Vaqifə Pənah olan Şuşa
Şeirlərin ən təsirli
misrası, şeirlərin
möhürbəndi Şuşam!
Vaqifi bədbin ruhdan azad edən,
nikbinləşdirən Şuşam!
Varlığın varlıqları
cana gətirdi! Sənin adınla dirildi bütün cansız canlar! Səndən yenidən doğuldu Vaqiflər, Bülbüllər, Natəvanlar...
Ey Vaqif, Şuşamın sənə Pənah olduğu Vaqif! Sənə məktub yazmaq səni ölümsüzləşdirməkdir əslində. Sənə
tükənməyən yaşam
verməkdir əslində.
Hər kəlməmin
kökündə sənin
nəfəsin, hər
misramın zərrəsində
sənin qürurun yatır. İndi sənin adınla bütövləşmiş
bir şəhər
var - sənə Pənah
olan Şuşa! O təkcə dağların
zirvəsində yerləşən
bir şəhər deyil. O, poeziyanın, sənətin və ədəbiyyatın başucalığıdır.
Şuşanın dağları
sanki misra-misra yazılıb. Dağlar baş alıb gedir, sənin ölümsüz ruhun kimi! Qayalar bir
şeiri qoruyurmuş kimi qalxanlaşıb, fəqət susur. Çünki sən danışırsan! Səs
salır sənin şeirlərin, qayıdır
sənin misralarının
sədası! Dalğalanır
bu misralarla Azərbaycan bayrağı!
Sənin məqbərənin
qarşında duranda
zaman hökmünü itirir.
Sükutun içində
tarixlə bu gün arasında sirli bir dialoq
başlayır. Şeirlərindən
qafiyələr açılır,
atəş kimi, amma yaralamır, sağaldır ədəbiyyatın
yaralı qəlbini!
Mən Şuşaya, sənə
ilk dəfə gəlmişəm,
Vaqif. Xəyalımda sənin bir vaxtlar Saatlı məhəlləsində qurduğun
məktəbin yanından
keçirəm. O paslı
saat yenidən qurulur. Sənin sözlərini eşidirəm,
saatın əqrəb
səsindən, dağların
sinəsindən, daşların
sükutundan, əsən
küləyin nəfəsindən.
Mən indi mənlikdən çıxıb
Şuşalaşıram. Şuşayam,
Şuşa! Səsin,
sözün, Zəfərin
şəhəri.
Şuşa dünənin şəhəri
deyil, o, sabahın və əbədiyyətin
şəhəridir. O, işğal
dövründə də
sınmayan, məğrurlaşdıqca
ucalan şəhərdir.
Oddan doğulan külə çevrilmək
əvəzinə, yenidən
közərən şəhərdir;
gözləməyi, səbir
etməyi seçəndir.
Şuşa gözləməyi
belə, poetikasıyla
bacaran diyardır. O, səssiz-sədasız dayanarkən
belə, bizə Vaqifin, Natəvanın, Üzeyirin, Xanın səsini çatdıran,
qanadlarında üç
rəngi daşıyan
qartaldır! Sən qəlbimizdə çağlayan
musiqiyə, gözlərimizdə
yaşaran kəlmələrə,
dodaqlarda duaya çevrildin.
Şuşa! Poeziya beşiyimiz,
musiqi ocağımız
indi yenidən doğulub. Bu doğuluş
tək fiziki yox, həm də
mənəvi bir intibahdır. Vaqif! Sənə indi məktub yazanların sayı yenidən artıb. Çünki sənin sözlərin bizə yad deyil.
Sən bir zamanlar dağıdılmış,
tapdalanmış, viran
qoyulmuş olsan
da, bu gün sənə qürurla dirçələn Vaqif məqbərəsindən baxırıq...
Şuşada hər kəs şeir oxuyur; dağlar, daşlar, əsən külək, qıy vuran şahin, ucalan bayraq. Sənin məzarındakı
güllər şeirlərinə
mahnı yazıb öz ruhunu təzələyir, xarıbülbüllər
yer dəyişib şeirlərində bitir!
Əziz
Vaqif, Zəfərimiz təkcə torpağın
azadlığı deyil,
sənin sözünə,
irsinə, ruhuna qovuşmaqdır. Şuşa
təkcə ordumuzun deyil, ədəbiyyatımızı
da fəth edən fatehdir. Və bu fatehin dastanlarının
hər səhifəsində
sənin adın yazılıdır.
Şuşa təkcə daşlardan,
küçələrdən, qala divarlarından ibarət deyil. Onun hər qarışı
sözlə nəfəs
alır, hər baxışı bir şair misrası kimi dərin, titrək və mənalıdır. Keçmişin
vərəqləri indi
xatırladır bizə
80-ci illəri...
1982-ci ilin yanvarında, soyuğun sinəmizə çəkdiyi nəfəsin
içində bir ilıq an vardı. Ulu öndər Heydər Əliyev Vaqifin məqbərəsinin açılışına
gəlmişdi. Lenti kəsmək istəmirdi, deyirdi bu sizin
haqqınızdır. Amma oradakılar
- Mirzə İbrahimov, Süleyman
Rüstəm və digərləri bilirdi ki, bu abidənin varlığı Heydər
Əliyevin iradəsinin
və mədəniyyətə
sevgisinin bəhrəsi
idi. O illərdə hər kəsə abidə qoymaq olardı, amma Vaqifə, Natəvana, Üzeyir və Bülbülə yox.
Vaqifin abidəsinin tarixçəsi
özü bir poetik sükutdur.
1936-cı ildən bəri
onun heykəli ucalmaq üçün gözləyirdi. O, gücünü
yığıb birdən
yüksələcəkdi. Amma müharibələr, siyasi
qarışıqlıqlar onun
yolunu kəsirdi. Elə bil taleyinə
müharibə yazılmışdı.
1944-cü ildə ucalmalı
idi, olmadı. 1967-ci ildə yubileyi qeyd edilməli idi, alınmadı. Vaqif daim bir
addım geridə saxlanılırdı. Çünki
onun adını daşıyan abidə yalnız daşdan ibarət deyildi. O milli kimliyimizin heykəli idi. 1982-ci ildə nəhayət, bu sükut pozuldu. Şuşada bir Günəş doğdu -
Vaqifin Günəşi.
Fəqət bu günəşin də taleyi uzun olmadı.
Yadellilər yenidən
o abidənin ruhunu yaraladı. 2002-ci ildə Strasburqda belə, ulu öndər Heydər Əliyev Vaqifin məqbərəsinin taleyini
soruşurdu, çünki
bu, bir abidənin
yox, bir millətin taleyi idi.
İllər keçdi, yollar
dolandı. Vaqifin gözləri yollarda qocaldı. Və nəhayət, 2020-ci ilin Zəfəri ilə Şuşaya dönüş
baş verdi: Şuşa qayıtdı,
Vaqif qayıtdı, söz qayıtdı.
İndi Vaqifin məqbərəsi
önündə poeziya
yenidən danışır.
Söz təkcə sənət deyil, müqavimətdir, səbirdir,
qalibiyyətin dilidir. Şuşa bu gün Vaqifin şeiri kimi yenidən doğulub.
Əziz
Vaqif, bu məktubu sənə 30 il
susmuş bir şəhərin dilindən
yazıram. Sənin bir vaxtlar Saatlı
məhəlləsində qurduğun
məktəbin yanında
o "paslı saat"
yenidən işləyərək
millətin qəlbində
döyünür.
2021-ci ilin avqustunda, məqbərənin qarşısında
əyləşənlərin hamısının saatı
sanki bir ana tənzimlənmişdi. Hamı
xoşbəxt idi. Amma
bir nəfər hamıdan daha çox. Sənin məzarını və adını tapdanmış,
dağıdılmış halda gördükdən sonra onu diriltmək,
bir ata vəsiyyətini
yerinə yetirmək idi onun amalı.
Bilirəm, bu gün Şuşada səninlə
birgə Sadıqcan da
nəfəs alır. Qasım bəy Zakir öz təmsilini səsləndirir. Mir Möhsün
Nəvvab öz miniatürlərində Şuşanın
musiqisini yenidən çəkir. Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski, Xan - hamısı
buradadır. Sən bir zamanlar söyləmişdin
ki:
Bu şəhərə ki, təşrif-i
bəqalər gətiribsən,
Sən xoş gəlibsən və səfa gətiribsən.
Sənin
Vətənin bir vaxtlar işıqsız, qazsız, zülmətdə
buz kəsmişdi. Xan
Şuşinski deyirdi:
"Şuşada axşamlar,
yanar ağ şamlar..." O illərdə
yalnız şam yanırdı. Amma indi Şuşada bitməyən
şamlar, sazlar, sözlər var. Ən əsası, sənin sözün kimi parlayan işıqlar var.
Şuşa qalası 1750-ci ildə
ucalsa da, onun ruhunu sən ucaltdın, məhəllələri
sən saldın, məktəbləri açdın,
fikir toxumlarını
sən səpdin. 17 məhəllənin hər
birində bulaqlar, məscidlər, hamamlar vardı. Bu şəhər
sözlə, suyla, sədaqətlə qurulmuşdu.
Bu şəhər yalnız
daşdan deyil, ədəbdən və ədəbiyyatdan ibarət
idi.
Əziz
Vaqif! Qürurla yazıram sənə. Cıdır düzü yenə at nalının səsini eşidir, İsa
bulağından sözlər
içilir, Xarıbülbül
başını dik tutub şeirlərinlə çoxalır. Sənin poeziya günlərin, sənə ucaldılan abidə xalqın yaddaşında əbədiləşmiş
Zəfər səhifələridir.
Və bu Zəfər təkcə silahla yox, sənin
sözünlə də
yazılıb.
Vaqif, bu gün Şuşaya
yenə bayraq sancılıb. Bir zamanlar
- 1920-ci ildə Cümhuriyyət
zabiti İsrafil bəy sancmışdı
o bayrağı; bu dəfə 2020-ci ildə şəhid qardaşı
39 yaşlı Yaşar
Hüseynov. Bu bayraq Vaqifin, Vətənin, sözün bayrağıdır.
Əziz
Vaqif, sənin poeziyan xalqın döyünən ürəyi,
sənə ucalan məqbərə millətin
iradəsidir. Bu gün
sənin adını oxuyan hər kəs, sənin heykəlinin qarşısında
əyilən hər baş əslində xalqın qalibiyyətinə
səcdə edir. Şuşa Azərbaycanın
qəlbidir, sən isə onun döyünən
şeirisən.
Şuşa poeziyanın, qürurun,
Zəfərin və sədaqətin adı, ona gələni qəflət yuxusundan oyadan səsdir!
Şuşa sənindir, bizimdir,
əbədidir!
Fariz ƏHMƏDOV
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, ¹4.- S.7.