Natiq Rəsulzadə-60

 

Hörmətli Natiq müəllim!

 

Sizi - tanınmış yazıçımızı 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa ötən əsrin yetmişinci illərində başlamısınız. İlk yaradıcılıq nümunələrinizdən olan "Nağıl" adlı hekayəniz 1970-ci ildə "Literaturnı Azərbaycan" jurnalında dərc edilmiş ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. İlk kitabınız - "Uşaqlıq şəkilləri" 1976- ildə işıq üzü görmüşdür. Sonralar "Aydın alatoranlıq", "Bayram yağışı", "Gecə suvarisi", "Ulduzlu səma altında yollar", "Astanadan o yana", "Kabuslar arasında", "İntihar edənin qeydləri", "Sevgi ili", "Tələ", "Adacıq" ümumiyyətlə, 30 kitabınız nəşr olunmuşdur.

Əsərləriniz kompozisiya süjet baxımından bitkinliyi, səlis, ifadəli dili ilə diqqət çəkir. İnsan psixologiyasına dərindən bələd olduğunuz üçün yazıçı müşahidəsi ilə ümumiləşdirdiyiniz həyat hadisələri fonunda dolğun təbii obrazlar qalereyası yarada bilmisiniz. Əsərləriniz dünyanın bir çox ölkələrində - Rusiyada, Macarıstanda, Polşada, Sloveniyada, Slovakiyada nəşr edilmişdir.

Siz kinodramaturgiya sahəsində səmərəli fəaliyyət göstərirsiniz. Ssenariləriniz əsasında 15 film, o cümlədən, "Vahimə", "Ovsunçu", "Bu gözəl dünya", "Sifarişçi", "Girov", "Daşatan", "Gecə qatarında qətl" filmləri çəkilmiş böyük uğur qazanmışdır.

Siz Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında redaktor vəzifəsində işləmisiniz. 1977-ci ildən "Literaturnı Azərbaycan" jurnalında çalışırsınız. Hazırda redaksiyanın məsləhətçisisiniz. Yaradıcılıq uğurlarınıza görə əməkdar incəsənət xadimi fəxri adına, Azərbaycan komsomol mükafatına, Ostrovski adına mükafata layiq görülmüsünüz.

Hörmətli Natiq müəllim!

Sizi bir daha 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-5 iyun.-S.5.