Düşünən şeirin estetikası:
Qulu Ağsəsin yaradıcılığı
Qulu Ağsəs daha çox insanın öz vicdanı, qorxuları, Yaradanı ilə tək qaldığı məqamları
sözə çevirir.
Onun poeziyasında sevgi iman, zaman tale, işıq qaranlıqla toqquşur. Şair oxucunu inandırmağa çalışmır, hətta
əksər şeirlərində
sadəcə bir sual uzun müddət
insanı düşündürə
bilir. Onun poeziyasında insan daim iki dünyanın
arasında qərar tutur: inanmaqla şübhə etmək, sevməklə itirmək, gözləməklə üsyan
etmək. Bu ikililik onun şeirlərində ziddiyyətdən daha çox, həyatın təbii halıdır. Şair üçün harmoniya daxili gərginliyin də fəlsəfəyə çevrilməsidir.
Ona görə də bu şeirlərdə çox vaxt suallar cavablardan daha çoxdur və bu da şairin
poetik mövqeyi kimi qəbul edilə bilər.
Ürəyində bir arzu tut,
Di, böl onu iki
yerə.
Sevgidən dönən kafirdi,
Gəl yenə həminki yerə.
Ürəyində bir arzu tut,
Bir azca qarışsın başın.
Tavanı
deşilib - nədi?
Könlümə damır göz
yaşım.
Şeirdə əsas poetik hərəkət ürəkdən
başlayır. Sevgi hissi iman səviyyəsinə
qaldırılır, ondan
üz çevirmək
isə mənəvi xəyanət. Lirik qəhrəman sevdiyini yaşamağa çağırır,
özü isə taleyin ağır yükünü təkbaşına
daşımağa razıdır.
Qulu Ağsəs poeziyasında tez-tez rast gəlinən səssiz qəhrəmanlıq
modelini onun bir çox şeirlərində görürük.
Bu poeziyada zaman nə dostdur, nə də düşmən. O,
sadəcə, amansızdır.
Ömür qorxudula, saxlanıla bilmir, yalnız hiss edilə bilir. Şairin sözündəki yorğunluq
isə məğlubiyyətdən
çox, ayıqlıqdır.
Qulu Ağsəs insanın zamana qarşı acizliyini etiraf edir, amma
bundan dramatik effekt yaratmır, onu sakit, daxili
bir müqavimətə
çevirir.
Hardasa, çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim olmalıydı.
Bu axşam bir niyyət tutaq:
Gün batsın, qürub qalsın.
Bəs ömrü nəylə qorxudaq,
Yerində durub qalsın?!
Məkan
anlayışı real coğrafiyadan
çox, xəyali və psixoloji ölçüdə, zaman və
ömür fəlsəfəsi
üzərində qurulub.
İnsanın zaman qarşısında
acizliyi, ömrü saxlamaq üçün əlində heç bir vasitənin olmaması şeirin fəlsəfi qatını
təşkil edir. Şair ömrü qorxutmaq istəyir, eyni zamanda bunun
mümkünsüzlüyünü də yaxşı bilir. Bu isə, daha öncə də qeyd etdiyimiz
kimi, Qulu Ağsəs poeziyasında
tez-tez rast gəlinən daxili üsyanın səssiz formasıdır. İnsanın
öz dərdini rol oynamadan yaşamaq
arzusu, ən azı bir dəfə
tamaşasız ağlamaq
istəyidir. Şeir bütövlükdə sevginin
gecikməsi, zamanın
amansızlığı və
insanın sosial rolu arasında qalan ruh halının
təcəssümüdür.
Qulu Ağsəsin şeirlərində
sevmək, bəzən
dindən-imandan çıxmaq
kimi görünür,
bəzən isə Tanrıya ən yaxın yol olur. Şair üçün sevgi nə xilasdır, nə də günah. O, insanın özünü tanımaq
üçün keçdiyi
ən ağrılı
mərhələdir. Bu mərhələdə
lirik qəhrəman, ya özünü aldadır, ya da həqiqətlə üzləşir.
Hamı
aldadır özünü,
Aldada-aldada sevir.
Hərə bir küncə
çəkilib,
Hərə bir daldada sevir.
Şeir
Qulu Ağsəs poeziyasında insanın özü, Tanrı və qaçılmaz sonla münasibətinin ən sərt, ən açıq formalarından biridir. Əsərdə sevgi də var, amma bu sevgi illüziya
üzərində qurulmuş,
özünü aldatmaqla
davam edən ruh halının təsviridir. Şeirdə
"aldatmaq" ifadəsi
xəyanət deyil, bir növ yaşam
biçimidir. İnsan
özünü aldada-aldada
sevir, çünki bəzən həqiqət
sevgini daşımaq üçün çox ağırdır. Bu şeir
bütövlükdə Qulu
Ağsəsin poeziyasına
xas olan sərt realizmi və metafizik düşüncə tərzini
birləşdirir. Sevgi
də, iman da, mübarizə də illüziya pərdəsindən
keçərək təqdim
olunur. Lirik qəhrəman nə hökm verir, nə də yol göstərir. O, insanı öz həqiqəti ilə üz-üzə qoyur və bu üzləşmə
oxucuda təlatüm yaradır.
Hara baxıram, şairlər:
bu çığıran şairlər,
bu bağıran şairlər...
Bayatı,
ağı deyən ağıstan şairlər,
Qayanı,
dağı döyən
dağıstan şairlər...
Təşbehi bəndin içinə
iki əllə atanlar,
mikrofon önündə kəllə
atanlar...
Şeir
Qulu Ağsəsin poeziyasında poetik etiraz nümunəsidir. Şair sevən, ağlayan, ölümü
düşünən liriki
bir kənara qoyub, sözün taleyi üçün narahat olan tənqidçi
mövqeyinə keçir.
Əsər etiraz ruhlu başlasa da, paradoks ondadır ki, bu, qışqıranlara qarşı yönəlib.
Əsər Qulu Ağsəsin poeziyada səsin yox, sözün tərəfini
tutduğunu açıq
şəkildə ifadə
edir. O, şeirin dərindən duyulmasını
müdafiə edir. Bu şeir oxucuya da məsuliyyət yükləyir;
şeirə həmsöhbət
kimi yanaşmağı
təklif edir.
Görsən ki, qaranlıq çökür
aləmə,
Görsən ki, axşamdı... fikir
eləmə.
Bir uçuq yuxudu gecənin boyu,
Nə qədər imkan var, rahatlan, uyu...
Qəflətən bir çağa
salar hay-həşir,
Səhər - körpəsidi doğan
Günəşin.
Onu ovutmağa tələsər
hamı,
Beləcə, salarlar yenə
axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı
doğan Günəş?
Körpəsi hanı?
Görsən, hər tərəfdən
əlin üzülür,
Görsən, üşüyürsən... yandır özünü...
Şeir
Qulu Ağsəs poeziyasında işıq-qaranlıq
qarşıdurmasının fəlsəfi ölçüyə
keçdiyi əsərlərdəndir.
Qaranlıq - ümidsizlik,
ruh yorğunluğu və zamanın insanı sıxan axarıdır. Şair oxucunu bu qaranlıqla
qorxutmaq istəmir. Belə demək mümkünsə, ona münasibətini dəyişməyi
təklif edir. Şeirdəki çağırışlar
təskinlik kimi səslənsə də,
alt qatında acı bir reallıq yatır ki, insan çox vaxt çarəsizlik qarşısında
yalnız gözləməyi
bacarır.
Gecənin "uçuq yuxu"ya
bənzədilməsi qaranlığın
müvəqqəti, keçici
olduğunu xatırladır.
Fəqət eyni zamanda təhlükəli bir rahatlıq hissi də yaradır.
İnsan qaranlığa
öyrəşdikcə o, artıq
mübarizə aparmır,
sadəcə uyğunlaşır.
Şeirin ən dramatik nöqtəsi insanların bu "körpəni" ovutmaq adı ilə yenidən axşamı salmasıdır. Bu, bir növ, cəmiyyətin dəyişiklikdən qorxan
davranış modelini
simvolizə edir. İşıq doğur, amma onu qorumaq
əvəzinə, yenidən
qaranlığa qaytarırlar.
Müəllif çox
incə şəkildə
sosial və mənəvi tənqidi gizlədir. Bəzən insan özü öz işığını
boğur, çünki
işıq məsuliyyət,
oyanış və dəyişmə tələb
edir. Finaldakı "yandır özünü"
çağırışı isə intihar metaforası olmaqdan ziyadə, daxili alovun, iradənin, müqavimətin oyadılmasıdır.
Şair deyir ki, kənardan istilik gəlməyəndə insan
özü işığa
çevrilməlidir. Bu, Konfutsinin
məşhur "Qaranlığı
lənətləməkdənsə, bir şam yandır"
ifadəsini də mənə xatırladır...
Şeir
bütövlükdə Qulu
Ağsəs poeziyasında
tez-tez rast gəlinən bir ideyanı təsdiqləyir:
ümid göydən düşmür, onu qorumaq və yaşatmaq insanın öz işidir. Qaranlıq gəlir, axşam düşür, amma günəşin taleyi insanların seçimindən asılıdır.
Qələt eləyərəm desəm:
Hamı
qələt eləyir...
Allah bizi xəlq eyləyib,
Yoxsa lənət eləyib?!
Qaç
bu xain yuvasından,
Əri,
yox ol havada.
Qorx ki, yenə yerdən çıxa,
Buluddan dama adam...
Qulu Ağsəs poeziyasında
etirazın, şübhənin
və metafizik narahatlığın ən
sıx, ən gərgin ifadələri intişar tapır. Şair nə təkcə cəmiyyəti,
nə də insanı mühakimə edir. O, yaranışın
özünü sual altına qoyur və bu sualın
cavabsız qalacağını
əvvəlcədən qəbul
edir. Şeir paradoksal bir etirafla başlayır. Üsyankar suallarla dolu inam ən
ağır şübhədir.
Bütövlükdə bu
əsər Qulu Ağsəsin poeziyasında
insanın öz yaratdığı dünyada
yadlaşmasını, qorxu
ilə ayıqlıq arasında qalmasını
və son olaraq sükuta doğru çəkilməsini əks
etdirir. Çünki nə ümid açıq şəkildə
deyilir, nə də ümidsizlik elan olunur. Şair oxucunu rahat cavablarla
yola salmır. Onu düşüncənin
ağır yükü
ilə üzləşdirir.
Kimsən,
nəçisən, ay Allah,
Heç
səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.
Şeir
Qulu Ağsəs yaradıcılığında Tanrı ilə ən açıq, ən riskli və ən səmimi dialoqlardan biridir. Şairin ona ünvanladığı
suallar məhz inanmaq ehtiyacından doğur. Ümumi məzmununda o, uzaq, anlaşılmaz və insan taleyinə biganə kimi təqdim olunsa da, şairin sualı Yaradanın varlığına
yox, onun insan həyatındakı roluna yönəlib. Şair Tanrını
"bəndə salmaq"
istəyir, onu insana məxsus keyfiyyətlər ilə dərk etməyə çalışır. Şair
Yaradana sual verməklə yaxınlaşır
və bu əlaqə oxucunu da eyni suallarla tək buraxır.
Nə olur mənə, haqq olur,
Sən də bir yandan
olursan.
Günü-gündən sevildikcə
Dindən-imandan olursan.
- Bu üzü daşlı dünyanı
Sənin
üzündən sevirəm.
Tanrını min ağaclıqdan,
Səni
özündən sevirəm...
Şeir
Qulu Ağsəs poeziyasında sevginin imanla toqquşduğu, amma onu dağıtmayıb
yenidən mənalandırdığı
nümunələrdəndir. İnsanın dünyaya və öz taleyinə baxışını
dəyişən güc
elə budur. Çünki sevdikcə iman itmir. Qulu
Ağsəs sevginin Tanrıya alternativ olmadığını, Yaradan
anlayışını insaniləşdirən
bir mərhələ olduğunu sezdirir. Sevilən varlıq ilahiləşmir, amma onun yerini tutur.
Şair ağlamağı
ünsiyyət vasitəsinə
çevirərək poeziyasında
sevginin metafizik ölçüsünü açır.
Lirik qəhrəman sevgini yaşayır və oxucunu da bu yaşantının içinə çəkir.
Qulu Ağsəs şeirləri
oxucunu müşahidəçi
mövqeyində saxlamır,
onu düşüncənin
içinə çəkir
və orada tək qoyur. Şair nə yol göstərir, nə hökm verir, nə də təsəlli paylayır. Onun poeziyasında söz məsuliyyətdir, sükut
mövqe. Qulu Ağsəs poeziyasının
əsas gücü də məhz buradadır.
İlahə SƏFƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.10.