Roman dramatizmin artan xətti
ilə oxunur...
Dramaturq, nasir Əli Əmirli ilə
"Meydan" romanı haqqında səmimi söhbət
- Bu
romana necə başladınız? Niyə bu sualı verirəm?
Əsərdə, 1988-ci il xalq hərəkatının enerjisi
duyulur. Hətta mənə elə gəlir, o hadisələrin
şahidi olmayanlar belə, bu romanı oxusalar, xalq hərəkatının
enerjisini, dövrün ruhunu hiss edərlər.
-
"Meydan" yazılanda mən artıq bir neçə
romanın müəllifi idim.
"İldırımötürən" və "Axirətdən
qabaq gəzinti" əvvəl "Azərbaycan"
jurnalında, sonra "Yazıçı" nəşriyyatında
kütləvi tirajla nəşr olunmuşdu. Adını
çəkdiyim romanları həm özüm bəyənirdim,
həm də oxucular. Tənqidin də münasibəti müsbət
idi. "Meydan"ı isə zaman yaratdı. 1988-ci ilin meydan
hadisələri sovet rejimində analoqu olmayan ümumxalq
etirazının çox parlaq səhifəsi idi. On yeddi
gün sərasər ölkənin, millətin ürəyi o
meydanda döyündü. Bu möhtəşəm hadisələrə
biganə qalmaq mümkün deyildi. Roman da hələ meydan təəssüratlarının
soyumadığı bir zamanda, 20 Yanvar qırğını ərəfəsində
yazıldı. Özü də çox sürətlə. Bir
qayda olaraq bədii əsər konkret tarixi hadisələrdən
uzun illər keçəndən sonra, bir növ, ehtiraslar
soyuyandan sonra yazılır. Əlbəttə, istisnalar da olur.
Necə ki, mənimlə eyni vaxtda Sabir Əhmədli də
meydan hadisələrindən bəhs edən roman
yazmışdı. Təbii ki, müşahidəçi kimi mən
də həmin on yeddi günü meydanda keçirmiş və
bütün baş verənlərin, passiv də olsa,
iştirakçısı olmuşdum. Orda gördüyüm
yaxşı-pis, nə varsa, yaradıcı yaddaşımda iz
qoyurdu. 1989-cu ildə əsər sürətlə
yazıldı. Maraqlı idi ki, yazı prosesinə fasilə
vermək istəmirdim. Hər gün işlədiyim Elmi-Tədqiqat
İnstitutunda saat 5-də işçilər evinə gedəndən
sonra mən iş yerimdə oturub saat 9-a, 10-a qədər
dayanmadan yazırdım. Əgər siz deyən kimi, bu romanda
xalq hərəkatının enerjisi, dövrün ruhu hiss
olunursa, deməli, zəhmətimiz hədər getməyib. Onu
da deyim ki, elə jurnalda dərc edildiyi vaxtda, yəni 1992-ci ildə
romanı səhnələşdirdim, çox istedadlı
rejissorumuz Hüseynağa Atakişiyev Gənclər
Teatrında elə "Meydan" adı ilə maraqlı bir
tamaşa qurdu.
- Roman
ilk dəfə 1992-ci ildə "Azərbaycan"
jurnalında işıq üzü görüb. Əvvəlki
söhbətlərimizin birində demişdiniz ki, o zaman
Bakıda fəhlələr bu jurnalı oxuyub bir-birinə
ötürürmüşlər. Bəs ədəbi
mühitin əsərə reaksiyası necə oldu?
- Mən əsəri
bitirən kimi "Azərbaycan" jurnalına müraciət
elədim. 1992-ci ildə, ölkədə siyasi-iqtisadi
böhranın qızğın çağında roman
İntiqam Qasımzadənin köməyi ilə işıq
üzü gördü. Deyim ki, o zamanlar redaksiyaya xeyli etiraz zəngləri
olmuşdu. Meydan hadisələri ilə paralel qəhrəmanımın
"eşq" macəraları ilə bağlı səhnələr
bəzi oxucuları möhkəm
qıcıqlandırmışdı, amma bildiyimə görə,
jurnal oxucular arasında sürətlə yayılırdı.
Beş min fəhləsi olan böyük bir zavodda sex rəisi
işləyən, ədəbiyyatdan xeyli uzaq bir qohum dedi ki,
iş vaxtı görürəm fəhlələr dəzgahların
arxasında daldalanıb nəsə oxuyurlar. Birini tutdum ki,
iş vaxtı bu nədi oxuyursan? Baxdım, gördüm sənin
romanındır. Onlar jurnalı növbə ilə bir-birlərinə
ötürürlər. Qohum deyir, maraqlandım, mən də
oxudum, çox da bəyəndim. Sən deyən kimi, Alpay bəy,
ədəbi mühitin reaksiyası isə az qala, yox dərəcəsində
idi. Hətta "Yazıçı" nəşriyyatı
planda olan bu romanı mətbəədən geri qaytarıb nəşr
etməkdən imtina eləmişdi. Səbəbini və səbəbkarları
bilsəm də, indi açıqlamaq istəmirəm,
ümumiyyətlə, şikayətlənməyi sevmirəm.
Bu mənim həyat prinsipimdir: şikayətlənmə və
istəmə. Həm də o zaman başım artıq
dramaturgiyaya möhkəm qarışmışdı. Nəhayət,
yaşımın bu vaxtında, 35 ildən sonra
"Meydan"ı kitab kimi öz hesabıma nəşr elətdirdim
ki, itib-batmasın.
- Əsərdə
bir tərəfdən, coşub-daşan xalq hərəkatı,
öz haqlarını tələb edən yüz minlərlə
insanın, mitinqi idarə edən liderin, ziyalıların səsini
eşidirik. Digər tərəfdənsə, xalq hərəkatına
lağ edən, mitinqə gedənləri aşağılayan
yerli kommunist partiyasının harınlamış təbəqəsinin
nümayəndələrini görürük. Əsərdə
əsas süjet xətti həm də günlərini gah iyirmi
səkkiz yaşlı fahişəylə, gah da qatarda
tanış olduğu, sonra yoldan çıxartdığı
qızla keçirən, eyni zamanda
partnomenklaturaçının qızıyla evli olan oğlan
obrazının başına gələnlər üzərində
qurulub. Oğlan bəzən təsadüflər, bəzənsə
məqsədli şəkildə mitinqlərdə iştirak
edir, gah xalqın etirazını duyur, dərk edir, onlara haqq
qazandırır, hətta meydanda kövrəlir. Bəzənsə
onlara yuxarıdan aşağı, lümpenlər kimi
baxır. Romanda "süjetlərin harmoniyası" var, -
desək, yanılmarıq. Romanı qələmə alarkən
yazı və redaktə prosesində çətinliklərlə
üzləşdinizmi?
- Alpay bəy,
romanın xülasəsini tənqidçi kimi yox, əsl
yazıçı kimi çox maraqlı şərh elədin,
əlavələr etmək istəmirəm, amma onun
yaranması haqqında bəzi məqamları yada sala bilərəm.
Qəhrəmanımın prototipi iki real adamın birləşdirilmiş
bədii obrazı idi. Burda meydanın liderləri də
vardı, meydanda gördüyüm təsadüfi adamlar da.
Yazıçı olduğun üçün bilirsən, əvvəl
ideya yaranır, sonra mövzu və nəhayət, ən vacib
olan süjet xətti. Süjet xətti inkişaf etdikcə
personajlar doğulur, ətə-qana dolur, hadisələrlə
bağlı xarakterlər formalaşır. Əlbəttə,
yazı prosesində, hətta yazıçının
özünün belə, gözləmədiyi hadisələr,
peripetiyalar, onların yaratdığı dönüş
nöqtələri meydana çıxır, əsərin
oxunaqlı olmasını təmin edir. Ümumiyyətlə, mən
hadisəni və onun iştirakçılarını elə
vəziyyətlərə salmağa çalışıram
ki, oxu sürət yığsın, oxucu kitabı fasiləsiz,
nəfəs dərmədən oxusun. Təsəvvür edin
ki, meydan hadisələrinə tam uyub hamının bildiyi,
gördüyü əhvalatları olduğu kimi yazıya
yükləyirsən. Bu oldu tarix, yazıçı isə
tarix yazmır, yazıçı tarixi məzmun
qazanmış hadisənin bədii obrazını yaradır.
Ümumiyyətlə, bir həyat həqiqəti var, bir də
bədii həqiqət. Oxucuya həyat həqiqətinə
söykənən bədii həqiqət lazımdır.
"Meydan"ı yazarkən mən buna
çalışmışam. Yazı və redaktə prosesində,
təbiidir ki, müəyyən çətinliklər olur,
amma bu, işdir, həm də sevdiyin işdir. Etiraf edim ki,
yazı prosesi mənim üçün həzz mənbəyidir.
Bəyənmədiyim, narazı qaldığım hissələri,
epizodları heyifsilənmədən ixtisar edirəm. İlk
olaraq özüm yazını bəyənməliyəm.
Xoşbəxtlikdən görürəm ki, oxucularımla
zövqümüz çox vaxt üst-üstə
düşür. Pyeslərimin taleyi də bunu deməyə mənə
əsas verir, çünki teatrda əsərə münasibəti
əyani şəkildə görürsən, yüzlərlə
tamaşaçının alqışlarının şahidi
olursan.
- Roman
dramatizmin artan xəttiylə oxunur. Otuz yaşlı
qızın aborta qədərki əzabları, abort prosesində
keçirdiyi əziyyət, ağrı, nəhayət,
dünyasını dəyişməsi, - əsərin bu yerlərində
gözlərim dolmuşdu, - oğlanın onun meyitini görməkçün
yenidən mamaçanın evinə tərəf getməsi,
meyit təcili yardım maşınına qoyularkən
mamaçanın izdiham içərisində oğlanı
görməsə də, ona ünvanlanan
qarğışları bədii baxımdan möhtəşəm
yazılıb. Adətən, bu tipli əsərlərin qəhrəmanları
yazıçını bir müddət izləyir. Siz yazı
prosesində belə hal keçirmişdinizmi?
-
Romanın ən təsirli süjet xətti doğrudan da,
yaşı ötmüş qızla qəhrəmanın qəddar
münasibətidir. Deyim ki, olmuş hadisədir,
tanıdığım real adamlardır, müəyyən yerədək.
Ana bətnində olan üçaylıq körpənin tələf
edilməsi (yeri gəlmişkən, mənim "Hasarın o
üzü" adlı pyesimdə inanclı xanım
uşaqları abort yolu ilə öldürən həkimləri
killer adlandırır), qızın cərrah masasında
ölümü, oğlanın meyiti qoyub qaçması, sonra
dözməyib cinayət yerinə gəlməsi və s.
artıq müəllif fantaziyası, uydurmasıdır. Qəhrəmanın
çox çətin vəziyyətə düşməsi, həlli
görünməyən situasiyadan çıxış yolu
axtarması və tapdığı o yoldan istifadə etməsinə
reallıqda haqq qazandıranlar da ola bilər. Doğrudan da,
qızın meyitini hara aparmalıydı, qızın kirədə
qaldığı erməninin evinəmi, ya ailəsi ilə
şəhərin ən gözəl yerində
yaşadığı öz evinəmi? Hər iki variant onun
üçün biabırçı məğlubiyyət
olardı. Müəllif qəhrəmanı üçün
çıxılmaz vəziyyət yaradır. Bax, bir az əvvəl
dediyim peripetiya öz işini görür, hadisələr
dönüş nöqtəsinə daxil olur. Əslində,
belə məqamlar dramatik əsərlərə məxsusdur.
Alpay bəy, sualına cavab olaraq deyim ki, yazı prosesində,
bəlkə də daha çox yazıya başlamazdan əvvəl
fikrimdə gələcək qəhrəmanlarımla ortaq bir xəyali
həyat yaşayıram. Bax, indinin özündə fikrimdə
yeni pyesimin qəhrəmanı olacaq Murtuza Muxtarov haqqında
düşünürəm, xəyalımda onun obrazını
canlandırıram, ona doğma hisslər bəsləməyə
çalışıram. Dramaturgiyada bu çox vacibdir, qəhrəmanlarımı
birinci özüm sevməliyəm. Əgər bu sevgi əmələ
gəlmirsə, yazmağa başlamıram.
- Sizin
on illər sonra meydan hərəkatına münasibətiniz
necədir? Sizcə, o hadisələr Azərbaycana daha
çox xeyir, yoxsa bədbəxtliklər gətirdi?
-
Çoxdandır meydan hadisələri haqqında
düşünmürəm. Bəlkə bu, ona görədir
ki, biz daha böyük hadisələr, faciələr,
müharibə və torpaq itkisi yaşadıq.
Şükür olsun ki, həmişə arzusunda olduğumuz
suverenliyimizə qovuşduq, Qarabağımızı
düşmən işğalından azad elədik. Bununla belə,
meydan hadisələri yaxın tariximizin ən şərəfli
səhifələrindən biri kimi yaddaşlarda qalır,
qalacaq da. Bütün sovetlər imperiyasında o cür etiraz,
o cür coşqu, birlik heç bir respublikada
olmamışdı. Sovetlərin dağılmasının,
çökməsinin başlanğıcı oldu bizim meydan hərəkatı.
- Romanın
ilkin jurnal variantı ilə 2025-ci ildə çıxan kitab
variantı arasında fərq böyükdürmü?
- Mən
indi dəqiq deyə bilmərəm, amma romanı nəşriyyata
verəndə də heç bir əsaslı dəyişiklik
etməmişdim. Uzun illərdir "Meydan"ı oxumurdum,
doğrusu, ehtiyac hiss eləmirdim, amma bu il, yəni 2025-ci ildə
romanı kitaba çevirmək istəyəndə, onu redaktor
gözü ilə yenidən oxudum və heç bir ciddi redaktəyə
ehtiyacın olmadığını gördüm.
- Bu
romanı lider obrazının prototipi olan Nemət Pənahlı
oxuyubmu? Oxuyubsa, reaksiyası necə olub?
-
Doğrusu, bu sual məni təəccübləndirdi.
Çünki heç vaxt ağlıma gəlməyib, meydan
liderləri bu romanı oxuyublar, ya yox? Bir də hardan
oxuyacaqdılar?! Kitab təzəlikcə nəşr olunub, satışa
da verməmişəm, imkanım daxilində mərkəzi
kitabxanalara paylamışam. Bir də məndən kitab istəyənlərə
bağışlamışam. Əgər hansı bir nəşriyyat
romanla maraqlanarsa, onu yenidən yaxşı tirajla nəşr
etmək istərsə, əminəm, peşman olmaz.
- Sizin
nəsr sahəsində bu əsərdən başqa, səhv
etmirəmsə, "Ölü doğan şəhər"
və "Ağdamda nəyim qaldı?" romanlarınız
da var. Hazırda dramaturgiyadan nəsrə qayıtmaq həvəsi
və istəyiniz varmı?
-
Sumqayıt hadisələrindən bəhs edən
"Ölü doğan şəhər" romanımı 30
il əvvəl yazmışam. Teatrlarla o qədər intensiv
işləyirdim ki, nəsri unutdum. Nə
düşünürdümsə pyes formatı
alınırdı. Uzun illərdən sonra, 2015-ci ildə
"Ağdamda nəyim qaldı?" avtobioqrafik
romanımı yazdım, üstəgəl, "Mələk əmi"
adlı novellamı bitirdim. Bundan sonra, bu yaşda nəsrə
qayıtmağı düşünmürəm.
Əli
Əmirli,
dramaturq,
nasir
Söhbətləşdi:
Alpay AzƏr
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.14.