Dördlüklər

 

"Haqqı dəfn etdim" - deyənin

Özü çıxarmı çaladan?

Axı kim xilas olubdu

Allahdan gələn bəladan?

 

***

Demə ki, bulud qaradır,

Ləkələr salır göylərə.

Həmin buluddan ağappaq

Bir gün qar ələnər yerə.

 

 

Oxşar deyil

 

Xətalı işə qatmadım əlimi,

Əlim sənin əlinə oxşar deyil.

Dilim dinc qalaraq zina etmədi,

Dilim sənin dilinə oxşar deyil.

 

Çoxunun önündə sən baş əyirsən,

Başım sənin başına oxşar deyil.

Bəzən danışırsan sən qaş-göz ilə,

Qaş-gözüm göz-qaşına oxşar deyil.

 

Demə birgə haram tikə yemişik,

Yediyim yediyinə oxşar deyil.

Həyatda məqsədlərimiz ayrıdır,

Dediyim dediyinə oxşar deyil.

 

Ədalət yolunda güc alır qolum,

Mənim qolum qoluna oxşar deyil.

Elin bəyəndiyi yolla gedirəm,

Yolum sənin yoluna oxşar deyil.

 

 

Sərhəd Nəsirzadə

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.4.