında,
Şəki kəndində
anadan olub. Uşaqlıqdan saza, sözə sevdalanıb.
Uşaqlıqdan saza, sözə
mehr-məhəbbətlə böyüyən, "Başsarıtel"in,
"Ruhani"nin ecazında
ruhu, bəlkə min yol ərşi-fərşi
dolanıb-gələn, sözün
və sazın sehrinə, ovsununa bələnən Azadə
xanımın şeiriyyəti
də gücünü
Haqdan alıb. "Yerlə-göylə əlləşib,
sevib-sevilib, öz-özünə
küsüb-barışıb, özünü yada salıb,
təkrar-təkrar yazıb-pozub,
susub, danışmayıb".
Bəlkə elə ona görə qələmə sevdalanıb.
Susub danışmadıqlarını,
kimsəyə anlada bilmədiklərini, yerlə
göy arasındakı
"spiritual" ruhani duyğularını
sözlərə pıçıldayıb:
Sən hardan biləsən....
Küsüb öz-özünə barışmaq nədir?!
Susmaq...
danışmamaq nədir?
Özünü yada salmaq
təkrar-təkrar yazmaq, pozmaq
ürəyi durmamaq nədir?
Yerdə
göylə, göydə
yerlə əlləşmək
Sevmək,
sevmək, sevmək nədir?
Allahın evində birdən...
Səndən darıxmaq nədir?
Üzü göylərə olan,
ruhu yerlə göy arasında dolaşan şairə bəzən özünü
yerdə qərib hiss edir, təkliyin sonuna varmaq istəyir:
"Qəribəm, qalmışam
yer-göy arası / Çək apar, təkliyin
sonuna məni". Qeyd edək ki, "təkliyin sonu", çoxluğun vəhdətidir.
Bizə əmanət verilən ruhumuzun (zərrənin) vaxtı gələndə mütləqə
qovuşacağını bilənlər
üçün yer həyatı müvəqqətidir.
Əbədi məkan ruhumuzun aid olduğu yerdir. Azadə xanımın şeirlərindəki
yolçuluğun ünvanı
yerlə göy arasıdır. Şairlər
üçün Yerlə
Göy arasında nələr yoxdur ki... Yerin Göyü, Göyün Yeri var. Göylər aləmi əngin mavi səması, Günəşi,
Ayı, ulduzları ilə möhtəşəm
gözəlliyə büründüyü
halda, Yerdə sonu bitməyən nağıllarla, sınaqlarla,
imtahanlarla dolu bir həyat var. Bu həyat "Yeri-göydən,
göyü-yerdən asılı
dünyanın, gecə-gündüz
davasıdır. Bu
həyat insanların kəndirini kəsənlərin
və insanları kəndirdən alanların
"ağ qoçla qara qoçun" savaş meydanıdır:
"Nəhayətdə ağ
qoçu qara qoçun yenən.../ Quyuda kəndiri kəsilən Yusifin gerçək nağılı,/Sonun bilmədiyin
eniş-yoxuşdur bu həyat".
Ağ-qaradan ilmə-ilmə toxunub
Yeri-göydən, göyü-yerdən asılı
dünyanın
gecə-gündüz davasıdır bu həyat.
Sınaqdır, imtahandır, görkdür
bu həyat.
Sirr dolu ehram
Vardan-yoxdan ün-səda.
Küllün təki
Haqdan paydır bu həyat.
Alman filosofu İ.V.Höte
yazır ki, "İnsan
özünü ancaq dünyanı dərk etdiyi dərəcədə
dərk edə bilər". Şeirlərində
"Gözünü yumub,
mənəvi dünyasına
boylanan" Azadə xanım bir çox şeylərə
açıqlıq gətirir.
Şairənin "Bir qırmızı
çiçəyə dönüb,
yavaş-yavaş solan" quşa
dönüb uçan
ruhu dünyanı, sonu olmayan göyləri
dolaşır:
Gözümü yumub,
İçimə boylanıram.
Bir qırmızı çiçək
oluram,
Yavaş-yavaş soluram.
Gedirəm, elə hey gedirəm
axırıma,
Bir dağın başında
quş oluram.
Uçuram, elə hey uçuram.
Göylərin sonu yox,
Göylərdə heç kim yox.
Maraqlıdır, "Göylərin sonu
yox./Göylərdə heç
kim yox", - ifadələri ilə nəyi demək və ya nəyi
görmək istəyir?
Məlumdur ki, "hər
şeyin bir kölgəsi var, heçlikdən
başqa". "Ruhun
ruhu" olan insan sonsuz göylərdə
uçur, uçur, onu göylərdə axtarır. Gah "Ümmanda
bir zərrə işıq olub /Yanır, yanır..., /Elə hey yanır, gah da
"Uca bir dağ olur".
Gün çıxır, gün batır,
Dağ kimi əriyirəm...
Allah oluram.
Gözümü açıram,
Hər şey yalan olur...
Yenə
adam oluram.
Azadə
xanımın yağışla
əlaqəsi, yağışa
müraciəti o qədər
səmimi və içdəndir ki... Azadə
xanım da yağış
kimi "yerlə göy" arasında gedib-gəlir. Onun ruhu yağış olub göylərə baş çəkir, bəzən Allaha üz tutur: "İçimə bir leysan tök", - od tutub yanan içindəki
yanğını söndürmək
üçün. Bu istəkdə
bir başqa məqam da var. "Lirik mən" içində
ölən sevgisinə
yas tutmasını istəyir. Öləni oxşayarlar. Öləni ağlayarlar. Öləni gömərlər. "Bu kimsəsiz
ölünü" oxşaması,
ağlaması üçün
aman Allah, - deyə fəryad edən "lirik mən" içinə bir leysan tökməsini" və "içində ölən sevgini oxşayıb ağladıqdan
sonra elə oradaca gömməsini"
istəyir. İçindəki
sevgini öldürsə
də, "qırmızı
məzarında, / qırmızı
yuxularının qırmızı
sonu" kimi uyumasını arzu edir:
İçim od tutub yanır,
Aman Allah,
İçimə bir leysan tök.
Bir sevgi ölüb içimdə,
Onu sən oxşa, onu sən ağla.
Oy qəlbimi, elə ordaca göm
Bu kimsəsiz ölünü,
uyusun qırmızı məzarında,
qırmızı yuxularımın
qırmızı sonu.
Əslində, "Poeziyada su
- hikmət qaynağıdır
və həmişə
adı çəkilməyən
yerlərdə bitir".
Filologiya elmləri doktoru C.Yusifli
yazır: "Belə
də demək olar bəlkə: poeziya, əslində suya danışılan yuxu kimidir, yuxunu
suya onu ürəkdən çıxarmaq,
xeyir olanların cərgəsinə qoşmaq
naminə danışırlar.
Poeziya həm də yuxunun üzünə çilənən
su kimidir".
Mövlana nə gözəl
demiş: "Buludlar ağlamasa, yaşıllıqlar
necə gülər".
Yağışın yağması,
buludun ağlaması təbiətə gülüş,
bərəkət bəxş
edir. Bəzən də insan bulud
kimi dolur, sevdiyi, yaşadıqları
"iki damla göz yaşına dönür". "Gözləri
dolan "lirik mən" gözlərini
sıxmaq istəyir, ancaq haraya? Onun
"iki damla" dediyi göz yaşının miqyası
o qədər böyükdür
ki, "dənizə sıxsa,
gəmilər boğulacaq",/ "balıqların
donu daralacaq", / dərya yetim ayrılıqlar doğacaq,
/ küçələrin gözlərindən
/ həsrət-həsrət baxışlar boylanacaq,/ Qəhər tıxanacaq boğazına/ yosunlar dolaşıq düşəcək,
/telləri əlçimlənəcək
dalğaların, /qağayılar
sərgərdan olacaq,
/özgə ellər Vətən olmur, qaçqın uşağa".
"İki damla" dediyimiz göz yaşında nələr
var, nələr... Vətənsiz
qaçqın uşağın
yaşadığı vətənsizlik,
həsrət, ayrılıq,
yurd, "fərsiz oğullar, kəsərsiz noğullar", "solan çiçəklər",
"bal yığa bilməyən arıların"
dərdi və sairə:
Vətən yarımır naxələfdən
oğul doğanda,
noğullar kəsərsiz olur
oğullar fərsiz olanda.
Arılar
bal yığammır
çiçəklər solanda.
Yağış ol, ələn üstümə,
quruyum
gün çıxanda.
"Lirik mən"in "Yağış ol, ələn üstümə,
/ Quruyum gün çıxanda", - istəyində
bu qədər dərd-sərdən arınmaq,
silkinmək məqamı
durur. "Üstünə
ələnən yağışa
qoşulub ağlamaq, islanmaq-yuyunmaq, yüngülləşmək,
"dənizlərə sığmayan
"iki damla göz yaşını"
yağışın sularına
axıtmaq istəyir".
İngilis şair və rəssamı Bleykin belə bir fikri
yadıma düşür:
"Göl suyu toplayır, bulaq paylayır". Şairənin
şeirlərində "payladıqları"
ərş-ilə fərşi
dolanıb gələn
ruhunun topladıqlarıdır.
Mövzu dərin, şeirlərdə toxunulacaq
məqamlar çoxdur.
Bunların hər biri ayrı-ayrı məqalələrin mövzusudur.
Yazımızı gözəl şeirləri
ilə ruhumuzu sevindirən Azadə xanıma müraciətlə
sonlandırmaq istəyirik.
Qələminiz ancaq gözəlliklərdən yazsın!
Yolunuz uğurlu olsun!
Lütviyyə ƏSGƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, ¹3.- S.17.