"Hərdəmxəyal"
silsiləsi
(II hissə)
Əbədiyyət naminə
Aqşin
Yeniseyə
Sonu olan
heç nə
Diqqətə layiq deyil, məncə!
Tutaq ki,
"əbədi" və
"həyat" kəlməsi
Yanaşı işlənsə idi:
Nə
çalardı kilsə zəngi,
Nə ziyarət edərdi bir kəs
Öz müqəddəs məbədini...
"Məbədin
sükutu", əslində,
İnsanlığın süqutu deyilmi?
Hərdən
xatırlayanda
Ha vaxtsa öləcəyimizi
Başımı bulayıb gülürəm.
Sonra isə
fikirləşirəm:
Ölüm ömrün ironiyası
deyilmi?
Şair
demişkən,
"Heç tanımadığım
bir ölümün
əyninə biçilmiş bədən".
Fəqət
düşündüyün qədər
sadə
olmur həsrət.
"Yaşamaq" və "ölmək"
arasındakı tikanlı sərhəd.
Ən nəhayət,
hər şeyin sonu həsrət deyilmi?
Əbədi
olmayan heç nə
Heç
kəsə lazım deyil, şair!
Bunu məndən də yaxşı bilirsən.
Hətta,
yəqin, tək qalanda,
Əbədiyyət naminə
Xəlvətcə tanrıya dua da
edirsən...
Müşfiq
üçün təsəlli
Açığı,
Müşfiq əfəndi,
Diktatorların qaranlıq düşüncələri
sənə də əyan idi.
Bilirdin
ki, gec-tez ya Nəsimitək
dərin
üzülməli,
Ya da cansız bədəninin
amansız
Xəzərin dərinlərində
Üzməli idi...
Əslində, öz taleyini özün seçməliydin,
Müşfiq əfəndi.
Onsuz da,
arzun, məqsədin,
gileyin
onlara maraqlı deyildi!
Onsuz da,
qaranlıq işığın
var olmadığı
yerə
deyilir.
Fəqət fikir eləmə,
salma ürəyinə çox
şeyi.
bir gün günəşin qızıl şəfəqləri
Qırmızı-qaranlığın gözünü
tutdu,
üzünə duranları tarix
özü də unutdu!
Nostalgiya
Sonuncu
elegiya
Keçmiş
yox,
köhnə xatirələrçün
darıxırıq bəzən.
Ax, nə xoşbəxtmişik
keçən ilki dünən...
Adını bilmədiyimiz bütün
illüziyaları
"nostalgiya" - adlandırırıq
Heyif, xoşbəxtliyi
fərqli-fərqli ünvanda axtarırıq.
Əslində, o yox idi və
heç
vaxt da olmamışdı.
Əslində, dünən də
xoşbəxt deyildik,
elə bu gün də...
Sadəcə dünən daha
yaxşı idik
bu gündən...
Ey, sən!
Qorxutma,
məni getməklə...
Qorxutma,
məni gözdən itməklə...
Onsuz hamı getdi tərk edilmiş şəhərə...
Heç
sən də gəlmə.
...nə nostalgiya ol,
nə də keçmişimə
zəhər qat!
Əgər haçansa gələsən,
mənə bir qutu siqaret al...
İlkin ÖZ
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.17.