Yumor, ironiya
və sükut...
Lyublyananın sakit küçələrində
doğulmuş bir uşaq var idi və bu uşaq
sözlərin içində
itməkdən qorxmayacaq
qədər cəsarətli
idi. 1963-cü ildə
doğulan Andrej Blatnik,
müasir Mərkəzi
Avropanın sərin, bəzən sərt atmosferində böyüyərək
həm gündəlik
həyatı, həm də insan münasibətlərinin
incə detallarını
müşahidə etməyi
öyrəndi. Onun təhsil yolu bir neçə istiqaməti birləşdirdi:
müqayisəli ədəbiyyat,
mədəniyyət sosiologiyası
və Amerika ədəbiyyatı
üzrə akademik araşdırmalar Blatnikin düşüncə tərzini
zənginləşdirdi, sözlərlə
oynamaq, onları həm realist, həm də poetik bir prizma ilə
təqdim etmək bacarığını ona
qazandırdı. Bu hazırlıq
onu yalnız yazıçı kimi deyil, həm də dərin düşüncəli bir
müşahidəçi kimi
formalaşdırdı.
Blatnikin
yaradıcılığı qısa hekayələrin gözlə görünməyən
qüvvəsini göstərir.
Onun yazdıqları sadə gündəlik səhnələrdən başlayır,
amma bir anda oxucunu gözlənilməz
psixoloji dərinliyə
aparır. İnsanların
gündəlik həyatdakı
qarşılaşmaları, ani ayrılıqlar, təsadüfi
sevinc və xəyal qırıqlıqları
Blatnikin hekayələrində
bir-biri ilə sıx bağlıdır və hər biri sanki başqa
bir hekayənin başlanğıcına işarə
edir. Onun dili sərt deyil, lakin hər
kəlməsi diqqətlə
seçilib; oxucuya həm əhval, həm də simvolik təbəqələr
təqdim olunur. Yumor, ironiya, sükut və səssiz müşahidələr
Blatnikin dünyasında
bir-birinə qarışır,
hər oxucuya fərqli təcrübə
yaşadır.
Onun hekayələri sadəcə
şəxsi deyil, həm də mədəni bir sərhədi aşır.
Blatnik yalnız Sloveniyada tanınmış
yazıçı deyil,
onun əsərləri
beynəlxalq festivallarda
təqdim edilmiş, müxtəlif dillərə
tərcümə olunmuş
və Avropa ilə Amerika oxucularını
birləşdirmişdir. Hər
hekayə, qısa da olsa, oxucunu bir
neçə səviyyədə
düşündürür: xarici hadisələrin təsviri ilə yanaşı, daxili aləmin mürəkkəbliyi
də işıqlandırılır.
Bu balans, Blatnikin hekayələrini oxucular üçün həm estetik, həm də intellektual bir təcrübəyə
çevirir.
O yalnız yazmaqla kifayətlənmədi, həm
də tərcüməçi
və ədəbi tənqidçi kimi fəaliyyət göstərdi,
digər müəlliflərin
əsərlərini sloven dilinə
çevirərək, dünya
ədəbiyyatını öz
oxucularına çatdırdı.
Eyni zamanda akademik fəaliyyətinə
davam edərək gənc yazıçıların
yetişməsinə töhfə
verdi. Blatnikin yaradıcılığında həm milli, həm də qlobal təcrübə var; o, sözlərin
həm yerli mədəniyyətin, həm
də ümumbəşəri
insan təcrübəsinin
daşıyıcısı olduğuna inanır.
Oxucu onun hekayələrinə daxil olduqda, sadəcə, hadisələrin
axını ilə qarşılaşmır, həm
də insanın iç dünyasının,
hisslərinin və sosial qarşılıqlı
təsirlərin çoxqatlı
labirintində dolaşır.
Hər detal, hər dialoq, hər sükut sətri, hər təsadüfi hadisə Blatnikin düşüncəsinin
incə simfoniyasıdır.
Onun əsərlərində
zaman və məkan təkcə fiziki və coğrafi ölçü ilə məhdudlaşmır; onlar
həm də psixoloji və emosional sferanı əhatə edir. Beləliklə, Blatnikin hekayələri oxucuya yalnız ədəbi təcrübə deyil, həm də insan təcrübəsini,
varlığın mürəkkəbliyini
hiss etməyə imkan
verir.
Onun yaradıcılığı birbaşa
mərkəzi Avropa ədəbiyyatının zəngin
ənənələri ilə
bağlı olsa da, Blatnik özünü yalnız milli sərhədlərlə
məhdudlaşdırmayıb, deyə bilərik. Hekayələrinin qısa
olması, lakonik dili və diqqətlə
seçilmiş detallar
oxucuda geniş, açıq mənzərə
yaradır. Bu mənzərə
həm şəxsi, həm də kollektiv xatirələr, həm gündəlik, həm də simvolik hadisələrdən
ibarətdir. Hər hekayə oxucunu öz daxilinə doğru səyahətə
aparır, onu düşünməyə, hiss etməyə və bəzən öz həyatı ilə qarşılaşdırmağa çağırır. Blatnikin
əsərləri yalnız
oxumaq üçün
deyil, həm də yaşamaq, müşahidə etmək
və anlamaq üçündür.
Andrej Blatnik
Yarıqlar
Çoxlu hekayələr danışılıb.
Bu da onlardan biridir. Həyat yoldaşınız,
uşaqlarınız, işiniz,
maşınınız, şəhərdən
bir az uzaqda
balaca bir eviniz var. Deyəsən, xoşbəxt öləcəksiniz,
uşaqlarınız dəfn
mərasiminizdə ağlayacaq,
qonşularınız və
qohumlarınız sizin
yoxluğunuza yas tutacaqlar. Sonra bir gecə, gün batımının son işığında,
adi haldan daha yavaş sürərkən, bir gurultu eşidirsiniz, bir şeyə dəymisiniz. Heç nə görmürsünüz,
sadəcə maşınınızın
vurulma səsi eşidilir. Dayanırsınız,
nə baş verdiyini görmək üçün maşından
düşürsünüz. Maşınınızın altında
yeddi-səkkiz yaşında
bir uşaq uzanır və evdə sizi onun kimi başqa
bir uşaq gözləyir, bu sizin uşağınız
ola bilərdi. O, tərpənmir.
Başının altında
qan gölməçəsi
əmələ gəlir.
Qışqırırsınız, əyilirsiniz,
nəbzini yoxlayırsınız,
heç nə tapmırsınız. Ətrafa
baxırsınız, orada
heç kim yoxdur, küçə boşdur. Hər gün heç kimi tanımadan, boz və baxımsız
bir yer olan
bu küçədən
keçirsiniz. Heç
kim baxmır, bütün işıqlar
söndürülüb.
İndi nə? Belə bir şey başınıza
gələndə nə
edirsiniz? Bilirsən: uşaq inildəsəydi, çox asan olardı. Onu maşınınıza qoyub
xəstəxanaya aparardınız.
Yaxud təcili yardım çağırardınız.
Amma görürsən ki, xilas
edəcək bir şey yoxdur. Bir az sakitləşəndən
sonra fikir verirsən ki, küçə
işıqları yanmır.
Küçədə maşın
yoxdur. Dönüb baxırsan ki, kimsə gəlib, zibil qutularının arxasında
gizlənib baxan varmı?! Amma heç yerdə heç kim yoxdur.
Zəng
etmək istəyirsən,
amma kimə? Və sonra telefonun
batareyası qəfildən
bitir və işləsə belə, heç kimin cavab verməyəcəyini
başa düşürsən.
Yenə uşağa baxırsan. Sanki saatlarla orada uzanıbmış kimi görünür, üzü rəngsizdir, başının altındakı
qan qurumuşdu. Yenə ətrafa baxırsan və küçə boyunca binaların uçduğunu,
asfaltın çatladığını,
qaranlıq göy üzündə nəhəng
çatların əmələ
gəldiyini, hər an
açılmaq üzrə
olan boşluğu görürsən. Hələ
də maşınınızın
açarlarını əlinizdə
saxlayırsınız, onlara
baxırsınız, maşınınıza
baxırsınız və
onun bir daha tərpənməyəcəyini
bilirsiniz. Açarları
yerə atırsınız,
onlar yavaş-yavaş
altınızdakı qaranlığa
düşür və
asfalta dəyən
metal səsini eşitmədiyiniz
zaman belə təəccüblənmirsiniz.
Heç yerdə səs yoxdur. Nə it hürür, nə televizor, nə telefon zənginin səsi gəlir. Yenə uşağın üzərinə
əyilirsiniz. O, getdikcə
kiçilir və quruyur, əllərinizə
baxırsınız və
onlarda çatların
əmələ gələcəyini
gözləyirsiniz. Düşünürsünüz:
Mənim arvadım var
idi, uşaqlarım
var idi, elə bil xoşbəxt öləcəyəm. İndi hər
şey fərqli olacaq. Bir çox hekayənin xoşbəxt sonluğu olmur. Bu, onlardan biridir.
Sahil
Saçlarım hələ seyrəkləşməmişkən
bu daha tez-tez
baş verirdi; indi isə hər
şey azalıb. O vaxtlar o, demək olar ki, hər gecə burada olurdu. İndi isə mən ora getmək
istəmirəm.
O gecə danışmaq istərdim ki, oradakı bütün qadınların
içində niyə
məhz o diqqətimi çəkmişdi, niyə
içimdən "Vay,
necə də gözəldir" demişdim
və dostlarımın
gülərək, "Sən
dəli olmusan? O gözəldir?" deməsi
necə olmuşdu?!
Özümü saxlamadım. Nə
desələr də, gedib onu rəqsə
dəvət etdim. Güldü və soruşdu:
- Anan buna
icazə verərmi?
Səsi
kobud deyildi. Əksinə, mehriban, sanki zarafatla, səmimi bir maraqla deyilmişdi.
Sonra dedim ki, onlara içki alım. Yenə güldü, hər şeyin qaydasında olduğunu dedi. Elə həmin gecə bir şeylər yolundan çıxdı və mən dostlarımla evə qayıtmadım.
Bir az sonra qarnındakı
çapıqdan danışdı.
Dedi ki, bu, ondan tez qurtulmaq
istəyən bir kapitanın işidir. Kapitanın öz dediyinə görə, hər şey çox sürətlə
baş vermişdi.
Sonra dedi ki, onu sahilə
dəvət ediblər,
amma getməyib. Sahil təhlükəli idi. Orada başqa bir kapitan da çıxa bilərdi.
Amma elə bir vaxt
gəlir ki, insan qorxularına dözməyi
öyrənir və məhz çətin yerlərə getməli olur. İndi o buradadır və xoşbəxtdir.
Daha çox danışdı.
Mənə qeyri-real görünən şeylərdən,
tanıdığım heç
kimin başına gəlməyəcəyini düşündüyüm
hadisələrdən - amma
onun başına gəlmiş, bəzən
özünü itirəndə
yenidən təkrarlanan
şeylərdən.
Axırda
dedim ki, getməliyəm.
Səhər yataqda olmalıyam. O isə dedi ki, əks halda artıq rəqs edə bilməyəcəyəm. Güldü.
Dedi ki, bunu əvvəldən bilirdi. Bilirdi ki, mən gedəcəyəm.
Sonra dedilər ki, hər şey yaxşı keçib.
Qapıda
dediyim son sözlər
bunlar oldu:
- Yenə rəqs edəcəksən?
İndi isə illərlə heç kimin ayaq basmadığı o yer bir neçə
ayın içində
yeni bir inşaatçının
əlinə keçdi.
Sonra işlər dayandı.
Və nəhayət, kilometrlərlə ərazini
əhatə edən, ən böyük otel üçün yer açmaq məqsədilə hər
şey yerlə-yeksan edildi.
Andrej Blatnik
Tərcümə etdi: Malik Atilay
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, ¹4.- S.24.