Zaman o zaman idi

 

Onun - tanınmış Azərbaycan yazıçısı Ənvər Yusifoğlunun keşməkeşli ömür yolunun şahidlərinə çevrilmiş müxtəlif məzmunlu ərizə arayışları çevirib-çevirib yenidən oxuyuram, ayrı-ayrı illərdə haqqında yazılanları gözdən keçirirəm, yadigar fotoşəkillərinə nəzər saldıqca unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadənin ağrılı misraları dolanır yaddaşımda. Bu misraların qəm yükü, könül üşüntüsü Ənvər Yusifoğlunun ömür-gün yoluyla necə həmahəngdi, cığırdaşıdı:

 

Ömür dastanımı bilmədim, açdım,

qəmli-qadalı səyahət imiş.

Hər sətri dərd olub üzümə durdu,

Sətirlər qəm dolu hekayət imiş

 

Bunun niyəliyini, nədənliyini "ömrünə ayrılıq çökənlər, hicrindən göz yaşı tökənlər bilər…"

İndi mən onun 1918-ci ildə böyük mollanəsrəddinci Əliqulu Qəmküsarın bacısı olan Xanım Qasımova atası Yusif bəylə birgə çəkilmiş yadigar fotoşəklinə baxıram. Bu şəkildə balaca Ənvər təzəcə açılmış gülə bənzəyir. Hələ ağızda bəslənən dil kimidi. Ayla, günlə hesablasaq, dörd yaşının içindədi. Tez böyüməsini istəyirlərmiş kimi, ayaq üstə stulun üstünə qoyublar. Hələ anası əlindən yapışıb, atasının əli kürəyindədi

Növbəti şəklində isə o, artıq 1419 nömrəli dustaqdı. Qara yanvar gününün 1938-ci il qurbanıdı. əlində ana, kürəyində ata əli görünür. Əvəzində namərd fitvasının gözəgörünməz xəncəri saplanıb bu kürəyə. Üzünə iki bəndlik haqsız ittiham oxunur; əksinqilabçı-millətçi, üsyançı, ziyankar təşkilatın üzvü olduğuna, silahlı üsyan yolu ilə Azərbaycanı Sovet hökumətindən ayırmaq istədiyinə bir Gəncədəki Sovet Yazıçılar İttifaqının üzvləri arasında əksinqilabi millətçi təbliğat apardığına görəTaleyin acı istehzasına bax, guya ki, vur-tut 24 yaşlı gənc hələ bərkiməmiş, püxtələşməmiş qələmiylə o boyda cəbbəxana üstündə qərar tutmuş hegemon bir dövlətin nizamını pozacaq, param-parça edəcəkmiş

Bu xatadan yaxşı ötüşdü. O, 1939-cu il aprelin 18- "cinayəti" sübuta yetmədiyindən azadlığa buraxıldı. İndi o illərdən yadigar səhifə yarımlıq "Unudulmaz xatirə"si qalıb Ənvər müəllimin. Öz çəkdiklərinin ağrısı-acısı yoxdu bu yazılanlarda. Daha çox bəxtli bir insanın şükranlığı, bir heyrəti əbədiləşib. Həbs düşərgəsində dahi şairimiz Hüseyn Cavidlə olan görüşünün "əbədi unudulmaz xatirəsi" hakimdi fikrinə, hissinə, düşüncələrinə: "Cavid kimi şəxsiyyətlə ata-oğul, həmfikir, həmqayə, ümməsi-müəllimlə şagird kimi keçən bu altı aylıq görüşü sehirləyən mühüm bir cəhət vardı - mən ona şagird kimi, oğul kimi əbədi surətdə bağlanmışdımHeç inana bilmirəm ki, "Şeyx Sənan" və "İblis" müəllifiylə aylarla bir yerdə olmuşamOnunla baş-ayaq yatmışam…"

Bu yazdıqlarında heç böyük şairi güdaza verən şəxsi - tanınmış ziyalını da qınamır Ənvər müəllim, "Ola bilsin ki, dəyanətsizlik edib" - deyə yazır əlavə etməyi unutmur: "Yəqin ki, belədi".

Bu münasibət Ənvər müəllimin humanizmindən, insaniyyətindən, daha çox da obyektivliyindən irəli gəlir.

İllər sonrası respublikamıza rəhbərlik edən İ.Mustafayevə ünvanladığı məktubda əvvəlki yerinə bərpa olunmasını rica edəndə bu obyektivlik hissi üst qatdaydı. Bu məktubda artıq o, ikinci dəfə həbs olunduğu günahsız yerə beş il müddətinə sürgün edildiyindən, 1947-ci ildə sürgündən qayıtmasından, 20 sentyabr 1955-ci ildə işinə yenidən baxılaraq ona bəraət verilməsindən söz açırdı. Şikayətlənmirdi, əksinə, bu günahsız bəraəti üçün minnətdarlıq edir, kimsəni qınamır, dövrün, zamanın qəzavü-qədərinə kiminsə naqisliyini qatmır.

O, 1914-cü ildə Yevlax şəhərində anadan olmuşdu. Hələ 1942-ci il 18 avqustda saat 14- XDİK-in istintaq şöbəsinin müstəntiqi Bağırzadəyə verdiyi ifadəsində tərcümeyi-halıyla bağlı bütün məqamları incələyib: "Atam qulluqçu, anam evdar qadın olub. 1921-ci ildə Şuşa şəhərində ibtidai məktəbə daxil olub, 1925-ci ildə oranı bitirmişəm. 1925-ci ildə valideynlərimlə birlikdə Tbilisi şəhərinə gedib, pedaqoji texnikuma daxil olmuşam…"

Sonrakı illərdə o, "Yeni kənd" qəzeti redaksiyasında ədəbi işçi işləyib, 5 ay sonra "Kommunist" qəzeti redaksiyasına işə göndərilib. 1932-ci ildə təhsilini artırmaq üçün Moskva şəhərinə ezam edilib. Burada Dövlət Kinematoqrafiya İnstitutunun ədəbiyyat fakültəsində oxuyub. İkinci kursdan təhsilini yarımçıq qoyub yenidən Bakıya qayıdıb. "Kommunist" qəzetində, sonra Tiflisdə nəşr olunan "Gənc işçi", 1935-1937-ci illərdə Gəncədə "Kirovabad bolşeviki" qəzeti redaksiyalarında çalışıb. Azərbaycan SSR Xalq Komissarları Sovetində tərcüməçi işlərkən 1938-ci ildə həbs olunub. Həbsdən azad olunduqdan sonra 1939-cu il mayın 15-dən növbəti həbsə - 1942-ci ilə kimi İncəsənət muzeyində şöbə müdiri işləyib. Həbs olunana qədər SSRİ Yazıçılar Rəssamlar İttifaqlarının üzvü idi. Bütün bu rəqəmlərin diliylə sadalananlardı. Bir yazıçı, ədəbiyyatşünas kimi fərdi xüsusiyyətləri isə kitablarında, doğmalarının, sənət dostlarının xatirələrində əbədiləşib. O, "füzulini həssaslıqla təhlil edər, Səməd Vurğunu əzbərdən deyərdi. Zərif zövqü insanı özünə cəlbetmə magiyası var idi.."

Bunları xalq şairi Nəriman Həsənzadə Ə.Yusifoğlunun "Yaşamaq həvəsi" kitabına yazdığı "Unutsaq, unudularıq" başlıqlı ön sözdə yazıb. Nəriman müəllim böyük bir qədirbilənliklə sənət dostunun məziyyətlərindən söz açır: "Ənvər müəllim nadir istedad sahibiydi. Lakin onda olan bu ilahi vergi tamamilə açıla bilmədi. "Hamballar" kimi əvəzsiz povestin, "Düşmənimin düşməni", "Cərrahlar" kimi qiymətli romanların başqa yaddaqalan əsərlərin müəllifi mən görürdüm ki, içində qovrula-qovrula qalıb".

Bu hal 37-ci illər ağrısını çəkmişlərin hamısının nəsibi olmuşdu.

Onun elmi bədii təfəkkürü aydın, filosof yazıçı, sadə təbiətli, Avropa mədəniyyətinə, antik dövr fəlsəfi fikrinə vaqif bir insan idi.

İndi Ənvər müəllimin dahi şairimiz Məhəmməd füzulinin yaradıcılığından bəhs edən "İdrakın şöləsi" məqaləsini oxuduqca bu deyilənlərin qədər doğru olduğunu bir daha yəqinləşdiririk. O, füzulini qəlbən, ruhən duyurdu. Yazırdı ki, füzuliyə görə cahan mülkünü dərk etmiş insan aşiqdir, aşiqi-sadiqdir. "İnsan dünya mənzərəsinin xridarı, həqiqi sərrafıdır. "Leyli Məcnun" dastanının leytmotivi kimi səslənən aşağıdakı parça bu müdrik sərrafın hökmü kimi səslənir:

 

Hüsn, ayineyi - cahannümadır,

Keyfiyyəti-eşq ona ciladır.

Hüsn olmasa eşq zahir olmaz,

Eşq olmasa hüsn bahir olmaz.

Hüsn olmasa eşqdən hasil,

Məşuq edər əhli-eşqi kamil.

 

Deməli, Füzuliyə görə hüsnün qavranılması gözəlliyə, gözəlliyin dərki isə eşqə çevrilir. füzuli dünyasında cəmiyyətin ən kamil şəxsiyyəti aşiqdir. Aşiqsiz dünya məhv olar, dərkedilməz, anlaşılmaz xaosa dönər".

Ənvər müəllim özü bu gözəl dünyamıza duyğulu bir qəlblə aşiqlik etdi, dünyaya gəldi, həyatın çox üzünü gördü, yazdı-yaratdı, ən başlıcası, ləyaqətli bir ömür yaşadı.

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-10 aprel.-S.5.