Azərbaycançılıq işığında
yazılmış roman
Həyatmı hekayətlərdi, hekayətlərmi həyatdı?
Olmuşlarmı tarixdi, tarixmi olmuşlardı?
Xatırlanan (və yazılan)
olmuşlara da tarix deyirik. Əgər gerçək bir mühitin təsviridirsə,
hadisələr reallığı
ifadə edirsə, xatırlatmalar dövrün
siyasi təbəddülatlarına
da uyğun təhkiyələrlə
verilibsə, leksik vahidlər (sözlər),
fikir-cümlələr dilin
qanunauyğunluqlarına söykənirsə,
... təxəyyülün yaratdıqları da gerçəkliklər
kimi oxunur.
Yazıçının mövzuya bələdliyi amili nəsrin də "qızıl qaydası"dı;
Vidadi Babanlı "Vicdan susanda" romanını yazanda Sumqayıtda zavodda işləməyə başlamışdı.
Təbii ki, müvəqqəti,
əsərin elmi-təcrübi
məğzini dəqiqliklə
öyrənmək üçün.
Müdiriyyət ona (və ədəbiyyatımıza!)
belə bir şərait yaratmışdı.
Yazıçı mövzuya
tam bələddirsə, bu,
əsərin bədii
həllində səmərəli
olur. Əli bəy Azəri ali hərbi təhsillidi, peşəkar
hərbçidi. Böyük
xidmət yolu keçib. Onun "İki Zəngəzurlu zabit" romanı erməniliyin azərbaycançılığa
qarşı başladığı
ərazi iddiasının
(siyasi təxribat kimi təzahür edən mübarizəsinin)
bir mərhələsinin
bədii təsviridi, erməniliyin Azərbaycana
qarşı növbəti
(! - B.M.) - müharibəyəqədərki
təbliğat-təlimatın necə başladığının
(və aparıldığının)
bir şəbəkəsinin
nəsrləşdirilməsidi.
Romanının əsas personajı
Azər Ukraynada hərbi məktəbdə
oxuyub. Kursantlar arasında müxtəlif millətlərin nümayəndələri
var, hətta ermənilər
də - Qrişa, İosif. Azərlə İosifin münasibətləri
yoldaşlıq səviyyəsindən
üstündü. Hər
ikisi zəngəzurlu olmasıyla qürurlanır.
Bu səbəbdən İosif
Azərin bugünkü
(bəlkə də sabahkı) taleyinə kölgə (kölgəmi?
- B.M.) sala biləsi ehtimalları qabaqlayır.
Azəri xəbərdar
edir ki, Qrişa qəlbitəmiz adam deyil, onunla ehtiyatlı
olsun. Bu söhbət hadisələrin gerçəklik,
inandırıcılıq çalarları
üçün ədəbi
priyomdu, əsərin bədiiliyi aspektindən uğurlu tapıntıdı,
sonralar Qrişanın
Ermənistana qayıtmasının,
Milli Müdafiə qüvvələrinə
qoşulmasının reallığına
ədəbi zəmindi.
Azərbaycanda başlayan milli qarşıdurma,
müharibə şəraiti
Azərin də düşüncələrini tarıma
çəkirdi. Ona elə
gəlirdi ki, keçmiş
SSRİ-nin Silahlı Qüvvələrində xidmət
edən zabitlər bu vəziyyətin stabilləşməsinə yardımçı
ola bilər. Bu düşüncələrlə
də hərbi hissədə azərbaycanlı
və erməni hərbi qulluqçuları
ilə əhatəli söhbətlər təklif
edirdi.
Azər
hərbçidir, Azər
zabitdir, başlıcası,
azərbaycançılığın zabit rütbəsində dönməz əsgəridir.
Əli bəy Azəri belə bir obraz
yarada bilib. Azər obrazı bitkin obrazdı. Onun yeniyetməliyi, ilkin cavanlığı xəyallarla, nostalji duyğularla təqdim edilib, xarakterinin formalaşdığı dövrün,
zamanın yaddaşı
hələ də yaşadılır. Erməniliyin
hələ "qınından
çıxmadığı" vaxtlarda cücərməkdə
olan bir duyğu dilə gələ bilmir. Bu xatırlama əsərə
"bədii yük"
deyil, sonrakı hadisələrə məntiqi
keçiddir...
İosif-Azər (Əli bəy Azəri bu iki
gənc zabiti belə təqdim edir: "Onları hamı "dostlar" adlandırırdı. Dostlar
kimi tanınmış,
hörmət qazanmışdılar.
Özlərini sakit aparır, heç kimin işinə qarışmazdılar. Kiminləsə
mübahisə etdiklərini,
dalaşdıqlarını da görən olmamışdı...").
Azər-komandir, Azər-Sveta münasibətləri
romanın fabulası,
mövzusu baxımından
əhatəlidi, mahiyyətlidi,
ilk baxışda adi, ötəri, keçici görünsə də, ideyanın çözülməsində
gərəklidi. Yazıçı
bu paralelləri mövzu ilə əlaqələndirə bilib.
Fikrin təsdiqi kimi Azər-Sveta xətti, əvvəllər
müəyyən qədər
etinasız hesab edilən münasibət əsərin sonunda, az qala, bəşəri
məqama çatdırılır,
Manananın hərbi şəhərcikdə daşnaklardan
müdafiə, mühafizə
edilməsində Svetanın
çox böyük rolu olur - yüksək
rütbəli hərbçi
olan atasının vasitəsi ilə Manana bu sıxıntılardan, təhlükələrdən xilas
olur. Yazıçı
bu məqamın timsalında daha böyük ideyanın pərvəriş tapacağına
inam da formalaşdırır.
Bu inam ermənilik niyyətinin baş tutmayacağına əminlik
yaradır. "İki
Zəngəzurlu zabit"
romanının bədii,
ideya işığı
bu inamın işığıdı...
Azərlə İosif söhbətlərində
ermənilərin Azərbaycanda
başlayan ərazi iddiasından da danışırlar.
Bu, sonrakı hadisələrin
və sonrakı münasibətlərin dərkinə
başlanğıc olmaq
etibarilə yazıçı
təhkiyəsidi. İosif
ermənidi, onun ermənilik xislətini yazıçı inandırıcılıqla
təqdim edə bilib, romanın finalında İosifin öz sözləri ilə: "Bu gündən
mənim qapım sənin üzünə həmişəlik bağlıdı.
Başa düşdün?.."
Deyilməsə də,
bilinməsə də,
oxucu güman edir ki, İosif artıq ermənilik toruna düşübmüş.
Bir atalar məsəlini
xatırlayıram (güman
ki, bunu "İki Zəngəzurlu zabit"i
yazanda Əli bəy Azəri də xatırlayıb:
"Əslində olan
dırnağında da olsa,
bildirir"). Söhbətlərinin
birində İosif Azərə deyir:
"...İndi daşnak xülyalı
aslana dönmüş
bizimkilər sizinkilərin,
xəyalında boz qurda çevrilib insan qanına susayan canavara dönmüş sizinkilər
də bizimkilərin qanına yerikləyirlər"
(İosif). Yazıçı
sətiraltı (mətləbaltı)
məzmunla erməniliyin
qınaq vasitəsilə
haqlı olduğunu düşüncələrə köçürməyə meyilli
olduğunu xatırladır...
Azər
Azərbaycana - Zaqafqaziya
Hərbi Dairəsinə
qayıtmaq istəyir,
komandiri kömək edəcəyinə söz
verir. Lakin onun dəyişdirilmə əmrində
bu dairənin deyil, Şimali Qafqaz Hərbi dairəsi yazılıb. Niyə? - müəllif hadisələrin güman müstəvisində bunun
erməniliklə bağlı
olduğunu nişan verir...
...Azərin Azərbaycana gəlişi, Ermənistan
ərazisində mühasirə
taleyi yaşayan Nüvədiyə getməsi
romanın süjetinin
sonluğunu müəyyənləşdirir
(romanın süjetinin
bədii baxımdan
"ekvator xətti")...
Dünənlərdən başlayan hərbi xidmət yolunu qeyri-rəsmi Nüvədidə davam etdirən Azər bu başıbəlalı
kəndin müdafiəsini
təşkil etmək
istəyir. Ona inanan da
olur, inanmayan da. Ehtiyatlılığı qorxuya
yozanlar, Hamletlər bu müdafiənin təşkilinə imkan vermir. Bu səbəbdən
camaat onun məsləhətlərini eşitmir...
Kəndin
yaylağında Baba Hacı
ziyarətgahı camaatın
müqəddəs sandığı
yerdi. Babəkin burda dəfn olunduğunu deyirlər. Deyilənə görə,
knyaz Vaşaqın qızı da burda dəfn edilib. Bu baxımdan ziyarətgah azərbaycanlılar üçün
də, ermənilər
üçün də
müqəddəs yerdi.
İnanclara görə,
heç kim bura bəd niyyətlə
gəlməz.
Ernəzirin xarabalığında Əlimurad kişinin təklifi ilə yolu-izi, səmti, təpəliklərin düzümünü
müəyyənləşdirdikdən sonra kəndin müdafiə qərargahını
burda yaratmağa qərar verirlər. Bu qərar o illərdə ərazilərin (yaşayış
məntəqələrinin) müdafiə mexanizmi haqqında bədii (ədəbi, ədəbi-tarixi)
məlumat kimi təqdim edilib və gerçəkliyin ifadəsi kimi qəbul olunmalıdır...
İki rus zabitinin qətlə
yetirilməsi rus hərbçilərinin nüvədililərə
münasibətini dəyişir,
kənddə müdafiə
postları yığışdırılır.
Bu, duyanların düşüncələrində
həyəcanlar doğurur...
Azər,
Roman və Zamindar Azərin
təklifi ilə müdafiənin təşkili
üçün müşahidələr
aparmağı qərara
alırlar...
Roman müşahidəni davam etdirir, Azərlə
Zamindar əslində, kəndin
müdafiəsini üzərinə
götürə biləcək
qərargahı formalaşdırma
niyyəti kimi Ernəziri ziyarətə getməyi qərara alır...
Romanın müşahidələri gerçək kəşfiyyat
məlumatlarına bənzəyir:
"- Şübhəli görünən
kənddən bir adamın çıxıb
üzü o tərəfə
getməyi oldu. Əvvəlcə fikir vermədim. Dedim, yəqin çəpış-quzu
otaranlardandı. Sonra gördüm
təpənin tili ilə yuxarı qalxır. Varıb üzü yaylağa tərəf getdi. Uzaq idi deyə
tanıyammadım. Hamletə
oxşatdım. Tüfəngi
də çiynindəydi".
Kəsə yolla şübhəlini
izləyirlər; Romanın
gümanı düz imiş. Ziyarətgaha gedən Hamlet imiş (az sonra məlum
olur ki, bu ziyarət xəyanətdi.
Nüvədiyə xəyanətin
kənardan göndərildiyini,
siyasi niyyətlərlə
məskunlaşdırıldığını
müəllif maraqlı
bir detalla verib: Hamletin kimliyini, niyə bu kənddə yaşamağa gəldiyini
bilən yoxdu...). Müəllif qənaəti:
təhlükələr biganəliklərin
də nəticəsidi...
Hamleti izləyirlər...
...Hamlet ziyarətgaha girir. Onun ziyarətgahdan tez çıxması Azərin düşüncələrinin
güman sunamisinə dönür. "İki Zəngəzurlu zabit" romanının mahiyyəti
məhz burda, ziyarətgahda (müqəddəs
yerdə) açılır.
Həm də müqəddəsliyə ikili
münasibət kontekstində.
Biri (Azər) insanlığın
(bəşəriyyətin) gerçək rəmzi (obrazı) kimi təqdim olunub, digəri (İosif) ermənilik təbliğatına
uymuş erməni kimi, anti-bəşəri düşüncələrin daşıyıcısı
kimi; "İki Zəngəzurlu zabit" romanının finalının
başlanğıcı da, final da, bunların mahiyyəti də Xeyirlə Şərin mübarizəsini xarakterizə
edir.
Azər
ziyarətgahda İosiflə
qarşılaşır; bir
vaxtlar çörək
kəsərdilər, eyni
(münasib) düşüncələrini
bölüşərdilər, zəngəzurlu olmalarıyla
qürrələnərdilər, səmimi münasibətlərlə
əhatələnərdilər. Burda qarşılaşanda
Azər çaşqınlıqla,
İosif düşməncəsinə
baxır. Azər təkdi, bura gümanladığı qara
niyyəti "cücərməmiş
yox etməyə" gəlib, həm də şəraitə görə tək gəlib, İosif - Hamletə görə, Hamletin gətirdiyi informasiyaya görə gəlib. Mükalimələşmə
qınaqdı (İosif:
"Siz silahlı dəstələr hazırlayıb
Meğriyə hücum
etmək istəyirsiniz.
Bizim ata-baba yurdumuzu boşaldıb Naxçıvanla birləşmək
istəyirsiniz. Biz buna imkan
verməyəcəyik, doğma
Zəngəzurumuzu göz
bəbəyi kimi qoruyacağıq"). Qınağın
fakturası Yerevanda mitinqlərdə səsləndirilən
fikirlərin fakturasının
eynidi). İki niyyət üz-üzə
dayanıb. Biri erməniliyin
qaranlığıdı, digəri
azərbaycançılığın işığıdı. Bəd
niyyət torpaqsevərliyi
qınayır, topraqsevərlik
- bəd niyyəti. Mükalimələşmədə İosif etiraf edir ki, Hamleti ermənilərə ruslar ötürüb. (İosif:
"Onu elə ruslar bizə calamışdı").
Romanda mükalimələşmənin alt qatının məntiqi bəd niyyəti də obrazlaşdıra bilib. Dərk: ermənilik bədniyyətlikdi.
Və yaxud bədniyyətlik ermənilikdi.
Əli bəy Azəri bu gerçək
qənaəti İosifin
düşüncələriylə, dedikləriylə verib ki, bu da ədəbi qənaətdən daha çox, həyati qənaət kimi qəbul edilməlidir...
Hamlet obrazı, Hamletin, onun davamçısı olan Afərinin gizlin fəaliyyəti Birinci Qarabağ müharibəsində məğlubiyyətimizin
konturlarından birini nişan verir...
"İki Zəngəzurlu zabit" romanı Azərbaycanın müharibəyəqədərki,
daha doğrusu, münaqişədən qanlı
savaşa keçid mərhələsi tarixinin
romanıdır, gur azərbaycançılıq işığı
ilə yazılıb...
Bayram
MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.21.