Rüstəm İbrahimbəyov-70

 

Hörmətli Rüstəm müəllim!          

Sizi - görkəmli sənətkarımızı, yazıçı-dramaturq və kino xadimini 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi yaradıcılığa ötən əsrin altmışıncı illərində başlamısınız,   az  bir  zamanda  imzanız  nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da tanındı. "İşgüzar səfər", "Unudulmuş avqust", "Bağ evi" kimi əsərləriniz ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Qələmə aldığınız əsərlər mövzusunun müasirliyi, yüksək bədii dəyəri ictimai problemlərə orijinal yanaşma tərzi ilə diqqəti cəlb edirdi. Qırx ili  adlayan çox məhsuldar şərəfli yaradıcılıq yolu   keçmisiniz. İndi görkəmli yazıçı, kino xadimi kimi  sizin  adınız  ölkəmizin  sərhədlərindən  çox-çox  uzaqlarda da məşhurdur. Milli kinomuzun qiymətli  nümunələrindən sayılan "Bir cənub şəhərində", "Ad  günü", "İstintaq", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət" filmlərinin ssenari müəllifısiniz. Sizin   ssenariniz əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi "Mosfilm" kinostudiyasında ekranlaşdırılmış, çox böyük uğur qazanmışdır. Sizin ssenariniz əsasında Odessa kinostudiyası "Çekist haqqında povest", "Qırğızfilm" kinostudiyası "Bunun eybi yoxdur", "Mosfilm" kinostudiyası "Müharibənin sonunda sakit gün", M. Qorki adına Kinostudiya "Onda mən "yox" dedim", filimlərini çəkmişdir. 90-cı illərdə ekranlara çıxmış ən yüksək beynəlxalq mükafatlara layiq görülmüş "Qətldən yeddi gün sonra", "Urqa məhəbbət ərazisi", "Sibir bərbəri", "Günəşdən usanmışlar" s. filmlərin ssenari müəllifi sizsiniz. Amerika Kino Akademiyasının "Oskar" mükafatını almış ilk azərbaycanlısınız. Yaratdığınız "İbrus" teatrı da çoxşaxəli fəaliyyətinizin bir hissəsidir. Hələ sovet dövründə ən yüksək mükafatlara -SSRİ Dövlət mükafatına, Azərbaycan SSR Dövlət mükafatına, Ümumittifaq Komsomol mükafatına layiq görülmüsünüz. Ədəbiyyatımız mədəniyyətimiz sahəsində xidmətləriniz yüksək qiymətləndirilmiş, sizə respublikanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilmiş, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmisiniz. Çoxlu sayda beynəlxalq mükafatlar almısınız.

Kino sahəsindəki fəaliyyətiniz yalnız ssenari işi ilə məhdudlaşmır. Kino işinin bacarıqlı təşkilatçısı rəhbəri kimi səmərəli fəaliyyət göstərirsiniz. Uzun illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrisiniz.

Hörmətli Rüstəm müəllim!

Sizi bir daha yubiley münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi  

 

Ədəbiyyat qəzeti.-2009.-6 fevral.-S.1.