Ruhu, əməli, düşüncəsi ilə
təpədən dırnağa - Nəzakət
Nəzakət Məmmədli ilə
dostluğumuzun tarixi elə də uzun illərə dayanmır. İşlədiyi
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda keçirilən
tədbirlərdə dəfələrlə
rastlaşsaq da, ötəri
xarakterli bu görüşlər dar
zaman çərçivələrində
baş tuturdu. Lakin
2021-ci ilin martında Xəzər Universitetindəki
Mövlana Ədəbi-Fəlsəfi
Araşdırmalar Mərkəzinin
ev sahibliyi ilə keçirilən
"Mövlana fəlsəfəsi
və poeziyası"
adlı Beynəlxalq Elmi Simpozium ərəfəsində onu
yaxından tanımaq imkanı əldə etdim. Görüşlərimiz
intensivləşdi. Demək
olar ki, hər gün yazışır, zəngləşirdik. Ruhuna hopmuş,
həyat fəlsəfəsini
formalaşdırmış klassik bədii irs nümunələrinin təhlilindən istiqamət
alan söhbətlərimizin
mövzu çələngi
elə həmsöhbətimin
daxili dünyası kimi rəngarəng olurdu. Ünsiyyətimiz əsnasında zamansızlaşan
zaman onu mənə daha yaxından tanıdır, hər dəfə onu yenidən, yenidən, yenidən kəşf edirdim. Dönə-dönə
söylədiyi: "Siz
Rəbbimin lütfü
kimi qarşıma çıxmısınız" ifadəsi, mənim də birəbir eyni düşüncəyə
sahib olmağım aramızdakı
cazibə, bağlılıq,
ünsiyyət asılılığının
məhz ruhun tələbatı olması
reallığını ortaya
qoyurdu. Əlaqə saxlamadığımız günlər
bir boşluq, yarımçılıq hissi
ilə müşayiət
olunurdu. İndi o vaxtlara
boylanıb baxanda Musa Yaqubun:
Heç
vaxt yollarında dayanmadığın,
Heç
həndəvərində dolanmadığın
Gəlib
birdən sənə nə əziz olur,
Ömrünün içində ömür
doğulur
- misraları fikirlərimə
yoldaşlıq edir.
Hə, yuxarıda "zamansızlaşan
zaman" ifadəsini də
elə-belə, sözgəlişi
işlətmədim. Çünki,
elə insanlar olur ki, onu tanımaq,
daxili dünyasının
ənginliklərinə vaqif
olmaq üçün
böyük zaman məsafəsinə,
uzun illərə ehtiyac da olmur. Hər ünsiyyət bir dejavü, təhtəlşüurunda donub
qalmış hissin gün işığında
oyanışı, hansısa
zaman kəsimində yaşanmış
duyğuların təkrar
doğuşu kimi assosiasiyalanır zehnində.
Sanki onu çoxdan,
lap çoxdan tanıyırdın.
Elə bizim Nəzakət kimi.
Nəzakət xanım düşüncə,
danışıq və
incə davranışı
ilə hamıdan fərqlənirdi. Bu fərqliliyin
formalaşmasında, nəcibliyi
ilə hamını heyran qoyan Nəzakət
obrazının yaranmasında
sözsüz ki, böyüdüyü
ailə mühiti, aldığı tərbiyə,
daşıdığı genetik
kod və qurduğu ocaqda elm, bilik, savadın prioritet kimi dəyərləndirilməsinin müstəsna əhəmiyyəti
var idi. Lakin mənə
görə bu unikallığın, özünəməxsusluğun
təməlində məhz
bütün şüurlu
ömrünü tədqiq
və təhlilinə
həsr etdiyi klassiklərin, şeyx, mürşid və övliyaların örnək
həyat fəlsəfəsi
dururdu. Bəli, məhz Mövlananın hikmət dənizindən,
Əttar elminin mistikliyindən, Füzulinin
ilahi eşqindən bəhrələnmələr şərtləndirirdi
bu fərqliliyi. Xasiyyətini yansıdan adının haqqını
verməsində sufi davranış tərzindən
doğan işartıları
sezməmək mümkün
deyildi. Nəzakət xanımı tanıyanlar onun təvazökarlığı,
qayğıkeşliyi, səmimi
gülüşü və
ötürdüyü müsbət
enerjini unuda bilmirdilər.
Onu elmi cameədə fərqləndirən başqa
bir özəllik elm yükünü çiynində
deyil, ruhunda daşıması idi. Tədqiq etdiyi mövzuya canı, sağlamlığı, yuxusuz
gecələri ilə
yanaşı, ruhunu qatması heç kimə sirr deyildi. Nəzakət xanım hər hansı bir mövzunu yalnız mənbələr əsasında
araşdırmır, mənanın
mahiyyətinə enir,
dəlil, fakt, beytlərin alt qatındakı
gizli hikməti, düşüncəni arayır,
könül qulağı
ilə dinləyir, duyurdu.
Onu tanıyan hər kəs bilirdi ki, iştirak etdiyi elmi simpozium, konfransların proqramlarında
Nəzakət Məmmədli
adı sözün, şeiriyyətin sirli-sehrli
dünyasına səyahət,
ruhun dincəlməsinə
zəmanət talonu kimi bir şey
idi. Hər kəs emosiyalardan uzaq, quru, sxolastik
çıxışlardan sonra
nəhayət ki, elmin
məhəbbət ilə
çulğaşdığı, mühüm elmi məlumatların sevgi fonunda təqdiminə şahidlik edəcəyi anı gözləyirdi. Səs tembri, mövzuya yanaşması,
seçdiyi ifadələrin
poetik təsir gücü Nəzakət möhürü vurulmuş
tam fərqli formatın
təqdimatı idi. Qəribədir, onun çıxışlarında proza
ilə poeziyanın sərhədləri əriyirdi.
Nəsrlə ifadə
etdiyi cümlələr
də qulaqlarda şeir kimi səslənirdi.
Səmimiyyət, etik bir zəriflik ruhuna hakimdi. Hər şeyə rəğmən
həyat dolu təbəssümü, sözə,
insana, insanlığa
tükənməz sevgisi,
işinə və başqalarının müraciətlərinə
olan məsuliyyəti də kamillik yolunda inamlı addımları ilə seçilən müridin xarakterik cəhətlərindən
idi. Ölçü tanımayan zəhmətkeşliyi
isə sadaladığımız
xüsusiyyətlərin önündə
gəlirdi. Yoxsa, kiçicik bir ömrə dərin təhlilli, ciddi araşdırmaları ehtiva
edən cild-cild kitabları necə sığışdıra bilərdi?!
Nəzakət Məmmədlinin elmi
irsi də şəxsiyyəti qədər
dəyərli, zəngin
idi. O, sufizmin incə qatlarını araşdıran nadir tədqiqatçılardan
idi. Təsəvvüf
ədəbiyyatı, klassik
Divan şeiri, türk
ədəbiyyatı, türk
xalqları ədəbiyyatı,
fars ədəbiyyatı,
əski əlyazmalar, filoloji və bədii tərcümə
sahələrini ehtiva
edən çoxşaxəli,
zəngin yaradıcılığı
həm elmi ciddiyyətin, həm də ruh axtarışlarının
ən parlaq nümunələri idi.
Mir Həmzə Seyid Nigarinin "Divan" və
"Nigarnaməsi"nin əlyazmalar
əsasında transfonoliterasiyası,
"Füzulinin "Leyli
və Məcnun" əsərində təsəvvüf
və onun bədii ifadə sistemi" adlı monoqrafiyası, Şeyx Fəridəddin Əttarın
"Təzkirətül-övliya" əsərinin anonim müəllif tərəfindən
türk dilinə edilmiş tərcüməsinin
çapı, Şərafəddin
Rami Təbrizinin "Ənisül-üşşaq"
əsərinin tərcüməsi,
"Füzulinin "Leyli
və Məcnun" əsəri - poetikası,
fəlsəfəsi, əlyazmalarının
mətnşünaslıq xüsusiyyətləri",
"Azərbaycandan dünyaya
doğan günəş:
Seyyid Yəhya Şirvani və Xəlvətilik", "Sevdayi
və onun "Leyli və Məcnun"
əsəri", "Şeyx
Fəridəddin Əttar
və Azərbaycan ədəbiyyatı" adlı
fundamental tədqiqatları çap olunub elmi ictimaiyyətə təqdim etdikləri idi. Təəssüf ki, vəfasız ömrün
bitməsinə imkan vermədiyi onlarla məqalə, tərcümə,
araşdırmaların nəsibi
də müəlliflərinin
taleyi kimi yarımçıq qaldı.
12-14 dekabr 2024-cü ildə keçirilən "IX Rumi Konfransı"
Nəzakət xanımın
daha bir xüsusiyyətini - təşkilatçılıq
bacarıqlarını bütün
yönləri ilə ortaya qoydu. Dünyanın
müxtəlif ölkələrindən
konfransa qatılmış
alim və tədqiqatçıların
hamısı onun haqqında ortaq bir fikrə sahib idi: Nəzakət xanım həm insan, həm alim, həm təşkilatçı,
həm də ev sahibliyi keyfiyyətləri
ilə tamamlanmış
nadir şəxsiyyətdir. Onun səyləri nəticəsində Xəzər
Universiteti nəzdindəki
Mövlana Araşdırmaları
İnstitutu təkcə
elmi müəssisə
deyil, eyni zamanda mənəvi düşüncə mərkəzi
idi. Bu institutun yaradıcısı və
müdiri kimi o, Mövlana bədii irsinin istər Azərbaycan, istərsə
də dünya ölkələrində layiqincə
təbliği və tanıdılması üçün
bütün potensialını
səfərbər edərək
mövcud imkanların
hamısından istifadə
edirdi.
Ululardan
miras qalan belə bir ata
sözümüzü hər
kəs bilir: "Qardaşın necə adamdır? - səfərə
çıxmamışam, deyə
bilmərəm." Başqa
sözlə, səfər
insanların xarakterik cəhətlərini bütün
çılpaqlığı ilə ortaya qoyan göstəricilərdən
ən mühümüdür.
Qismət elə gətirdi ki, mən Nəzakət xanımla səfərdə də oldum. 2024-cü ilin 3-5 dekabr tarixlərində Qazaxıstanın Almatı
şəhərində UNESCO-nun Beynəlxalq Mədəniyyətlərarası
Yaxınlaşma Mərkəzi,
TÜRKSOY Yazıçılar Birliyi və M.O.Auezov adına
Ədəbiyyat və
İncəsənət İnstitutunun
birgə təşkilatçılığı
ilə görkəmli
şair və ictimai xadim Oljas
Süleymenovun 80 illik yubileyinə həsr olunmuş "Oxuyan Millətin Dirçəlişi"
adlı VI Beynəlxalq
Elmi-Praktik Konfransa hər ikimiz dəvətli idik. Məhz bu üç
günlük səfər
cavab tapa bilmədiyim
2-3 pazlı da yerinə
oturdaraq bu mükəmməl xanımın
portretini tamamlamağıma
yardımçı oldu.
Onu tanıyıb da çəkim qüvvəsindən
kənarda qalmaq imkansız idi. Sadəliyi, təvazökarlığı,
səmimiyyəti, dərin
elmi biliyi, bədahətən fikirlərinə
yoldaşlıq edən
poetik parçaları
ilə bir başqa aləm idi Nəzakət xanım.
Yadımdadır, konfransın rəsmi
iclaslarının ardınca
baş tutan bədii hissə hər kəsin daxili dünyasının açılmasına imkan
yaratmışdı. Müxtəlif
türk xalqlarını
təmsil edən nümayəndələrin öz
ana dillərində seçmə
şeirlərini bədii
qiraətlə səsləndirdiyi
gecədə söz, kəlam, şeir, musiqi məclisə xüsusi ahəng, fərqli bir rövnəq qatmışdı.
Hər ifa sanki ayrı bir dünyaya açılan pəncərə
idi.
Növbə Nəzakət xanıma
çatdı. Ona yönələn
baxışları qəribə
bir səssizlik müşayiət edirdi. Gözlər onda, o öz aləmində. Mənə də maraqlı idi, görəsən, əzbərdən
bildiyi bitib-tükənməyən
şeir xəzinəsindən
hansı nadir incini qonaqlara ərməğan edəcəkdi? Söz sərrafı seçimini
etmişdi. Vətənimizin
bütün gözəlliklərinin
mükəmməl poetik
ifadəsi olan xalq şairi Süleyman Rüstəmin məşhur "Azərbaycana
gəlsin" şeiri
o anda o ab-havaya, o atmosferə uyğun ən doğru seçim idi:
Vətənimin seyrinə çağırıram
elləri,
Sərvət görmək istəyən
Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri,
kəndləri,
Cənnət görmək istəyən
Azərbaycana gəlsin...
Şeiri
bitirdikdən sonra etdiyi tərcümə ilə sözün sehri sərhədləri aşdı.
O an təkcə bir şeir oxunmurdu - Azərbaycan duyğusu, vətən nəfəsi,
sözün ruhu məclisə hakim kəsilmişdi.
Bu ifa onu dinləyən hər kəsin içində səmimi bir heyranlıq oyatmışdı.
Mənsə ona baxaraq fəxr edirdim. Fəxr edirdim ki, Rəbbim onu məhz bizə
- Azərbaycana bəxş
edib.
Onun vaxtsız gedişini, yoxluğunun miqyasını
"alim öldü, aləm
öldü" deyimi
daha dolğun ifadə edir. Bəli, "evdən deyil, eldən gedən" Nəzakətimizin
qəfil gedişinin acısını söz ilə ifadə etmək çətindir, həm də çox çətin. O gün hər kəsin sözü-söhbəti
o oldu...
Artıq
dediyim kimi, onu böyük zaman içində tanımadım
- amma tanıdığım
qısa vaxtda o, məndə insanlıq, təvazökarlıq, fədakarlıq
və elmə sədaqətin simvolu kimi heç vaxt unutmayacağım əbədiyaşar iz qoymağı bacardı.
...Bəzi insanlar ömürləri qədər
yaşayır, bəziləri
isə qoyub getdikləri iz və irs qədər.
Bəzən insanın
amalları, hədəfləri,
həqiqətləri elə
güclü işığa
malik olur ki, onun cismani yoxluğunda belə, o işıq ziyası ilə ətrafı nurlandırır,
qaranlıqları işıqlandıraraq
yol göstərən
mayaka çevrilir. Elə bizim Nəzakət kimi... Nəzakət Məmmədli
mənim üçün
məhz belə bir işıq, heç vaxt sönməyəcək bir
nur idi. Yaddaşımda işıq,
nur kimi qalacaqsan, ey münəvvər dost!
Ruhun şad, məkanın nəim bağları olsun!
Əsmətxanım
MƏMMƏDOVA
Ədəbiyyat qəzeti.- 2026.-30 yanvar, №4.- S.9.