Azərbaycan İnternəşnl Hafiz Paşayev adına mükafata layiq görüldü

İyulun 1- ABŞ səfirinin Bakıdakı iqamətgahında "Azərbaycan İnternəşnl" (Azərbaycan İnternational) jurnalının baş redaktoru Betti Bleyer naşiri Piruz Xanlunun ABŞ Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə ABŞ səfirliyinin Hafiz Paşayev adına mükafatına layiq görülmələri ilə bağlı təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimini giriş sözü ilə açan ABŞ səfiri Ənn Dersi bildirdi ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafına görə Hafiz Paşayev adına mükafatı keçən il bizim yaxın dostumuz və hörmətli həmkarımız Hafiz Paşayevə təqdim etdikdə şərtlərin çox yüksək olduğunu başa düşdük. Çünki ölkələrimiz arasında yaxşı münasibətlər, qarşılıqlı anlaşma və ehtiramın yaradılmasından ötrü çox az sayda insan bu qədər böyük işlər görüb. Bəli, bu həqiqətdir ki, belə insanların sayı azdır. O da həqiqətdir ki, az sayda insan Betti Bleyer və Piruz Xanlının yüksəldiyi səviyyəyə çatıbdır.

Betti və Piruz Bakıda və Los-Ancelesdə özlərini eyni dərəcədə evlərindəki kimi hiss edirlər. Onlar ikinci evlərini "Azərbaycan İnternəşnl" jurnalının səhifələrində təqdim edərək, Azərbaycanın qapılarını minlərlə amerikalıya açdılar.

1993-cü ildə Betti və Piruz jurnalın ilk nömrəsini çapa hazırlayarkən onların qarşılarında baş plan yox idi. Lakin lap əvvəldən aydın idi ki, "Azərbaycan İnternəşnl" jurnalı adi bir iş deyildir. Bu, iki xalqı bir-birinə yaxınlaşdıran bir sevginin məhsulu idi.

Həmin il jurnalı buraxmaq üçün çətin bir dövr idi. Yenicə müstəqillik qazanmış Azərbaycan Dağlıq Qarabağdakı müharibə və siyasi qeyri-müəyyənlik şəraitində yaşayırdı. Betti və Piruz gördülər ki, dünyanın böyük bir hissəsi Azərbaycanı tamamilə tanımır. Hətta regionla tanışlıq üçün Bakıya gələn müxbirlər tərəfindən Azərbaycan səhv başa düşülürdü. Beynəlxalq hesabatlarda isə Azərbaycana az diqqət ayrılırdı.

Belə bir dövrdə Betti və Piruz həqiqəti söyləməkdə Azərbaycana kömək etmək üçün xəbərlər bülletenini buraxdılar. Beləliklə, "Azərbaycan İnternəşnl" jurnalı yarandı. Betti bu gün də jurnala öz körpəsi kimi müraciət etsə də, bu körpə artıq 16 yaşında olan bir yeniyetmədir.

Ötən 16 il ərzində jurnal Azərbaycan xalqının tarixinə, onun incəsənətinə, ədəbiyyatına, musiqisinə, adət və ənənələrinə, şəxsiyyətlərinə xüsusi diqqət yetirərək bu ölkəni Amerikaya və bütün dünyaya tanıdıb. Onlar xalqın tarixinə və onun adət-ənənələrinə müraciət edərək ən mühüm elmi araşdırmaları çap etmək üçün bütöv bir mütəxəssislər ordusu ilə işləyiblər.

Betti və Piruz hələ multimedia dəbdə olmadığı bir vaxtda ondan istifadə edərək İnternet istifadəçilərini əmin etdilər ki, onlar Azərbaycan xalqının tarixi, folkloru, incəsənəti, musiqisi və ədəbiyyatı haqqında lazımi məlumatları İnternetdən əldə edə bilərlər.

Bu iki şəxs səxavətli korporativ sponsorlarla birgə müstəqil Azərbaycanın uşaqlarının xalqın böyük musiqisi ilə tanış olmaları üçün hər şey etdilər. Onların Üzeyir Hacıbəyovdan Tofiq Quliyevə, "Leyli və Məcnun"dan Vaqif Mustafazadənin muğamla cazın sintezinədək olan layihələri Azərbaycanın milli musiqi xəzinəsinə daxildir. Mən korporativ tərəfdaşların adlarını qeyd etdim və bu aspekt çox böyük əhəmiyyət kəsb edir. Amerikanın ictimai özəl tərəfdaşlıq və korporativ məsuliyyət ənənələrindən gəlmiş Betti və Piruz bir model yaratdılar. Kompakt disklərdən lüğətlərə qədər, humanitar yardım layihələrindən tibb sahəsinədək çox nəhəng işləri görməyin mümkün olduğunu göstərən bu şəxslər liderliyi qoruyub saxlamışlar. Jurnal nəşri ilə məşğul olan insanlar üçün humanitar və tibb sahəsinə dair layihələr qəribə görünə bilər. Lakin Betti və Piruz adi naşirlər deyillər. Onlar Amerika ilə Azərbaycan arasında enerji mərkəzinə çevrilmişlər:

- "Texaco" şirkətinin dəstəyi ilə 1998-ci ildə Bakı Qanköçürmə Mərkəzinin təmiri həqiqətən də Azərbaycanda səhiyyə sahəsinə öz müsbət təsirini göstərmişdir;

- ARCO şirkətinin dəstəyi ilə Sabirabadda qaçqın və köçkünlər üçün idman mərkəzləri açılmışdır;

- Bülbül adına Musiqi Məktəbinin "Texaco" şirkəti ilə əməkdaşlığı sayəsində Uşaq filarmoniyası üçün yeni musiqi alətləri alınmışdır;

- "Exxon" şirkətinin dəstəyi ilə ilk əsas Azərbaycanca-ingiliscə lüğətin hazırlanması üçün mühüm layihələr həyata keçirilmişdir.

Əlbəttə, bütün bunlar kiçik layihələr deyil və bunlar xalqın həyatında həqiqi dəyişikliklər gətirən layihələrdir. Amerika səfirləri də öz növbələrində bu əlaqələri möhkəmləndirmək üçün əllərindən gələni əsirgəməmişlər. Bu baxımdan Betti Bleyer və Piruz Xanlunun gördükləri işlər əvəzolunmazdır. Odur ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə Hafiz Paşayev adına mükafatı onlara təqdim edir və hər ikisini də təbrik edirəm.

Çıxış üçün söz verilən professor Hafiz Paşayev də qonaqları salamlayaraq bir il bundan öncə yeni mükafatın təqdim olunması ilə bağlı mərasimi yada salaraq, həmin dövrlə müqayisədə indi mükafatın əhatə dairəsinin daha da genişləndiyini xüsusilə vurğuladı. Natiq həmçinin bu tədbirdə iştirak etdiklərinə görə Xoşbəxt Yusifzadəyə və Arif Paşayevə öz dərin minnətdarlığını bildirdi.

H.Paşayev Betti Bleyer və Piruz Xanlunun fəaliyyətinə toxunaraq bildirdi ki, o da bu insanların xidmətləri ilə yaxından tanışdır. O, ABŞ səfiri Ənn Dersinin çıxışında bu şəxslərin fəaliyyətinə tam aydınlıq gətirildiyini qeyd edərək, Amerikaya xas olan belə bir keyfiyyətin - insanlar arasında münasibətlərin yaradılması yolu ilə ölkələr arasında münasibətlər yaratmağın xüsusilə çağdaş zəmanəmizdə çox böyük rol oynadığını vurğuladı. ABŞ səfiri kimi özünün də həmişə, bütün fəaliyyəti boyu Amerika-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə çalışdığını qeyd edən H.Paşayev "Azərbaycan İnternəşnl" jurnalının yaradıcıları olan bu iki şəxslə - Betti Bleyer və Piruz Xanlu ilə hələ 1990-cı ildə tanış olduğunu qeyd etdi.

- Həmin vaxt ezamiyyətdə olarkən bu şəxslərin çox bacarıqlı insanlar olduğunu və onların hələ SSRİ dövründə Azərbaycana xüsusi münasibətlərinin olduğunu müşahidə etdim. O zaman onlara təklif etdim ki, bəlkə bir qəzet çıxarıb Amerikaya Azərbaycan haqqında məlumatlar çatdıraq. Mən ABŞ-a səfir təyin olunanda ilk faks təbrikini Bettidən aldım. O yazmışdı ki, biz hazırıq. Beləcə mən Vaşinqtona gələn kimi onlar işə başladılar. Bu iki şəxsin birliyi, xüsusilə Piruzda olan azərbaycançılıq hisslərinin çox yüksək olması sözsüz ki, öz bəhrəsini verməli idi. Məndən xanım Ənn Dersi soruşanda ki, builki mükafatı kimə verək, heç bir tərəddüd keçirmədən qeyd etdim ki, Betti Bleyerin Piruz Xanlunun Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xidmətləri çox böyükdür. Onlara nəinki Hafiz Paşayev mükafatını, həmçinin başqa mükafatları da təqdim etmək olar. Onu da qeyd edim ki, onlar bu jurnalla həm özlərini təsdiq etdilər. Amerika böyük ölkədir burada bu cür insanlar çoxdur, amma bu ölkədə öz işindən yaxşı yapışanda həmin səni yüksəldir. Jurnal bu iki şəxsi həm ABŞ-da, həm Azərbaycanda yüksəltdi, onlara hörmət gətirdi. Mən onları təbrik edirəm.

"Azərbaycan İnternəşnl" jurnalının naşiri Piruz Xanlu çıxış edərək ABŞ səfiri xanım Ənn Dersiyə, professor Hafiz Paşayevə belə bir tədbirin keçirilməsinə görə öz minnətdarlığını bildirdi. O, çox böyük həyəcan içərisində olduğunu vurğulayaraq dedi:

- Bəzən məndən soruşanda ki, sən jurnalistsən, ya yox? Həmişə deyirəm ki, mən jurnalist deyiləm. Mən məsum günahsız bir insanam. Mənim günahım budur ki, bir jurnalistlə ailə qurmuşam. Hər bir insanın həyatında elə anlar olur ki, ömrünün axırınadək o anın təsirini duyur. Həmin məqamlardan biri ən əhəmiyyətlisi Sovet İttifaqının dağılması Azərbaycanın müstəqillik qazanmasıdır. Bu, elə bir hadisə idi ki, heç şübhəsiz, həm Azərbaycanda yaşayanların, həm ondan kənarda yaşayan azərbaycanlıların həyatına çox böyük təsir göstərmişdir. Məhz bu hadisənin nəticəsidir ki, 1990-cı ilin əvəllərində mən ABŞ-ın Kaliforniya ştatında Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini olarkən Hafiz Paşayevlə tanış olduq. Sonra biz Hafiz müəllimi evimizə qonaq çağırdıq öz niyyətlərimizi bir-birimizə çatdırdıq. Beləcə gələcəkdə görəcəyimiz işləri müzakirə etdik jurnalın yaradılması istiqamətində ilk addımları atmağa başladıq

Sonra "Azərbaycan İnternəşnl" jurnalının baş redaktoru Betti Bleyer tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirərək dedi:

- Məktəbdə oxuyanda mənim riyaziyyatdan çox da xoşum gəlmirdi müəllimlərimiz bizə öyrətmişdi ki, bir üstəgəl bir iki edir. Ancaq mən böyüdükcə anlamağa başladım ki, bu, heç belə deyil ikidən daha çoxdur. Bugünkü görüşümüz bir daha dediklərimi təsdiq edir. Burada xanım Ənn Dersi əsas məsələləri ətraflı qeyd etdiyinə görə mən bəzi məqamlara toxunacağam. Qeyd etmək istərdim ki, hələ bu jurnal yaradılmamışdan öncə biz Azərbaycanla əlaqələr yaratmaq istəyirdik həmin vaxt Piruz Qarabağ müharibəsi ilə əlaqədar olaraq Azərbaycana tibbi yardım gətirirdi. O dövrdə səfir Hafiz Paşayevin köməkliyi ilə biz bir çox qaçqın düşərgələrində olduq. Beləcə 1993-cü ildə "Azərbaycan İnternəşnl" jurnalı yarandı. 1993-cü ildə cənab səfir ilk dəfə olaraq bizi müşahidəçi qismində Azərbaycana dəvət etdi biz həmin səfər zamanı Heydər Əliyevlə görüşdük.

"Azərbaycan İnternəşnl" jurnalının ən yaxşı cəhətlərindən biri budur ki, biz öz sevdiyimiz işlə məşğuluq. Jurnalın Los-Anceles Bakı şəhərlərində ofisləri vardır. Jurnalın hər bir nömrəsi 100 rəngli səhifədən ibarət olub, xüsusi mövzulara - mədəniyyət incəsənət, musiqi, ədəbiyyat, folklor, memarlıq, arxeologiya, səhiyyə, ətraf mühit, beynəlxalq münasibətlər, biznes sosial mövzulara həsr olunmuşdur. Jurnal həmçinin dörd veb səhifə yaratmışdır.

Azer.com 1996-cı ildə yaradılıb dünyada Azərbaycan haqqında ən böyük veb səhifədir. Burada Azərbaycan haqqında 2200-dən çox məqalə yer alır. Səhifədə jurnalımızın 1993-cü ildən bəri 17 il ərzində nəşr olunan nömrələrinin bütün məqalələri arxivləşdirilib.

Azgallery.org 1999-cu ildə yaradılıb Azərbaycanın az tanınan incəsənət aləminin tanıdılması məqsədini güdür. Veb səhifədə 170 rəssamın 4000-ə yaxın rəsm əsəri toplanmışdır.

Azeri.org 2000-ci ildə yaradılıb Azərbaycan ədəbiyyatı dilinin təbliğini qarşısına məqsəd qoymuşdur. 300-dən çox şeir hekayə ingilis dilində tərcümələri ilə birlikdə bu veb səhifədə yer almışdır. Jurnalın 4 nömrəsi ümumiyyətlə Azərbaycan ədəbiyyatına həsr olunub.

Hajıbeyov.com 2001-ci ildə yaradılıb burada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) irsi əks olunmuşdur.

Xanım Betti Bleyer daha sonra jurnalın hazırlanmaqda olan nömrəsindən bəhs etdi.

Mərasimin sonunda ABŞ səfiri xanım Ənn Dersi bir daha tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi, onlara uğurlar arzuladı.

 

 

Ələsgər BEHBUDLU

 

Ədəbiyyat qəzeti.-2009.-3 iyul.-S.1, 2.