Qəbulə xanım - tarixi
şəxsiyyət, ədəbi obraz
Rus istilasına qarşı ilk dirəniş
hərəkatı liderinin həyatı
Azər Turanın araşdırmasında
2025-ci ildə nəşr olunan kitablar arasında bir neçəsi daha çox diqqətimi cəlb etdi.
Onlardan biri "Qəbulə
xanım və I Pyotr" adlanır. Adından
göründüyü kimi, şəxsiyyətlə
bağlı dərin araşdırmanın məhsuludur,
çox güman ki, elmi monoqrafiyadır. Kitabın müəllifi
cəmiyyətdə iradəsi, prinsipial mövqeyi ilə kifayət
qədər yaxşı tanınan filologiya üzrə fəlsəfə
doktoru, ədəbiyyatşünas Azər Turandır.
Azər
Turanın yazı manerasına az-çox bələd olanlar
yaxşı bilir ki, o, müraciət etdiyi mövzuya necə fundamental
və məsuliyyətlə yanaşır. Son iyirmi ildə
onun araşdırma materialları ilə
tanışlığım da belə deməyə əsas
verir. Azər Turan şəxsiyyətlər barədə
araşdırma yazılarında onları ən əziz bir
adamı, sanki doğması kimi təqdim etməyi bacarır.
Bu onun həmin şəxsiyyətə necə doğma biri
kimi yanaşdığından xəbər verir. Azər Turan
portretini cizgilədiyi qəhrəmanının hansısa beynəlxalq
tədbirdə iştirakını, ictimaiyyət
üçün faydalı hesab olunacaq onun
çıxışını dəyərləndirməklə
kifayətlənmir, qəhrəmanın konfransa kiminlə
getdiyi, yolda aralarında baş vermiş səmimi müzakirələrə
qədər, hər şeyi araşdırır, bir sözlə,
müraciət etdiyi mövzunun köklərini üzə
çıxarmağa çalışır. Odur ki, onun qələmə
aldığı bütün mövzular böyük coşqu
və rəğbətlə qarşılanır.
"Qəbulə xanım və I Pyotr" kitabına tez bir zamanda verilən
reaksiyalar da bunun göstəricisidir. Kitabla
tanışlıqda adamda dərhal çoxsaylı qəribə
suallar yaranır. Bu sualların cavabını isə kitabla
bütövlükdə tanış olmadan tapmaq çətindir.
Azərbaycan yaddaşında qəhrəmanlıqlar
haqda az dastan həkk olunmayıb.
Düzdür, kişi qəhrəmanlarımız haqda yadda
qalanlar qadın qəhrəmanlarımızın sərgüzəştlərini
həmişə üstələyib, burda da, sanki bir
qısqanclıq hiss olunur. Azərbaycan qadını həmişə
yurdunu sədaqətlə qoruyan əfsanəvi amazonka
qadınların davamçısı deyilmi? Son anadək
ölkəsini diplomatiya ilə, savaşsız, qan
tökülmədən, itki vermədən qoruyub saxlamağa
çalışan Sara xatunun, dünyanı fəth edən
İsgəndəri (Aleksandr Makedonskini) ağıllı
gedişi ilə mat qoyan əfsanəvi Nüşabənin,
ölkəsinin bütövlüyü yolunda Qacarlar nəslindən
yeddi igid oğul böyüdən, qılınc
qurşayıb at belində əri Həsən xanla
yürüşlərdə, savaşlarda bərabər hərəkət
edən Ceyran xanımın, Koroğlunun Nigarının,
Qaçaq Nəbinin Həcərinin və onlarla digərlərinin
bütün dəyanətli addımları öyrənilib
araşdırılıbmı ki, Qəbulə xanımın
da milli qeyrət naminə atdığı addımlar
araşdırılsın, öyrənilsin və cəmiyyətə
çatdırılsın?
Əlbəttə ki, belə şəxsiyyətlərin
həyatlarının öyrənilməsi mübahisəli məsələdir,
konkret olaraq plana salınıb institutların üzərinə
yönəldilməlidir. Ancaq təəssüf ki, belə bir
planlı iş aparılmadığından bu missiya fərdi
qaydada müəyyən imza sahibləri tərəfindən həyata
keçirilməli olur, necə ki, Azər Turan növbəti dəfə
belə vacib araşdırması ilə cəmiyyəti heyrətləndirib.
Əsər qısa zamanda cəmiyyətdə böyük əks-səda
doğurub. İstər AMEA əməkdaşları, istər
yazı-pozu adamları, istərsə də ölkə əhalisi
Azər Turanın araşdırmasını
alqışlayıb, rəğbətlə
qarşılayıb və Qəbulə xanım kimi bir qəhrəman
qadının o addımının xarakterik cəhətlərinin
öyrənilməsinin vacibliyini vurğulayıb.
AMEA N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı Aynur Xəlilova qeyd edir
ki, "cəmiyyətimiz tərəfindən çox az
tanınan, yaxud unudulan, ya da qəsdən unutdurulan belə
insanların həyatının araşdırılıb ictimaiyyətə
təqdim olunması, xüsusilə, indiki dövrdə olduqca
gərəklidir". Əslində elə hər dövrdə
ölkənin, vətənin təhlükəsizliyi naminə əcdadlarımızın
atdığı addımları öyrənməli, onlardan bəhrələnməli
və həmişə ayıq-sayıq olmalıyıq.
I Pyotr dünyanın quru hissəsinin altıda birinə sahiblik edən
Rusiyanın tərəqqisində, inkişafında, imperiyaya
çevrilib hegemon gücə malik olmasında müstəsna
xidmətləri ilə seçilən bir hökmdar kimi bəllidir.
Onun Avropada dənizçilik elminə yiyələnməsindən
sonra Rusiyanı dörd bir tərəfdən əhatə edən
dənizlərdən bəhrələnərək
iqtisadiyyatını inkişaf etdirərək gücləndirməsi
kimi geniş addımları ucqarlara, o cümlədən, Xəzər
dənizinə də gəlib çıxmışdı. Xəzər
dənizinin Azərbaycana aid əsas üç liman şəhərinə
- Dərbənd, Bakı və Salyan şəhərlərinə
yiyələnmək I Pyotrun ən ümdə arzusu olmuşdu.
Bəs ictimaiyyətin bu gün də hələ yaxşı
tanımadığı Qəbulə xanım kim idi və
hansı hərəkəti ilə böyük Pyotru heyrətləndirmiş,
bütün Rusiyanı vəlvələyə
salmışdı?
Azər
Turan bir institutun görəcəyi işi təkbaşına
görmüş, bir tədqiqatı ilə Azərbaycanın,
eləcə də Rusiyanın tarixinə təsir göstərə
biləcək Qəbulə xanımın tarixi şəxsiyyətini
araşdıraraq cəmiyyətə təqdim etmişdir.
"Qəbulə xanım və I Pyotr" əsərinə Ön
söz yazan filologiya elmləri doktoru Elnarə Akimova Qəbulə
xanımı Azərbaycanda rus istilasına qarşı ilk dirəniş
hərəkatının lideri adlandırır.
Qəbulə xanımın I Pyotra
məktubunda deyilir: "Salyan mahalı 122 ildir ki, mənim əcdadlarım
tərəfindən idarə olunur".
Azər
Turan ilk məxəz
kimi, Abbasqulu Ağa Bakıxanovun 1841-ci ildə qələmə
aldığı "Gülüstani İrəm" əsərinə
müraciət edib. Hadisə təkcə bu mənbədə
öz əksini tapmayıb. Böyük rus şairi Aleksandr
Sergeyeviç Puşkin I Pyotrun hakimiyyəti illərində
baş verən hadisələri xronoloji qaydada
ardıcıllıqla 1835-ci ildə qələmə
aldığı "I Pyotrun tarixi" əsərində də
Azərbaycanın Salyan bölgəsində baş vermiş
hadisəni qeyd etmişdir. Rus qoşunlarının cənub
istiqamətində naviqatoru (istiqamətləndiricisi)
general-leytenant Saymonov da öz xatirələrində (jurnal-səyahətnaməsində)
Salyan quberniyasında Qəbulə xanım tərəfindən
törədilmiş qətl hadisəsinin
araşdırmasını xatırlatmışdır. 1869-cu
ildə Peterburqda nəşr olunmuş "1722-1803-cü illərdə
Qafqazın yeni tarixi barədə materiallar"
kitabının müəllifi Butkov da Salyanda baş vermiş
hadisənin təfsilatını
açıqlamışdır. Başqa mənbələrdə
də hadisənin qeyd olunması mümkündür. Sonuncu
araşdırmaçı tarixçi-alim Sara Aşurbəyli
olmuşdur. Azər Turan bütün mənbələr üzrə
araşdırmaları dəqiqləşdirmiş və belə
bir mühüm əsər ərsəyə gətirmişdir.
1721-ci ildə İsveçlə
müharibədə qələbə
qazanan I Pyotr cənub ucqarların işğalı sevdasına
düşür. İlk olaraq Xəzər dənizini hədəfə
alır. Şərqlə Qərb arasındakı İpək
yoluna çıxmaq, mərkəzi bazarlarda tamhüquqlu
dövlət olaraq iştirak etmək üçün Xəzər
dənizinin liman şəhərlərini ələ
keçirməyi qarşısına məqsəd qoyur. Bu məqsədlə
1722-ci ilin mayında yürüşə başlayır. Dərbənd
və Bakı limanlarını asanlıqla ələ
keçirir. Həmin dövrün tarixi hadisələrinə
nəzər yetirsək, Azərbaycanın bu bölgəsi, elə
başqa bölgələr də Osmanlı və Qacarlar
hakimiyyətinin yürüşlərindən təngə gəlmiş,
heç bir istilaçı ilə savaşa girib
qırğına səbəb olmaq istəmirdilər. Odur ki, Dərbənd
və Bakı şəhərlərinin rus
istilaçılarına asanlıqla təslim olması
anlaşılandır. Salyan hakiminin də müqavimət göstərib-göstərmədiyi
bəlli məsələdir. Kiçik bir quberniyanın nə
qədər qoşun-mühafizə saxlamaq imkanı vardı
ki, rus istilaçılarına qarşı müqavimət
göstərsin? Mənbələrdə Salyan naibi Həsən
bəyin (Qəbulə xanımın həyat yoldaşı)
Bakıya gəlib rus imperatoruna sədaqət andı içməsi
qeyd olunur. Beləliklə, 1724-cü ilin payızında rus
ordusunun zabiti - podpolkovnik Zambulatovun komandiri olduğu 500 nəfərlik
bir tabor Salyanda yerləşdirilir. Əlbəttə ki, 50 min əhalisi
olan Salyan bölgəsində rus istilaçılarına
qarşı müqavimət olub. Lakin ölkənin pərakəndə
şəkildə yaşamasında bu müqavimət yetərli
alınmayıb. Yaxud da, Qəbulə xanımın planına
uyğun hərəkət olunub. Belə ki, az sonra, taborun
zabitləri naibin evinə ziyafətə dəvət olunub və
qonaqlıq zamanı onları zəhərləyiblər. Bəzi
mənbələrdə 22 zabitin zəhərlənmədən
öldüyü göstərilib.
Hadisədən dərhal sonra Qəbulə xanımın əmri ilə rus əsgərlərinin
üzərinə hücum olub. Rus istilaçılardan
qırılanlar qırılıb, qalanlar kiçik
qayıqlar vasitəsilə qaçıb Bakıya getmişlər.
1724-cü il noyabrın 9-da yola çıxmış I Pyotrun
sevimlisi general Matyuşkin Bakıya gəlir və 500 nəfərlik
bir taborun sağ qalmış yeganə zabiti kapitan Kazlovla
görüşür, hadisənin təfərrüatlarını
ondan öyrənir.
Əlbəttə, rus istilaçıları
itki ilə barışmırlar və
öz çirkin niyyətlərindən əl çəkmirlər.
Hətta Qəbulə xanımı da cəzalandırırlar,
özü də elə cəzalandırırlar ki, 1724-cü
ildən sonra onun adı heç bir yerdə çəkilmir.
Hətta sovet dönəmində heç bir
araşdırmaçı onun tədqiqatı ilə məşğul
olmamışdır.
Azər
Turan bu araşdırmasında daha bir neçə
istiqamətverici mövzular hədəfləmişdir. Onlardan
biri Övliya Çələbinin Stepan Razinin Salyana
yürüşü barədədir. Təxminən, əlli
il əvvəl baş tutmuş bu yürüşün sonunda
- 1667-ci ildə Stepan Razin Salyandan gözəl bir qızı əsir
götürərək Rusiyaya qayıdır. O, Volqa
çayı ilə üzüyuxarı üzəndə
"gözəl və əsilzadə qızı" su ilahəsinə
hədiyyə olaraq çaya atmışdır. Azər
Turanın Sara Aşirbəyliyə istinadən təxmininə
görə, həmin qız Qəbulə xanımın nəslindən
olub və bu intiqamı xanım qəlbində uzun müddət
yaşatmışdır. Belə ki, Sara Aşurbəyli
"Bakı şəhərinin tarixi" əsərində
bildirir: "...əlli ildən sonra rus hərbçilərinə
bu cür divan tutulması yalnız yaxın qohumların
intiqamının alınması ilə izah edilə bilər".
Məncə, intiqam təkcə bu deyil. Qəbulə xanım
başqa çıxış yolu tapmadığından belə
bir addım atmışdır. Onun bu hərəkəti
istilaya qarşı bir dirəniş kimi qiymətləndirilməli,
milli qeyrət simvolu kimi dəyərləndirilməlidir.
Başqa nə cür hərəkət etmək mümkün
idi ki?
İkinci
istiqamət Bakının
mərkəzində Salyan
kazarmalarının mövcudluğudu. Ora bu gün də camaat
arasında belə adlandırılır. Niyə Bakı yox,
Salyan kazarmaları? Deməli, həmin vaxt Salyandan
canını götürüb qaçmış rus hərbçiləri
gəlib bir müddət burda qalmışlar. Elə o vaxtdan
da bura "Salyan kazarmaları" adlandırılmağa
başlayıb.
Üçüncü istiqamət Salyan şəhərinin
yerləşdiyi coğrafi ərazidir. Əlbəttə, indi
Kür çayının yaxınlığında yerləşən
Salyan şəhərindən birbaşa Xəzər dənizinə
çıxış yoxdur. Azər Turanın
araşdırmasından bəlli olur ki, o dövrdə Salyan şəhəri
indiki yerindən 28 kilometrlik məsafədə - indiki
Xıllı qəsəbəsinin yerində yerləşirmiş.
Xəzər dənizinin tam sahilində olduğundan liman şəhəri
kimi çox əhəmiyyətli hesab olunurmuş.
Kitab, monoqrafiya adlandırsaq, daha yaxşı olar, tarixi hadisələrlə
çox zəngindir. Həm tarixçilər, həm də ədəbiyyat
adamları bəhrələnə bilər. Qəbulə
xanım təkcə bir tarixi şəxsiyyət kimi dəyərləndirilməməlidir,
o, həm də tarixi romanın baş qəhrəmanı
olmağa layiqdir.
Əli bəy AZƏRİ
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.23.