Sözün gözünü yolda qoyan adam
Umud
Rəhimoğlunun 65 yaşına
Ümid
yeri olan adamlar var... Çətinə, dara düşəndə
ilk xatırladığın həmin
adamlar olur. Bilirsən ki, onlar səni darda qoymayacaq, sənə
dayaq duracaq, dərdinə şərik olacaq. Hər bir
insanın həyatında belə adamların olması
lazımdır. Onlar olmasa, yaşamaq müşküldən
müşkül olar. Onlar sənin üçün hər
zaman "doğmalar" kateqoriyasında qərarlaşır.
Günlərin bir günü çətin bir vəziyyətlə üzləşdim,
həyatımın kritik dönəmi idi, nə edəcəyimi,
kimə üz tutacağımı bilmirdim, eləcə şəhərdə
fikirli-fikirli dolaşırdım. "Torqovı" tərəfdə
qəfildən çətin günlərimin həyanı
Əlisəmid Kürlə rastlaşdım. Hal-əhval
tutandan sonra soruşdu ki, nə olub, gözümə birtəhər
dəyirsən? Vəziyyəti danışdım, şair
xeyli susdu. Mən də dinmədim, uzun-uzadı
"Torqovı"da o baş-bu başa gəzib-dolaşdıq.
Birdən Əlisəmid nəsə tapmış adamın
sevinci ilə ayaq saxladı və dedi: - Sən belə elə...
Get Umud Rəhimoğlunun yanına. Tanıyırsan da onu?!
Bilirdim
ki, Umud Rəhimoğlu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəridir, M.Qorki adına Ədəbiyyat İnstitutunu
bitirib, qələm dostlarından onun haqqında həmişə
xoş sözlər eşitmişdim. Şair dostumuz Xanəmirin
qardaşının toyunda bir masada
əyləşmişdik. Bizi elə Əlisəmid
Kür tanış etmişdi. Bunu şairin yadına
saldım. Dedi, vəssalam, sənə ancaq o, kömək edər.
Daha heç nə fikirləşmə, get!
Umud müəllim məni o qədər
səmimiyyətlə, doğma adam kimi qarşıladı ki,
şaşırdım. İşinin-gücünün
başdan aşdığı bir vaxtda (səhv etmirəmsə,
həmin vaxt xaricdən qonaqları vardı) gözlənilməz
qonağa səxavətlə vaxt ayırıb onu dinləyən
Umud müəllimi məhz bu xüsusiyyətlərinə
görə hamı öz dostu hesab edir. Əlisəmid Kür
məni doğru ünvana yollamışdı. Mən həmin
gün Umud müəllimin yanından məmnun halda
çıxdım və düşündüm ki, nə
yaxşı belə insanlar var.
Onu tanıyanlar bir şeydə həmfikirdirlər - Umud Rəhimoğlu
dostcanlıdır və Vətən fədaisidir. Onun Beynəlxalq
Avrasiya Mətbuat Fondunun rəhbəri olaraq Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaq işində xidmətləri
ölçüyəgəlməzdir. Media və vətəndaş
cəmiyyətinin inkişafı istiqamətində BAMF
yüzlərlə layihə həyata keçirib. O,
bütün həyatını bu işə həsr edib. Məhz
bu səbəbdən qələmindən uzaq düşüb.
Axı Umud Rəhimoğlu şairdir, qələm
adamıdır. Müsahibələrindən birində deyir ki,
"bəlkə də Qarabağ hadisələri olmasaydı,
qələmimdən uzaq düşməzdim". Amma bilirəm
ki, onun içindəki şair hər zaman dipdiridir.
Qayıdıb,
hər şeydən qayıdıb -
Qayıdım gecənin sevgilərindən.
Qayıdım gündüzün qış
yuxusundan,
Qayıdım ütülmüş cığırdan, izdən,
Qayıdım bir azca sığallı sözdən -
Qayıdım atamın oğlu
kimi mən.
Özümə
oxşayan şeirlər yazım,
Yazım
ilk şeirimi torpaq rəngində
-
Atama oxşasın!
Və sonra
Anamın
ağappaq telləri rəngdə
Anamın
heç zaman sığal
görməyən,
Çörəyə oxşayan əlləri rəngdə
Şeirlər yazım.
Üzümə,
gözümə çıxan şeirlər
Sevdiyim gözəlin gözütək
duru,
Ürəkdən-ürəyə axan şeirlər,
Özümə oxşayan şeirlər
yazım.
...Füzuli
rayonunun Aşağı Əbdürrəhmanlı kəndində
çoxuşaqlı ailədə dünyaya göz
açıb. Onu bu yerlərin suyu, çörəyi,
havası şair edib. "Çörəyə oxşayan ana
əlləri" təşbeh kimi yenidir, orijinaldır və
kənd stixiyasının məhsuludur. Şair bu şeirdə
sanki öz taleyinin süjetini qurur. Özü haqqında
danışanda belə deyir:
"Olduqca zəhmətkeş bir insan olub atam. Bu gün
Rəhim kişinin övladları olaraq ondan bizə qalan bu
geni şərəflə daşıyırıq və
düşünürəm ki, bundan böyük nemət ola
bilməz. Ailədə dörd qardaş, üç
bacıyıq və həyatda qazandığımız
bütün uğurlara bu miras sayəsində nail olmuşuq.
Atam bu dünyadan Vətən həsrətiylə
köçsə də, öz yurdunda dəfn olunmaq nəsibi
oldu. Kəndimizin bir hissəsi azad olunduğundan mən təşkilatımız
vasitəsilə tez-tez o yerlərə səfər edə bilirdim.
Kənd qəbiristanlığının bir hissəsində
düşmənin mövqeləri yerləşirdi, o biri tərəfində
bizim əsgərlər dayanırdı. Ölümündən
bir neçə gün əvvəl atamın vəsiyyəti
bu oldu ki, məni öz kəndimdə torpağa
tapşırarsınız. Qarlı bir gündə atam
gözlərini əbədi yumdu və nəyin bahasına
olursa-olsun, bu vəsiyyət yerinə yetirilməli idi. Qohumlar,
dostlar çətin olacağını dilə gətirsələr
də, biz - övladları hər şeyə rəğmən,
onun son istəyinə əməl etdik. Ömür vəfa etsəydi,
atam da bu günləri görərdi, lakin yenə təsəlli
tapıram ki, son mənzili öz yurdundadı".
Övlad
kimi belə oğuldur Umud Rəhimoğlu.
Dəyərli şairimiz Əbülfət
Mədətoğlu danışır:
"Qarlı-şaxtalı
bir qış gecəsi idi. Moskvanın Puşkin metrosunun ətrafında
var-gəl edirdim. Şaxta adamı kəssə də, gecələdiyim
mehmanxanaya getməyə heç həvəsim yox idi.
Çünki Qarabağ savaşının ilk ilində
düşmənlərin atdıqları əldəqayırma
mərmi qardaşımın gözlərini
yandırmışdı. Həmin mərminin
partlayışı onun bir gözünü əlindən
almışdı, ikinci gözünü xilas etmək
üçün mən də qardaşımı Moskvaya
aparmışdım. Metronun ətrafında gəzişdiyim
gecənin səhəri onu əməliyyat edəcəydilər.
Həkim çox da inamlı deyildi. Bu da məni əməlli-başlı
ümidsizləşdirmişdi. Bu qərib şəhərdə
getməyə, dərdimi bölüşməyə, fikrimi
yayındırmağa doğma bir adam axtarırdım, tanış
bir insanla qarşılaşmağı arzulayırdım. Birdən...
Qarşımdan bir oğlan gəlib keçdi. Əlində hörmə zənbil,
onun içərisində də kənardan aydınca
görünən ərzaqlar... bu yeriş mənə yaman
tanış gəldi. Ağ saçlarının üzərinə
qonan ağappaq qar dənələri onu yüz yaşlı bir
kişiyə çevirmişdi. Özüm də hiss etmədən
ona doğru yeriyib bircə kəlmə dedim.
- Umud!
Çevrilib geri baxdı. Bu
qərib şəhərdə qucaqlaşdıq. Bu onunla
qarşılaşdığım və yaddaşıma həkk
olunmuş üçüncü bir məqam idi. Həmin gecəni
o məni tək qoymadı. Özü ilə birlikdə təhsil
aldığı və sonuncu kursunda olduğu Moskvanın və
bütövlükdə keçmiş SSRİ-nin ən
nüfuzlu ali məktəblərindən biri olan Ədəbiyyat
İnstitutunun yataqxanasına apardı. Burada imzasını
tanıyıb üzlərini ilk dəfə gördüyüm
çoxlu qələm adamı ilə tanış oldum. O gecəni
necə keçirdimsə, səhərin
açılmasından xəbərim olmadı. Bu mənim
Moskvada keçən əlli günlük ömrümün, bəlkə
də ən maraqlısı, ən yaddaqalanı oldu. Onu mənə
Umud Rəhimoğlu bağışladı".
"O, kömək əli uzada biləcəyi hər kəsdən bu əli
əsirgəmir". Bu da əksər jurnalistlərin
özünə ustad hesab etdiyi professor Cahangir Məmmədlinin
Umud Rəhimoğlu haqqında fikridir. Cahangir müəllim
deyir ki, mənim işlədiyim Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsində "Jurnalist"
adlı bir tələbə qəzeti nəşr olunur. Umud
müəllim bu qəzetin hər nömrəsi çapdan
çıxan kimi tələbələri
yaradıcılığa ruhlandırmaq üçün
nömrənin imzalarına qonorar verir. Ümumiyyətlə,
Umud Rəhimoğlu bizim fakültənin çox sevdiyi
ziyalılardan biridir.
Şair
Əlisəmid Kürlə
uzun illərin dostu idilər. Onun adı
çəkiləndə Əlisəmidin
üzü-gözü işıqlanırdı, həmişə
"Umud mənim qardaşımdı" deyirdi. Şair
ağır xəstəliklə çarpışanda Umud Rəhimoğlu
son ana qədər Əlisəmid Kürün yanında oldu,
şair dostu üçün nə mümkün idisə,
etdi. Belə dostdur Umud Rəhimoğlu. O, qələm
dostlarının qayğılarıyla yaşayan adamdır. Təkcə
qələm dostlarınınmı?! Otuz ilə yaxın
işğal altında olan torpaqlarımızın
ağrısını da öz ağrısı kimi
yaşayıb, yurd-yuvasından didərgin
düşmüş hər bir insanın dərdini öz dərdi
bilib. Şükürlər olsun ki, doğma
Qarabağımız yağı tapdağından azad edildi, ərazi
bütövlüyümüz bərpa olundu. Umud müəllimin
qayğıları qismən azalıb. Amma bu gün də fəaliyyətini
davam etdirir.
Umud müəllim bir zamanlar "Ədəbiyyat və incəsənət"
qəzetində (indiki "Ədəbiyyat qəzeti"ndə)
çalışıb, ədəbi mühitlə sıx
bağlı olub. Müharibə, yurd itkisi onu yazı-pozudan, ədəbiyyatdan
uzaq salıb. Amma Sözdən heç vaxt ayrı olmayıb
Umud Rəhimoğlu.
Dərdim
oldu özgə dərdi,
Mən unutdum, o göyərdi.
Ömür bitdi, ölüm
bitdi,
Biz hamımız bir adamıq.
Hamını
bir adam kimi gördüyündən, özgə dərdini
öz dərdi bildiyindəndir ki, hamının harayına yetməyə
can atır, hamının dərdinə şərik olmağa
çalışır. Umud Rəhimoğlunun nə vaxtsa
şeirlər kitabını külçə halında bizə təqdim edəcəyinə
inanıram. Onun hələ də şeirlər
kitabının çıxmaması sanki bir sufiyanə sirrə
çevrilib. Yəqin ki, bu şeirləri küll halında
oxumaq istəyən təkcə mən deyiləm. Onun qələm
dostları bu kitabın yolunu çoxdan gözləyirlər.
İnanıram ki, Umud Rəhimoğlu şair olduğunu
unutmayıb və bir gün təptəzə bir kitabla
oxucularının görüşünə gələcək.
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, ¹4.- S.16.