Şəki Teatrı Bəxtiyar
Vahabzadə ilə dialoq qurdu...
Xalqların milli kimlik mövzusu
ətrafında sual və müzakirələri
millət pilləsinə
qədəm qoymalarına
doğru atılmış
addımdır.
Sözsüz ki, ədəbiyyat
və onun vizuallaşmış söz
məbədi olan teatr bu addımın
sirayət gücünün
enerji mənbəyidir.
Bəxtiyar Vahabzadənin dövlət
səviyyəsində qeyd
edilən 100 illik yubiley tədbirlərinin yekun "akkordu"nu S.Rəhman adına
Şəki Dövlət
Dram Teatrının baş
rejissoru Mirbala Səlimlinin "Dar ağacı"
səhnə əsəri
vurdu. Həm də çox layiqli şəkildə, Bəxtiyar Vahabzadə tərzində, üslubunda
ibrətamiz, didaktikadan
çox uzaq ruhda, görk, nümunə, görüb-götürüb,
nəticə çıxarıb
məğz, mahiyyət
əxz etmək ruhunda.
İlk danışan səhnə
dekorasiyası oldu - tamaşanın quruluşçu
rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədovun müəllifliyində
fabulanın ilkin "açarı"nı tamaşaçıya
təqdim edən bədirlənmiş ay, bir
az bürüncə, bir az qızılıya
çalan rəngdə
tikililər, daha doğrusu, hansısa tikililərin fraqmentləri
və personajların müvafiq əlbisələri.
Mövzunun tamaşaçıya
başlanğıc nəqlinə
hesablanmış, obrazların
səciyyəsinin incələnməsinə
hədəflənmiş bütün
bu yığcam olduğu qədər məzmunlu və ifadəli detallar, başqa sözlə, tamaşanın fakturası
səhnə əsərinin
məramını, süjetin
fabulasını, mövzunun
ab-havasını, xarakterlərin
nitqini, yerişini, dünyagörüşünü, həyatı qavramasını
dolğunlaşdırıb eşidimli və baxımlı edir. Bəs bu eşidimliliyi,
baxımlılığı şərtləndirən daha
hansı cəhətlər
zəruridir? Əlbəttə
ki, müəllifin qələmə
aldığını illüstrasiyalaşdırmadan,
onun yaradıcı şəxsiyyət və vətəndaş olaraq məziyyətlərini, səciyyələrini
bir süzgəc kimi istifadə edib mövzunu, əsəri, süjeti əsl və tam mənada canlandırmaq. Quruluşçu rejissor əsərin müəllifi
ilə mütləq dialoq qurmalıdır. Söhbət, əlbəttə
ki, həyatda olan müəlliflə tamaşanın
məşqləri mərhələsində
aparılan dialoqlardan getmir. Amma təbii ki, bu da zəruri amildir. Söhbət böyük mənada, səhnədə oynanılan
tamaşaya baxdıqca
quruluşçu rejissorla
müəllif arasında
bir-birilə razılaşıb-razılaşmamalarından
asılı olmayaraq, konstruktiv dialoqun qurulmasından gedir. Və "quruluşçu
rejissor" söz birləşməsinin, incəsənət
peşəsinin birinci
kəlməsi olan
"quruluşçu" sözü
məhz müəlliflə
dialoq qurub bu dialoqu tamaşaçıya
təqdim etmək bacarığına aiddir.
Mirbala Səlimlinin
"Dar ağacı" səhnə
əsəri məhz belə bir təsiri,
təəssüratı, effekti
yarada bildi. Şəki Dövlət
Dram Teatrının "Dar ağacı" səhnə
əsəri Bəxtiyar
Vahabzadənin eyniadlı
dramının mütaliəsi
deyil, quruluşçu
rejissor başda olmaqla, yaradıcı heyətin zövq və dünyagörüşünə
dayaqlanan dərketmə
aksiyasıdır. Ötəri
nəzərin, səthi
baxışın fokusunda
Bəxtiyar Vahabzadənin
"Dar ağacı" mənsur
dramı və Şəki teatrının
bu dramın qayəsinin verdiyi imkanlara söykənib eyniadlı, lakin əsərin sətiraltı
mətləblərini, sətirarası
mənalarını oxuyub
anlayaraq ərsəyə
gətirdiyi səhnə
əsəri İslam dini
ilə atəşpərəstliyin
qarşı-qarşıya qoyulması
kimi qavranıla bilər. Lakin hadisələrin
inkişafı, xarakterlərin
açılması tamaşaçını
daha dərin qatlara baş vurmağa, özünün
və ətrafındakı
insanların davranışını,
həyat həqiqətlərini,
dünyanın işləri
haqqındakı qənaətləri,
gəldiyi qərarları,
atdığı addımları
yenidən nəzərdən
keçirib qiymətləndirməyə
çağırır. Süjeti
ədəbi mətndə
olduğu kimi, səhnə əsərində
də teyf şəklində vaxtaşırı
görünən, lakin
bütün tamaşa
boyunca duyulan Babək Xürrəminin ruhunun (Rəhim Qocayev) ərəb xilafətinin işğalçılıq
siyasətinə qarşı
edam edilməkdən belə
çəkinməyərək, dönməz mübarizəsindən
sonra ərəblərə
xidmətinin müqabilində
taxt-tac sahibi olan qardaşı Akşinin (Xəyal Salahov) özünü tanımaq prizmasından xalqının böyüklüyünü
dərk etməsi (təəssüf
ki, bu idrakayetmə
onu "taclı müqəvva" adlandıran
ərəblər tərəfindən
dar ağacından asılmaq ərəfəsində
baş verir) üzərində qurulub inkişaf etdirilən əsər tamaşaçıları
biganə qoymadı.
Şəki Dövlət Dram Teatrının
digər tamaşalarında
olduğu kimi, "Dar
ağacı" tamaşasında
da aktyorların tərəf-müqabili
mədəniyyətini, tamaşanı
inkişaf etdirmək əzmini və bacarığını müşahidə
etmək yaradıcı
mühit mədəniyyətindən
xəbər verir. Tamaşanın ən təsirli səhnələri
Babəklə Akşinin
anasının (Lalə
Məmməd) Akşinlə
olan dialoqları, ananın xalqına və özünə xəyanət etmiş bu oğlu ilə
görüşdə söylədiyi
monoloqlar idi. Ümumiyyətlə, Lalə
Məmmədin Ana obrazı
sanki Azərbaycan adlı məmləkətin
isimləşmiş təzahürüdür
- bu dərəcədə
yekcinslikdən uzaq və ifadəli. Digər obrazları canlandıran aktyorlardan Xanlar Həşimzadə Ağsaqqal rolunda, Əbülfət Salahov
İbn Zeyd obrazında,
Rəşid Mirizadə
Sabutay olaraq, Fərahim Fətəliyev
İbn Tahir cildində xüsusilə
yaddaqalan aktyorluq bacarığı nümayiş
etdirdilər. Tamaşanın
musiqi tərtibatı ayrıca diqqət ayrılası quruluş hissəsidir. Səhnə əsərinin bütövlükdə
musiqisi Aqşin Əlizadəyə məxsusdur.
Bundan əlavə, Xatirə Orucova mahnılar da bəstələyib.
Və bütün bu musiqi çələngi
azadlıq aşiqi Babək Xürrəminin başına qoyulur sanki.
Şəki truppasının "Dar ağacı" tamaşasını
baxımlı və yaddaqalan edən məziyyətlərdən biri
də səhnə əsərinin film-tamaşa
effektləri ilə süslənməsidir. Səhnədə
heç bir videoinstalyasiya, kinoxronika yoxdur. Amma fırlanan səhnə və ən əsası, mizanlarla işıq tərtibatçısının (İlqar Orucov) işinin bir-birini tamamlaması tamaşaya belə bir fərqli
keyfiyyət də əlavə edərək,
təsir gücünü
artırır, bizi özümüzlə həm
baş-başa qoyur, həm də özümüzü özümüzə
tanıdır.
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, ¹4.- S.19.