Adəm və Həvva

 

Bu günlər Azərbaycan səhnəsinə İblisin əməllərindən söhbət açan daha bir əsər gəlmişdir. Elçin Hüseynbəylinin C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarına daxil edilən "Adəm və Həvva" pyesinin tamaşasındakı əsas qəhrəmanlardan biri də İblisdir.

"Adəm və Həvva"da İblis ayrıca bir obraz kimi verilsə də onu tam şəkildə anlamaq üçün nişanələrini digər xarakterlərin daxili aləmində axtarmaq gərəkdir. Əslində digər surətlərin nəfslərinə qələbə çala bilmədikləri anlar bir vaxtlar cənnət sakini olan insanın müəyyən məqamlarda İblisləşməsidir. Dramaturq göz ilə görünməsi mümkün olmayan, insanların köksündə yuva quran İblisi üzə çıxararaq - bu gün də İblis bizimlədir - demək istəyir.

Onun Adəm və Həvvanı məzardan qaldıraraq səhnəyə gətirməsi bu məqsədi güdür. Tamaşanın məramı aydındır. Əgər Adəm və Həvvanın bu gün də nəfsinə uymalarının səbəbi araşdırılsa, onlara məhkəmə qurulsa nə qədər ki, insanların qəlbində İblis yuva sala bilir onların bəraəti müşkül məsələdir. Ona görə də quruluşçu rejissor və səhnə tərtibatının müəllifi Nazir Rüstəmov mizanlarını elə qurmuşdur ki, əynində simvolik qırmızı paltar geymiş İblis Hakimin kreslosunun altından çıxır. Hakimin qara paltarı bəşər tarixində insanın zaman-zaman axtardığı ədalətin həmişə olduğu kimi qara günüdür. Quruluşçu rejissor Adəm (Pərviz Gülməmmədov) və Həvva (Elnarə Heydərova) obrazlarının ülvülüyünü göstərmək üçün onları paklığın rəmzi olan ağ lıbasda vermişdir. Hər iki aktyor obrazlarını qururlu, şux canlandırmaqla insan qururunun əyilməzliyini çatdırmaq istəyirlər. Xalq artisti Süleyman Nəcəfov hakim obrazını kaftarlaşmış qoca şəklində təqdim edir. Rejissorun mizanından və ifaçının oyunundan - zəmanələr dəyişir, yeni nəsillər gəlir, amma hakimlərin xarakteri dəyişmir. - fikirini oxumaq olur. Hadisələrin eyni məkanda, məhkəmə səhnəsində verilməsi də bizcə simvolik məna daşıyır; bu məkan yer kürəsinin özüdür. Əməkdar artist Vaqif Kərimovun təqdimatında Məhkəmə katibi Adəm və Həvva kimi minlərlə insanın mühakiməsini görə-görə gəlmiş bir şəxsdir.

Yığcam bir tamaşanın uğrunda I vəkil Samir Bayramovun da, II vəkil Əhliman Ərşadovun da, musiqi tərtibatçısı Sevda Əkbərzadənin də müəyyən xidmətləri var.

İnanırıq ki, ilk tamaşaçı İrəvan Teatrının 127 mövsümünün bağlanış günü göstərilən bu əsər gələn mövsümdə diqqəti çəkəcək.

 

 

İ.Atababa

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.6.