On iki yolçu
Hekayə
"Tarixdə
bir gün: Vətən müharibəsinin 3-cü
günündə Naxçıvandan Qarabağa on iki nəfərlik
bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər.
Vətən də onları..."
-
"Şuşanın dağları, başı
dumanlı..." - gizir Əlövsət asta səslə
zümzümə etdi. - Görəsən, indi də o
dağlarda duman gəzir?
-
Şuşanın dağları çox vaxt dumanlı olur, -
mayor Danyeri dilləndi. - Çünki o dağlar dumanı
özünə saxlayır... Naxçıvan
dağlarının dumanı gün çıxan kimi
dağılır...
-
Şuşada olmusunuz?
- Hə,
olmuşam, - mayor yaylığını çıxarıb
alnını sildi. - "Üzündə illərin
yorğunluğu var", - Əlövsət
düşündü.
- Mənim
başım hərlənir, - gənc əsgər Səid Atabəyli
dilləndi. - Elə bil hava azlıq edir.
- Təyyarə
qalxanda olur, - kapitan Nadir Hüsülü sakit səslə
dedi. - Keçəcək.
Gənc əsgər
yaxasının bir-iki düyməsini açıb dərindən
nəfəs aldı.
- Sizdə
də belə olur?
- Bizim təzyiqimiz
döyüşdə qalxır, oğul, - kapitanın
üzündə yarımçıq təbəssüm
oynadı. - Təyyarə nədir ki...
- Bilmirəm,
belələrini niyə müharibəyə göndərirlər,
- çavuş İsa Cəyirli öz-özünə deyindi,
- ağciyərlərin yeri deyil ora.
- Sən,
deyəsən, əsgərliyini yeni çəkməyə gəlmisən,
- Əlövsət üzünü gənc əsgərə
tutdu.
- Hə,
mən aran rayondanam. Naxçıvana düşmüşəm.
Sonra da xahiş etdim, məni cəbhəyə yazdılar.
Amma... evdəkilər bilmir. Onsuz da inanmazdılar. Anam həmişə
deyir ki, "Səid tülküdən də qorxur."
-
Tülküdən bilmirəm, amma təyyarədən
qorxursan, - Əlövsət güldü.
- Mən
döyüşüb göstərəcəm ki, qorxaq deyiləm!
- Elə
bil kinoya çəkilməyə gəlib, - İsa Cəyirli
öz-özünə deyindi.
- Təcrübəsizlik
qorxaqlıq deyil, - mayor Danyeri araya girdi. - Birinci müharibədə
belə bir əsgər vardı. Uşaqlar sataşırdı
ona. Döyüşdə yaralını çıxardı.
Sonra silahını unutduğunu görüb geri
qayıtdı. "Getmə" dedilər. Dayandı...
dönüb əlini yellədi... və o anda tüstü
içində yox oldu.
Sükut
çökdü.
- O vaxt
Xocalıda da belə hadisə olub, - leytenant Daşqın
Qalalı dedi.
- Orada
olmusunuz? - biri soruşdu.
- Leytenant
Qalalı 33 yaşındadır. 1992-ci ildə Xocalıda necə
ola bilərdi? - İsa Cəyirli əsəbiləşdi, -
düşüncəsiz suallar verirsiniz.
- Siz
hardansınız, leytenant?
-
Bakıdanam, - leytenant Qalalı dedi və hiss edilmədən
yumruğunu düyünlədi.
"Cəbrayıl
uğrunda gedən ağır döyüşlərdə
leytenant Daşqın Qalalı şəhid oldu. Yaralı əsgəri
kürəyində çıxararkən snayper gülləsinə
tuş gəldi".
- Mən
udduğum torpağın qoxusunu çoxdan unutmuşam, -
kapitan Hüsülü astaca dedi.
- Kapitan
Hüsülü, siz Qarabağdansınız, eləmi? - əsgər
Fərid soruşdu.
- Bəli...
uşaqlığım Şuşada keçib. Dağların
ətəyində, o köhnə döngələrdə.
- Sonra?
- Sonra duman
bizi aldatdı. Elə bildik, çəkiləcək... çəkilmədi.
Şuşanı da itirdim, qoxusunu da. İndi ora
döyüşməyə yox, itirdiyim qoxunu tapmağa gedirəm.
Araya
sükut çökdü. Yalnız mühərrikin
uğultusu eşidilirdi.
- Səbrim
çatmır, bir an öncə Qarabağa çatıb
düşmənin başını əzmək istəyirəm,
- gizir İsa Cəyirli dişlərini sıxaraq söylədi.
- Tovuz döyüşlərində ən yaxın dostumu
itirdim, qisas bu günəymiş.
Yanındakı
əsgər onun titrək əllərinə baxıb:
"Döyüşdə kontuziya alıb", - deyə
düşündü.
-
Yadındadır, Qorqud, nəğmə dərsində necə
oxuyurduq? - baş çavuş Aqilin dərdi təzələndi:
- "Cənnətim Qarabağ... Nəğmələr
gülüstanısan, sevgi dastanısan..."
- Sən
canın, oxuma, qoy qarabağlı balası oxusun, - gizir Qorqud
dilləndi və metal təkərləri şaqqıldayan
servis arabasını sürən stüardessaya səsləndi,
- Mənə qara çay verin.
Hərbi
həkim Mərdanlı paket çayı açan Qorqudun
soyulmuş qoluna baxıb qaşlarını çatdı:
-
Qolların nə yaman yanıb. Ciddi yaradır.
-
Keçib-gedib, - Qorqud laqeyd dilləndi. - Pis adama heç nə
olmur.
- Şərurda
evlərin birində yanğın olmuşdu, bu oğlan iki
uşağı yanğından çıxarıb, - baş
çavuş Aqil dedi. - Özü tüstüdən zəhərlənib,
on gün komada qaldı...
-
Uşaqlar ağlayırdı, ona görə
çıxardım, - Qorqud çayını qurtumladı. -
Elə də qeyri-adi iş deyil.
Peçenyedən
bir dişlək alıb əlavə etdi:
- Aqil,
danışma, oxu. Bəlkə son oxumağındır...
"...Füzuli
istiqamətində gedən toqquşmalarda Qorqud Pirili və
Aqil Dadaşlı şəhid oldu. Son güllələrini
yaralı silahdaşlarına sipər edərək
atdılar".
- Hər
şey Allahın əlindədir. Allah istəsə, bu təyyarə
indi yerə çırpılar, - bir oturacaq qabaqda əyləşmiş
Tanrıverdi dedi.
Təyyarə
silkələndi. Səidin rəngi qaçdı.
-
Dağın üstündən keçirik, hava oynadı, -
bayaqdan kapitan ilə döyüş taktikasından
danışan mayorun sanki söhbəti də ləngər
vurub istiqamətini dəyişdi.
- Çətini
dağlar bitənə qədərdir... - leytenant Daşqın
Hüsülü pıçıldadı. - Dağlar bitəndə
də dərd bitmir. Amma öyrəşirsən.
- Təhlükəsizlik
kəmərlərinizi bağlayın, kəskin hava
boşluğu zonasına daxil oluruq.
Pilotun
sözü bitməmiş təyyarə qəfil
aşağı endi. Səid ayağa qalxıb stülyara
sarıldı.
- Mənim
nəfəsim çatmır...
- Otur
yerinə! - mayor Danyeri sərt səslə dedi. - Ayaqda qalmaq
daha təhlükəlidir!
-
Heç kim yerindən qalxmasın! Sol tərəfdə təzyiq
kəskin dəyişir... - pilotun təlaşlı səsi gəldi.
Təyyarə
yenə boşluğa düşdü. Bir neçə saniyə
sonra pilot sakitləşdi:
- Təhlükə
sovuşdu, kəmərlər bağlı qalsın.
Səid dərindən
nəfəs aldı, Tanrıverdi əlini göyə
qaldırdı.
-
Müharibəyə gedirsiniz, təyyarə qəzasından
qorxursunuz? - İsa Cəyirli ortaya söz atdı. -
Ölümə gedirsiniz, kurorta yox.
- Məgər
müharibədə hamı ölür? - Səid astadan
soruşdu.
- Kapitan
Hüsülü əvvəlki müharibədən sağ
çıxıb, - Əlövsət kapitan tərəfə
işarə etdi - Deməli, hamı ölmür.
- Sağ
qaldıq deyə günahkarıq? - kapitanın səsi
boğuldu.
- Mən
belə demədim.
- Yox,
düz dedin... Ölmədiyim üçün günahkaram. O
torpaqda ölməliydim. Ölə bilmək də bir şərəfdir...
- Sakit ol,
dostum... Ölmək üçün hələ vaxt var, -
mayor Danyeri dedi. - Daşlı döyüşündə bizim
sağ qalmağımız günah deyil.
-
Daşlı döyüşü? O döyüşə ən
cəsur döyüşçülər
qatılmışdı... hamısı da könüllü. -
Əlövsət dilləndi.
Mayor
Danyerinin səsi ağırlaşmışdı:
- Biz
Xanlıq tərəfdə gedirdik, mövqelər
qarışmışdı. Duman çökürdü, bir
adamı iki metr uzaqdan seçmək olmurdu.
Əllərini
bir-birinə sıxdı.
-
Bölüyümüzdən 18 nəfər idik.
Axırıncı dəfə düzülüşdə
gördüm hamısını. Sonra atəş
başladı. Biz sağa sürüşdük, mövqeyimizi
dəyişdik. Bu zaman mərmi düşdü - yadıma gəlir,
torpaq da, göy də birdən-birə qapqara oldu. O toz-duman
çəkiləndə bircə Nadiri gördüm. Yara
almışdı. Sağ ayağı... tamam qan içindəydi.
Səsi
titrədi.
- Onu
çiynimə aldım. 50 metr sürüdüm. Birdən elə
bir partlayış oldu ki, qulaqlarım kar oldu, heç nə
eşitmirdim, amma hiss edirdim ki, torpaq üstümə
yağır...
Mayor
dodağını dişlədi.
-
Gözümüzü hospitalda açdıq... - mayorun səsi
bir anlıq boğuldu, elə bil sözlər boynuna
dolandı. - Nadir ayağını itirmişdi... mənim isə
qəlpə ürəyimin yanından bir millimetr aralı
keçmişdi.
Mayor
susdu. Təyyarənin mühərriklərinin uğultusu
içində Əlövsət kapitanın əl
ağacının səsini eşitdi - metalın yerə
çox yüngül toxunuşunu.
- Mən
elə demədim, kapitan, - Əlövsət aram-aram, sanki
sözləri diqqətlə seçərək dedi. - Bu vəziyyətdə
döyüşə qatılmaq özü qəhrəmanlıqdır.
Sol tərəfdə,
pəncərə kənarında əyləşən əsgər
asta-asta dirsəyi ilə yanındakına toxundu.
-
Yadımdadır... - dedi. - O mayor var ha... gicgahında qəlpə
qalmışdı. O partlayışdan sonra tez-tez huşunu
itirirdi... Hətta özünə qəsd etmişdi...
"Ağır
artilleriya atəşi zamanı mayor Danyeri və kapitan
Hüsülü geri çəkilmə əmrinə baxmayaraq
yaralı əsgərləri tərk etmədilər. Mövqe
düşmənlə birlikdə partladıldı..."
Səid
telefonunu çıxardı.
- Anam məndən
nigaran qalacaq. Ona yazmalıyam ki...
- Bəsdir,
ana uşağı, - İsa Cəyirli əsəbiləşdi.
- Vuruşmağa gedirsən, yoxsa uşaq
bağçasına?
- Yox, mən
qorxmuram. Sadəcə anam nigaran qalmasın deyə...
-
Ananı da özünlə aparsaydın...
- Mən
qorxaq deyiləm. Sizə sübut edəcəyəm!
Səid
çantasını yuxarıdan götürüb
açdı, içindəki paltarları kənara atdı,
köhnə bir şərf çıxardı.
- Bu,
qardaşımın son yadigarıdır. Ağdərədən
döyüş yoldaşı gətirmişdi. Qanlı şərfi...
O ölən gün bu şərf boynunda olub. Onda anam onu yayda
da, qışda da boynundan açmadı. Qan ləkəsini
sığalladı, oxşadı. Qardaşım... anamın
yeganə oğluydu...
- Bəs
sən?
- Mən....
"On
iki nəfərlik qrupdan beş nəfər də şəhidlik
zirvəsinə yüksəlib. Sağ qalanlar geri çəkilmədən
Şuşa istiqamətində irəliləyiblər".
- Mən
anamın doğma oğlu deyiləm... - Səid gözlərini
yumdu, o gecənin qoxusu yenidən burnuna doldu. - Mən altı
yaşında idim... həyətimizdə mina partladı. Bizim
ev külə döndü, ailəmdən məndən
başqa heç kim sağ qalmadı. Oğlu şəhid olan
Nazilə xala özünü təhlükəyə atıb məni
yanğının içindən çıxardı, evinə
apardı. Mən dinib-danışmırdım. Həkimlər
deyirdi ki, ağır travma alıb, bəlkə də heç
danışa bilmədi. Nazilə anam gecələr
işığı söndürmürdü. "Qorxma",
- deyirdi, - "Mən varam". Bir də gördüm,
danışa bilirəm. Dedi ki, Allah oğlumu aldı, amma
qarşıma səni çıxardı...
İsa Cəyirli
gicgahını ovuşdurdu. Mayorun baxışlarında dərin
bir çat yaranmışdı.
- Şəhid
anasının gözlərinə baxaraq böyüyən
adamam mən, - Səid dodaqlarını sıxdı. - Mən
qorxaq ola bilərəm?
- Yox, - Əlövsətin
üzü ilk dəfə ciddiləşdi, - sən qorxaq deyilsən.
Bu ağrının içindən doğulan adam heç vaxt
qorxaq ola bilməz.
- Bu
xalqın bağrında nə qədər faciələr
yatır, - leytenant Qalalı üzünü pəncərəyə
tutdu.
- Hə,
ağrılı hadisədir, gözyaşardacaq qədər,
- çavuş Babagil leytenantın gözünün
yaşarmasına işarə etdi.
- Mənim
gözlərim sulanır. Arvad deyilik ki, hər ölüm xəbərinə
ağlayaq, - leytenant üzünü yana tutdu.
-
Kişilər ağlamadığını deyən adam faciənin
nə olduğunu bilmir, - Babagil israrla dedi.
- Demək,
faciənin nə olduğunu bilmirəm... - leytenantın səsi
titrədi. - Bayaq dediniz ki... 1992-də Xocalıda necə ola
bilərdim...
Hamı
ona tərəf çevrildi.
- Mən...
orada olmuşam. O gecədən sağ qalan uşaqlardan biriyəm.
Məni qarın altından çıxarmışdılar...
Atam da... anam da... o gecə güllələndi.
Təyyarənin
uğultusu ürək döyüntülərini səssizliyə
boğmuşdu.
Leytenant
davam etdi:
- Siz
deyirsiniz, hər kəs öz torpağının qoxusunu
tanıyır... Mən tanımıram. Mən
yaddaşımı itirmişəm. Düşməndən
bunun intiqamını almağa gedirəm. Bəlkə onda
itirdiyim adamı - özümü taparam...
- Bu dəfə
udmalıyıq, başqa yolu yoxdur. 20 ilin
ağrılarını ancaq bu cür ovuda bilərik, - mayor
Danyeri sükutu pozdu.
Təyyarə
eniş edəndə Səid mayora yaxınlaşdı. Dərindən
nəfəs aldı, elə bil özünü deyəcəyi
sözə hazırlayırdı:
- Mayor,
necə deyim, bilmirəm... Amma mən geri dönməliyəm.
Anam üçün geri dönməliyəm. Əgər o məni
də itirsə, yaşaya bilməz.
Mayorun dodaqlarında
anlaşılmaz təbəssüm göründü,
"kinayə edir", deyə Səid ani
düşündü.
- Biz
hamımız intiqam almağa gəlmişik, oğul, - yurdlarımızın,
dostlarımızın, gəncliyimizin,
ağrılarımızın, xatirələrimizin
intiqamını. Səni o, şüuraltı olaraq öz
oğlunun intiqamı kimi böyüdüb. Bu sənin
yükündür, sən geri qayıda bilməzsən.
"Naxçıvandan
Qarabağa yola düşən qrupun qalan üç
döyüşçüsü Şuşa uğrunda qəhrəmancasına
vuruşub: ikisi şəhid olub, biri ağır yaralı xilas
edilib. On iki nəfərin hamısı Vətən ordeni ilə
təltif olunub".
Jurnalist məqalənin
son nöqtəsini qoyub qarşısındakı adama
baxdı:
- Siz
Naxçıvandan yola çıxan həmin qrupdan yeganə
sağ qalan döyüşçüsünüz. Həm də
ən gənc və ən təcrübəsiz. Bəs
heç qorxmadınız?
Adam astaca
köynəyinin altından qanı qurumuş şərfi
çıxarıb masanın üstünə qoydu.
Barmağı ilə qan ləkəsinə toxundu.
- Mən şəhid anasının böyütdüyü əsgərəm. Mən qorxa bilməzdim...
Günel NATİQ
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.6-7.