Birinci ümumittifaq
Türkoloji
Qurultayda əlifba məsələsi
(Əvvəli ötən sayımızda)
Latın əlifbasına keçidlə bağlı məsələlərin həllinin zəruriliyi sovet hökumətinin Türkoloji Qurultay keçirmək qərarından 6 ay əvvəl - həm I Azərbaycan Yerli Şərqşünaslıq Elmi Assosiasiyasının Qurultayında, həm də SSRİ Elmlər Akademiyasının və Sovet İttifaqı Şərqşünaslar İttifaqının iclaslarında qaldırılmışdı. Bir faktı da xatırladaq: 1924-cü
ildə Moskvada türk yazısı üçün latın
şriftləri assosiasiyası yaradılmışdı.
Bakıda keçirilən qurultayın sovet rəsmi
orqanlarının türkləri latın əlifbasına
keçirmək məqsədi daşıdığını
və bu məqsədlə təşkil edildiyi
iştirakçıların hamısına bəlli idi. Hətta
Sovet Xarici İşlər Komissarlığı daxilində fəaliyyət
göstərən Şərq İşləri Şöbəsinin
müdiri V.Pavloviç 1920-ci ilin iyul ayında keçirilən
iclasların birində bunu açıqlamışdı.
1922-ci ildə yaradılan Şərq Məktəbinin
orqanı olan "Qızıl Şərq" dərgisi ilə
bu fikir təbliğ edilirdi. Ümumiyyətlə, rəsmi
orqanlar Türkoloji Qurultaydan xeyli əvvəl türk
xalqları arasında latın əlifbasının qəbul
edilməsi üçün hazırlıq işləri
görmüşdülər. Azərbaycan Kommunist Partiyası
(bolşeviklər) Mərkəzi Komitəsinin B.Ağayevə,
M. Aslanova, Tağızadəyə 1922-ci il avqust ayında
göndərdiyi sənəddə qeyd olunur:
AK(b)P
MK-nın Mətbuat İdarəsi sizdən xahiş edir ki, ən
geci 2 sentyabr 1922-ci ilədək aşağıdakıları
bizə bildirin:
1. Müsəlman
əlifbasının islahatı, yəni ərəb
qrafikasının latın qrafikası ilə əvəz
olunması üzrə işlər hansı vəziyyətdədir?
2.
Əhalinin geniş təbəqələrinin bu məsələyə
münasibəti necədir?
3. Yeni əlifba
kənd yerlərində yayılırmı və hansı
sürətlə?
4. Məsələ
ilə məşğul olan təşkilatlar varmı,
onların fəaliyyəti nədən ibarətdir? Əgər
yoxdursa, niyə?
5. Yeni əlifbaya
keçidin sürətləndirilməsi üçün
hansı tədbirlər daha məqsədəuyğun hesab
olunur - tədris yolu iləmi, yoxsa zorakı tədbirlərlə?
İmza:
İnozemsev (bax: Azərbaycan Kommunist Partiyası (bolşeviklər)
Mərkəzi Komitəsi. C.II. Protokollar. Azərbaycan Kommunist
Partiyası (bolşeviklər) Mərkəzi Komitəsi
Prezidiumunun iclasları. 1925-ci il. Arxiv göstəriciləri:
fond ¹:1, siyahı ¹:6, saxlanma vahidi ¹:34, İş ¹:5, s.538).
I Sənədin
mahiyyəti:
Bu sənəd
1922-ci ilin avqustunda Azərbaycan Kommunist Partiyası
(bolşeviklər) Mərkəzi Komitəsinin Mətbuat
İdarəsi tərəfindən ünvanlanmış rəsmi
sorğudur. Ünvanlanan şəxslər partiyanın məsul
üzvləri: B. Ağayev, M. Aslanov və Tağızadə.
Məqsəd, ərəb qrafikasının latın
qrafikası ilə əvəz olunması prosesinin real vəziyyəti
haqqında məlumat toplamaqdır.
II
Əsas suallar və onların istiqaməti:
Sorğu
beş bənddən ibarətdir və hər biri əlifba
islahatı prosesinin fərqli tərəflərini
işıqlandırır:
1.
İslahatın gedişi - işlərin konkret hansı mərhələdə
olması tələb olunur.
2. Cəmiyyətin
münasibəti - geniş kütlələrin qəbul edib-etməməsi
araşdırılır.
3. Kənd
yerlərində yayılma - dəyişikliklərin şəhərdən
kənara keçib-keçmədiyi öyrənilir.
4. Təşkilati
baza - məsələ ilə məşğul olan
qurumların mövcudluğu və səmərəliliyi
soruşulur.
5.
Keçidin sürətləndirilməsi yolları - maarifləndirmə
yolu ilə, yoxsa inzibati-zorakı tədbirlərlə daha səmərəli
olacağı barədə fikir tələb olunur.
III Siyasi
və tarixi əhəmiyyəti:
- Bu sənəd
göstərir ki, 1922-ci ildə artıq ərəb əlifbasından
imtina və latın qrafikasına keçid məsələsi
rəsmi gündəlikdə idi.
- Mərkəzi
Komitə prosesi sadəcə mədəni məsələ
kimi deyil, həm də siyasi-ideoloji məsələ kimi izləyirdi.
- Kənd
yerlərinə xüsusi diqqət ayrılması, islahatın
yalnız şəhər ziyalıları ilə məhdudlaşmamasını
təmin etmək məqsədi güdür.
-
Sorğuda "zorakı tədbirlər" ifadəsinin
işlədilməsi, hökumətin bu məsələdə
yalnız könüllü maarifləndirmə ilə kifayətlənmədiyini,
lazım gəlsə, inzibati metodları da nəzərdən
keçirəcəyini göstərir.
Bu sənəd,
latın əlifbasına keçid məsələsinin Azərbaycanda
neçə mərhələli olduğunu və prosesi izləmək
üçün MK-nın sistemli məlumat toplama siyasəti həyata
keçirdiyini sübut edir. Sorğunun sualları islahatın
sosial dayaq nöqtələrini - cəmiyyətin dəstəyi,
kəndlərdə vəziyyət, təşkilati təminat və
tətbiq metodları tam əhatə edir.
Əlifbanın
dəyişdirilməsi böyük siyasətin
başlanğıcı idi, ilkin mərhələdə sovet
türkləri latın əlifbasını qəbul etməlidirlər,
bu isə türkdilli xalqların kütləvi, müxtəlif
kiril əlifbasına keçidin ilkin mərhələsi olaraq
görülürdü, 1924-cü ildən ərəb əlifbası
ilə çap edilmiş əsərlərin Sovet İttifaqına
gətirilməsinə qadağa qoyuldu. 1926-cı il yanvarın
20-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin
qərarı ilə rus əlifbası əsasında türk
(tatar) dillərinin yazı sisteminin dəyişdirilərək
latın qrafikası ilə əvəz olunması haqqında qəbul
edildi. O zaman Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin sədr müavini və elmi katibi Zifeld
Simumyagi 20 yanvar qərarı ilə bağlı belə bir
paylaşım edir:
"Bu qərarın
həyata keçirilməsi məqsədilə biz cəmiyyətin
üzvlərindən və ümumiyyətlə türkdilli əhalidən
xahiş edirik ki, köhnə əlifba ilə
yazılmış bütün materialları - qəzetlər,
jurnallar, kitablar, məktublar və digər yazılı sənədləri
- cəmiyyətə təqdim etsinlər (AMEA arxivi. Fond ¹1,
qovluq 36, qutu 2.).
İlk
vaxtlar türkdilli xalqların əlifba islahatı pərakəndə
şəkildə həyata keçirilirdi. Bu
qarışıqlığın qarşısını almaq
məqsədilə məşhur dilçi alim professor Yevgeni
Polivanov 1923-cü ildə SSRİ-də yaşayan türk
xalqlarının əlifba-qrafika məsələlərinə
həsr olunmuş "Türk yazılarında latın
qrafikası problemi" adlı bir kitabça nəşr
etdirir. Bu təşəbbüs maarif işçiləri və
ziyalılar tərəfindən yüksək qiymətləndirilir.
Sovet Azərbaycanında
əlifbanın latınlaşdırılması ilə
bağlı ilk praktik təcrübələr sonradan SSRİ-dəki
türk xalqlarının bu əlifbasının yazı sistemlərinə
tətbiqi üçün əsas baza rolu oynadı. Azərbaycanın
təşəbbüsü ilə hazırlanan latın əlifbası
1926-cı ildə Bakıda çağırılan I
Ümumittifaq Türkoloji Qurultaydan sonra SSRİ-də ümumi
latınlaşdırma prosesinə nümunə oldu. Qurultayda
da türk xalqlarının nümayəndələrinin səs
çoxluğu ilə Azərbaycanda əlifbanın
latınlaşdırma sahəsindəki təcrübəsinin
digər respublikalarda və muxtar bölgələrdə tətbiqi
məqsədəuyğun hesab edildi. Ancaq bu problemin həlli o
qədər də asan başa gəlmədi. Qurultayın ən
mühüm və eyni zamanda ən çox mübahisə
doğuran məsələsi əlifba ilə bağlı
olmuşdur. Müvafiq bölmədə SSRİ türklərinin
istifadə etdikləri ərəb əlifbasının dəyişdirilməsinin
məqsədəuyğunluğu müzakirə edilmiş, əgər
tərk ediləcəksə, onun yerinə kiril, latın əlifbasının,
yoxsa bu ərazidə yaşayan türklər üçün
ortaq, ya da ayrı-ayrı əlifbaların tətbiq
olunmasının daha uyğun olacağı məsələsi
ətrafında müzakirələr aparılmışdı.
Beş iclas davam edən müzakirələrdən sonra məsələ
səsverməyə çıxarılmış və səs
çoxluğu ilə latın qrafikalı yeni əlifbaya
keçid qərara alınmışdır.
Bu silsilə yazılarda qurultayda aparılan ən
diqqətəlayiq müzakirələrin icmal və elmi təhlilini
təqdim etməyə çalışacağıq.
Yakovlev əlifba məsələsinin müzakirəsində
üç əsas aspekti fərqləndirir. Birincisi, əlifba
islahatının həyata keçiriləcəyi türk
xalqları arasında mövcud olan mədəni və sosial
şəraitlə bağlıdır. İkincisi, bu və ya
digər əlifbanın tətbiqinin texniki baxımdan işlənməsini
əhatə edir, yazı sistemi və orfoqrafiya ilə
birbaşa əlaqədar olub, konkret bir dil üçün
neçə qrafik işarənin zəruri olduğu məsələsini
müəyyən edir. Məruzəçi işarələrin
sayının müəyyənləşdirilməsi
üçün müxtəlif üsulların mövcud
olduğunu, həmçinin işarələrdən istifadə
zamanı qənaət etmənin yollarından bəhs edir. O,
üçüncü aspekt olaraq konkret bir dil
üçün əlifba qrafikasının zəruriliyinin
müəyyənləşdirilməsini qeyd edir.
Bu mənada, Yakovlev Qafqaz bölgəsində
latın qrafikalı əlifbanın tədqiqi məsələsinin
son dərəcə mürəkkəb mədəni və
sosial şəraitdə həyata keçirildiyini xüsusi
vurğulayır. Bu kontekstdə o, dini amilin ayrıca nəzərə
alınmasının vacibliyini vurğulayır. Latın və
ərəb qrafikalı əlifbalar arasındakı
qarşıdurma fonunda gələcək müzakirələrdə
diqqətin əsasən müsəlman mədəniyyətinə
mənsub xalqlar üzərində cəmləşdirilməsinin
zəruriliyini və konkret olaraq müsəlman ənənələrinin
tarixi kökü və təsir dairəsinin nəzərə
alınmalı olduğunu qeyd edir.
Qafqazda mövcud vəziyyət bu baxımdan
olduqca xarakterikdir və milli yazı məsələsində
özünü müxtəlif formalarda göstərir. Bir tərəfdən,
inqilabdan əvvəl, ümumiyyətlə yazı sistemi
olmayan, hazırda isə onu böyük çətinliklə
formalaşdırmağa çalışan yazısız, digər
tərəfdən isə, müəyyən yazı ənənələrinə
malik olan xalqlara rast gəlinir. Məsələn, osetinlərdə
yazı tarixinin təxminən, yüz ilə yaxın
keçmişi olduğu halda, inquşlarda yazı sistemi
yalnız son dövrlərdə meydana
çıxmışdır.
Yakovlevin məruzəsində diqqət verdiyi
mühüm məqamlardan biri Şimali Qafqaz xalqları
arasında latın əlifbasının tətbiqi məsələsidir.
Onun qənaətinə görə, latın qrafikasını
ilk qəbul edən xalqlardan biri məhz inquşlar olmuşdur.
Sosial tərkibinə və müsəlman ənənələrinin
zəifliyinə görə onlar mədəni baxımdan ən
geri qalmış xalqlardan biridirlər, faktiki olaraq
formalaşmış yazı sisteminə malik olmamışlar.
Bununla yanaşı, osetinlərin də latın
qrafikasını ilk qəbul edən xalqlar sırasında yer
alması diqqətəlayiqdir. Beləliklə, latın əlifbasına
keçid prosesində paradoksal bir mənzərə
yaranır: bu prosesdə həm mədəni baxımdan ən
geri qalmış, həm də nisbətən ən
qabaqcıl xalqlar ön sıralarda yer alırlar.
Nadir MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, ¹4.- S.8.