Qara torpaq

 

Dost, dost, - deyə neçəsinə sarıldım,

Mənim sadiq yarım qara torpaqdı

Bihudə dolandım, boşa yoruldum,

Mənim sadiq yarım qara torpaqdı.

 

Neçə gözəllərə bağlandım, qaldım,

Nə bir vəfa gördüm, nə fayda buldum.

Hər dürlü istəyi torpaqdan aldım,

Mənim sadiq yarım qara torpaqdı.

 

Qoyun verdi, quzu verdi, süd verdi,

Yemək verdi, çörək verdi, ət verdi.

Qazma ilə döyməyincə qıt verdi,

Mənim sadiq yarım qara torpaqdı.

 

Adəmdən bu yana nəslim gətirdi,

Mənə dürlü-dürlü meyvə yetirdi.

Hər gün məni başı üstə götürdü,

Mənim sadiq yarım qara torpaqdı.

 

Qarnın yardım qazmayınan, belinən,

Üzün yırtdım dırnağınan, əlinən.

Yenə məni qarşıladı gülünən,

Mənim sadiq yarım qara torpaqdı.

 

İşgəncə verdikcə mənə gülərdi,

Bunda yalan yoxdu, hər kəs də gördü.

Bir çəyirdək əkdim, dörd bostan verdi,

Mənim sadiq yarım qara torpaqdı.

 

Havaya baxarsam - hava alaram,

Torpağa baxarsam - dua alaram.

Torpaqdan ayrılsam, harda qalaram? -

Mənim sadiq yarım qara torpaqdı.

 

Diləyin var isə istə Allahdan.

Almaq üçün uzaq getmə torpaqdan.

Comərdlik torpağa verilmiş haqdan,

Mənim sadiq yarım qara torpaqdı.

 

Həqiqət ararsan, açıq bir nöqtə:

Allah qulda yaşar, qul da Allahda.

Haqqın gizli xəzinəsi torpaqda,

Mənim sadiq yarım qara torpaqdı.

 

Bütün qüsurumu torpaq gizləyir,

Məlhəm çalıb yaralarım düzləyir.

Qolun açmış, yollarımı gözləyir,

Mənim sadiq yarım qara torpaqdı.

 

Hər kim ki olursa bu sirrə məzhər,

Dünyada iz qoyar ölməz bir əsər!

Gün gələr,Veysəli bağrına basar,

Mənim sadiq yarım qara torpaqdı.

 

 

Aşıq Veysəl

 

Ədəbiyyat qəzeti.-2009.-3 iyul.-S.3.