Əbədiyyətə qədər sevginin
iztirabları da səadətmiş...
Şövkət Zərin Horovlunun "Əbədiyyətə qədər" romanı üzərində essevari düşüncələr
V.Q.Belinskiyə
görə, roman cəmiyyətin güzgüsüdür, cəmiyyət ona baxıb özünü
görür və dərk edir.
Şair, yazıçı
Şövkət Zərin
Horovlunun "Əbədiyyətə
qədər" romanı
məhz belə ədəbi güzgüdür,
kim baxsa (oxusa), özünün çatışan və çatışmayan cəhətlərini
bütün gerçəklikləri
ilə aydın görər, özünü
redaktə edər.
Əvvəlcədən qeyd edim ki, müəllif romanında həyat hadisələrinin əlaqələndirilməsini,
bir sistemdə qurulmasını, başlanğıcını,
inkişafını, düyün
və pik nöqtələrini, hadisələrin
tamamilə açılmasını
və finalı çox zəngin təhkiyə, təxəyyül
ilə çatdırır,
sanki oxucu birbaşa hadisələrin
içərisindədir - qəhrəmanın
sevincinə sevinir, acı taleyini onunla birgə yaşayır. Hadisələrin
axıcılığı mütaliəçini yormur,
ona görə də əsər birbaşa oxunur. Ayrı-ayrı məqamların
açılmasında istifadə
edilən ədəbi
priyomlar uğurludur, xüsusilə, Mehinin Nihada məktubları.
Romandakı müsbət və
mənfi obrazların xarakterlərinin düzənlənən
qonaqlıqlar, görüşlər,
hətta iki xanımın dialoqu, Nihadın və Mehinin daxili iztirabları, onların xoşbəxtliyi yolunda qaratikan kolu kimi bitən Rənaların eqosu, tamahkarlığı, Reyhanların
Mehinin saf sevgisini əlindən almaq üçün, hətta qanundankənar mücadiləsi, Nihadın
atasının məmur,
anasının məmur
xanımı xislətləri,
müharibə səhnələri
açılması inandırıcı
təsvir edildiyindən
əsəri rus tənqidçisi N.Q.Çernışevskinin
təbirincə desək,
"həyat dərsliyi"
səviyyəsinə qaldırır.
Yaşamaq xatirinə sevgisiz,
duyğusuz, hissiz, cəsarətsiz, qətiyyətsiz
ömür sürmək,
yaşamaq deyil. Məncə, romanın qayəsi budur. Nihadın diliylə cərəyan edən hadisələrin içində
vurnuxa-vurnuxa qərara
gəldim ki, qəhrəman
Nihad deyil, Mehindir - taleyin oyunlarına qalib gələn, qürurunu itirməyən, saf eşqinin ilahiliyinə inanan Mehin.
Sevgisi uğrunda cəsarətli addımlar atmayandan qəhrəman olmaz. Bu, Nihadın yox, mənsəbpərəst cəmiyyətin
günahıdır. Milli ruhumuzun
- böyüyün sözündən
çıxmayıb əbədi
sevgini "görməmək"
özünə və
"sevgini sədəqə
kimi istəməyən,
ruhən yanıb qurtaran bir ocağa,
öləziyib son şöləsini
saçan şama bənzəyən, uzaqdan-uzağa
Nihadı sevməkdən
də məhrum edilmiş" saf məhəbbətin canlı
heykəli Mehinə
sui-qəsddir.
"Bütün dünya gözündə Mehinləşən,
gözünü yumanda
Mehinə daha yaxın olan" Nihadın və dünyaya ancaq Nihadı əbədiyyətə
qədər sevmək
üçün gələn,
ömürboyu iztirabların
burulğanında çabalayan
Mehinin çəkdiklərini
Nihadın nazir atası,
nazir xanımı anası,
tamahının qulu, xanımlar xanımı xülyasında olan ömür-gün yoldaşı
Rəna anlaya bilməzdi. "Məhəbbət
mühitdə olan sədlərdən, qadağalardan,
cəmiyyətdəki təbəqə
fərqindən üstün
olmalıdır".
Cəsarətsizlik, çətin anlarda
çıxış yolu
tapmamaq sağalmaz mərəzdir.
Qarşılıqlı və saf ilk sevgisi, xoşbəxtliyi uğrunda
həyatın bütün
sınaqlarına dəyanətlə
sinə gərərək
mübarizə apara bilməyənlərə yazıq
demək olarmı? Nihad ayıq düşüncəlidir, Vətən,
torpaq sevgilidir, məmur oğlu olsa da, sadədir, mərhəmətlidir, dostcanlıdır.
Belələri yazıqdırlarmı?
Bu sual polemikaya həmişə açıqdır,
fikir yürütməyə
dəyər.
Nihadın daxilində vicdan
həmişə oyaqdı,
vicdanın səsinə
qulaq asıb yaşamaq istəyir. Ancaq nazir ata, nazir xanımı ana, ananın
qohumu, Nihadın ömür-gün yoldaşı,
maddiyyatı düşünərək
mənəvi dünyasının
üstündən qara
xətt çəkən
Rəna onun istəyini gözündə
qoyub. Hətta nazir oğlunun ucuz
"Jiquli-07" sürməsi, Vətən torpaqlarını
qorumaq üçün
ön cəbhəyə
getməsi bu ailə üçün eyib sayılır, onların nüfuzunu aşağı salır.
"Bilən, eşidən,
görən nə deyər?" düşüncəsi
Nihadın qarşısında
kabus kimi dolanır. Buna görə
də Nihadın hələ tələbəlik
günlərindən qarşılıqlı
ilk sevgisini tapdığı
Mehinlə ailə qurmasına mane olub, istəklərinə çatdığı bu duyğusuz, maddi zəngin ata və ana Rənanı özlərinə tezbazar gəlin etsələr də, Nihada ömürdaş edə bilmədilər. Çünki
Rənanın da tamah dişləri bu ailəyə gəlin köçəndən sonra
itiləşmişdi, Nihadın
onunla birgəyaşayışı
mümkün deyildi.
Cəsarətsizliyinə ilk sevgisini qurban verən Nihad günahkar idimi? Çağdaş zamanımız səhrada sərgərdan gəzib
"Leyli, Leyli!" inləyən, kimdənsə
imdad diləyən Məcnunlar dövrü deyil, ibn Salamlar indi daha harındı.
Nihadın mübarizə
aparmağına mane olanlar nə qədər əzazil, mənsəbpərəst, acgöz
olsalar da, ona haqq qazandırmaq ədalətsizlik olar.
Nihad
"korun-korun tərəddüdlər
içində indiyə
qədər susan ürəyinin səsini"
eşidirdi. Ürəyi
onu qəti addımlar atmağa, içindəki acizliyə
qalib gəlməyə
çağırırdı. Nihad bir ilahi
"səsin cazibəsindəydi",
ancaq bu səsin çağırışlarına
əməl etməyin
hünər olduğunu
bilmirdi.
Nihad tənha idi, ilk sevgisinin ona ərməğan etdiyi iztirabları səadət
səviyyəsinə qaldıran,
onu anlaya bilməyənlərin əhatəsində
quruya atılmış
balıq kimi çabalaya-çabalaya nəfəsi
təngiyən şikarı,
hətta anası da anlamırdı, daha doğrusu, anlamaq iqtidarında deyildi. Dini-imanı maddi sərvət olanlarla bir evdə yaşamaq
ölümdən betərdi,
orda Nihad kimilərə yer yoxdur. Çünki o, doğmaları kimi düşünə, yaşaya
bilmir. O ev həmişə zülmət
içindədir, saysız-hesabsız
çilçıraqları, işıqlı insanların
portretləri olsa da. Bax, buna görə də "dünya işığına həsrət
qalanların hissləri
daha güclü olur". Nihad işıq axtarırdı
- ilk sevgisinin işığını,
Vətənin oğlu
olmağın işığını.
Yaxşı ki, qəlbi limhəlim
Vətən eşqi ilə döyünən, işğal altında inləyən torpaqlarımızı
quduz düşmən
tapdağından azad etmək üçün canını qurban verməyə hazır olan oğullar həmişə olub və olacaq. Qan damarlarımızda al qanla qeyrət birgə dövran edirsə, milli ruhumuz ölməzdirsə, Vətən
düşmən tapdağında
uzun müddət qala bilməz.
Romanda Birinci Vətən müharibəsi dövrünün
acı reallıqları
ilə yanaşı, şərəfli döyüş
tariximiz, Vətən övladlarının hünəri
real hadisələr fonunda
təqdim edilir. Nihad, Mehin, Qüdrət,
Benyamin, Vəli və
başqaları ölümün
gözünün içinə
dik baxan döyüşçülərdir. Onların yarımçıq
qalmış müqəddəs
missiyasını igidlərimiz
44 günlük İkinci
Vətən müharibəsində
şərəflə yerinə
yetirdilər, başımızı
uca, üzümüzü
ağ etdilər. Qazi şair Rəfail Tağızadə demişkən,
məğlub adımızı
üstümüzdən götürdülər.
Yazıçı Nihadın dili ilə torpağın Vətənə çevrilməsini
vətənsevərlərə anladır:
"...Yaş torpaqdan qalxan nəmişlik şirin bir duyğu kimi canıma yayılırdı.
"Nədən sən
bu qədər şirin, bu qədər əzizsən,
qaraca torpaq?" - deyə yerdən bir ovuc torpaq
götürüb bərk-bərk
sıxdım...
...İçimdən bir nida qopdu: "İç, axıtdığın
göz yaşlarından,
tökülən qanımızdan
doyunca iç, ana torpaq! Sinəni qanımızla suladıqca,
bəlkə, günahlarımız
azala, bizi nə vaxtsa, bağışlayasan. Sənin
yolunda nə qədər qurban versək, yenə azdır. Uğrunda şəhid verilməyən
torpaq Vətən deyil!"
Romanda hadisələrin mərkəzində
dayanan Nihad ədəbiyyatımızın, bəlkə də, ilk qazi nazir oğludur. Bununla belə, subyektiv düşüncəmə
görə, əvvəl
yazdığım kimi,
atasız böyüyən,
xəstə anası üçün yaşayan,
kövrək ürəyində
ilk və saf sevgisini əbədi qorumağı bacaran Mehin ikiqat qəhrəmandır.
Hətta uzaqdan belə, Nihadı sevməkdən məhrum edilmiş Mehinin "bircə qorxusu vardı, onun başına bir iş gəlsəydi, anası kimsəsiz qalardı". Anasını
da qoruya bilmədi. Yaxın qohumu Reyhanın işləkləri
övlad sevgisi yolunda cəfa çəkən Məleykə
xalanı qızından
nigaran, vaxtsız haqq dünyasına apardı. Cinayətkar, amansız cəmiyyət və zaman ana ilə balanın çiyninə,
hətta fil çəkə
bilməyən dərdlər
yükləmişdi.
Nə yaxşı ki, ana və balanı tale təsadüfən
Mehini iki dəfə intihardan xilas edən Qüdrət kimi qoruyucu mələklə rastlaşdırmışdı. "Məleykə xanım ilə Mehini özünə ailə bilən" kimsəsiz Qüdrəti "layiq olduğu qədər sevməyi bacarmayan, Qüdrətlə arasında
yaranan dostluğu məhəbbət telləri
ilə bağlamağa
tələsməyən, canlı
varlıqdan çox, ruhsuz, cansız müqəvvaya bənzəyən"
Mehin ilahi eşqinin, ilk sevgisinin canlı heykəlidir - əbədiyaşar qürurlu,
əyilməz heykəli.
"Könül həmdəmi
olmayan Mehin" ümidsiz, onu tənha qoyan sevginin əlçatmazlığında
bir sevgi ilahəsi kimiydi. Buna ürəkmi dözərdi?
O, Nihada sevgisini Vətən sevgisinəmi dəyişdi, şərəfli
ölümə doğru
addım-addım irəlilədi?
Yox, onun yumruq boyda ürəyində
iki ilahi sevgi yaşayırdı - Vətən eşqi və Nihad eşqi.
"Qüruba gedən Günəş, buludlar arasında itib-görünən
ulduzlar kimi Mehin son şüalarını
saçıb sönən"
anda Mehinin son pıçıltıları Vətən,
torpaq eşqinin, xain, nankor düşmənə
sonsuz nifrətin və qisas hissinin
pik nöqtəsidir;
"Heyif, çox heyif ki, alçaqların hamısını..."
Nihadın "heç vaxt
ürək eləmədiyi,
həsrəti dodaqlarını
yandıran yarımçıq
busəyə cəsarəti"
Mehinin son nəfəsində
çatdı. "Son nəfəsində
Mehin Nihadın busəsindən sonra gülümsədi, odlu bir ah çəkdi. O ah Mehinin Simurq quşuna dönən ruhu idi".
Qəlbimdə Mehin və Nihadla müştərək
çəkdiyim həsrətin,
iztirabın sonunda bir ilahi təsəlli
tapdım - Qüdrət
balaca şahzadə qızının adını
Mehin qoymuşdu.
Mehin yaşayırdı...
"Sevgi əzab çəkməkdir, sevməmək
isə ölmək (Aristotel).
Mehinin məktublarından:
"Eh, Nihad, səni bu qədər həsrətlə görmək
istədiyimi, qürurumu
sındıran məhəbbətimin
sənə nə qədər ehtiyacı olduğunu bilsəydin?! Ürəyimi deşib sinəmi dağlayan, izah edə bilmədiyim
kədərimdən xəbərin
olaydı. Sənə
bu addımı atmağa mane olmayan qürurumu kaş indi yox,
onda sındıraydım.
Bu qürur özümün,
anamın əzabını
artırmaqdan savayı
heç nəyə dəyməz. Qürur məhəbbətin düşməniymiş,
Nihad"...
Mehin qürurunu sındıra bilməzdi, belələri
əyilmək, sınmaq
üçün dünyaya
gəlməyib...
Müqəddəs kədər sevəni
mətinləşdirir. Məhz
buna görə də
Mehin qanlı-qadalı
ön cəbhəni seçdi.
Mehin əmin deyildi ki, Qüdrəti Qüdrət
onu sevdiyi qədər sevə bilər. Bu, Mehinin günahı idimi?
Qüdrətin səsi Mehini əbədiyyətə qədər
izləyəcəkdi:
"Səni bir də
görmək xoşbəxtliyindən
məni məhrum eləmə, Mehin! Nə qədər buradayam, heç olmasa, mənə baş çək. Siz Məleykə xanımla mənə doyunca üzünü görüb, qayğısını
hiss eləmədiyim ailə
əvəzisiniz. Mən
sağalan kimi birbaşa yenə cəbhəyə gedəcəm.
Kim bilir, başıma
nə iş gələcək. Söz ver, Mehin, söz
ver, - deyə acizanə yalvarışları
qulağımdan getmirdi".
"Dünyada yeganə var-dövləti Nihada yazılan məktublar olan" Mehinin günahı ilahi eşqini qorumaqdısa, kim belə günaha
batmaq istəməz? Şövkət xanımın
bizə - insanlığa
göndərdiyi ismarışı
belə anladım. Düzmü, səhvmi? Qoy bunu təmənnasız
sevənlər cavablandırsın.
Əslində, günahsız insan
yoxdu. Nə idi Mehinin, Nihadın,
Qüdrətin, lap elə
Reyhanın günahı?
Sevməkmi? Sevginin əbədiliyinə inanmaqmı?
H.Heynenin fikrindən mənəvi qidalanaraq deyim ki, mələklər bu ali hissi ilahi
zövq, şeytanlar cəhənnəm əzabı,
insanlar isə sevgi adlandırır.
Niyə
sevənlərin qarşısını
çox vaxt dünyanı cəhənnəm
əzabına döndərən
məkrli şeytanlar kəsir?
Şövkət xanıma görə,
"ruhun sərhədi
olmur", təki ruh yaşasın!
Müəllifin ülvi arzusu:
"kaş təbiətdəki
təmizlik insanların
da qəlbində olaydı".
Məhəbbət bəşəriyyət yaranandan qalibdir. "Əsl xoşbəxtlik cismani qovuşmaqdadırmı"
ki...
Vaqif OSMANLI
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, ¹4.- S.20.