Bakıda A.S.Puşkinin anadan olmasının 210-cu ildönümü qeyd edildi

 

İyunun 6-da Aleksandr Sergeyeviç Puşkinin Bakının ən gözəl guşələrindən birində ucaldılmış abidəsi önünə böyük şairin anadan olmasının 210-cu ildönümü münasibətilə poeziya həvəskarları toplaşmışdılar.

Rusiya hökumətinin hədiyyəsi olan bu bürünc abidənin 2001-ci il oktyabrın 12-də açılışı olmuşdur. Abidənin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. Həmin vaxtdan hər il iyunun 6-da böyük rus şairinin ad günündə poeziya həvəskarları abidənin önünə gəlirlər.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, “Rossotrudniçestvo” nümayəndəliyinin, Bakının Səbail Rayon İcra Hakimiyyətinin, “Sodrujestvo” Azərbaycan xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin təşkil etdikləri ədəbi görüşün iştirakçıları, məktəblilər, ictimaiyyət nümayəndələri Aleksandr Puşkinin abidəsi önünə tər çiçəklər qoymuşlar.

“Sodrujestvo” Azərbaycan xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin sədri Tatyana Kərimova, Rf-nin ölkəmizdəki səfiri Vladimir Doroxin, xalq yazıçısı Anar, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, RF Prezidenti Dmitri Medvedev tərəfindən Puşkin medalı ilə təltif olunmuş Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ədəbiyyatın, insanların mənəvi aləminin inkişafında Puşkin poeziyasının əhəmiyyəti barədə danışmışlar.

A.S.Puşkinin hər ad günündə onun şeirləri səsləndirilir, nağıllarından parçalar göstərilir. 4 yaşlı Danila Orexov “Keşiş və onun işçisi Balda haqqında nağıl”ı, əzbərdən söyləmiş, “Nord” uşaq bağçasında tərbiyə alan körpələr, paytaxtın orta məktəblərinin şagirdləri, Bakı Slavyan Universitetinin tələbələri, “Günay” uşaq teatrının aktyorları şairin şeirlərini oxumuş, tamaşalar göstərmişlər.

Tarixə çoxlu böyük şairin adı həkk olunmuşdur. Lakin onların heç də hamısı uşaqların, ziyalıların, sadə əmək adamlarının, müxtəlif millətlərin nümayəndələrinin eyni məhəbbətini qazanmamışdır. Bu gün Puşkinin şeirləri bütün dillərdə, hətta esperanto dilində də səslənir. Qeyd edək ki, Puşkinin əsərlərinin tam toplusu yalnız Rusiyada və Çində nəşr edilmişdir. Şairin şeirləri hansı dildə səslənməsinə baxmayaraq, eyni dərəcədə hamıya aydındır və sevilir. Çünki bu şeirlər məhəbbət, xeyirxahlıq, əbədi dəyərlər barədədir.

Azərbaycanda Puşkin artıq XIX əsrin 20-30-cu illərindən tanınmağa başlanmışdır. Şairin ölümünə ilk əsəri Mirzə fətəli Axundov yazmışdır. Onun “Şairin ölümü” şerini rus dilinə Bestujev-Marlinski tərcümə etmişdir.

Puşkinin Moskvada abidəsinin açılması ilə əlaqədar Azərbaycan şairi Seyid Əzim Şirvani şeir yazmışdır. Puşkinin 100 illiyi ilə bağlı Məmmədtağı Sidqinin məruzəsi ayrıca kitabça şəklində buraxılmışdır. Böyük rus şairinin şeirlərini Azərbaycan dilinə Firidun bəy Köçərli və Rəşid bəy Sidqi çevirmişlər. Sonralar Puşkinin şeirlərinin Azərbaycan dilinə tərcüməsi ilə Abbas Səhhət, Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rza məşğul olmuşlar. Əlbəttə, burada Səməd Vurğunun böyük rus şairinin “Yevgeni Onegin” əsərini tərcümə etməsi xüsusi vurğulanmalıdır.

Puşkinin həyat və yaradıcılığı barədə görkəmli Azərbaycan tədqiqatçıları Mikayıl Rəfili, Məmməd Arif, Əziz Şərif, Şıxəli Qurbanov əsərlər yazmışlar. Böyük bəstəkarlarımız Qara Qarayev və Ağabacı Rzayeva şairin şeirlərinə romanslar bəstələmişlər.

Şairin anadan olmasının 210-cu ildönümü də yeni nəşrlər və tədbirlərlə qeyd edilmişdir. Belə ki, “Sodrujestvo” Azərbaycan xalqlarının Respublika Həmrəyliyi Cəmiyyəti nəzm və nəsr əsərləri toplusu nəşr etmişdir. Topluya “Ədəbi Azərbaycan – 2009” IV Respublika festivalı iştirakçılarının əsərləri daxil edilmişdir. Yubileylə bağlı respublikamızın bütün məktəblərində rus dilinin öyrədilməsinə dair “Puşkiniana” müsabiqəsi keçirilmişdir. Azərbaycandakı rus icması yanındakı rus mədəniyyəti mərkəzi ədəbi-musiqili müsabiqə təşkil etmişdir.

Qocaman jurnalist İvan Tretyakovun Puşkinin yubileyinə həsr etdiyi essedə deyilir: “Bu yubiley şairin yeni minilliyə daxil olması kimi nəzərdən keçirilməlidir. Yeni minillikdə də şairin nəsr və nəzm əsərlərinə, onun nikbinliyinə, uzaqgörənliyinə, həqiqəti söyləməsinə, insanların ürəklərini alovlandırmasına, onun insan zəifliyinə kinayəli-kədərli təbəssümlə nəzər salmaq qabiliyyətinə heyran olacaqlar”.

 

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.5.