Orxan Fikrətoğlunun
"Pandemik mələk"
hekayəsi:
sivilizasiya plastlarının keçidinin bədii təxəyyüldə təzahürü
Orxan Fikrətoğlu müasir Azərbaycan ədəbiyyatında
çoxşaxəli yaradıcılığı,
yenilikçi əsərləri
ilə tanınan imzadır. Onun əsərlərində modern, postmodern, absurd,
eləcə də
realist plastların kəsişməsi
və bu kəsişmənin dinamik
xarakteri bu yaradıcılığı müasir
ədəbiyyatımızda da unikal bir mövqeyə
çıxarır. Orxan
Fikrətoğlunun polifonikliyi
ilə seçilən,
geniş spektrli bədii yaradıcılığı
müstəqillik dövrü
ədəbiyyatında moderndən
postmodernizmə keçidin,
postmodernin milli təzahürünün
qabarıq örnəkləri
ilə zəngindir. Yazıçının bu
qəbildən olan
"Pandemik mələk"
hekayəsi ilk baxışda
COVİD-19 pandemiyası ilə
bağlı məqamların
ədəbi diskursda əksi kimi qəbul edilə bilər. Lakin hekayənin
alt məna qatları zahiri kontekstdən daha dərindir. Qeyd edilən mövzu - pandemiya/postpandemiya 2020-ci ildə və daha sonralar
yaranan bir sıra xarici, eləcə də milli bədii mətnlərdə
müxtəlif aspektlərdə,
fərqli interpretasiyalarda
əks olunmuşdur.
"Pandemik mələk"
hekayəsi isə bu əsərlərdən
fərqli olaraq, daha çox milli, Şərq arxetipik cəmiyyət modelinin yeni
postpandemik urban modelə
keçidini, yeni sivilizasiyanın
başlanğıcını simvollaşdıran bir mətndir. Hekayənin qəhrəmanının pandemik
mələk-eşşəyin məsləhəti ilə
şəhərə köçmə
qərarını verməsi
və bu qərarın məhz meşədə - kəndlə
şəhərin simvolik
sərhədində qabanın
hücumu səbəbindən
reallaşa bilməməsi
bu məqamı bədii şəkildə
vurğulayır. Hekayənin
başlanğıcında müşahidə
edilən, realist görünən
elementlər təhkiyə
irəlilədikcə qeyri-xətti
zaman boşluğuna düşərək
tədricən postmodern və
absurd estetikaya keçid
edir. Xronotop da eyni şəkildə dəyişir, hadisələr
realist məkandan dini-fantastik
məkana keçid edərək realist, cari insanın pandemik insan modelinə çevrilməsinin son nöqtəsini
qeyd edir. Hekayədə postmodernlə
magik realizmin qoşa təzahürü
pandemik şok effekti kimi mətnə
gətirilir. Məhz
COVİD epidemiyasından sonra
bu zamana qədər tənha yaşayan, amma cəmiyyətin bir fərdi olmaqdan imtina etməyən kişinin yeni - fərdi təcridə üstünlük
verən cəmiyyətdə
mövcudluğu sual altına düşür.
Əvvəllər tənhalığını
cəmiyyətin (kənd
sakinlərinin) birliyi,
ümumi şənliyi/kədəri, mərasimləri
ilə "yuyub" paklayan kişi bu ümumi təcrid-tənhalıq
effektinə tab gətirmir
və pandemik psixoz eşşək-mələk
cildində meydana çıxır. Reallıq
və metaforanın sərhədlərinin pozulması
postpandemik cəmiyyətin
alleqoriyasını hekayənin
əsas məğzinə
çevirir. Mələk
obrazı üçün
Şərq mədəniyyətində
estetik və romantik obraz olmayan bir canlının
- eşşəyin seçilməsi
də postpandemik dünyada klassik, ənənəvi anlayışların,
dəyərlərin qəbul
edilmədiyini göstərir.
Lakin hekayənin sonunda
bir məqam diqqəti cəlb edir:
"Kişinin gözü elə təzəcə meşənin zülmət
qaranlığına öyrəşirdi
ki, qarşısında iri
çöl qabanı
gördü. Qaban onunla Eşşək kimi dil açıb
danışmadı. Dinməzcə
üstünə cumub
qarnına möhkəm
bir kəllə vurdu. Zərbədən Kişi yerə yıxıldı. Qabanın
iri kəsici dişləri qarnına soxulanda isə öləcəyini anladı.
Və sonda onu bu sıx
ormanlığa gətirib
Qabana yem etmiş Eşşəyə
üz tutub: - Bəs sən Mələk deyilsən?.. Kömək elə də mənə! - pıçıldadı.
Eşşək kişinin artıq
sönən gözlərinə
gülə-gülə baxıb:
- "Mələk sənsən,
görmürsən qanadların
da çıxıb?!" - dedi.
Kişi:
- "Bəs onda sən kimsən?" - xəbər aldı.
Eşşək: - "Mən Eşşəyəm!
Ancaq sən məni mələk kimi görürdün!"
- dedi və ormanın qaranlığında
birdən-birə qeyb oldu".
Bu məqam postpandemik dünyanın diktəsinin
nə qədər güclü olsa da, yenə də insanın hansı reallıqda yaşamaq seçiminin öz təşəbbüsü, öz
şüuru, öz qərarı ilə bağlı olduğunu vurğulayır. Hekayənin
dili və üslubu da məhz bu məqama - mənanın mətndə
deyil, oxucu qavrayışında formalaşmasına
hesablanıb.
Hekayədə postmodern ironiya da mühüm
məqamlardandır. Ümumən,
Orxan Fikrətoğlunun
yazı tərzində
postmodern çağdaşlıqla klassika, postmodern ironiya ilə Cəlil Məmmədquluzadə ironiyası
iç-içədir. Təsadüfi
deyil ki, yazıçının
"Zorxana" telelayihəsinin
qəhrəmanı Xeybər,
Cəlil Məmmədquluzadənin
"Poçt qutusu"
hekayəsinin qəhrəmanı
Novruzəlinin protoobrazı
kimi qəbul edilir. Professor Şirindil Alışanlı "Novruzəlinin
qan qardaşı Xeybər" məqaləsində
yazır: "Xeybər
Novruzəlinin bir əsr sonra dünyaya gəlmiş qan qardaşıdır. Novruzəli başqa bir zamanda yaşayırdı,
Mirzə Cəlil bu dünyanın ağrılarını təkmilləşmədə,
inkişafda, intibahda axtarırdı. Çıxış
yolunu ictimai-mənəvi
tərəqqidə axtarırdı.
Orxanın Xeybəri isə paradokslarla dolu bir gerçəkliyin
qəhrəmanıdır". Orxan Fikrətoğlunun
"100 ilin kitabı"
da Mirzə Cəlil Məmmədquluzadənin felyetonları
ilə müəllifin
publisist yazılarının
birgə yer aldığı mozaik bir topludur. Belə
bir nəşrlə yazıçı müasir
Azərbaycan ədəbiyyatında
mövqeyini simvolizə
etməyə çalışmışdır.
Cəlil Məmmədquluzadənin
100 il öncə söylədiklərini,
bu gün Orxan Fikrətoğlu söyləyir, Mirzə Cəlil mətnini Orxan Fikrətoğlu mətni davam etdirir, Novruzəlinin oxucusu Xeybərin oxucusu ilə görüşür.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.13.