Marina
Təsadüfən Sumqayıtda rastlaşdıq doğma vətənindən didərgin
düşən ukraynalı
qız Marina ilə.
"Taras Şevçenko
adına Kiyev Milli Universitetinin beynəlxalq hüquq şöbəsini
bitirmişəm", - dedi.
Sonra çay masası
arxasında dərdlərini
dilə gətirdi. Çox duyğulandım,
çox kövrəldim...
Yavrum, gözlərindəki
Əzab
mənə tanışdı.
Çöhrəndəki qan-qada,
Qəzəb mənə tanışdı.
Deyirsən, orda bizim
Körpələri qırırlar...
Xəstəxana, məktəbi,
Bağçaları vururlar.
Deyirsən, faşistlər də
Belə
qəddar olmayıb,
Belə
zalım olmayıb,
Belə
"bar-bar" olmayıb.
Özün bu yad şəhərdə,
Xəyalların yurddadır.
Yaşıl bəbəklərindən
Yaş yerinə qan damır.
Deyirsən, ağır dərddir,
Onu daşımaq olmur.
Didərginlik zülümdür,
Belə
yaşamaq olmur...
Yavrum, səni duymazmı
Bu xilqətin şairi?!
Xocalı
qətliamlı
Bir millətin şairi!
Danışırsan, mənim də
Duyğularım can verir.
Təzəcə qaysaq tutmuş
Yaralarım qan verir.
Bizim də üstümüzdən
Həmin
tanklar keçiblər.
Bir vaxt bizi də
eynən
Doğrayıblar, biçiblər.
Körpələrə bundan da
Betər
divan tutublar.
Məsum
qızlar özlərin
Qayalardan
atıblar...
Gözümüz az görməyib
Sən deyən viranları.
Uca Tanrı kahr etsin
Cahangir tiranları.
Bircə
onu deyim ki,
Həftənin bu xas günü:
Qiyamətə qalmaz ki -
Yetişər qisas günü...
Məni
də üzmə belə
Baxa-baxa,
Marina.
Sil gözünün yaşını,
Dur ayağa, Marina!
İbrahim
İLYASLI
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.15.